Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6392/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadı ilə qaytarılmışdır (prosessual müddətin ötürülməsi səbəbindən). Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – qərardadın əsassız olması, qətnamədən məlumatının olmaması, yalnız icra şöbəsində qətnamə barədə məlumat əldə etməsi və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşdə iştirak edən şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdə olan xəbərnamədən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin surətini 21 aprel 2020-ci il tarixdə rəsmi qaydada almış, apellyasiya şikayəti vermək üçün sonuncu gün – 21 may 2020-ci il tarixi olmuşdur. İş materiallarından isə görünür ki, apellyasiya şikayəti prosessual müddət ötürülməklə, 31 mart 2021-ci il tarixdə, yəni 10 aydan çox müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Çünki, MPM-nin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh şikayətdə qətnaməni almamasını göstərsə də, işdən görünür ki, qətnamə cavabdehin yaşadığı ünvana, yəni ünvan 1iş və həmin ünvan üzrə qəbul edilmişdir (cavabdeh özü də şikayətdə həmin ünvanda ailəsi ilə birlikdə yaşadığını göstərmişdir). Göründüyü kimi, hazırki apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət (ərizə) əlavə olunmamışdır. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları vəşikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiyaşikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6392/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6392/2021
22.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver