Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6402/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6402/2024 (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2625/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək 1237 manat xidmət haqqının, 32.37 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə alıcı olaraq Cavabdeh arasında bağlanan 23 avqust 2021-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, 40, bina 2, 2 nömrəli mənzilə dair kommunal, istismar və xidməti xərclərin vaxtlı-vaxtında ödənilməsini cavabdeh üzərinə götürmüş, lakin, müqavilə üzrə ödənişləri həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqısatqı və kommunal xidmət haqqının ödənilməsi müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2625/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 11 noyabr 2021-ci il tarixli müqavilə üzrə 1237 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 284-5, 284-6, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırki mübahisədə iddiaçı tərəf tələbinin hüquqi əsası kimi kommunal Xidmətin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli müqaviləni göstərsə də, həmin müqavilənin etibarlı olub-olmamasını yoxlamamışdır. Cavabdehin işdə iştirakı təmin edilmədiyindən o da buna dair izahat verə bilməmişdir. Belə ki, Kommunal Xidmətin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilə Cavabdeh tərəfindən imza edilməmişdir. Həmin müqavilə üzrə Cavabdeh öhdəlik daşımır. Məhkəmə bunu nəzərə almadığına görə əsassız qərar qəbul etmişdir. İddiaçı tərəf iddia etdiyi kommunal müqaviləsinə əsasən göstərdiyi xidmətlərin nədən ibarət olduğunu və sübutları təqdim etməmişdir. Nizami Rayon Məhkəməsi qanunla müəyyən edilmiş qaydada Cavabdeh məhkəməyə dəvət edilməmiş, çəkişmə prinsipinə əməl edilməmiş, məhkəmə müdafiə hüququnu pozmuşdur.
7. Bundan əlavə cavabdeh məhkəməyə ərizə ünvanlayaraq şikayətə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
15. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
19. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi iddianın rədd edilməsi xahiş edildiyindən qətnamə bütünlüklə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.
27. Kollegiya ilk növbədə cavabdehin şikayətə şifahi icraatda baxılması ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Hazırki işin faktiki hallarından və iş materiallardakı olan sənədlərdən görünür ki, iddiaçı və cavabdehin müvafiq olaraq tələbləri aydın formada ifadə olunmuş, iddianın həllinə dair məhz məhkəmə iclasında araşdırılması tələb olunan hər hansı xüsusi hal kollegiya tərəfindən aşkar edilməmişdir. Odur ki, hazırda məhkəmə şikayətə şifahi icraat qaydasında baxılmasına dair hansısa zərurət olmadığından kollegiya bu barədə verilmiş vəsatəti əsassız hesab edir.
28. Kollegiya iddianın əsaslılığı ilə bağlı isə aşağıdakıları qeyd edir.
29. Belə ki, iş materiallarında olan ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan mənzil mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, yığıncaqda 72 nəfər iştirak etmiş, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında kommunal xidmətlərin ödəniş məbləği yaşayış sahəsinin hər kvadrat metri üçün 40 qəpik müəyyən edilmiş, həmin binada məskunlaşan hər bir mənzil mülkiyyətçisi ilə müvafiq qaydada müqavilə bağlamaq vəzifəsi binada idarəedici təşkilat kimi fəaliyyət göstərən "xxxx" MMC-nin rəhbərliyinə həvalə edilməsi qərara alınmışdır.
30. Həmçinin iş materiallarında olan "xxxx" MMC ilə alıcı olaraq Cavabdeh arasında bağlanan 23 avqust 2021-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, 40, bina 2, 2 nömrəli mənzilə dair kommunal, istismar və xidməti xərclərin vaxtlı-vaxtında ödənilməsini cavabdeh üzərinə götürmüşdür.
31. Cavabdeh alqı-satqı və kommunal xidmət haqqının ödənilməsi müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş və nəticədə 1237 manat borc yaranmışdır.
32. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələrində aparılan araşdırma zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC cavabdeh və eyni zamanda borclu Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2021-cı il tarixli müqavilə üzrə öhdəliklərinin icrasını tələb etmiş, lakin cavabdeh müqavilə tərəflərinin şərtləşdiyi qaydada tələbi icra etməmiş, nəticədə iddiaçıya 1237 manat məbləğində ödənilməmiş borc qalmışdır.
33. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, öhdəlik tərəflər arasında razılaşdırılmış müqavilə ilə şərtləşdirildiyindən iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır və təmin edilməlidir.
34. Kollegiya apellyatorun adı çəkilən müqavilənin onun tərəfindən imzalanmamasına dair şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, cavabdeh sadəcə bununla bağlı öz mülahizəsini bildirmiş, həmin müqavilənin onun tərəfindən imzalanmasının mümkünsüzlüyünə və bu məsələnin mütləq şəkildə araşdırılmasının iddianın həllinə nə dərəcədə təsir edə biləcəyinə dair hər hansı sübut təqdim etməmişdir.
35. Bundan əlavə qeyd edilməlidir ki, cavabdehin hazırki iddianın əsaslılığına dair etirazı sadəcə sözügedən müqavilədəki imzanın ona məxsus olmaması ilə bağlı olmaqla borcun hesablandığı mənzildə, həqiqətən də, məhz onun özünün yaşaması mübahisələndirilməmiş, bu fakt dolayısı ilə qeyd edilən əsaslarla öz təsdiqini tapmışdır.
36. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin sözügedən müqaviləni özünün imzalamaması ilə bağlı dəlili əsaslı olsa belə, bu hal hazırki iddianın nəticəsinə məhz göstərilən istiqamətdə hər hansı təsir göstərmir. Belə ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında kommunal xidmətlərin ödəniş məbləği tərəflər arasındakı müqavilədən öncə yuxarıda adı çəkilən mənzil mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş və həmin məbləğ 40 (qırx) qəpik olaraq təsbit edilmişdir. Bu halda həmin məbləğin sözügedən binada yaşayan mənzil mülkiyyətçiləri tərəfindən ödənilməli olması faktının əlavə hansısa sənədlə təsdiqlənməsinə xüsusi zərurət qalmır.
37. Kollegiya apelyatorun məhkəmə iclasında iştirakının təmin olunmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə icraat sadələşdirilmiş formada aparılmış və bu barədə proses iştirakçılarına bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən hazırda təqdim edildiyi kimi işə şifahi icraat qaydasında baxılması ilə bağlı hər hansı müraciət edilməmişdir. Bu da o deməkdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılması ilə bağlı hər hansı prosessual pozuntulara yol verilməmişdir.
38. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2625/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev