Məhkəmə qərarları › İş №2(103)-6391/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6391/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6391/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının İddiaçı vəkili Vəkil, Cavabdeh1 və onun vəkili X3 iştirakları ilə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-380/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları ilə birlikdə mübahisəli ünvan 1 ünvanındankı evə daxil olarkən soldan ikinci otağa köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-380/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir, bu səbəbdən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ev 15.11.2013-cü il tarixdə satın alınıb, iddiaçı 2014-cü ildə evə gəlin köçüb. İddiaçının atası evin alınmasında cavabdehə kömək edib, 5000 manat pul verib. Hesab edir ki, həmin evə münasibətdə iddiaçı cavabdehlərlə eyni hüquqa malikdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq və məhkəməyə 15.11.2013-cü il tarixli alqı-satqı müqaviləsini təqdim edərək bildirdi ki, onların başqa yerdə evi olub, həmin ev plana düşüb, onun puluna anası 15.11.2013-cü il tarixdə iddiaçının köçmək istədiyi evi özünə alıb. Evi anası təmirli alıb, heç bir təmir-bərpa işləri aparmayıblar. Həmin ev alınan vaxt, yəni 2013-cü ildə o, nə iddiaçını, nə də onun ailəsini ümumiyyətlə tanımırdı. O iddiaçı ilə 2014-cü ildə tanış olmuş, nikahı 25.06.2014-cü il tarixdə bağlamışdır. Buna görə də, evin alınmasına görə iddiaçının atasının onlara guya pul verməsi cəfəngiyyatdır. İddiaçı dəfələrlə evdən müxtəlif predmetlər, o cümlədən anasının qızıl-zinət əşyalarını oğurlamışdır, anası da buna görə onun evindən çıxarmışdır. Həmin ev onun anasına məxsusdur, bu dava-dalaşdan sonra onun da anası ilə münasibətlərinin pozulduğunu, bu səbəbdən hazıra başqa yerə kirayədə qaldığını qeyd etdi (kirayədə qalması ilə bağlı arayış təqdim edir). Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili E.Məmmədov apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, iddiaçı cavabdehlə 25.06.2014-cü il tarixdə nikah bağlamış, hazırda köçürülməsini tələb etdiyi evi isə 15.11.2013-cü il tarixdə Cavabdeh2, yəni iddiaçının qayınanası öz vəsaiti hesabına özünə almışdır. İddiaçı evin alınmasında onun valideynlərinin də maddi kömək etdiyini qeyd etsə də, bunu təsdiq edən hər -hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli 2(005)- 1923/2020-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, 17.04.2015-ci il təvəllüdlü X4 və 10.05.2018-ci il təvəllüdlü Cavabdeh2 Vüsal qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) alimentin tutulması, aliment məbləğinin 20.04. 2020-ci il tarixdən etibarən hesablanılması və qətnamənin dərhal icra edilməsi qərara alınmışdır. 5 saylı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş 22.04.2019-cu tarixli AZ-T 066507 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 Vüsal qızı 10.05.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. 1 saylı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş 22.04.2019-cu tarixli AZ-T 080653 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X4 17.04.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. Nikahın bağlanması haqqında 22.04.2019-cu il tarixli arayışa əsasən 25.06.2014-cü il tarixdə 1279 N-li akt qeydi ilə Cavabdeh1 və İddiaçı nikahı qeydə alınmışdır. Nikah bağlandıqdan sonra tərəflərə İskəndərov, İskəndərova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 14.12.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanındankı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Birinci instansiya Məhkəməsində şahid qismində ifadə verən Şahid Sucəddin oğlu bildirmişdir, iddiaçının atasıdır, qızı 2014-cü il tarixdə ailə qurmuş, cavabdehlərin mübahisəli evi almağa pulu olmadığından o, “Accessbank”dan 5000 manat borc götürmüş və onlara ev almaq üçün vermişdir. Cavabdeh1 tərəfindən təqdim olunmuş 15.11.2013-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 evi X1 otuz iki min manata almışdır. Cavabdeh1 tərəfindən təqdim olunmuş Nərimanov RİH, Nərimanov rayonu MKTB MKİS arayışdan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatda olmaqla, kirayə qalır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməyən evə köçürülmə və istifadə tələbinə aiddir və status etibarı ilə özbaşına tikilidir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı 25.06.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla mübahisəli ünvanındakı özbaşına tikiliyə gəlin köçmüşdür. Bu əsasla hazırkı mübahisəyə MPM-in 13.4-cü maddəsinin (qanunun analogiyası) tələbinə əsasən, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci madəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Kollegiya bildirir ki, evin tərəflərin nikahından əvvəl, yəni 15.11.2013-cü il tarixdə alınması və evin iddiaçının qayınanasına məxus olması hazırkı işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi isə ər və ya arvadın mülkiyyətində olan mənzilə münasibətdə tətbiq olunur. Beləliklə, iddiaçı köçürülməsini tələb etdiyi evin 15.11.2013-cü il tarixdə satın alınmasını mübahisləndirməmişdir. Bununla belə, iddiaçı həmin evin alınmasında atasının maddi kömək etdiyini, 5000 manat pul verdiyini qeyd etmiş, bu səbəbdən hazırkı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kollegiya bununla bağlı bildirir ki, iddiaçı həmin dəlili ilə bağlı, yəni evin alınmasında atasının 5000 manat cavabdehə verməsi dəlili ilə bağlı əsaslı, şübhədənkənar, biri digərini tamamlayan mötəbər sübutlar təqdim etməmişdir. Yeganə sübut şahid ifadəsidir. Həmin şahid də iddiaçının atası olmaqla işin nəticəsində bilavasitə maraqlı olan şəxsdir. Bu səbəbdən də, rayon məhkəməsi onun bu dəlilini inandırıcı hesab etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının apellyasiya şikayətinin digər dəlili onların nikahının pozulmaması ilə bağlıdır ki, həmin məsələnin hazırkı mübahisəyə heç bir təsiri yoxdur. Qeyd olunanlara əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının köçmək istədiyi mənzilə dair hər hansı hüququ, eləcə də həmin özbaşına tikilini əldə etmiş cavabdehin-qayınanasının malik olduğu hüquqa sahib olması müəyyən edilmir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-380/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar