Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6388/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili X6, maraqlı şəxsin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3373/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikası Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 11a saylı evin 86 saylı mənzilində 1990-cı ildən daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3373/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə Ərizəçi ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49, 150, 152, 307, 308, 310-cu maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə istinadən qeyd edilmişdir ki, ərizəçi ərizəyə Dövlət Miqrasiya Xidmətinin ona ünvanlandığı məktubunu əlavə etsə də, həmin məktubla onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilməmiş, ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsindən ötrü müəyyən sənədlərin (yaşayış yeri üzrə qeydiyyatda olması və ya çıxması barədə arayış, yaxud qanunvericiliklə müəyyən olunmuş qaydada qaçqın olması barədə müvafiq təsdiqedici sənəd) təqdim edildiyi halda məsələ ilə əlaqədar yenidən araşdırma aparılması bildirilmişdir. Həmin məktubla ərizəçiyə izah edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.3-cü yarımbəndinə əsasən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci ilədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə (yaşayış yeri üzrə qeydiyyata alınma və qeydiyyatdan çıxma tarixləri dəqiq göstərilməklə) AR DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə Məlumat Şöbəsindən (MAPS), DiN-nin Kollegiyasının xx.xx.2015-ci il tarixli Q 35-001-15 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış” nümunəsində və sözügedən şöbənin rəisi tərəfindən imzalanmış formada və ya sözügedən Qaydanın 3.4.7-ci yarımbəndinə əsasən xx.xx.1992-ci ilədək Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşdığı halda, bu barədə təsdiqedici sənədin surətinin (bu sənəd olmadığı halda, həmin məlumatları özündə əks etdirən başqa sənədi), eyni zamanda sözügedən Qaydanın 3.4.5ci yarımbəndinə əsasən doğum haqqında şəhadətnamənin (bu sənəd olmadığı halda, həmin məlumatları özündə əks etdirən başqa sənədi) surətinin Dövlət Miqrasiya Xidmətinə göndərilməsi tövsiyə edilmişdir. Lakin ərizəçi Dövlət Miqrasiya Xidmətin ona ünvanlandığı məktubda göstərilən sənədləri təqdim etdikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina barədə həmin orqanın arayışını almadan, yaxud sözügedən məktubda göstərilən sənədlərin əldə edilməsinin mümkün olmaması barədə sübutları ərizəsinə əlavə etmədən məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəçi şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3373/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, ərizənin icraata qəbul edilməklə mahiyyəti üzrə baxılmağa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası MPM-in 149, 307.2.10-cu maddələrinə istinadən qeyd edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmumuna riayət olunmaması qeyd olunsa da qərardad əsaslandırılmamış, qərardadda ərizəyə əlavə edilmiş iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2019cu il tarixli xx/xx-4622 №-li tövsiyyə məktubunda qeyd olunan hallar təhrif olunmuşdur. Əslində, adı çəkilən orqan tərəfindən tələb olunan sənədlər təqdim olunduqdan sonra ona, Azərbaycan Respublikası MPM-nin 307.2.10-1.-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq 1990-cı ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə yenidən müraciət etmək hüququna malik olması tövsiyyə olunmuşdur. Hazırki ərizəsi ilə o, vətəndaşlığa qəbul deyil, vətəndaşlığa qəbul edilmənin önündə olan faktların (əngəlin) başqa qaydada aradan qaldırılması mümkün olmadığı üçün qanunla müəyyən olunmuş qaydada ərizə ilə məhkəməyə müraciət etmişdir. Burada mübahisə olmadığından faktlar məhkəmə qaydasında müəyyən edildikdən sonra vətəndaşlığa qəbul üçün yenidən yuxanda qeyd olunan orqana müraciət edəcək. Habelə, qərardadda istinad olunan hallar (iradlar) məhkəmə araşdırmasının mövzusu olduğundan, ərizənin geri qaytarılması üçün əsas ola bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3373/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, ərizəçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3373/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından verdiyin şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin vəkili X8 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2019cu il tarixli məktubunu təqdim edərək və şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X4 şikayəti qəbul edərək, ərizəçinin ərizəsinə mahiyyəti üzrə baxılmasını və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən edilir: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2019cu il tarixli məktubuna əsasən, xx xxxxxx 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı nəticəsinə gəlinmişdir. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli arayışı təqdim olunmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10- 1 -ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 1990-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 53, 54, 149-153, 259, 261, 307-309, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi tələsik nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, formal baxımdan məzmununda (əlavə edilmiş sənədlərdə) uyğunsuzluq olan tələbin mahiyyəti üzrə əsası müəyyən edilməmiş və qeyd edilmiş məsələ araşdırma predmeti olduğundan iddia ərizəsinin bu əsasla qaytarılması yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, işdə iddia tələbinin əsaslandırılması və buna istinadən qoşulmuş sənədlər içində maraqlı şəxsin son cavab məktubu deyil, ondan öncəki cavab məktubu əlavə edilmişdir. Lakin kollegiyanın iclasında təqdim edilmiş son cavab məktubu əsaslandırmanın mahiyyətinə birbaşa təsir edir. Ona görə, tələbin dəqiqləşməsi və məhkəmənin iddiaçıya hüquqlarının izah edilməsi baxımından iddianın mümkünlüyü birinci instansiya məhkəməsində (zərurət olarsa tərəflərin iştirakı ilə) yenidən müzakirə edilməlidir. İddiaçıya izah edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq iddianın forma və məzmunun tərtibində düzəlişlər etmək hüquqları vardır və prosessual tələblərə ciddi riayət edilməsi iddianın icraata götürülməsi və müəyyən edilmiş prosessual müddətlər həddində işin müvəffəqiyyətli baxışına şərait yaratmış olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Ərizəçi şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3373/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş ərizənin mümkünlüyünə yenidən baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-6388/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6388/2020
27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver