Məhkəmə qərarları › İş №2(103)-6406/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6406/2022

10.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6406/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1633/2022 saylı, 10 iyun 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.2011-ci il tarixdə 012 nömrəli əmr ilə “Vinni Kulinariya”da xadimə vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə 019 nömrəli əmr ilə Fiziki şəxs VÖEN (**********) Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir.

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun məzmununda göstərilir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 1 saylı “ASAN" Xidmət Mərkəzindən daxil olmuş xx.xx.2021-ci il tarixli ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Təqdim etdiyiniz xx.xx.1988-ci il tarixində tərtib edilmiş İT-İ № ******* saylı əmək kitabçanızın surətinə əsasən xx.xx.2006-cı il tarixinədək sığorta stajınız 15 il 9 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır” göstərilmişdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun məzmununda “Fiziki şəxs Cavabdeh tərəfindən əmək hüquqlarınızın pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Fiziki şəxs Cavabdeh tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş cavab məktubu və əlavə olunmuş sənədlərdən müəssisəyə məxsus bütün sənədlərin itirildiyi və bu səbəbdən qəzetdə elan verildiyi məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə biləcəyini nəzərə alaraq və əmək müqavilənizə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi ilə bağlı inzibatı xətanın törədildiyi gün xx.xx.2011-ci il tarixə təsadüf etdiyindən fiziki şəxs Cavabdeh inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Müraciətdə qeyd etdiyiniz Sosial sığorta ödənişlərinin Sizə ödənilməməsi ilə əlaqədar aranızda yaranmış mübahisənin həlli məqsədilə məhkəməyə müraciət etmək hüququnuz vardır” göstərilmişdir.

4. “Elektron Məhkəmə Sistemi” vasitəsilə əldə olunmuş məlumatın surətinə əsasən Fiziki şəxs Cavabdeh VÖEN (**********) xx.xx.2018-ci il tarixdən verilib, aktivdir və ünvan 2 ünvanıdır.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən imzalanmış xidməti məktubun surətində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialından daxil olmuş sığortaolunan, İddiaçı (SSN: **********382) ilə bağlı müraciətə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika" bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə heç bir məlumat aşkar edilməmişdir. “Vinni Kulinariya” firmasının rekvizitləri (SUN və ya VÖEN) qeyd edilmədiyindən müraciətin araşdırılması mümkün olmamışdır. İşçi qaydada məktubu icra edən Təranə Hətəmova ilə əlaqə saxlanılmış və o, danışıq zamanı “Vinni Kulinariya” firmasının rekvizitləri haqqında məlumatın olmadığını bildirmişdir” göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə ona aid sosial sığorta ödənişlərinin hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına cavabdeh fiziki şəxs Cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbində göstərir ki, o, xx.xx.1959-cu il tarixdə anadan olmuş və 1974-cü ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2011-ci il tarixdə fiziki şəxs Cavabdeh tərəfindən "Vinni Kulinariya”ya xadimə kimi 012 saylı əmrlə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq 019 saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, xx.xx.2017-ci il tarixdə işdə olarkən infarkt keçirmiş və həmin gün X6 yerləşdirilmişdir, 13 gün müalicədə olmuş və 18 gün isə Ak.C.Abdullayev adına X2 İnstitutunda müalicədə olmuş, işdən azad edilməklə bağlı ərizə verməmişdir. İddiaçı xəstəxanaya yerləşdirildiyi gün işdən azad edilmişdir. Göründüyü kimi, onun hüquqları və əmək qanunvericiliyi kobud şəkildə pozulmuşdur. Ona əmək pensiyası təyin edilməsi ilə bağlı müvafiq sənədləri toplayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müraciət etmiş, lakin ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Verilmiş cavabdan məlum olmuşdur ki, işəgötürən tərəfindən sosial sığorta ödənişləri qətiyyən həyata keçirilməmişdir və bu da iddiaçının əmək pensiyası alması üçün sığorta stajı olaraq hesablanmamışdır və əmək pensiyası almaq hüququndan məhrum olmuşdur. İşəgötürən tərəfindən onun işə qəbul edilməsi və işdən çıxarılması sənədləşdirilsə də, sosial ödənişlərin həyata keçirilməməsi ilə bağlı ciddi qanun pozuntusuna yol verilmişdir. Göründüyü kimi cavabdehin sosial sığorta haqqını ödəməməsi səbəbindən iddiaçı yaşa görə əmək pensiyası almaq hüququndan məhrum edilmişdir. Sosial sığorta ödənişləri cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməlidir və bu iddiaçının yaşa görə əmək pensiyası almağı üçün vacibdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1633/2022 saylı, 10 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmənin hazırlıq iclasında iddiaçıya cavabdehi əsil cavabdehlə əvəz etməsi təklif olunmuş, lakin iddiaçı buna razı olmamış, ərizəsini verilmiş tələb və tərəflərlə baxılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından, iddia rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, fiziki şəxs olaraq Cavabdeh vergi ödəyşcisi kimi qeydiyyatdan xx.xx.2018-ci il tarixdən etibarən keçmiş, İddiaçı qeyd olunan şəxslə əmək müqaviləsi bağlaması aşkar olunmamışdır. Digər tərəfdən əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən aşkar olunmuşdur ki, İddiaçı "Vinni Kulinariya”ya xadimə kimi işə qəbul edilmişdir. Əmək kitabçasında İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək işləməsinə dair qeyd olsa belə, üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi buna dair əmək müqaviləsi bildirişinin elektron sistemdə aşkar olunmadığını bildirmişdir. İddiaçı işə götürüldüyünü iddia etdiyi "Vinni Kulinariya”ya qarşı tələb irəli sürülmədiyindən məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olub-olmadığı konteksində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə cavabdehin əvəz olunması məsələsini həll edilməlidir. Hazırki mülki iş üzrə iddiaçının tələbinin araşdırmağı zəruri hesab etmir. İddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, işəgötürən tərəfindən onun işə qəbul edilməyi və işdən çıxarılması sənədləşdirilsə də, sosial ödənişlərin həyata keçirilməməsi ilə bağlı ciddi qanun pozuntusuna yol verilmişdir. Onun fiziki şəxs Cavabdeh xx.xx.2018-ci il tarixdə fiziki şəxs kimi qeydiyyatdan keçməsi barədə məlumatı olmamışdır, təqdim edilən əmək kitabçasının surətindən görünür ki, onun işə qəbul edilməyi və işdən azad edilməyi barədə əmrlər cavabdeh tərəfindən verilmiş və möhürlənmişdir. Həmçinin, əmək müqaviləsi barədə bildirişin elektron informasiya sisteminə yerləşdirilməsi və əmək müqaviləsi bağlanması da fiziki şəxsin öhdəsində olmuşdur. "Vinni Kulinariya" firmasının cavabdeh qismində cəlb edilməsi məsələsinə gəldikdə, o, düşünmüşdür ki, işəgötürən fiziki şəxsdir, həmçinin "Vinni Kulinariya" firmasının əmri olmamış, möhürü vurulmamışdır və bu səbəbdən də cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməmişdir. Hüquqi təhsili olmadığından bunun doğuracağı nəticələri dərk etməmişdir. Lakin cavabdeh tərəfin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınması, hər bir halda işəgötürən kimi vəzifəsinin icrasından yayınması nəzərə alınmamışdır. Məhkəmə tərəfindən qeyd edilən faktlar nəzərə alınmamışdır, ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

12. “Sosial sığorta haqqında” Qanun:

Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 18. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mahiyyət etibarilə düzgün olmuşdur.

23. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələb(lər)inin qanuni əsası tapılmır. Çünki, iddiaçının məhz bu cür tələblə məhkəməyə müraciət etməsi və tələbinin təmin edilməsi üçün qanuni əsas olmalıdır.

24. Belə ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə ona aid sosial sığorta ödənişlərinin(əslində sığorta haqqının ödənilməsi nəzərdə tutulur) hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına cavabdeh fiziki şəxs Cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Düzdü, iddiaçının əmək kitabçasında cavabdehin onu xx.xx.2011-ci il tarixdə “Vinni Kulinariyaya” xadimə vəzifəsinə işə götürməsinə, xx.xx.2017-ci il tarixdə isə öz təşəbbüsü ilə işdən çıxmasına dair qeyd vardır. Lakin iddiaçı ilə məhz cavabdeh arasında əmək münasibətləri olması təsdiq olunmur. İddiaçı özü də cavabdehin onu işəgötürən kimi hansısa səlahiyyətinin olmadığını təsdiq edir.

25. Bu cür vəziyyətdə cavabdehi “Sosial sığorta haqqında” Qanunun 2-ci maddəsinin məqsədii baxımından sığortaedən də hesab etmək olmaz. Çünki, qeyd olunan maddənin 2-ci cümləsinə əsasən məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir.

26. Bununla yanaşı, qeyd olunan Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirildiyi nəzərdə tutulmuşdur. Eyni zamanda məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir(mad.14.2). Deməli, bu cür tələb irəli sürülməsi iddiaçıya aid olmasa da o, özü də özünün vəsaiti hesabına olan sığorta haqqını ödəməmiş yaxud bunun ödənilməsini təşkil və təmin etmək üçün sığortaedən hesab etdiyi cavabdehdən tələb etməli idi.

27. “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinin axırıncı abzasına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Göründüyü kimi, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirdiyindən iddiaçının həmin qurumun adından iddia irəli sürmək yaxud həmin qurumun görməli işləri görmək səlahiyyəti də olmamışdır.

28. Apellyasiya instansiya məhkəməsi xüsusilə vurğulayır ki, əslində iddiaçının bu cür tələblə məhkəməyə müraciət etməkdə məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasına nail olmaq olmuşdur. İş üzrə üçüncü şəxs kimi cəlb edilmiş şəxsin təqdim etdiyi sənədlərdən və nümayəndəsinin verdiyi izahatlardan da məlum olur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajı və pensiya kapitalı kifayət etmir. Hazırki iddianın təmin ediləcəyi halda belə, yenə də iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunacağı qeyd olunan səbəblərdən mümkünsüz olacaqdır.

29. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1633/2022 saylı, 10 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1633/2022 saylı, 10 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar