Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6396/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(001)-3362/2024 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 avqust 2024-cü il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbi barədə” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 "xxxx" İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə iddiaçıya qarşı “artıq köçürülmüş istifadə edilməmiş məzuniyyət günləri əvəzinin ödənilməsi, ödənilmiş əmək haqqının tutulması və sair tələbi barədə” qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə (təkrarən) Rayon Məhkəməsinə müraciət etmişdir. (yenidən verilmiş) Qarşılıqlı iddianın icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla həmin qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını qərara almışdır. MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından (təkrarən) şikayət vermiş, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin geri qaytarılmasını qərara almışdır. MMC-nin nümayəndəsi Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 13 sentyabr 2024-cü il tarixli qərardadla şikayətin təmin edilməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli qərardaddan verdiyi şikayətin qəbulu məsələsinə yenidən baxılması üçün işin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Rayon Məhkəməsi cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli qərardaddan verdiyi şikayəti icraata qəbul etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 155.3-cü maddəsinə görə, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. MPM-in 149.2-ci maddəsinə görə, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb və sair. MPM-in 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, MMC tərəfindən iddiaçıya qarşı verilmiş qarşılıqlı iddia MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir. Odur ki, qəbul edilməlidir ki, Rayon Məhkəməsi göstərilən əsasa görə qarşılıqlı iddianın qaytarılması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Şikayətin Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlili əsassızdır. Bundan başqa qeyd edilməlidir ki, MPM-nin 154.1-ci maddəsinə görə, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. MPM-in 156.1.3.-cü maddəsinə görə, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, hakim qarşılıqlı iddianı qəbul edir. MPM-in 155.2-ci maddəsinə görə, MPM-in 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra MPM-in 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. İş materiallarından görünür ki, ilk iddia ərizəsi Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə "xxxx" İnformasiya Sistemi (elektron kabinet) vasitəsilə daxil olmuş, həmin vaxt elektron kabineti olmayan cavabdeh MMC-yə iddia ərizəsi və digər sənədlər Rayon Məhkəməsi tərəfindən poçt vasitəsilə göndərilmiş, həmçinin xx.xx.2024-cü il tarixdən "xxxx" informasiya sistemində elektron kabinet yaradan cavabdeh MMC, onun rəhbəri və nümayəndəsi "xxxx" informasiya sisteminə əlavə edilmişlər. Məhkəmə bildirir ki, ilk iddia ərizəsinin alınma tarixi xx.xx.2024-cü il tarixdən götürülsə belə müəyyən edilir ki, cavabdeh MMC yuxarıda qeyd edilən prosessual müddəti ötürmüşdür. Buna görə qəbul edilməlidir ki, Rayon Məhkəməsi göstərilən əsasa görə qarşılıqlı iddianı qaytarmaqda haqlı olmuşdur. Şikayətin Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsinə aid dəlili də əsassızdır. Beləliklə də yuxarıda göstərilənlərə əsasən hesab edilməlidir ki, barəsində şikayət verilmiş qərardad qanunu və əsaslıdır. Şikayətin dəlili əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 397, 398 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 avqust 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6396/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6396/2024
15.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver