Məhkəmə qərarları › İş №2(103)-639/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-639/2023

23.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-639/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, iddia müddətinin tədbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işə bərpa və s. tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3747/22 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2017-ci il tarixdən "xxxx" ASC-də əmək fəaliyyətinə başlamış, sonradan satış kanalları üzrə mütəxəssis vəzifəsində işləmişdir.

2. Satışların artırılması məqsədilə "xxxx" ASC tərəfindən motivasiyalı kampaniya təşkil olunmuş, kampaniyanın şərtlərinə görə komissiyasız 25.000 manat məbləğində və ondan yüksək satış edən əməkdaşa super hədiyyə olaraq “İphone 12 pro” markalı telefon nəzərdə tutulmuşdur.

3. İddiaçı həmin məbləğə çatmaq üçün çatışmayan komissiyasız satışları digər əməkdaş ilə öz komissiyalı satışları ilə dəyişmiş və hədiyyəni əldə etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli 61 saylı əmrinin ləğv olunması, onun "xxxx" ASC-yə satış kanalları üzrə mütəxəssis vəzifəsinə bərpa olunmağı, məcburi iş buraxma günləri üçün xx.xx.2022-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonunda doğulmuş, 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. 2017-ci il tarixdən xx.xx.2022-ci ilədək "xxxx" ASC-nə satış kanalları üzrə mütəxəssis vəzifəsində işləmişdir. Həmin müddətdə işdə heç bir problemi və səhlənkarlığı olmamışdır. Hətta rəhbərliyin əmrin vaxtında və layiqincə yerinə yetirməklə rəğbətini qazanmışdır. Belə ki, xx.xx.2017-ci il tarixindən "xxxx" ASC-nin müqavilələr və hesabatlılıq şöbəsində assistent kimi fəaliyyətə başlamışdır. İş prosesində göstərdiyi diqqət və qazandığı uğurlar nəticəsində işlədiyi dövrlərdə telesatış, birbaşa satış, satış kanallarının idarə olunması şöbələrində müvafiq vəzifə dəyişiklikləri olmuşdur. O, işlədiyi müddətdə vəzifə öhdəliklərindən əlavə olaraq şirkətin daha artıq gəlir qazanması üçün kampaniyalarda verdiyi təkliflər uğur qazanmış və şirkətə gəlir gətirmişdir. Bundan əlavə, iş prosesinin dayanmaması və fasiləsiz həyata keçirilməsi üçün qeyri-iş günlərində və qeyri-iş saatlarında şirkət üçün çalışmışdır. xx.xx.2021-ci il tarixində satışların artırılması məqsədi ilə motivasiyalı kampaniya təşkil olunmuşdur. Kampaniyanın şərtlərinə görə komissiyasız 25.000 manat məbləğində və ondan yüksək satış edən əməkdaşa super hədiyyə “İphone 12 pro” təqdim olunacaqdı. 3 ay müddətində 30.000 manat civarında ümumi (komisyalı və komisyasız) sığorta satışı həyata keçirmişdir. Lakin, qeyd olunan məbləğ daxilində komisyasiz satış 25.000 manata çatmadığı üçün komissiyalı satışları komanda yoldaşının komissiyasız satışları ilə dəyişdirmişdir. Kampaniya bitdikdən sonra yoxlanılmış və hədiyyə təqdim olunmuşdur. Hədiyyə təqdim olunduqdan 10 gün sonra audit departamentinin əməkdaşları kampaniyada hər hansı bir halın olduğunu soruşduğu zaman çatışmayan məbləğin komanda yoldaşı ilə dəyişdirdiyini bildirmişdir. Məsələ rəhbərliyə yönləndirilmiş və o, Əmək Məcəlləsinin 70-ci maddəsini “ç” bəndinə əsasən işdən azad edilmişdir. Onun əmək fəaliyyəti dövründə göstərdiyi xidmət qüsursuz və təqdirə layiq olmuşdur. Şəxsi işində bununla bağlı təşəkkürlər mövcuddur. xx.xx.2021-ci il tarixdə onu çağırıb işdən çıxarma barədə əmri ona təqdim etmişlər. Sonradan işə bərpa olunmaq istəsə də, ona bildirilmişdir ki, artıq işdən azad olunmuşdur.

6. Cavabdeh iddia müddətinin tədbiqi ilə əlaqədar məhkəməyə ərizə verərək göstərmişdir ki, iddiaçı onunla əmək müqaviləsinə xitam verilməsini özündə əks etdirən xx.xx.2022-ci il tarixli 61 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixində tanış olmuş, bu faktı öz imzası ilə təsdiq etmiş və götürmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixli “Mediasiya prosesinin tədbiqi barədə təklif” məktubu ilə cavabdehə müraciət etmiş, həmin məktub xx.xx.2022-ci il tarixdə Cəmiyyətə daxil olmuşdur. İddiaçı hüququnun pozulduğunu xx.xx.2022-ci il tarixində aşkar etmiş, mediasiya prosesinin tədbiqi ilə bağlı yalnız xx.xx.2022-ci il tarixində müraciət etmiş, bununla da 1 aylıq iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən iddia müddətinin keçməsi ilə bağlı iddiadan imtina barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3747/22 saylı qətnaməsi ilə (hakim R.Səmədov) iddia təmin edilməmişdir.

8. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab etmişdir ki, iddiaçı ona həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək funksiyasını vicdanla yerinə yetirməməklə cavabdehə ziyan vurmuş, həmçinin iddia müddətini ötürmüşdür.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2 və 3-cü bəndlərinə, 72 və 296.2-ci maddələrinə, Mülki Məcəllənin 372.1, 372.2, 375.1 və 375.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli və «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli qərarlarına, Mülki-Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cümaddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Dolayı yolla desək, 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın,əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin iddiaçı cavabdeh şirkətdə işlədiyi vaxt heç zaman əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini pozmamış, bu barədə işlədiyi müddətdə heç bir tənbeh tədbiri almamışdır. Həvəslədirici müsabiqələrdə “bal” toplamaq və ya başqa işçinin öz könüllü razılığı ilə “bal”-nı digər şəxsə verməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tərkibini yaratmaq üçün əsas deyil və işçinin xəbərdarlıq və ya digər tənbeh tədbiri tətbiq edilmədən ən ağır şəkildə əmək funksiyalarının yerinə yetirilməsindən birdəfəlik məhrum edilməsi qanunsuz və əsassızdır. Məhkəmə nəzərə almamışdır ki, işçi işəgötürənə münasibətdə daha zəif tərəfdir və bütün inzibati və sərəncamverici səlahiyyətlər məhz işəgötürən tərəfdədir. Bu baxımdan işə baxan məhkəmə məhz bu maddi hüquq normasını düzgün təfsir etməyərək yalnış nəticəyə gəlməklə vətəndaşın ümumilikdə gələcək karyera və əmək fəaliyyətini məhdudlaşdırmışdır. Hakim bu hala fikir vermədən göstərilən maddi hüquq normasını pozmuşdur. Həmin maddədə işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar açıq şəkildə göstərilmişdir. Məhkəmə yalnış olaraq əmək məcəlləsinin 72-ci maddəsinin c), yəni təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; və müvafiq olaraq həmin maddənin e), yəni əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; bəndlərinə istinad edərək işəgötürənin qanunsuz və əsassız əmrinə haqq qazandırmış və əsassız olaraq iddiaçının iddiasını təmin etməyərək maddi normanın tələblərini pozmuşdur. Belə ki, həvəsləndirmə tədbiri kimi keçirilən və əmək müqaviləsində birbaşa nəzərdə tutulmayan hala görə həmin müqaviləyə xitam verilməsi və bunun əsasında da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən şəxsin işdən azad edilməsi qanunsuz və əsassızdır. Lakin məhkəmə bu halı nəzərə almamış və nəticədə maddi hüquq normasını pozmuşdur. Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşə baxan məhkəmə yalnış olaraq adı çəkilən maddəyə istinad edərək şəxsin məkəməyə vaxtında müraciət etmədiyi qənaətinə gəlmişdir. Belə ki, işəgötürən tərəfindən iddiaçıya əmrin və sənədlərin sürəti rəsmi olaraq cavabdeh tərəfindən 11 aprel 2022-ci il tarixində saat 11:54-də 664896 nömrəli poçt qəbzi ilə təqdim edilmiş və həmin poçt qəbzi məhkəməyə təqdim edilərək elektron məhkəmə sisteminə yüklənmişdir. Lakin, əsassız olaraq məhkəmə bu hala düzgün qiymət verməyərək 1 aylıq müddətin axımın formal olaraq işçiyə imza etdirdikləri gündən hesablamışdır. Bu isə Plenumun göstərdiyi kimi, işçinin zəif tərəf olduğunun göstəricisi kimi qiymətləndirilməli idi. Lakin işə baxan məhkəmə imzanın mövcud olmasına baxmayaraq müvafiq sənədlərin şəxsə təqdim edilməməsinə qiymət verməmişdir. Əgər həqiqətən iddiaçıya həmin sənədləri vermiş olsaydı, o zaman nə üçün yenidən aprel ayında həmin sənədləri poçt vasitəsilə şəxsə göndərirdilər? Bu baxımdan işə baxan məhkəmə bu halı nəzərə almamış və nəticədə bu maddi normanı pozmuşdur. İşdə iddianın təmin edilməməsi üçün heç bir sübut və tutarlı fakt olmadığı halda məhkəmə iddianı təmin etməmiş, tam əksinə əmək müqaviləsində nəzərdə tutulmayan hala görə işçini işdən ən ağır şəkildə çıxarılmasına göz yumulmuşdur. Təqdim edilmiş poçt qəbzi və verilmiş izahatlar nəzərə alınmadan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Bu da prosessual normanın pozulması ilə nəticələnmişdir. İşə baxan məhkəmə iş üçün mühüm əhəmiyyətə maik olan halları qəti şəkildə nəzərə almamış, şəxsin əmək müqaviləsində göstərilməyən və qadağan edilməyən hala görə işdən azad edilmənin əsasları iş materialları, şəxsin izahatı verilmiş sübutlarla tam əksini tapdığı halda, işə baxan məhkəmə bu halı diqqətə almamış və nəticədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması durumunda qətnamə qəbul edilmişdir. İşə baxan məhkəmə işçinin barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq işdən azad edilməsi üçün heç bir əsasın olmadığını görsə də buna göz yummuşdur. Necə ola bilər ki, əmək müqaviləsində nəzərdə tutulmayan və işə götürənə maddi ziyan vurmayan və sadəcə həvəsləndirmə tədbiri kimi keçirilən müsabiqədə “bal” yığılmasına görə şəxsi xəbərdarlıq etmədən ən ağır şəkildə, bir dəfəlik əmək funksiyalarını icra etməkdən məhrum etməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçı işdən azad edilsin? Bu hal bir daha göstərir ki, məhkəmə əsassız olaraq işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermişdir. Həmçinin bildirmişdir ki, iddiaçı əmrlə tanış olduğu barədə imza çəkmişdir, əmrin surəti isə poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini bildirərək iddia müddəti tədbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

15. Maddə 10, “a” və “ç” bəndləri. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir.

16. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

17. Maddə 71, İİ hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

18. Maddə 72, “c” bəndi. Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

19. Maddə 296, İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

20. Maddə 296, İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

22. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarı. «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən iddiaçı cavabdeh işəgötürən tərəfindən təşkil olunan motivasiyalı kampaniyada iştirak etməklə işəgötürənə qəsdən yanlış məlumat verərək kampaniyanın qalibi üçün nəzərdə tutulmuş hədiyyəni əldə etmişdir. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixli, 61 saylı əmrlə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən 21 fevral 2022-ci il tarixdə xitam vermişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı ona həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək funksiyasını vicdanla yerinə yetirməməklə "xxxx" ASC-yə ziyan vurmuşdur. Belə olan halda işəgötürən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur.

34. Bundan əlavə, iddiaçı tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş iddia müddətinin buraxılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgün olmuşdur.

35. Belə ki, işdə olan cavabdehin əmrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə əmrlə tanış olmuş, “əmək kitabçalarının qeydiyyat jurnalı”nda xx.xx.2022-ci il tarixdə imza etməklə əmək kitabçasını almış və həmin tarixdə də son haqq-hesab onun hesabına köçürülmüşdür.

36. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu xx.xx.2022-ci il tarixdə aşkar etmiş, lakin əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti keçdikdən sonra mediasiya təşkilatına müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür.

37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən sonradan iddiaçıya poçt vasitəsilə hər hansı sənədlərin göndərilməsi həmin iddia müddətinin həmin tarixdən hesablanması üçün əsas sayıla bilməz. Bundan əlavə, poçt qəbzinin üzərində məhz əmrin iddiaçıya göndərilməsi də əks olunmamışdır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3747/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar