Məhkəmə qərarları › İş №2(103)-6386/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6386/2023

25.10.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6386/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Ağaisa qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6386/2023 (Açar sözlər: müqavilənin bağlanılmış hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin bağlanılmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli e-2(006)- 3984/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh mərhum həyat yoldaşı X10 ilə iddiaçı İddiaçı arasında 1996-cı il tarixində bağlanılmış müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 19/87, mənzil 29-da yerləşən mənzil 8500 ABŞ dolları qarşılığında iddiaçıya satılmışdır. Həmin mənzil order əsasında istifadə hüququ ilə X5 məxsus olmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mərhum həyat yoldaşı X10 ilə iddiaçı İddiaçı arasında 1996-cı il tarixində bağlanılmış müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 19/87, mənzil 29-da yerləşən mənzil 8500 ABŞ dolları qarşılığında iddiaçıya satılmışdır. Həmin mənzil order əsasında istifadə hüququ ilə X5 məxsus olmuş və tərəflər arasında bağlanılmış müqavilə əsasında isə həmin mənzil üzərində istifadə və sahiblik hüququnu iddiaçı İddiaçı əldə etmişdir. Hal-hazırda qeyd olunan mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bu səbəbdən 1996-cı il tarixli alqı-satqı müqaviləsi məhkəmə qaydasında bağlanılmış hesab olunmalıdır. Göstərilənlərə əsasən, Cavabdeh yeganə vərəsəsi olduğu mərhum həyat yoldaşı X10 ilə iddiaçı İddiaçı arasında 1996-cı il tarixində bağlanılmış Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 19/87, mənzil 29-da yerləşən mənzilə dair hüquqların alqı-satqı müqaviləsinin bağlanılmış hesab olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3984/2022 nömrəli 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddiaçı təmin edilmişdir.

5. Məhkəmə öz mövqeyini xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu madəsinin 1-ci hissəsi, 43-cü madəsinin 1-ci hissəsi, 87, 100-1-ci maddələri, qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızlığı ondan ibarətdir ki, əvvəla orderlə mərhum İldırım Qarayevə məxsus olan mənzildə İldırım Qarayevdən başqa onun həyat yoldaşı və 2 övladlarının da adları qeyd edilmişdir. Yəni orderlə bir şəxsə məxsus olan evin digər şəxsə satılması mümkün deyil. Əvvəla orderin İ.Qarayevin adına olması o əsası vermir ki, həmin şəxs mülkiyyətçidir və evi istədiyi kimi sata bilər. Çünki orderdə adları qeyd olan şəxslərin İldırım Qarayevlə birlikdə eyni hüquqları vardır. Yəni gələcəkdə həmin mənzil barəsində hər hansı bir əməliyyat həyata keçirən zaman orderdə adları çəkilən şəxslərin eyni hüquqlu şəxs kimi mənzilə hüquqları olacaq və mənzil gələcəkdə özəlləşdirilən zaman həmin orderdə adları çəkilən şəxslər də eyni hüquqlu mülkiyyətçi kimi öz hüquqlarını tələb edəcəkdirlər. Bu baxımdan orderlə məxsus mənzilin orderdə adları qeyd olunan şəxslərin icazəsi olmadan hər hansı bir hərəkərin hayata keçirilməsi qeyri-mümkün olmaqla yanaşı ümumiyyətlə qanunsuzdur. Həmçinin qeyd edir ki, orderlə məxsus olan evə etibarnamə verilməsi tamamilə əsassızdır. Yuxarıda qeyd edilən hallar kimi, etibarnamə xüsusi mülkiyyət hüququ ilə məxsus olan hər hansı mülkiyyətə dair hüquqların həyata keçirilməsini ehtiva edir. Hazırki halda isə orderlə maxsus olan mənzilin etibarnama asasında satılması qanuni cəhətdən tamamilə əsassız və absurddur. Bir daha qeyd edir, orderlə məxsus mənzilin alqı-satqısı mümkün deyildir. Xüsusi ilə bir halı qeyd edir ki, onun ümumiyyətcə nə belə bir müqavilədən xəbəri, nədə ümumiyyətə razılığı olmamış, ümumiyyətlə belə bir razılaşma belə mövcud olmamışdır. Habelə iddia müddəti köhnə Məcəlləyə əsasən 3 il müddət nəzərdə tutulmuşdur. Məhkəmə onu nəzərə almamışdır ki, iddiaçı bildirir ki, guya Cavabdeh mərhum hayat yoldaşı X10 ilə iddiaçı X6 arasında 1996-cı il tarixində bağlanılmış müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 19/87, mənzil 29-da yerlaşan manzil 8500 ABŞ dolları qarşılığında iddiaçıya satılmışdır. Bu hala da iddiaçı bir dənə belə sübut təqdim etməmişdir. 8500 ABŞ dollarının cavabdehə verilməsini tədqid edən heç bir hal mövcud olmadığı halda məhkəmə bunu öz mülahizəsinə əsasən qəbul etmişdir. Halbuki iddiaçı öz istinad etdiyi halları sübut etmək məcburiyyətindədir. Bu qanunun tələbidir. Habelə, bununla bağlı iddia müdətəni ötürülmüşdür. Çünki belə bir müqavilə olmuş olsa idi, iddiaçı 26 il ərzində bu iddianı qaldırmalı idi. Lakin iddiaçı bunu etməmişdir. Çünki belə bir müqavilə olmamışdır. Hamçinin, məhkəmə onun ifadəsini təhrif etmişdir. Belə ki, o, bildirmişdir ki, cavabdeh iddiaçı ilə şifahi formada razılaşaraq öz evində onların yaşamasına şərait yaratmışdır. Yəni bir növ şifahi kirayə müqaviləsi bağlayaraq özünə maxsus manzildə iddiaçıların yaşamasına şərait yaratmışdır. Lakin məhkəmə buna dair cavabdeh olaraq onlardan sübut gözləmişdir. Amma iddiaçının 8500 manatı harda, kimə, hansı şəraitdə kimin yanında verməsi barədə heç bir sübut tələb etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 39. 1-ci hissə. Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.

12. Maddə 43. Əqdlərin notarial qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur

13. Maddə 230. tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqısatqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

17. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

23. Belə ki, iş materiallarında olan Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995ci il tarixli, 2750 saylı sərəncamın surətindən görünür ki, A.Nemətulla küçəsi, 1 nömrəli ev, 29 nömrəli mənzil xx.xx.1995-ci il tarixdə X5 verilmişdir.

24. 25.09.17-ci il tarixli, 76 saylı arayışdan (forma 2) görünür ki, iddiaçı İddiaçı xx.xx.2008-ci il, onun övladları X7 xx.xx.2008-ci il və X9 xx.xx.2011-ci il tarixdən mübahisəli mənzildə qeydiyyatdadırlar.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 00|01-7499/11 nömrəli məktubdan aydın olur ki, xx.xx.2013cü il tarixdə X10 tərəfindən İddiaçı Bakı şəhəri 1 saylı notariat ofisində 730974 nömrəli etibarnamə verilmişdir.

26. xx.xx.2013-cü il tarixli, 730974 nömrəli etibarnamədən görünür ki, X1 Xəzanə Şamil qızına A.Nemətulla küçəsi, ev 1, mənzil 29-da yerləşən mənzili öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipotekaya (girov) qoymaq, icarəyə vermək haqqında bütün əqdləri bağlamağı və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir.

27. Kollegiya hesab edir ki, iddiaçının uzun müddətdir mübahisəsi gedən mənzildə yaşadığı müəyyən olunsa da bu, iddianın təmin edilməsi üçün əsas ola bilməz.

28. Baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və cavabdehin mərhum həyat yoldaşı ilə iddiaçı arasında həmin mənzilin alqı-satqısı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz hallarıdır..

29. Məhkəmə kollegiyası nəzərə alır ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamə həmin əmlakın alqı-satqısı barədə yazılı müqaviləyə bərabər tutula bilməz. Çünki etibarnamənin təyinatı alqı-satqı müqaviləsindən fərqlidir, etibarnamə alqı-satqı müqaviləsinin mühüm şərtlərini (tərəflərin alqı-satqı barədə iradəsini, əmlakın dəyərini və s.) özündə əks etdirmir.

30. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.

31. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisəli mənzilin dəyəri olaraq 8500 ABŞ dolları ödəmişdir. Lakin iddiaçı qeyd edilən məbləği hansı vaxta, kimə, harada ödəməsini təsdiq edəcək hər hansı sübutu məhtəməyə təqdim etməmişdir.

32. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

33. Ən əsası iş materiallarından görünür ki, mübahisəli mənzil order əsasında cavabdehin mərhum həyat yoldaşı X5 verilmişdir. Həmin mənzil X4 xüsusi mülkiyyətində olmamışdır.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mərhum İ.Qarayev mübahisə predmeti olan mənzilin mülkiyyətçisi olmadığından, onun əmlak barəsində sərəncam vermək hüququ da olmamışdır.

35. Beləliklə də kollegiya hesab edir ki, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, sözügedən tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

37. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

39. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3984/2022 saylı iş üzrə 15 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar