Məhkəmə qərarları › İş №2(103)-640/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-640/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-640/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Ağamirov Mirağa Mirbəşir oğlu və Cavabdeh1 nümayəndəsi Ələkbərov Namiq Ələkbər oğlunun iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2(004)-28/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 28.04.2015-ci il tarixli, 004K**********81 saylı kredit razılaşması üzrə 92.998,92 ABŞ dolları əsas, 22.018,86 ABŞ Dolları faiz borcu, 122.998.90 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə 238.016 (iki yüz otuz səkkiz min on altı) ABŞ dolları 68 (altmış səkkiz) sent məbləğində borcun, əldən çıxmış fayda kimi hesablanmış 13.720 (on üç min yeddi yüz iyirmi) ABŞ dolları 98 (doxsan səkkiz) sent məbləğində faiz borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən 14 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 79 nömrəli mənzilinə yönəldilməsinə, həmin mənzilin açıq hərracdan satılması, ümumilikdə 238.016 (iki yüz otuz səkkiz min on altı) ABŞ dolları 68 (altmış səkkiz) sent məbləğində borcun, əldən çıxmış fayda kimi hesablanmış 13.720 (on üç min yeddi yüz iyirmi) ABŞ dolları 98 (doxsan səkkiz) sent məbləğində faiz borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən 14 nömrəli evin Cavabdeh1 mülkiyyətindəki 79 nömrəli mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(004)- 28/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 28.04.2015-ci il tarixli kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 92.998,92 (doxsan iki min doqquz yüz doxsan səkkiz dollar, doxsan iki sent) ABŞ dolları əsas, 8757,24 (səkkiz min yeddi yüz əlli yeddi dollar, iyirmi dörd sent) ABŞ dolları faiz borcu, 6000 (altı min) ABŞ dolları cərimə və 13720,98 (on üç min yeddi yüz iyirmi dollar, doxsan səkkiz sent) ABŞ dolları əldən çıxmış fayda (illik beş faiz dərəcəsi ilə) olmaqla, cəmi 121477,14 (yüz iyirmi bir min yeddi yüz yetmiş yeddi dollar, on dörd sent) ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, İddiaçı QSC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 250.000 (iki yüz əlli min) manat müəyyən edilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 21 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 61 (altmış bir) manat pulun 30 (otuz) faizinin iddiaçıya, 70 (yetmiş) faizinin cavabdehlərə aid edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 42 (qırx iki) manat 70 (yetmiş) qəpik pulun İddiaçı QSC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin 30 (otuz) faizinin iddiaçıya, 70 (yetmiş) faizinin cavabdehlərə aid edilməklə, İddiaçı QSC-dən 43,5 (qırx üç manat əlli qəpik) manat pulun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə müştərək qaydada 101,5 (yüz bir manat əlli qəpik) manat pulun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 245 000 ABŞ müəyyən edilmişdir. Bundan sonra üzərinə düşən öhdəlikləri qismən yerinə yetirərək kredit üzrə borcun müəyyən hissəsi ödənilmiş, qalan hissə isə iqtisadi durğunluq səbəblərindən ödənilməmiş saxlanılmışdır. Bu hal baş vermiş problemlərlə əlaqədar olmuş və ağır maliyyə çətinlikləri borcun vaxtında qaytarılmasını qeyri-mümkün etmişdir. Borclu kimi maliyyə vəziyyəti barədə banka məlumat verilmiş və tərəfindən ödənilmiş məbləğin əsas borcun bağlanmasına yönəldilməsi və tədricən faizlərin bağlanmasına dair möhlət verilməsi barədə banka müraciət olunmuşdur. Bundan əlavə borcun hesablanmasında da səhvə yol verilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizəsində tərəfindən 27001.08 ABŞ dollarının ödənildiyini və borcun 92998 ABŞ dolları məbləğində əsas borcun qaldığını bildirmişlər. Halbuki, bu günə qədər ödənilmiş borc 30600 ABŞ dolları təşkil etmişdir. Digər tərəfdən ekspertiza tərəfindən ipotekaya qoyulmuş əmlak barədə məlumatları çox kiçik həcmdə göstərilmişdir. Bununla əlaqədar məhkəmənin qərardadı ilə tikinti-texniki ekspertiza təyin edilmiş və ekspertizanın aparılması “xxxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. Məhkəmənin bu qərardadından heç bir məlumatı olmamış, ekspertizanın aparılmasında iştirakları təmin edilməmişdir. Qiymətləndirməni icra edən ekspert evə baxış keçirmədən, evin daxili təmir işlərini nəzərə almadan, evin təmirində istifadə olunan yüksək keyfiyyətli tikinti materiallarına nəzər yetirmədən, çöldən çölə baxış keçirmiş və bu prosesi qıraqdan aparılan vizual baxış adlandırmaqla evin real bazar dəyərini müəyyən etməyə çalışmışdır. Nəticədə ekspertizanın ipotekaya qoyulmuş əmlak üçün müəyyən etdiyi qiymət həmin əmlakın real dəyərindən qat-qat aşağı göstərilmişdir. Bununla əlaqədar arada olan ziddiyyətin aradan qaldırılması üçün ipotekaya qoyulmuş əmlakın mütəxəssislər tərəfindən təkrar qiymətləndirilməsinə dair vəsatət qaldırılmış, lakin məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Ələkbərov Namiq Ələkbər oğlu apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq borc məbləği ilə bağlı narazılıqları olduğunu, düzgün hesablama aparılmadığını bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ağamirov Mirağa Mirbəşir oğlu apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, qiymətləndirmə ilə bağlı rəylə razıdırlar. Məbləğlə bağlı isə ekspertiza keçirilmişdir. Rəyə əsasən də məbləğ müəyyən edilmişdir. Həmin hissədə apelyasiya şikayəti ilə razı deyillər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq ləğv edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh1 tutulmuş borc məbləğini və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirir. Bu səbəbdən də apelyasiya baxışının hədlərini qətnamənin tutulan borcun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 26.12.2014-cü il tarixli, 004L**********12 saylı uzunmüddətli kredit müqaviləsi imzalanmış, cavabdehə 120 (bir yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 26.12.2014-cü il tarixli, 004M**********01 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində Cavabdeh1 xüsusi mülkiyyətində olan 14 saylı binanın 7-ci mərtəbəsində yerləşən 148,1 kv.m ümumi, 92,1 kv.m yaşayış, 56 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 79 nömrəli mənzil 26.12.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. 28.04.2015-ci il tarixli, 004K**********81 saylı kredit razılaşmasına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 12 ay müddətinə aylıq faiz dərəcəsi 1.5% olmaqla 120.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı 30 noyabr 2016-cı il tarixli bildirişlə cavabdehə gecikdirilmiş borcunun olması, eləcə də “İpoteka haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən tutmanın ipoteka qoyulmuş mənzilə yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh1 məxsus fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş 09.12.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə kollegiyası ilk növbədə Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan borc məbləğinin düzgün hesablanmaması ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, borc məbləği də ekspert rəyi və iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsinə əsasən tutulmuşdur. Cavabdeh1 30600 ABŞ dolları ödəniş etdiyini bildirsə də bu barədə hər hansı ödəniş sənədi məhkəməyə təqdim edilməmiş, bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti yaranmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 385.1, 386.1, 442, 443.1, 443.2, 443.3, 445.2, 448.1, 448.2, 462.1 və 467-ci maddələrinə istinad edərək borc məbləğinin tutulması ilə bağlı əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin digər ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə dəlilinə münasibətdə isə qeyd edir ki, apelyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş 12.02.2020-ci il tarixli ƏEM/Y 10-010/20 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən ev 14, 79 saylı mənzilin bazar dəyəri 300 000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin dəyəri ilə bağlı birinci instansiya məhkəməsinin qərardadına əsasən “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş ekspert rəyinin əmlaka baxış keçirilərək tərtib olunması müəyyən edilmədiyindən, “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş ekspert rəyinin kifayət qədər ətraflı və müfəssəl tərtib edildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, “xxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilən ekspert rəyi ilə müəyyən edilən məbləğ ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir. Kollegiya həmçinin hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 200 manat Cavabdeh1 tutulmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan mübahisələndirilən - Cavabdeh1 aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.1, 392-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2(004)- 28/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən ev 14, 79 saylı mənzilin ilkin satış qiyməti 300 000 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə - Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 200 manat tutularaq “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (Hesab N AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********00000479944, KOD: 505594; SWİFT: GUNAYAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar