Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-64/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı MikayılX12 nümayəndəsi və vəkili X3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə hüquqların olmamasının müəyyən edilməsi» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2247/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə hüquqların olmamasının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşən 20 saylı evin 49 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Z.Əliyev küçəsi, 20 saylı evin 49 saylı mənzili Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixdə verilmiş ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçının bacısı Cavabdeh1 və onun oğlu Cavabdeh2 2007-ci il tarixdə formal olaraq həmin mənzilə qeydiyyata salınmışdır. Lakin, onlar artıq iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmasalar da bir gün də olsun həmin mənzildə yaşamayıblar. Cavabdehlər mənzildə qeydiyyatda olduqlarına görə iddiaçı hər ay cavabdehlərin əvəzinə kommunal xərclərə görə pul ödəyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəllənin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlardan məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlannda göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə və ikincisi; məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda mümkündür. Məhkəmələr tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən, Mənzil Məcəlləsinin 87-ci maddəsinə müvafiq olaraq, yaşayış sahəsini kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yaşayış sahəsinə köçdükləri gündən pozulmuş hesab edilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2247/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Səbail rayonu, Z.Əliyeva küçəsi, 20 saylı evin 49 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, qətnamənin cavabdehlərin həmin mənzildə yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması qət edilmişdir (sədrlik edən: Nurəddin Bağırov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2247/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı Slavyan Universitetində müəllimə (dosent) işləyir. İddiaçının doğma bacısıdır, əlaqə nömrələri heç vaxt dəyişməmişdir. İstənilən zaman cavabdehi tapmaq çox asandır. Hətta məhkəmə baxışının obyektivliyinin və hərtərəfliliyinin təmin edilməsi məqsədi ilə məhkəmə bildirişinin cavabdehə çatdırılması məqsədi ilə qardaşı olan iddiaçıya təqdim edilə bilərdi və ya birinci instansiya məhkəməsi AR MPM-in 185.2-ci maddəsinə əsasən iş üzrə məhkəmə baxışını təxirə salaraq cavabdehin məhkəmədə iştirakını təmin etməli idi. Həmin maddənin yuxarıda qeyd edilən bəndlərində isə göstərilib ki, məhkəmə baxışı cavabdehin müvafiq qaydada məlumatlandırıldıqda gəlmədiyi halda cavabdehin iştirakı olmadan işə baxıla bilər. Bu isə məhkəmənin çəkişmə prinsipinin təmin olunmasıdır. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnamənin əsaslandığı AR MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iş yerimə bildiriş göndərilə bilərdi. Cavabdeh hal-hazırda qeydiyyatda olduğu ünvanda yaşamır. Müasir dövrdə istənilən şəxsin yaşadığı yeri müəyyən etmək heç bir çətinlik törətmir. İşin faktiki halı ondan ibarətdir ki, mübahisə obyekti olan yuxarıda göstərilən mənzil xx.xx.1994-cü ildə ailə tərəfindən tərəflərin mərhum anası X1 adına alınmışdır. Mənzil alınarkən məbləğin yarısından çoxunu şəxsən cavabdeh ödəmişdir. Cavabdehlər həmin mənzilə anasının razılığı ilə qeydiyyata alınmışdır. Həmin mənzil alınarkən niyyət şəhərin mərkəzində olan evi gələcəkdə satdıqdan sonra bütün övladların minimal mənzil tələbatını ödəmək olmuşdur. Sonradan, iddiaçı olan qardaşı evin böyük övladı olması səbəbi ilə anası həmin mənzili iddiaçının adına rəsmiləşdirmişdir. xx.xx.2004-cü ildə həmin mənzil anası tərəfindən iddiaıçya bağışlanmışdır. Buna səbəb isə ondan ibarət olmuşdur qardaş evin böyüyü kimi əmlakı ədalətli şəkildə bölüşdürsün. Həmin bağışlama müqaviləsi bağlanarkən cavabdeh mənzilin qardaşının adına sənədləşdirilməsinə razılıq vermişdir. Həmin razılıq cavabdehin istifadə hüquqlarımın xitamına əsas ola bilməz. Belə ki, bağışlama müqaviləsində cavabdehin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə bənd şərtləndirilməmişdir. İddiaçı bu barədə heç vaxt məhkəmə mübahisəsi açmamışdır, yəni cavabdehlərin həmin mənzildən çıxarılmasına razı olub. Ailə üzvləri arasında mülkiyyət hüquqlarının bir şəxsdən digər şəxsin adına dəyişməsi üçüncü şəxsin həmin mənzildən istifadə hüquqlarını özündə ehtiva etmir. Həmin mənzildə əvvəlcə digər qardaşı Elnur da yaşamışdır. Mənzil tərəflərin atası X5 tərəfindən təmir olunmuşdur. İddiaçı həmin mənzilə köçdükdən sonra cavabdehləri həmin mənzilə buraxmır. Onlar faktiki ailə üzvü olaraq bütün əmlak hüquqlarından məhrum edilmişlər. Faktiki olaraq cavabdeh həmişə həmin mənzilə iddialı olmuş və qardaşı olan iddiaçı daim cavabdehin haqqını verəcəyi ilə cavabdehi əminlikdə saxlamışdır. Belə ki həmin mənzil alınarkən cavabdehin əməyi böyük olmuşdur. İddiaçının əsassız olaraq qeydiyyatda olduğu mənzildən qeydiyyatdan çıxarması cavabdehin əmlak hüquqlarını pozur. Belə ki, mübahisə obyekti olan mənzildə cavabdehin də yaşayış hüququ vardır. İstənilən zaman həmin hüquqlarını həyata keçirə bilərdi. İddiaçının cavabdehi mənzildən istifadə hüququnu həyata keçirməyə imkan verməməsi, süni şəkildə hazırkı iddia üzrə özünə əlavə əsas yaratmaq niyyətindən irəli gəlir. Belə ki, birinci instansiya məhkəməsinin gedişi barədə cavabdehə məlumat verməməsi bu halı təsdiq edir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin əmlakla bağlı müdafiə hüququnu, başqa şəxslərdən tələb etmək hüququnu, öz hərəkətlərimə hüququ ixtiyarını məhdudlaşdırır. Hərəkətlərinə hüquqi ixtiyar yalnız qanunla müəyyən edilmiş qaydaya riayət etməklə yaranır. Hərəkətlərinə hüquqi ixtiyarın məlumatım olmadan qanunsuz və əsassız məhkəmə qətnaməsi ilə əlindən alınması cavabdehin müdafiə hüququnu və başqa şəxslərdən tələb etmək hüququnu pozur. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X.Bayramzadə cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq digər Cavabdeh2 kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-in Dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzili İddiaçı adma qeydiyyatdan keçmişdir. İş materiallarında olan 5 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli 5 saylı arayışından görünür ki, Bakı şəhəri, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilində sahibi İddiaçı, qızı X2, oğlu X6, bacısı Cavabdeh1 və onun oğlu Cavabdeh2 2007-ci ildən qeydiyyatdadırlar. Hüquqi dəyərləndirmə: İşin hallarına və cavabdehin nümayəndəsinin izahatına əsasən, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə 2007-ci il tarixdən qeydiyyatda olması işin mübahisələndirilməyən halını təşkil edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehlər mübahisəli mənzildə xx xxxxxxx 2009-cu il tarixdən əvvəl qeydiyyata alındığı üçün (yaşamamaqla), cavabdehlərin mənzilə istifadə hüquqlarının yaranması və bu hüquqların hazırda mövcud olub-olmaması əsaslarının müəyyən edilməsi üçün məhz o zaman, yəni 2009-cu ilin oktyabr ayının1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsinin) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Sadalanan hallara əsasən kollegiya hesab edir ki, cavabdehlər Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilində 2007-ci ildən qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda mənzilin mülkiyyətçisi və ya kirayəçisi ilə birlikdə ailə üzvü kimi yaşamadığı və onunla ümumi təsərrüfat aparmadığı üçün və bununla da kirayəçinin ailə üzvü hesab edilmədiyi halda, mübahisəli mənzildən istifadə hüququ əldə etməmişlər. Eyni zamanda kolegiya qeyd edir ki, cavabdehlər Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilindən hətta istifadə hüquqları əldə etmiş olsaydılar belə, lakin onlar daimi olaraq başqa yaşayış sahəsində yaşadıqları üçün və onların yaşayış sahəsinə olmuş ehtiyacları digər mənzildə yaşamaqla təmin edildiyi halda, onların həmin mənzildən istifadə hüquqları.itirilmişdir. Belə ki, istinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəllənin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayışsahəsinə olan hüquqlardan məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda:birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayışməntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə və ikincisi; məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyindən də aydın olur ki, cavabdehlərin qeyd edilən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Qeyd edilən əsaslar kimi isə şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi göstərilmişdir. Mülki iş materiallarında olan 51 saylı MKİS tərəfindən aparılmış qeyddən aydın olur ki. cavabdehlər bildirişdə göstərilən ünvanda qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamırlar. Göründüyü kimi 51 saylı MKİS-in apardığı qeydlə cavabdehlərin mübahisəli Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 20 saylı evin 49 saylı mənzilində qeydiyyatda olsa da, daimi olaraq başqa mənzildə yaşaması faktı təsdiq olunur. Göstərilən hallar isə ona dəlalət edir ki, cavabdehlər mübahisəli mənzildən könüllü olaraq daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər və bununla da onun mübahisəli mənzilə mövcud olsa da belə istifadə hüququ elə köçüb getdikləri vaxtdan itirilmişdir. Kollegiya eyni zamanda qeyd edilməsini zəruri hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehlərin qeydiyyatda olduqları mübahisəli yaşayış sahəsinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, 5 saylı MKİS tərəfindən cavabdehlərin uzun müddətdir həmin ünvanda yaşamaması səbəbindən bildirişin verilə bilmədiyi qeyd edilmişdir. Bu hal da cavabdehlərin həmin ünvanda faktiki olaraq yaşamadığını bir daha təsdiq edir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyası iclasında cavabdehin mübahisəli mənzildən könüllü deyil, iddiaçı tərəfindən zorla çıxarıldığını bildirsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adma reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» x xxxxx 1996-cı il il tarixli, 55- İQ nömrəli Qanuna əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşə Apellyasiya instansiyası məhkəməsində baxılan zaman, Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, X4 qarşı sözügedən mənzilə dair bağışlanma müqaviləsinin və həmin bağışlama müqaviləsi əsasında mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın ləğvi barədə iddia tələbinə baxılıb qurtarana qədər iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Ərizə təmin edilərək, həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5162/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddia tələbinin rədd edilməsinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3324/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının vaxtı barədə cavabdehlərə məlumat verilməməsi və onların məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan məhkəmə bildirişindən (i.v.17) görünür ki, cavabdehlərin rəsmi qeydiyyatda olduqları ünvan 1 ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmiş, lakin həmin bildiriş 5 saylı MKİS-in “uzun müddətdir həmin ünvanda yaşamırlar” qeydi ilə geri qayıtmışdır. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Cavabdeh apellyasiya şikayətində qeydiyyatda olduğu ünvanda yaşamadığını və məhkəmə bildirişinin onun iş yeri üzrə verilə biləcəyini qeyd etsə də, kollegiya vurğulayır ki, iş materiallarında iddiaçının iş yeri üzrə hər hansı məlumat mövcud olmamışdır. Sadalanlara əsasən, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmaqla Mülki Prosessual Məcəllənin tələblərini yerinə yetirmiş və prosessual pozuntuya yol verməmişdir. Qeyd edilən xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia tələbinin təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Səbail rayonu, Z.Əliyeva küçəsi, 20 saylı evin 49 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, qətnamənin cavabdehlərin həmin mənzildə yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2247/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-64/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-64/2021
16.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver