Məhkəmə qərarları › İş №2(103)-6388/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6388/2025

04.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6388/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X15, X32 və X27 cəlb edilməklə) “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X19 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və onun vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4000/2025 nömrəli 09 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili və nümayəndəsi Nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Talib qızının onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən 2 otaqlı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə paylı mülkiyyət üzrə 9 nəfər qohumlar arasında 1/9 payları müəyyən olunaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2016-cı ildə tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilib. Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini 1/9 mülkiyyət payla anası Şahid ona bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ******* nömrəli mülkiyyət hüquqlarını təsdiqləyən çıxarış almışdır. Həmin ünvanda 9 ev mövcuddur, yəni 9 evin bir ünvanı var. ünvan 1ayış evinin birini anası - şəhid anası Şahid atası (iddiaçının babası) tərəfindən öz hesabına inşa etdirib. Anası - şəhid anası Şahid qohumu X23 bir müddət onların evdə yaşamalarını anasından xahiş edərək, sabiq həyat yoldaşı, iş üzrə Cavabdeh ilə həmin evə köçmüşlər. Cavabdeh Talib qızı və onun sabiq həyat yoldaşı X10 mübahisəli evə heç bir hüququ yoxdur. Qanunazidd, saxta yolla cavabdeh, mülkiyyətində olan, babasının inşa etdirdiyi evə pasport qeydiyyatına düşmüşdür və hal-hazırda da həmin evdə tək olaraq yaşayır. Cavabdehlə anasının qohumu X23 arasında nikah 20 ilə yaxındır ki, rəsmi qaydada pozulub və Eldar həmin vaxtdan Rusiya Federasiyasına köçüb, orada yaşayır. Bütün bunları təsdiq etmək üçün anası - şəhid anası Şahid məhkəməyə şahid qismində çağırılaraq ifadəsi alınmaqla həqiqət üzə çıxmış olacaq. O, öhdəsində olan ahıl yaşında, anası - şəhid anası Şahid, l-ci dərəcəli əlil həyat yoldaşı Nümayəndə2, övladları - xx.xx.2012-ci il təvəllüdlü X36, xx.xx.2016-ci il təvəllüdlü X37 ünvan 2 ünvanında kirayədə yaşayırlar. Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən 1/9 paylı mülkiyyətlə ona məxsus olan 2 otaqlı evi olan halda ailəsi ilə kirayələrdə yaşayır.

3. X1 (paylı mülkiyyətçilərdən biri) birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4000/2025 nömrəli 09 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Musayeva) iddia tələbi rədd edilmişdir.

5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin fərdi yaşayış evinin ona aid hissəsində yaşamasına dair mötəbər sübut təqdim edə bilməmiş, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehin məhz ona məxsus olan yaşayış sahəsində yaşadığını bildirmiş və bununla bağlı müvafiq arayışı təqdim etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

6. İddiaçı (vəkili və nümayəndəsi Nümayəndə1) qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən cəlb edilən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 cavabdehin tərəfində çıxış edərək, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən 9 evdən hansının ona aid olduğunu sübuta yetirə bilməmişdir. Lakin, Nəsimi Rayon Məhkəməsi nədənsə iddiaçının anası- şəhid anası Şahid həmin 2 otaqlı mübahisəli evin atası mərhum X28 tərəfindən inşa olunub tikilməsini, ailəliklə həmin evdə yaşamalarını və vərəsəlik qaydasında ona keçməsini, daha sonra oğlu İddiaçı bağışlaması və hal-hazırda İddiaçı mülkiyyətində olmasına dair şahid ifadəsinə qiymət verməmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsində qeyd olunan Mənzil Məcəlləsinin 53, 118, 123, Mülki Məcəllənin 158, 215-ci maddələri işin hallarına qəti uyğun deyil. Eyni zamanda, Cavabdeh X2 ailə üzvü deyil, sadəcə uzaq qohumudur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək, qətnamədə göstərilən halları qeyd edərək şikayətin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə kollegiyasının iclasında izahat verərək bidirdi ki, mübahisəli fərdi yaşayış evinə dair texniki pasport yalnız iddiaçının babasına verilmiş və həmin fərdi yaşayış evi də iddiaçının babası tərəfindən tikilmişdir. Sonradan həmin fərdi yaşayış evi mərhumun qızının mülkiyyətinə vərəsəlik qaydasında keçmiş və son olaraq, iddiaçıya bağışlanmışdır. Cavabdehin və üçüncü şəxslərin mübahisəli fərdi yaşayış evinə dair heç bir hüququ yoxdur. Həmçinin, iddiaçının mübahisəli fərdi yaşayış evinə münasibətdə yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətdə cavabdeh həmin evdə qeydiyyatda olmamış və yaşamamışdır. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

10. Cavabdeh və onun vəkili Vəkil öz izahatlarında bildirdilər ki, mübahisəli fərdi yaşayış evinin hazırda faktiki olaraq ¼ hissəsi qalmış, həmin hissə İsmayıl Kazımova məxsusdur, yerdə qalan hissə tikinti şirkəti tərəfindən sökülmüşdür. Kazımov İsmayıl da hazırda fərdi yaşayış evinin həmin hissəsində yaşamaqdadır. Bundan əlavə, texniki pasport hər hansı hüquqmüəyyənedici sənəd deyil. Həmçinin, fərdi yaşayış evindən qeydiyyatdan çıxarılma və iddiaçının anasının cavabdehə qarşı olan fərdi yaşayış evindən çıxarılma barədə iddia tələblərinə dair qanuni qüvvəsini almış məhkəmə qətnamələri də mövcuddur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edirlər.

11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 izahat verərək bildirdi ki, iddiaçı və onun mərhum atası mübahisəli mənzildə heç vaxt yaşamamışdır. Həmçinin, iddiaçının mərhum atası da başqa ünvanda ölmüşdür. Eyni zamanda, cavabdehin məhz iddiaçıya aid hissədə yaşamasına dair hər hansı sübut da təqdim olunmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuş X24 və X20 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X32 və X16 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

14. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -53.1-ci maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; -118-ci maddəsinə əsasən, xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər; -123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; -215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; -215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; -215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər; -215.3.1-ci maddəsinə əsasən əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; -215.3.2-ci maddəsinə əsasən əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti; -215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. -215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. -215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən fərdi yaşayış evinin 1/9 hissəsi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 338 saylı reyestr kitabının 31560 nömrəli vərəqində qeydiyyata alınmışdır.

20. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı, xx.xx.1944-cü il təvəllüdlü Şahid, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh və xx.xx.1983-cü il təvəllüdlü X15 Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında qeydiyyatdadırlar.

21. İş materiallarında olan Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 2V-23 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş - X3 vərəsəsi X7r və o miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017 tarixdə verilmiş **********69-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında istifadədə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 197,4 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə X6 məxsus 1/9 hissədən ibarətdir.

22. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(112)-7179/2025 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs: Cavabdeh və qeyriləri) qarşı “qeydiyyata çıxarma” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

23. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 6ÜŞ-416 nömrəli arayışın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)-390/15 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh X10 və qətnamə ilə maraqlarına toxunulan şəxs X3 apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçı Şahid cavabdehlər X17, X18, X11 və X4 qarşı cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, 117 saylı evdən çıxarılmalarına dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən xx.xx.2015-ci il tarixli qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

24. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 686879 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 və X8 arasında nikah xx.xx.1995-ci il tarixdə 39 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikahdan sonra arvada “Rəhimova” soyadı verilmişdir.

25. İş materiallarında olan **********69-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən fərdi yaşayış evinin 1/18 hissəsi xx.xx.2024cü il tarixdə X5 adına qeydiyyata alınmışdır.

26. Bakı şəhər İcra Hakimiyyətinin Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən X9 verilmiş xx.xx.2025-ci il tarixli 195 nömrəli arayışın əslindən görünür ki, X15 ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yaşayır. Ailəsi 6 nəfərdən ibarətdir: bacısı – X12, dayısı – X23, dayısının yoldaşı – Cavabdeh, dayısı oğlu – X25, dayısı oğlu – X21 və dayısı qızı – X13.

27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh Talib qızı xx.xx.2002-ci il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır.

28. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti başçısının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Hilal Mirzə və b. adına verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov (2-ci Paralel) küçəsi, 117 saylı evə dair Texniki pasportdan görünür ki, həmin yaşayış evi 6 mənzildən, 2 mərtədəbən ibarətdir.

29. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli ünvanda yerləşən yaşayış sahəsi, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər də daxil olmaqla, bir neçə şəxsin paylı mülkiyyətindədir. Tərəflərin izahatlarına əsasən 1995-ci ildən, işdə olan qeydiyyat sənədlərinə əsasən isə 2002-ci ildən bu günədək iş üzrə cavabdeh məhz Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hazırda iddiaçı cavabdehin məhz həmin ünvanda yerləşən fərdi yaşayış evinin ona aid hissəsində yaşadığını bildirərək, cavabdehin mənzildən çıxarılmasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 isə bildirir ki, cavabdeh ona məxsus olan yaşayış sahəsində yaşayır və bununla bağlı müvafiq arayışı məhkəməyə təqdim etmişdir. Lakin, mübahisəli ünvanda tərəflər arasında paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən olunması iş materialları ilə müəyyən olunmamışdır.

30. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinə dair texniki pasport yalnız iddiaçının babasına verilmiş və həmin fərdi yaşayış evi də iddiaçının babası tərəfindən tikilmiş, sonradan həmin fərdi yaşayış evi mərhumun qızının mülkiyyətinə vərəsəlik qaydasında keçmiş və son olaraq, iddiaçıya bağışlanmış, cavabdehin və üçüncü şəxslərin mübahisəli fərdi yaşayış evinə dair heç bir hüququ yoxdur, həmçinin, iddiaçının mübahisəli fərdi yaşayış evinə münasibətdə yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətdə cavabdeh həmin evdə qeydiyyatda olmamış və yaşamamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin həmin ünvanda qeydiyyatda olması və yaşaması iş materilları ilə sübut olunsa da, lakin cavabdehin fərdi yaşayış evinin məhz iddiaçıya məxsus olan hissəsində yaşaması müəyyən olunmur. Həmçinin, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi mübahisəli evin texniki pasportu hüquqmüəyyənedici sənəd olmadığından, hazırki mübahisənin həllində hansısa sübutedici yük daşımır.

31. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, mübahisəli evdə tərəflər arasında paylı mülkiyyətdən istifadə qaydaları müəyyən edilmədiyindən, xüsusilə də həmin evin hansı hissəsinin iddiaçıya məxsus olması müəyyən olunmadığından, iddiaçının tələbi ilə cavabdehin həmin evdən çıxarılması mümkün deyildir. Yəni, iddiaçı mübahisəli evdə özünə məxsus payın hansı hissəyə aid olmasına dair hüquqmüəyyənedici sənəd əldə etmədən o, bu tələblə çıxış edə bilməz. Buna görə, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı (vəkili və nümayəndəsi Nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4000/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar