Məhkəmə qərarları › İş №2(103)-640/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-640/2025

05.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-640/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-640/2025 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4085/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 05 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı hal-hazırda ünvan 1 ünvanında yaşayır. Bildirir ki, onun Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yaşayış evi vardır. Sözügedən yaşayış evinə kifayət qədər hüquqmüəyyənedici sənədləri vardır və həmin sənədləri də dövlət orqanları tərəfindən tanınır.

2. Cavabdeh iddiaçının sabiq kürəkənidir. Qızı ilə cavabdeh arasında bağlanan nikah müvafiq qaydada pozulmuşdur. Bu səbəbdən iddiaçı, Cavabdeh hazırki halda mənzildə qalmaq hüququnun olmaması qənaətindədir.

3. Mübahisələndirilən Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, hal-hazırda ünvan 2 ünvanında yaşayır. Onun Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yaşayış evi vardır. Sözügedən yaşayış evinə kifayət qədər hüquqmüəyyənedici sənədləri vardır və həmin sənədləri də dövlət orqanları tərəfindən tanınır. Lakin cavabdeh onun evinə daxil olub oradan çıxmır, dəfələrlə ona evindən çıxmasını bildirmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə bundan imtina etmişdir. Hazırda o, əmlakından məhrum olmuşdur, cavabdehin təqsiri ucbatından evi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4085/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən evin onun mülkiyyətində olmasına, bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından və iddiaçının evə mülkiyyət hüququ olmadığından, onun Cavabdeh həmin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.3, 152.4, 178.1, 180.1 və 180.2-ci maddələri MPM-nin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, hazırki evin hüquqmüəyyənedici qismində bələdiyyə sənədinin çıxış etməsi iddiaçının subyektiv hüququ olmasına dəlalət edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verilən zaman bu kimi halları nəzərə almamışdır. Əlavə olaraq, fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmadığı halda belə cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının pozulmasına yol verilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı verilmiş şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətin dəlillərinə uyğun izahat vermişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verilmiş şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətin dəlillərinə uyğun izahat vermişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 43. (İİ hissə). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 6.1.1. Mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquq subyektlərinin bərabərliyidir.

17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

21. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

23. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, lakin iddia tələbi təmin edilməməlidir.

35. Birinci instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir ki, bu da qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır.

36. Belə ki, işə bundan öncə baxmış müvafiq instansiya məhkəməsi iddianı rədd edərkən mübahisəli evin özbaşına tikili olması və ona dair hər hansı şəxsin, o cümlədən iddiaçının hüquqlarını təsdiq edən müvafiq sənədlərin və nəticə etibarilə subyektiv hüququnun olmamasına istinad etmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir.

38. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

39. Kollegiya apelyasiya şikayətinin qeyd olunan subyektiv hüquqlarının mövcudluğu əhatəsində, daha dəqiq desək, indiki iddia tələbi ilə çıxış etmə səlahiyyətinə malik olduğu hissədə apelyatorun tələbi ilə razılaşır.

40. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, hər hansı yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması orada yaşayan və istifadə edən şəxslərə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tətbiqinə maneə yaratmır. Təsadüfi deyildir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində də şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

41. Qanunvericiliyin mahiyyətindən də göründüyü kimi mülkiyyətin 3 forması vardır ki, bunlarda müvafiq olaraq, sahiblik, istifadə və sərəncam hüquqlarıdır.

42. Hazırki iş üzrə mübahisəli ev bələdiyyə tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmaqla iddiaçının istifadəsinə verilmişdir. İddiaçı öz növbəsində analoji qaydada bu hüquqdan irəli gəlməklə həm evin təsərrüfatını aparmaqla, həm də vergi və digər mükəlləfiyyətlərini icra etməklə əmlaka faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirir ki, bu da mülkiyyət hüququnun komponentlərindən biridir.

43. Beləliklə, kollegiya iddiaçının qeyd olunan iddia tələbi ilə çıxış etməsinə dair subyektiv hüququnun mövcudluğuna münasibətdə kifayət qədər əsasın olduğu qənaətinə gəlir.

44. Apelyasiya şikayətinin və iddia tələbinin cavabdehin Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair hissəsində isə Kollegiya belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

45. Belə ki, kollegiyanın qənaətinə görə faktiki olaraq mövcud olan və istifadə edilən mübahisəli evdən cavabdehin çıxarılması ilə bağlı tələbin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (yaşamaq hüququ və s.) yaranıb-yaranmaması məsələsi araşdırılmalıdır.

46. Bu məqsədlə əmlakdan istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma əsasları, özbaşına tikilidə faktiki yaşayanlarla cavabdehin əlaqəsi, cavabdehin mübahisələndirilən evdə faktiki yaşamaq hüququnun mövcudluğu əsası araşdırılmalıdır.

47. Belə ki, apellyasiya məhkəməsində aparılan icraat zamanı şahid qismində izahat verən X7 bildirmişdir ki, iddiaçının qonşusudur. Torpaq sahəsində tikinti işləri aparılan zaman zəruri xərclər iddiaçı tərəfindən qarşılanmışdır. Həmçinin, tikinti üçün nəzərdə tutulan vasitələri də şəxsən iddiaçı qarşılamışdır. Lakin, qeyd olunmalıdır ki, cavabdeh həmin evin tikintisi bilavasitə usta kimi çalışmışdır.

48. Məhkəmə iclasında şahid qismində izahat verən X5 öz ifadəsində bildirmişdir ki, iddiaçının iki övladından, qızı ilə dostluq münasibətləri olmuşdur. Qeyd etmişdir ki, hazırda ünvan 4 ünvanında yaşayır və artıq 10 ildən çoxdur ki, göstərilən ərazidə məskunlaşmışdır. Fərdi yaşayış evini usta kimi cavabdeh tikmişdir. Lakin, cavabdehin tikinti üçün zəruri xərcləri çəkməsinə dair hər hansı məlumatı yoxdur. Torpaq sahəsinin alınması iddiaçı tərəfindən həyata keçirilmişdir. Həmçinin, iddiaçının qızı ilə söhbət əsnasında ona aydın olmuşdur ki, əlavə xərclərdən azad olmaq üçün cavabdeh usta qismində çalışmışdır.

49. Məhkəmə iclasında şahid qismində izahat verən X8 öz ifadəsində bildirmişdir ki, tərəflərdən cavabdehi tanımaqdadır. Onunla qonşudur. Tikinti üçün zəruri xərclərin kim tərəfindən qarşılanmasından xəbərdar deyildir. Lakin, qeyd edir ki, evdə cavabdeh və ailəsi məskunlaşmışdır. Tikinti üçün nəzərdə tutulan materialların nəqliyyat vasitələri ilə fərdi yaşayış evinə gətirilən zaman, maşınlar cavabdeh tərəfindən qarşılanmışdır. İddiaçı bu proseslərdə iştirak etməmişdir.

50. Məhkəmə iclasında şahid qismində izahat verən X1 öz ifadəsində qeyd etmişdir ki, cavabdehlə 5 ildən artıqdır ki, bir-birilərini tanıyırlar. Cavabdehin də, həmçinin qaldığı Ramana qəsəbəsində mağazada çalışır. Cavabdeh peşəkar ustadır, həm onun evinin tikintisində, həm də hazırda mübahisələndirilən evin tikintisində şəxsən çalışmışdır. Evin xərclərinin bütövlükdə kimin çəkdiyi barədə xəbərdar olmasa da, müəyyə vaxtlarda tikinti xərclərinin qarşılanması üçün cavabdeh ondan borc istəmiş, o da öz növbəsində qeyd olunan məqsədlə cavabdehə borc vermişdir. İddiaçını bu proseslərdə iştirakını müşahidə etməmişdir.

51. Beləliklə, istər iş materiallarından, istərsə də şahid ifadələrindən irəli gələn məqamlardan aydın olur ki, fərdi yaşayış evi faktiki olaraq, cavabdehin istifadəsindədir və onun tərəfindən tikilmişdir. Hətta iddiaçının da izahatlarında, eləcə də iddia tələbində qeyd olunmuşdur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində hazırda məskunlaşmır və həmin evdə müvafiq olaraq cavabdeh qalır. Digər tərəfdən iddiaçı özü də bildirmişdir ki, həmin evi usta olduğu üçün məhz cavabdeh tikmişdir. Nəzərə aldıqda ki, mənzil üzərində sərəncam vermə hüququna münasibətdə hər iki tərəfin səlahiyyəti yoxdur, mübahisəyə sahiblik hüququ məfhumundan irəli gələn hallara əsasən baxılmalıdır.

52. Bu zaman da aydın olur ki, tərəflərin sahiblik hüququna münasibətdə hüquqları ekvivalent təşkil etməkdədir. İddiaçı tərəfindən irəli sürülən məqamlar faktiki olaraq mülkiyyət hüququnun elementləri ilə əhatə olunsa da, iş materiallarından görünür ki, cavabdehin də müvafiq sahiblik hüququnun mövcudluğu işin təkzibedilməz halıdır.

53. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mənzildən və ya digər bu kimi yerlərdən məcburi çıxarılmaya dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.

54. Beləliklə, cavabdehin mübahisəli ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəmədə təsdiq edildiyindən iddiaçının cavabdehə qarşı irəli sürdüyü mənzildən çıxarılma tələbinin hər hansı qanuni və ya hüquqi əsası mövcud deyildir. Buna görə də necə ki, iddiaçı mübahisəli evdə normal şərtlər daxilində yaşamaq hüququna malikdir, bərabərlik prinsipinə uyğun olaraq cavabdehin də həmin evdə yaşamaq hüququ vardır.

55. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və ona münasibətdə tətbiq edilməli olan hüquq normalarına düzgün qiymət vermədiyindən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi yenidən rədd edilməlidir.

56. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.

57. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4085/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar