Məhkəmə qərarları › İş №2(103)-639/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-639/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-639/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İİddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, İddiaçı iştirakı, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya (X6 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X6 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə”yə əsasən "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi binadan, ümumi sahəsi 81,5 kv metr olan 2 otaqlı 38 nömrəli mənzili X2-alınmışdır. Mənzilin dəyəri tam ödənilmiş, bu barədə X4 xx.xx.2011-ci il tarixli maliyyə arayışı verilmişdir.

2. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Koorperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən Cavabdeh MTK, ünvan 2 ünvanında inşa ediləcək yaşayış binasının 38 saylı mənzilini İddiaçı verməyi, İddiaçı isə hər ay 665 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı vardır.

3. Göstərilən mənzilin MTK tərəfindən X4 təhvil verilməməsi əlaqədar məhkəmə mübahisələri olmuşdur.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)- 5464/2012 saylı qətnaməsi ilə ünvan 3 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv.m yaşayış sahəsi olan 38 nömrəli mənzilin X4 verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi ilə "Şərur” MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmşıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2013cü il tarixli 2(102)-4307/2013 nömrəli qərarı ilə "Şərur” MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qeyd edilən qərarına görə "xxxx" MMC tərəfindən başlanılmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsindən asılı olmayaraq, müqavilədə göstərilən 38 nömrəli mənzil iddiaçı X4 verilməlidir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)- 3852/2020 saylı qətnaməsi ilə iddiaçı X3 Cavabdeh MTK-ya qarşı “mənzilin özəlləşdirilməsinə dair zəruri sənədlərin verilməsi” tələbinə dair iddiası təmin edilmişdir.

6. Cavabdeh MTK-nın sədrinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, X3 adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş ünvan 4 ünvandakı binanın 38-ci mənzilidir. Mənzilin yenidən nömrələnməsi nəticəsində 38 saylı mənzil 44 №-li olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "Şaiq” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv.metr mənzilin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-nın xx.xx.2011-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən kooperativin üzvlüyünə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış eyni tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 34 B ünvanında inşa edilən binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı, sahəsi 81,25 kv.metr olan mənzili ona təhvil verməyi, o, isə mənzilin dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. O, üzərinə götürdüyü öhdəliyi tam icra etmiş, buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Belə ki, cavabdeh ona mənzili təhvil vermiş, o, mənzili qismən təmir etmiş, lakin sonradan müəyyən olunmuşdur ki, həmin mənzilə dair başqa şəxsin adına dövlət reyestrindən çıxarış mövcuddur. Hal-hazırda cavabdeh mənzili ona təhvil verməkdən imtina edir. O, mənzilin kommunal xərclərini ödəmiş, həmin mənzildə quraşdırılmış su, işıq və qaz sayğacları onun adına qeydiyyata alınmışdır.

9. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli mənzilin hazırki nömrəsi 44-dür və X4 məxsusdur. Bununla bağlı Ali Məhkəmənin qərarı da mövcuddur. İlkin olaraq mənzilin nömrələnməsi 3-cü mərtəbədən başlanılmış, 1-ci və 2-ci mərtəbədəki qeyri-yaşayış sahələri nəzərə alınmamış, sonra yenidən nömrələnmə olmuş, 2-ci mərtəbədən başlanılmış, daha sonra yenə də 3-cü mərtəbədən başlanılmaqla nömrələnmə həyata keçirilmişdir. Hal-hazırki 44 saylı mənzil əvvəlki 38 saylı mənzildir. İddiaçının mənzili "xxxx" MTK-dan aldığını, 38 saylı ev üçün 29.000 manat məbləğində pulu "xxxx" MTK-ya ödədiyini, Cavabdeh MTK ilə "xxxx" MTK arasında əməkdaşlıq olduğunu, "xxxx" MTK barəsində cinayət işi açıldığını, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvandakı binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı sahəsi 81,25 kv metr mənzilin Cavabdeh MTK tərəfindən X4 verildiyini, mərtəbə problemi olduğunu, qeyri-yaşayış sahəsindən sayıldıqda səhv olduğunu bildirmişdir.

10. Birinci instansiya məhkəməsində icraat zamanı X6 cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv.metr mənzilin, mənzillərin yenidən nömrələnməsi nəticəsində 9-cu mərtəbədə yerləşən 44 saylı mənzil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli mənzilə tərəflərin iştirakı ilə yerli baxış keçirilən zaman mübahisəli mənzilin köhnə nömrə ilə 38, yeni nömrə ilə 44 saylı mənzil olması və mübahisənin bu mənzillə bağlı olması müəyyən edilmişdir. Mübahisəli mənzilə dair ilkin müqavilə xx.xx.2011-ci il tarixdə "xxxx" MMC ilə X6 arasında, sonrakı müqavilə isə xx.xx.2011-ci il tarixdə "Şaiq” MTK ilə İddiaçı arasında bağlanılmış, həmin mənzilə xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmaqla X3 adına çıxarış verilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi ilə ünvan 7 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv.m yaşayış sahəsi olan 38 nömrəli mənzilin X4 verilməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2013-cü il tarixli 2(102)- 4307/2013 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin adı çəkilən qərarında "Kamran B.Ə” MMC tərəfindən başlanılmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsindən asılı olmayaraq müqavilədə göstərilən 38 nömrəli mənzil iddiaçı X4 verilməli olduğu da qeyd edilmişdir.

13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin Mülki Məcəlləsinin 139, 146, 152 və 178ci; Mənzil Məcəlləsinin 112-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 119.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin eilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri tam icra etmişdir və cavabdehə heç bir borcu yoxdur. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Belə ki, cavabdeh ona bir mənzil təhvil vermiş, mənzili qismən təmir etmiş və sonradan məlum olmuşdur ki, həmin mənzilə dair başqa şəxsin dövlət reyestrindən çıxarışı vardır. Hal-hazırda isə cavabdeh mənzilin təhvil verilməsindən imtina edir. Həmçinin təhvil verilmiş mənzilin kommunal xərclərini ödəmiş, həmin mənzildə quraşdırılmış su, işıq və qaz sayğacları onun adına qeydiyyata alınmışdır. Göründüyü kimi tərəfindən müqavilə öhdəliyi tam icra edilmiş, lakin cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilməmişdir. Mübahisəli mənzillə bağlı hüquqları yaranmışdır. Həmin hüquqların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə bağlı isə qeyd edir ki, müqavilə öhdəliyini tam icra etdiyindən və həmin mənzil təhvil verildiyindən mənzilə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin iki şəxsə satılması isə cinayətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhz həmin mənzilin başqa şəxsə satılması və yaxud da mənzilin başqa şəxsin mülkiyyətində olması cavabdehi müqavilə öhdəliyinin icrasından azad etmir. Məhkəmə iş materiallarında olan sübutları obyektiv araşdırmamış və buna görə də düzgün olmayan nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya istansiyasında ilkin icraat

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Ş.Talışinski - sədrlik edən və məruzəçi, A.N.İmanov və Q.A.Əsgərov) 2(103)-1521/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı “müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin cavabdeh "Şaiq” MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən iddia olunan mənzil ilə müqavilə üzrə satılmış mənzilin ayrı-ayrı mənzillər olduğu müəyyən edilmiş, iddiaçının müqavilə öhdəliklərinə dair hər hansı məhkəmə mübahisəsi olmamışdır. İddianın rədd edilməsinə əsas üçüncü şəxsə mənsub mənzilin iddia edilən mənzillə eyni olması olmuşdur. Lakin üçüncü şəxs X6 ilə mənzilə dair müqavilə "Kamran B.Ə” MMC arasında bağlanmış və ümumi sahəsi 81,5 kv.m göstərilmiş, sonradan xx.xx.2021-ci il tarixli Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının 06 №-li protokolundan çıxarışa əsasən X3 Cavabdeh MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, 1-ci giriş, 9-cu mərtəbə, ümumi sahəsi 81,25 kv.metr yaşayış sahəsi 38,03 kv metr 2 otaqlı, 44 saylı mənzilin verilməsi qərara alınmış və dövlət reyestrində 44 saylı mənzil kimi qeydiyyata alınmışdır. İddiaçıya verilən maliyyə arayışı ilə isə 38 mənzilin tikinti sahəsi 81,25 kv.metr, yaşayış sahəsi isə 36,45 kv.metr göstərilmişdir.

19. Kollegiya həmçinin qeyd etmişdir ki, müqavilədəki qeyd edilən mənzilin ünvanı (nömrəsi) dövlət qeydiyyatından keçmədiyindən şərti müəyyən edilmiş və qeyd edilən mənzillərin, yəni iddiaçıya və Füzuli Tağıyevə aid sənədlərdə göstərilən mənzillərin eyni olması ehtimalı olduğu təqdirdə belə bu hal cavabdeh MTK-nın müqavilə öhdəliklərindən irəli gələn vəzifələrinin xitamına əsas ola bilməz. Yəni, iddiaçının müqaviləsində şərti olaraq qeyd edilmiş mənzillə təmin edilməsi mümkün olmadığı halda belə cavabdeh tərəfindən oxşar mənzillə iddiaçını təmin etmək hüquqları sonuncunun vəzifələrindən irəli gələn öhdəliklə bağlıdir.

20. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3786/2023 saylı 02 oktyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1531/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.

22. Kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qənaəti natamam ekspert rəyinə əsaslanmaqla işin hallarına uyğun deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert rəyinə görə iddiaçının 30 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən təhvil verilməsini tələb etdiyi mənzil binadakı mənzillərin yenidən nömrələnməsindən sonrakı vəziyyət üzrə müəyyən edilmiş, həmin mənzilin 8-ci mərtəbədəki 38 nömrəli mənzil olması qənaətinə gəlinmişdir ki, bu da işin hallarına uyğun deyildir. İş materiallarına görə yeni nömrələnmə ilə 8-ci mərtəbədəki 38 nömrəli mənzilin iddiaçı ilə bağlanmış 30 sentyabr 2011-ci il tarixli müqavilənin predmeti olan mənzil olması müəyyən edilmir. Həmin mənzilin kimə məxsus olması aydınlaşdırılmamış, mənzilin sahibi işə cəlb olunmadan apellyasiya instansiyası məhkəməsi onun hüquq və mənafelərinə toxunan məsələni həll etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlar mənzil köçə bilməyiblər. Mənzilin təmiri ilə bağlı şəkilləri təqdim etmişdir. Füzuliyə ona satılan mənzil təhvil verilmişdir, lakin Füzuliyə başqa bir mənil təhvil verilməli idi. Burada iki şirkətdir, şirkətlərdən biri "xxxx" MTK barəsində cinayət işi başlandı. "xxxx" MTK-nın rəhbərləri tutulan zaman onların 2008-ci ildə müqaviləsi var idi. Bununla bağlı maliyyə arayışı iş materiallarında vardır. Füzuli Tağıyevə mənzili "xxxx" MTK satmışdır. Daha sonra 2011-ci ildə həmin şəxslər tutuldu, bina yarımçıq qaldı, Cavabdeh MTK-ya təhvil verildi və Cavabdeh MTK mənzili onlara satdı. Cavabdeh MTK ilə yenidən müqavilə bağlandı və yenidən ödənişlər olundu. 38 saylı mənzil 4 nəfərə satılmışdır, lakin heç birində Füzuli Tağıyevin adı yoxdur. O, həmin evə xərc qoymuş, bununla bağlı şəkilləri iş materiallarına əlavə etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

25. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "Şaiq” MTK-nın vəkili Vəkil3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, mənzillərin nömrələnməsi müxtəlif dövrlərdə müxtəlif cür həyata keçirilmişdir. Belə ki, birinci, ikinci mərtəbə qeyri-yaşayış sahəsi olmuş, üçüncü mərtəbədən nömrələnməyə başlanmışdır. Daha sonra birinci, ikinci və üçüncü mərtəbə qeyri-yaşayış sahəsi olmuş, 3-cü mərtəbədən sonra mənzillər nömrələnməyə başlanmışdır. Bu müddət ərzində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan reyestri fəaliyyətə başlamış və ünvanların verilməsi tamamilə başqa bir qaydada həyata keçirilmişdir. Cavabdeh MTK "xxxx" MTK-nın varisi deyildir. Cavabdeh MTK hal-hazırda fəaliyyət göstərir. "xxxx" MTK barəsində cinayət işi qaldırılmışdır. Daha sonra yarımçıq qalmış binanın tikintisi Cavabdeh MTK-ya həvalə edilmişdir. Tağıyev Füzuli yanvar ayında, iddiaçı isə həmin ilin sentyabr ayında müqavilə bağlamışdır. İlkin müraciət edən şəxs Tağıyev Füzulinin adına müqavilə bağlanmış və həmin mənzil ona verilmişdir. "xxxx" MTK-nın yarımçıq qalmış tikilisinin Cavabdeh MTK tərəfindən təhvil alınması ilə bağlı hüquqi bağlılığa dair hər hansı bir sənəd yoxdur, bu sadəcə işgüzarlıq səviyyəsində həll olunmuşdur. Tağıyev Füzuliyə mənzili "xxxx" MTK satmışdır. Onlar "xxxx" MTK-nın yarımçıq qalmış binasını sadəcə tamamlamışlar. Onlar o binaya gələn zaman artıq mənzillər sənəd üzərində satılmışdır, həmin vaxt mənzillər naturada mövcud deyildir

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onalrın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 30.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

31.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 32.139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 33.146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 34.146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 35.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 36.178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 37.178.2-ci maddəsinə əsasən, eni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 38.452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 39.752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

40.112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 41.113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

42.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Belə ki, üçüncü şəxs X3 özünə məxsusluğunu iddia etdiyi mənzilə dair iddiaları ilə bağlı baxılan işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından, mənzillə əlaqədar X3 adına verilmiş hüquqmüəyənedici sənədlərdən, cavabdeh tərəfindən təqdim olunmuş arayış və digər sənədlərdən, cavabdeh tərəfin izahatlarından, habelə birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə yerində baxış protokolundan görünür ki, X6 ilə MTK və iddiaçı ilə MTK arasında bağlanmış 1 yanvar 2011-ci il və 30 sentyabr 2011-ci il tarixli müqavilələr eyni mənzilə aiddir. Məhkəmə qərarlarına əsasən isə həmin mənzil X3 mülkiyyətinə verilmiş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İddiaçı da iddia ərizəsində məhz bu mənzilin ona təhvil verilməsini tələb edir.

47. Beləliklə də iddia edilən mənzilin X4 məxsus olan 44 saylı mənzil, həmçinin Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34 B ünvanında inşa olunmuş binanın 1-ci girişi 9-cü mərtəbəsində yerləşən və İddiaçı xx.xx.2011-ci il tarixli “Koorperativ mənzil tikintisi haqqında müqavilə”yə əsasən Cavabdeh MTK tərəfindən satılmış mənzil ilə eyni mənzil olduğu müəyyən olunur.

48. Binadakı mənzillərin yenidən nömrələnməsi ilə əlaqədar isə qeyd edilməlidir ki, məhkəmə mübahisələrinin predmeti olmuş 38 nömrəli mənzilin hazırki nömrəsi 44, 32 nömrəli mənzilin isə 38 nömrəli olduğu işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarındandır. Belə ki, bu hal, yəni mübahisəli mənzilin köhnə nömrə ilə 38, yeni nömrə ilə 44 saylı mənzil olması və mübahisənin bu mənzillə bağlı olması birinci instansiya məhkəməsinin mübahisəli mənzilə tərəflərin iştirakı ilə yerli baxış keçirilən zaman müəyyən edilmişdir. Eyni hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir. Yerli baxış zamanı həmçinin hazırki nömrəsi 38 olan mənzilin sahibindən (X7) həmin mənzilin hüquqi vəziyyəti aydınlaşdırılmış, bu mənzilin xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alındığı, əvvəlki nömrəsinin 32 olduğu müəyyən edilmişdir.

49. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2648 saylı rəyi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri sayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin. İş materiallarından isə görünür ki, ekspert rəyi ilə müəyyən edilmiş hallar (iddia olunan mənzil ilə müqavilə üzrə satılmış mənzilin ayrı-ayrı mənzillər olduğu) məhkəmə araşdırması zamanı müəyyən edilən hallar ilə təkzib olunur.

50. Beləliklə, X3 mübahisəli 44 (38) saylı mənzilə görə pay haqqını tam ödəməklə həmin mənzilə sahiblik və istifadə hüququ əldə etməsi artıq qanuni qüvvəyə minmiş çoxsaylı məhkəmə aktları ilə müəyyən edilmişdir. Həmin məhkəmə aktlarının qəbul edildiyi işlər üzrə iddiaçı işdə iştirak edən şəxs olmadığı üçün qeyd olunan aktlar hazırkı iş üzrə preyudisial xarakter daşımasa da, işə baxılması zamanı nəzərə alınmalıdır. X6 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34 B ünvanında inşa olunmuş binanın 1-ci girişi 9-cü mərtəbəsində yerləşən 44 (38) saylı mənzilin mülkiyyətçisidir və onun bu əmlaka dair mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınmışdır. Hazırda mübahisəli mənzil MTK-nın sahibliyində deyildir, X1 isə qanunidir.

51. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının mübahisəli 44 (38) saylı mənzilə görə pay haqqını tam ödəməklə xx.xx.2011-ci il tarixli “Koorperativ mənzil tikintisi haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etdiyi, həmin müqavilənin MTK tərəfindən mübahisələndirilmədiyi müəyyən edilir. Mülki hüquq münasibətlərində mülkiyyətçinin eyni əşyanın alqı-satqısı barədə bir neçə alıcı ilə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.

52. Belə bir yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan da irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinəvə ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir.

53. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır.

54. Bu baxımdan hazırkı qətnamə ilə mübahisəli mənzilin təhvil verilməsinə dair iddianın təmin olunmaması iddiaçını ayrı icranı qəbul etmək və ya bağladığı müqavilə üzrə ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək imkanından məhrum etmir.

55. Məhkəmə kollegiyası iddiaçının cavabdeh barəsində xüsusi qərardad çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardadın qəbul edilməsindən imtina edilməlidir.

56. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

57. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

58. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5576/2021 saylı 26 noyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar