Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6393/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3387/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında iddiaçının Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin santexnik işlərinin görülməsi ilə bağlı razılıq əldə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun və ödənilən 50 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tanışı Cavabdeh 2022-ci ilin yanvar ayında özünə məxsus Bakı şəhəri Xəzər rayonu, Şagan qəsəbəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin 3000 manat məbləğində santexnik işləri ona gördürərək əvəzində ona Masallı rayonunda yerləşən evin təmir işlərini 25.000 (iyirmi beş min) manata görəcəyimi demiş və daha sonra isə 3000 manat verəcəyi pulu özünə məxsus Tukson markalı avtomobilin ilkin ödənişi kimi bildirərək ona əlavə 10000 manat pul verdikdən sonra həmin avtomobili onun adına rəsmiləşdirəcəyini demişdir. Daha sonra isə həmin avtomobilin müəyyən detalları 2 ay ərzində təzələnmiş və sonda avtomobilin sürət ötürücüsündə problem yarandığından və həmin hissənin təmiri üçün isə 3000 manat lazım olduğundan avtomobili Mahmuda qaytardı və bildirdi ki, 3000 manat pulu qaytaracaqdır. Qeyd edir ki, Mahmuda məxsus evin santexnik işlərinin görülməsi ilə əlaqədar ona hər hansı bir məbləğdə pul verməmişdir. Lakin onun evində işləyərkən ona həmin işdə köməklik göstərən Ramin adlı tanışına o öz cibindən həmin evdə əlavə görülmüş işlərin pulunu da Raminə vermişdir. Mahmud isə onun üçün gördüyü işin dəyərindən artıq qiymətə iş verməli idi. Lakin Mahmud ona qabaqcadan danışdığı işin pulunu nə də ki, əlavə görülmüş işlərin pullarını verməmişdir. Yəni 25 min manata görüləcəyini demişdir. Xeyli müddət keçdikdən sonra o bildi ki, bu iş baş tutmamış onu aldadırmış. Daha sonra o bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Görülən işlərin dəyəri cəmi 3000 manat edir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3387/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 33,30 (otuz üç manat otuz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə idiaçının özünə aid edilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2022-ci il tarixdə iddiaçı cavabdehə məxsus evi almaq üçün ona 25000 manat məbləğində pul vermiş, lakin cavabdeh evi ona təhvil verməyərək özü yaşamağa başlamış, ödənilən pul məbləğini isə geri qaytarmayaraq əsassız olaraq varlanmışdır. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında mümkün alqı-satqı müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 25000 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Məhkəmə, iddia tələbinin evin təmiri üçün 3000 manat xərc qoyularaq yaxşılaşdırma edilməsi ilə bağlı həmin pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. İddiaçının tələbinin hüquqi əsası kimi evi təmir etdirərək pul xərcləməsi ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən evin təmiri ilə bağlı pul xərcləməsi ilə bağlı iddiaçı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin, iddiaçının özü tərəfindən izahatında qeyd olunur ki, cavabdeh tərəfindən ev ona təhvil verilməmiş, cavabdeh orada yaşamağa davam etmişdir. Belə olan halda, iddiaçı tərəfindən həmin daşınmaz əmlakın təmirinə pul xərclənərək yaxşılaşdırma edilməsi real görünmür.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1,777.1, 777.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 107, 119.1, 217.3 və 217.4, 119.1, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3387/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin qətnaməsi əsassız və tam qanunsuzdur. Məhkəmə tərəfindən qətnamədə göstərilən maddələr formal olaraq göstərilmiş, həmin maddələrin bu işə, yəni onunla İddiaçı mübahisəsinə hər hansı aiddiyatı yoxdur. Əslində tərəflər arasında real mübahisə də yoxdur. Məhkəmə guya qətnaməni əsaslı göstərmək üçün həmin maddələrin sayını çox göstərib, qanuni qətnamə çıxardığını göstərməyə çalışmışdır. Ancaq o hesab edir ki, bu yanlışdır, onların arasında, yəni onunla İddiaçı arasında qeyd edilən məsələdən irəli gələn hər hansı mübahisə olmamış, Gülağa ona olan borcunu dəf etmək, yəni verməmək üçün belə bir iddia uydurmuş, məhkəmə isə onun yalan rəylərinə və danışıqlarına inanaraq ondan həmin pulun tutulması barədə qətnamə çıxarmışdır. Belə ki, mülki işin protokollarında olan qeydlərdən müəyyən olunur ki, Cavabdeh bildirir ki, Gülağanın ona 2000 manat borcu var,.... İddiaçı deyir ki, o qədər deyil.....İddiaçı deyir ki, Hacı Mazan ona zəng etdi ki, onun Mahmuda borcu var, onu istəyir, o versin, onlar sonra hesablaşarlar, Gülağa da razılaşır. Tərəflərin izahatlarından məlum olur ki, tərəflərin işgüzar və dostluq münasibətləri olmuşdur. Bu münasibətlərdən irəli gələrək tərəfindən İddiaçı həm işlərlə əlaqədar, həm də başqa məqsədlər üçün müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul (borc, avanas və sair) verilmişdir. Yuxarıda istinad olunan qeyddən müəyyən olunur ki, 2023-cü ildə Gülağanın ona borcu olmuş, şəxsən qaytarmadığı üçün o Hacı Mazan (Ramazan Zeynalov) vasitəsilə həmin borcu isəmiş,X5 zəng edərək, onun əvəzindən borcun qaytarmaq istədiyini , sonra əvəzləşəcəklərini bildirmiş və Gülağa da razılaşmışdır. Belə vəziyyətdə sual olunur ki, 2020-21-ci illərdə onun evində görülmüş işlərə görə onun Gülağaya borcu var idisə, niyə 2023-cü ildə o Gülağadan şəxsi borcunu istəyib, Gülağaya isə gördüyü işə görə guya ona qalmış borcu əvəzləşdirməsin və bununla bağlı heç bir iddia irəli sürməsin. Bu və bunun kimi digər izahatlar onu göstərir ki, onun Gülağaya borclu qalmağı mümkün deyil, onun görüdüyü işin dəyəri tam və vaxtında ödənilmişdir. Heç bir usta, hətta çox yaxın münasibət olsa belə, gördüyü işin dəyirini 3 ildən sonra tələb etməz. Buradan görünür ki, iddia uydurmadır, lakin məhkəmə buna əhəmiyyət verməmişdir. Yuxarıda qeyd etdiyi kimi, əksinə o bəzi vaxtlarda Gülağaya borc verməklə, onu maşınla təmin etməklə ona maddi dəstək olmuş. Onun Gülağaya borclu olmağı barədə irəli sürdüyü dəlillər də yetərsizdir və sübut olunmur. Digər tərəfdən, məhkəməyə İddiaçı tərəfindən hansı işlərin görülməsi, həcmi, dəyəri barədə heç bir lazımi sübut təqdim edilməmişdir. İddia ərizəsi və ifadəsi mülahizələrdən ibarətdir. Məhkəmə qətnaməsində göstərir ki, guya onlar arasında tapşırıq müqaviləsi bağlanmış və bu şifahi formada olmuşdur. O hüquqşünas deyil, ancaq bildiyinə görə təmir-tikinti işlərinə dair məsələlər podrat kimi qiymətləndirilir. Yəni bu cür münasibətlərə mülki məcəllənin podratla bağlı maddələri tətbiq edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, vaxtı ilə o, komendant olub. İddiaçı ilə əvvəl münasibətləri olub. Şəxsi evində iddiaçı iş görüb. Onun pulunu da ödəyib. Rayon məhkəməsində sübutlarını təqdim edə bilmədi. Onun atası xəstədir. Bu məsələni ona bildirmək istəmirdi.Apellyasiya şikayəti verəndən sonra bu məsələni atasına bildirdi və atası bildirdi ki, onda qeydlər var ki, ümumi təmirə nə qədər xərc çəkilib. Atasının qeydlərindən xəbəri olmayıb. Bir növ smetadır. Bunu ona sonradan bildirib, əvvəldən xəbəri olmayıb.Bilsəydi, rayon məhkəməsində təqdim edərdi. İddiaçı evində 2021-ci ildə iş görüb. İddiaçı evin santexnik işlərini görüb, başqa heç bir iş görməyib.İddiaçının ona təqdim etdiyi sənədi hazırda məhkəməyə təqdim etdi. Evdə usta işləyən zaman düşünmürdü ki, məsələnin sonu məhkəmədə həll olunar. Evdə usta işləyən zaman hər kəs usta ilə şifahi razılaşma edir, o də elə edib. Atası təmir xərclərini yazıb, təqdim etdiyi sənədin sübut qismində qəbul edilməsini xahiş etmişdir.Rayon məhkəməsi işi araşdırmadan qətnamə qəbul edib.İddiaçı rayon məhkəməsində etiraf edib ki, iddiaçının ona borcu olub.Onun iddiaçı ilə əvvəl münasibəti olub. Onun qızının təhsil haqqını ödəyib. İddiaçıdan pulunu istəyəndə bu cür iddia qaldırıb.Borcundan ona 200 manat qaytarıb. Əgər ona borclu olsa idi, ona 200 manat verməzdi. Bu hadisələr 2023-cü ildə olub. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, cavabdehlə münasibətləri olub deyə onun üçün çox iş görmüşdür. Cavabdeh mənə söz vermişdir ki, 25.000 manat dəyərində bir işi var, onu həll etsə həmin işi mənə verəcək. Amma, sözünə əməl etmədi. Heç kimdən artıq pul almamışdır. Cavabdeh üçün təkcə santexnik işlərini görməmiş, elektrik, malyar işi və s. görüb. Gördüyü işlərin pulunu verməyib. Hətta, cavabdeh üçün o işləri aşağı qiymətə işləyib. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 16.1. fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 53.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə cavabdehə münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
18. İşin halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında iddiaçının Bakı şəhəri, Şağan qəsəbəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin santexnik işlərinin görülməsi ilə bağlı razılıq əldə edilmişdir.
19. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, görülmüş santexnik işlərinin əvəzi olaraq 3000 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh işə birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində baxılması zamanı izahatında tərəflər arasında işlərin görülməsi ilə bağlı razılıq əldə edildiyini bildirmiş, bununla bağlı olaraq onun tərəfindən iddiaçıya 2000 manat məbləğində ödəniş edildiyini bildirmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh işlərin görülməsi ilə bağlı 2000 manat ödəniş edildiyini bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı 26 avqust 2024-cü il tarixli məhkəmə iclasında izahat verərkən cavabdeh bildirir ki, bankdan 19000 manat pul götürüb, 2000 manatını uşağın təhsil xərci üçün xərcləyib, 2000 manat pulu iddiaçıya təmir işləri üçün verib.
22. Cavabdeh apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, iddiaçının ona 1350 manat borcu olmuş, bu borc onun tərəfindən istənildikdə təmir işlərinə görə ödənilməli olan qalıq borcla əvəzləşdirilməsi qeyd edilmişdir. Cavabdehin iddiaçıya ödənilməmiş heç bir borcu qalmamışdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri heç bir sübutlarla təsdiq edilmədiyi üçün əsassızdır.
24. Digər tərəfdən cavabdeh apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı onun iştirakı təmin edilməmiş, məhkəmə iclasının təxirə salınması ilə bağlı onun ərizəsi nəzərə alınmamışdır.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanına məhkəmə bildirişləri göndərilmiş, məhkəmə bildirişləri Əzimova Gülnar tərəfindən imza edilərək qəbul edilmişdir və ya “Ünvan tam deyil” yazısı ilə geri qaytarılmışdır. Digər tərəfdən iş materiallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə sms bildirişlər göndərilmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarına tapşırıq müqaviləsinə aid normaları tətbiq edilməklə maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir. Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında cavabdehə məxsus evdə müəyyən işlərin görülməsi ilə bağlı razılıq əldə edilmişdir. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 752.1-ci maddəsində qeyd edilir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
28. Mülki qanunvericiliklə tapşırıq müqaviləsinə aid normaların mahiyyətindən görünür ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.
29. Qanunvericiliyin tələbindən göründüyü kimi, tapşırıq müqaviləsinə əsasən bir tərəf (vəkalət alan) digər tərəfin adından müəyyən işləri görməyi, əqdləri və konkret xidmətləri icra etməyi öhdəsinə götürsə də, podrat müqaviləsinin mahiyyətinə əsasən podratçı sifarişçi üçün müqavilədə nəzərdə tutulmuş işləri razılaşdırılmlş muzd qarşılığında öz adından icra etməyi öhdəsinə götürür. Görüləcək işlər müqavilədə ətraflı təsvir edilməlidir.
30. Mülki Prosessual Məcəllənin 386-cı maddəsində qeyd edilir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
31. Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3387/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 33,30 (otuz üç manat otuz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş rüsumun qalıq hissəsi iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum apellyatora aid edilməlidir.
33. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3387/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 33,30 (otuz üç manat otuz qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Rüsumun qalıq hissəsi iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov