Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-64/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Tağıyev Mirhüseyn Səməd oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmistan oğlu və İmanov Azad Nizami oğlu ndan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil3 və cavabdehlərin özlərinin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlərin digər ailə üzvləri ilə birlikdə ona məxsus olan və ünvan 1 ünvanında yerləşən evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı, qeyd edilən evdə 1985-ci ildən yaşayır. İddiaçı, o zaman Bakı Şəhəri Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 15/3 saylı qərarı əsasında yaşadığı evi mülkiyyətinə keçirmiş və bu barədə xx.xx.1991-ci il tarixində iddiaçıya ev üzərində mülkiyyət hüququnun olmasını təsdiq edən “Qeydiyyat vəsiqəsi” verilmişdir. Bir neçə il bundan əvvəl iddiaçının səhhətində problemlər yaranmış və o, bununla əlaqədar olaraq övladının evində, övladının nəzarəti altında yaşamalı olmuş, evi isə qonşularının nəzarətinə tapşırmışdır. İddiaçı, vaxtaşırı evi barədə məlumat almış, səhhəti imkan verəndə evinə gedib, baş çəkmişdir. 2019-cu ilin əvvəllərində evinə getdikdə ona məlum olmuşdur ki, onun evi tanımadığı şəxslər, yəni hazırki iş üzrə Cavabdeh1, sonuncunun övladı olan Cavabdeh2 və onların ailə üzvləri tərəfindən zəbt olunmuşdur. İddiaçı, evinin boşaldılmasını cavabdehlərdən dəfələrlə tələb etsə də, onlar əvvəlcə razılaşmış, lakin sonradan bundan imtina etmişlər. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat
3. Cavabdeh1 işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, onun ailə üzvləri, o cümlədən övladı – iş üzrə digər Cavabdeh2 ilə yaşadığı evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçıya məxsus evin ünvanı 11-ci Xrebtovaya küçəsi 11 “a”-dır, onların yaşadığı evin ünvanı isə 11-ci Xrebtovaya küçəsi 11-dir. Həmin ev əvvəllər X2 məxsus olmuş və o, evi Rufulla Səfərəliyevdən 1997-ci ildə 4.500 ABŞ dollara satın almışdır. Bununla bağlı onların arasında notarial qaydada müqavilə bağlanmasa da, sadə yazılı sürətdə tərtib edilmiş müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin tərtib edilməsinə hətta 3 şahid iştirak etmişdir. Həmin şahidlərdən iksi vəfat etsə də, şahid X1 və onun göstərdiklərini təsdiq edə bilər. O, evi Rufulla Səfərəliyevdən aldıqdan sonra ailə üzvləri ilə birlikdə evə köçmüş və 1997-ci ildən etibarən onlar həmin evdə yaşayırlar. Bundan 20 ildən çox vaxt keçdikdən sonra hazırki iş üzrə iddiaçı həmin evin ona məxsus olduğunu iddia etmişdir. Halbuki, evi alarkən iddiaçı həmin ünvanda yaşamamış və o, iddiaçını oralarda ümumiyyətlə görməmişdir. O, yaşadığı evin iddiaçıya deyil, onun özünə məxsus olmasını nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir.
4. Cavabdeh2 iddia ərizəsi əsasında icraatı başlanmış mülki işin baxılması iclasları barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar olsa da, məhkəmə baxışı iclaslarına gəlməmiş, bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmiş və Rayon Məhkəməsi bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halıdır ki, iddiaçı, 11-ci Xrebtovaya küçəsi 11 “a” saylı evin mülkiyyətçisidir və o, cavabdehlərin ona məxsus evdən çıxarılmalarını xahiş edir. Lakin cavabdehlərin iddiaçıya məsus evdə yaşaması sübut olunmur, cavabdehlər 11-ci Xrebtovaya küçəsi 11 “a” saylı evdə deyil, 11 saylı evdə qeydiyyatdadırlar və orada yaşayırlar. Belə olan halda iddia əsaslı hesab edilə və təmin oluna bilməz. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
İİ. APELLYASİYA VƏ KASSASİYA İNSTANSİYA MƏHKƏMƏLƏRİNDƏ İCRAAT
e) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə (İş № 2(103)-1095/2020) ilə apelyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. f) kassasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
10. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar (İş № 2(102)-2655/2021) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.
11. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi iddiaçının mülkiyyətində olan evdən cavabdehlərin çıxarılması barədədir. Apellyasiya məhkəməsi iddiaçının cavabdehlərin çıxmalarını tələb etdiyi mənzil iddiaçının xüsusi mülkiyyətində olmasını müəyyən etsə də, cavabdehlərin mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə 1997-ci ildə köçmələrini əsas götürüb iddianı rədd etmişdir. Apellyasiya instansiya məhkəməsi cavabdehlərin mübahisəli mənzilə mülkiyyətçinin – iddiaçının razılığı ilə köçmələrini qeyd etsə də, işin bu halını hansı sübuta əsasən müəyyən etdiyini qeyd etməmişdir. Baxmayaraq ki, Cavabdeh1 özü də yazılı etirazında evi alarkən iddiaçının orada yaşamadığın göstərmişdir. Başqa sözlə, apellyasiya məhkəməsi cavabdehin etiraz kimi istinad etmədiyi hala istinad etmiş, bununla da MPM-nin 14, 218.1 və 392.1.5-ci maddələrin tələblərini pozmuşdur. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarına əsasən istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinin və Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin hazırki mübahisəyə tətbiqi o zaman mümkün olardı ki, cavabdehlər mübahisəli mənzilə 1997-ci ildə mülkiyyətçinin – iddiaçının razılığı ilə köçmüş olsa idilər. Lakin bu xüsusat hər hansı sübut ilə təsdiq edilmir.
İİİ. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ YENİ İCRAAT
g) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
13. Cavabdehlər apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa və əsaslarına uyğun izahat verdilər. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
15. Belə ki, iş materiallarında ünvan 2 ünvanında yerləşən evin iddiaçının mülkiyyətində olmasına dair xx.xx.1991-ci il tarixli Qeydiyyat vəsiqəsi” və Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovaya küçəsi, 11 ünvanında yerləşən evin (hazırki iş üzrə tərəf olmayan, mərhum) X2 məxsus olması barədə 1962-ci ildə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsi barədə texniki pasport” vardır.
16. Bundan əvvəl apellyasiya instansiyası məhkəməsində işə baxılarkən həmin evlərin eyni ünvana aid olması, yoxsa ayrı-ayrı evlər olması barədə rəy verilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/55 saylı rəyi alınmışdır.
17. Həmin rəydən görünür ki, iddiaçıya məxsus olan və 11-ci Xrebtovaya küçəsi, 11 “a” ünvanında yerləşən yaşayış evinin “Texniki pasportun” məlumatlarında göstərilən sahələrə uyğun gəldiyi müəyyən olunmuşdur. Lakin cavabdehlərin yaşadığı və 11-ci Xrebtovaya küçəsi, 11 ünvanda yerləşən evə aid “Texniki pasportun” məlumatları bütövlüklə təqdim olunmadığından, yaşayış evlərinin eyni ünvana aid olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.
18. Hazırki apellyasiya baxışı zamanı iddiaçıya məxsus 11 “a” saylı ev ilə cavabdehlərin yaşadığı 11 saylı evin eyni ünvana aid olub-olmaması və ya ayrı-ayrı evlər olmasının müəyyən edilməsi üçün Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 10/6896 saylı, xx.xx.2022-ci il tarixli rəyi alınmışdır.
19. Həmin rəydə qeyd edilir ki, cavabdehlərin istifadəsində olan evin ölçülərinin, ayrı-ayrı tikililərin planlı yerləşməsinin, sahəsinin və digər texniki parametrlərinin iddiaçının adına tərtib olunmuş xx.xx.1991-ci il tarixli “Texniki pasporta” uyğun olduğu müəyyən edilir. 11 “a” saylı ev ilə 11 saylı evin eyni ünvana aid olub-olmamasını və ya ayrı-ayrı evlər olmasını Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyi alınmaqla müəyyən etmək mümkündür.
20. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli, **********57 nömrəli məktubla iş üzrə mütəxəssis tərəfindən verilmiş rəyi Məhkəməyə göndərmişdir.
21. Həmin “Mütəxəssis rəyində” qeyd olunmuşdur ki, xx.xx.1965-ci ildə qeydiyyata alınmış 11-ci Xrebtovaya küçəsi 11 ünvanda yerləşən fərdi yaşayış evinin (2/4571 inventar nömrəli “Texniki pasport”, **********62 reyestr nömrəsi ilə) X3, 11-ci Xrebtovaya küçəsi ev 11 “a” ünvanında yerləşən fərdi yaşayış evinin (378787 inventar nömrəli “Texniki pasport”, **********98-10301 reyestr nömrəsi ilə) iddiaçıya məxsus olduğu müəyyən olunur.
22. Məhkəmə qeyd edilən “Mütəxəssis rəyinin” daxil olduğunu nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə işi Məhkəmə Ekspertizası Mərkəzinə qaytarmış və həmin Mərkəzin 10/1419 saylı, xx.xx.2023-cü il tarixli rəyini alınmışdır.
23. Həmin rəydə qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********57 nömrəli mütəxəssis rəyinə əsasən, xx.xx.1965-ci ildə qeydiyyata alınmış 11-ci Xrebtovaya küçəsi 11 ünvanda yerləşən fərdi yaşayış evinin (2/4571 inventar nömrəli “Texniki pasport”, **********62 reyestr nömrəsi ilə) X3, 11-ci Xrebtovaya küçəsi ev 11 “a” ünvanında yerləşən fərdi yaşayış evinin (378787 inventar nömrəli “Texniki pasport”, **********98-10301 reyestr nömrəsi ilə) iddiaçıya məxsus olduğu müəyyən edilir.
24. Qeyd olunan rəyi şübhə altına ala biləcək sübut (məsələn: tikinti-texniki sahədə zəruri biliyə malik olan mütəxəssisin rəyi) cavabdehlər tərəfindən Məhkəməyə təqdim edilməmişdir.
25. Göründüyü kimi 11-ci Xrebtovaya küçəsi ev 11 “a” ünvanında yerləşən fərdi yaşayış evi - 378787 inventar nömrəli “Texniki pasport”, **********98-10301 reyestr nömrəsi ilə iddiaçıya məxsusdur. 2/4571 inventar nömrəli “Texniki pasport”, **********62 reyestr nömrəsi ilə (hazırki iş üzrə tərəf olmayan, mərhum) Rufulla Səfərəliyevə məxsus olmuşdur. Cavabdehlər Rufulla Səfərəliyevə məxsus evdə yaşadıqlarını bildirsələr də, ekspert və mütəxəssis tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər 378787 inventar nömrəli “Texniki pasporta” uyğun evdə, yəni iddiaçıya məxsus evdə yaşayırlar.
26. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə görə, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
30. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin ona məxsus evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Çünki cavabdehlər məhz iddiaçı məxsus evdə və buna qanuni əsas olmadan yaşayırlar. Lakin işə baxmış Rayon Məhkəməsi işin hallarını müəyyən edə bilməmiş, əsaslı olan bu tələbin rədd etmişdir. Rayon Məhkəməsinin bu nəticəsi səhvdir. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsaslıdır.
31. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı, özünə məxsus evdən cavabdehlər ilə yanaşı cavabdehlərin ailə üzvlərinin çıxarılması barədə də qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. İddiaçı həmin şəxslərin kimlər olması barədə hər-hansı məlumatı verməmişdir. Qeyd olunan halı nəzərə alan məhkəmə bildirir ki, hazırda tələbin həmi hissəsi qeyrimüəyyəndir.
33. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbinin təmin edilməməlidir.
34. İşə baxmış Rayon Məhkəməsi isə iddianın “cavabdehlərin ailə üzvlərinə” aid hissəsini bu əsasla deyil, tələbin əsassız olması əsası ilə rədd etmişdir ki, bununla da, Rayon Məhkəməsi işin hallarını bu hissədə də düzgün müəyyən edə bilməmişdir.
i) apellyasiya baxışının nəticəsi
35. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia qismən əsaslıdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır.
36. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
37. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Tağıyev Mirhüseyn Səməd oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı Tağıyev Mirhüseyn Səməd oğluna məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovaya küçəsində yerləşən 11 “a” saylı evdən çıxarılsınlar. İddianın qalan hissəsi təmin edilməsin. Hazırki iş üzrə keçirilmiş ekspertizaların xərci (cəmi 200 manat) cavabdehlərə aid edilsin. Bu məqsəd ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 200 (iki yüz) manat məbləğində pul müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.