Məhkəmə qərarları › İş №2(103)-6401/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6401/2020

26.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6401/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1174/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat kompensasiya verilməklə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, B saylı evin, 52 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxx 2016-cı il tarixdə bağlanmış nikahın pozulmasına dair Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir və məhkəmənin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilərək azyaşlı uşaqlar xx xxxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2002-ci il təvəllüdlü X1 iddiaçının himayəsində qalması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə bu qətnamə qüvvədə saxlanılmışdır. Cavabdeh 2017-ci ildən anasının yanında qalmaqla onunla yuxarıda göstərilən ünvanda yaşamır. Nərimanov Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat pul məbləğində aliment tutularaq İddiaçı verilinəsi qət edilmişdir. Cavabdeh 2017-ci ildən anasının yanında qalmaqla hüquqlarını təmsil və müdafiə etdiyi şəxslə yuxarıda göstərilən ünvanda yaşamır. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, həmçinin Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manatın İddiaçı tutulması və “xxxxxxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini və işin hallarına uyğun gəlməyən qərar qəbul etdiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı iddiaçı məhkəməyə apellyasiya şikayətinə əlavə ünvanlayaraq kompensasiya məbləğini 10000 manata artırdığını bildirmişdir. Cavabdeh məhkəməyə ərizə verərək ona 16.800 manat məblləğində kompensasiya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, təmsil etdiyi şəxsin cavabdeh tərəfindən göstərilən 16.800 manat kompensasiya məbləğinin ödənilməsi ilə razılaşdığını və həmin məbləği tam ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə iclasında işiirak edən cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddiaçı tərəfindən ona 16.800 manat məbləğində kompensensiya ödənilməsi ilə mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, mülki işin materiallarını, apellyasiya baxışı zamanı təqdim edilmiş ərizələri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ÖM seriyalı, 030279 nömrəli xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, B saylı evin, 52 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış və halhazırda mülkiyyətindədir. xxxxxxxx MMC-nin UNİ/A-101/20 saylı, xx.xx.2020-ci il tarixli rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, B saylı evin, 52 saylı mənzilin bazar dəyəri 87 500 manat, orta aylıq kirayə haqqının 450 manat olduğu müəyyən edilmişdir. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, mübahisələndirilən mənzil iddiaçının mülkiyyətindədir. Tərəflər əvvəllər rəsmi nikahda olsa da, sonradan onların arasında bağlanan nikah rəsmi qaydada pozulmuşdur. Birgə nikahdan doğulan uşaqlar hazırda atasının himayəsindədir. Nərimanov Rayon Məhkəməsinin 2-998/2004 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü Ülviyyə ilə Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, ev B, mənzil 52-yə köçürülməsi qət edilmişdir. Həmin məhkəmənin 2(005)-2079/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, iş materiallarında olan rəyə görə, mübahisəsi gedən mənzilin bazar dəyəri 87 500 manat, həmin ərazidə yerləşən evlərin orta aylıq kirayə haqqı isə 450 manat təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya baxışı zamanı iddiaçı cavabdehə təklif etdiyi kompensasiyanın məbləğini artıraraq onun istifadə hüququna 16.800 manat müqabilində xitam verilməsini istəmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 3 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Buna görə kollegiya hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehəverilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1174/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh 16.800 (on altı min səkkiz yüz) manat kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, B saylı evin, 52 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. İddiaçı 16.800 (on altı min səkkiz yüz) manat kompensasiya məbləğinin alınıb Cavabdehverilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar