Məhkəmə qərarları › İş №2(103)-6407/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6407/2022

12.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6407/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(009)- 826/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 235 saylı məktubundan görünür ki, Cavabdeh2, Cavabdeh1 Əlikram qızı, X6 və X4 ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 Əlikram qızı və yetkinlik yaşına çatmayan övladları X6 (qeydiyyat ünvanı: Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi 27, mənzil 15) və X4 ( qeydiyyat ünvanı: Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi 25, mənzil 2) ona məxsus ünvan 1 ünvanlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 25, mənzil 12, ümumi sahəsi 59.7 m2 olan mənzilə X1 adına verilən xx.xx.2016-cı il tarixli **********01-05101-093001 reyestr qeydiyyatı ləğv edilərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlər bir neçə ildir ki, İddiaçı məxsus mənzili zəbt edib oradan çıxmırlar. Belə ki, ünvan 1 ünvanlı 3 otaqlı mənzil 2016cı ildən ona məxsusdur. Bu barədə DƏDRX-dan ******* saylı reystrdən çıxarış da vardır. Lakin yaşı və səhhəti ilə bağlı oğlunun yanında yaşayır. Bundan sui istifadə edən cavabdehlər isə mənzilini zəbt etmiş və onların qanunsuz hərəkətlərinə o və oğlu tərəfindən etiraz edilsə də, mənzilini azad etməkdən imtina edirlər. Bununla da onlar İddiaçı qanunun bir neçə norması ilə təsbit olunmuş hüquqlarını pozur.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(009)- 826/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Mübahisəli mənzilin mülkiyyətçisi ilə və ya etibar etdiyi şəxs ilə cavabdeh arasında mənzilin alğı-satqısına dair müqavilə iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh mübahisəli mənzilin alınması üçün ödədiyi 7000 manatı və əsaslı təmiri üçün ödədiyi 17000 manatın (sübutlar təqdim etməklə) qaytarılmasına dair tələb irəli sürə bilər. İddiaçı cavabdehlərin mübahisəli mənzildə yaşamasına etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdehlər mənzili boşaltmadıqlarından, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, cavabdehlərin mübahisəli mənzilə hər hansı hüquqları yoxdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladları X6, X4 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi 25-də yerləşən 12 saylı mənzildən çıxarılmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Cavabdeh2 apelyasiya şikayətində göstərmişdir ki, 2015-ci ildə Amil adlı şəxsə 7000 manat pul verərək, mübahisəli evi almışdır. O zaman makler evdə heç nə olmadığına görə evin qiymətini aşağı qiymətləndirmişdir. Əlavə olaraq qonşunun da mənzilinə aid olan 5 kv.m hissəni 5.000 (beş min) manata alaraq mənzilin ümumi sahəsini 65 kv.m etmişdir. Evin təmirinə 17000 manat pul xərcləmişdir. Evin təmirini aparan ustanın mənzili təmir edərkən və həmin vaxta olan mənzilə aid foto şəkillər mövcuddur. Həmin evdən nə Sədaqət xanımın, nə də Elşadın xəbəri olmamışdır. Sədaqət xanım evə edilən təmiri gördükdə bina plana düşən zaman gəlib ona halallıq verəcəyini demişdir. Həmin bina qəzalı vəziyyətdə olduğuna görə heç kəsin çıxarışı yoxdur. Ev bərbad vəziyyətdə olan zaman heç kəs yaxınlaşmamış, təmir olunduqdan sonra belə bir evin var olduğu yadlarına düşmüşdür. Eyni zamanda mübahisəli mənzilin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınması tamamilə saxtakarlıqla aparılmışdır. Belə ki, evə baxış keçirilməmiş, heç-bir ölçü götürülüb plan xəritə tərtib olunmamış və evin son halı barədə heç-bir hal dəqiqləşdirilmədən çıxarış verilmişdir. Həmçinin evin təmirini aparan usta X8 şahid kimi tanınıb ifadəsinin alınması zəruridir. Qətnamədə bir çox hallara qiymət verilməmişdir. Belə ki, notariusa sorğu verilib Amil adlı şəxsin adına olan etibarnamə arxivdən çıxarılmalı və işin faktiki halları ilə əsas təşkil etdiyi üçün qiymət verilməli idi. Eləcə də qonşular X2 və X5 şahid kimi tanınmalı və ifadələri alınmalıdır. Çünki, qonşular evin alınması, təmir-bərpası və əlavə sahənin alınıb evə qatılması məsələlərinin yaxın və birbaşa şahidləri olmuşlardır. Məhkəmə bu işə də münasibət bildirməlidir. Eyni zamanda çıxarışın ləğv edilməsinə dair iddia tələbinə baxılmamışdır. Bir çox məsələlər ilə bağlı müraciətləri baxılmamış saxlanılmışdır. Məhkəmə işə baxarkən qərəzli və tərəfli yanaşmış qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual normaların tələbləri pozulmaqla çıxarılmışdır. Bununla yanaşı məhkəmə ev üçün sərf etdiyi 29000 manat pulun aqibəti barədə də münasibət bildirməmişdir. Belə ki, 7000 manat evin alışı üçün, 5000 manat sanuzel hissəsi üçün qonşudan əlavə pay almış və toplamda 17000 manat dəyərində təmir bərpa işləri görmüşdür. Xərclədiyi bu pullara da münasibət bildirilməli idi. Eyni zamanda qeyd edilməlidir ki, Mülki Məcəllənin 152.11-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. İfadələrdən və gəlinən nəticədən aydın olur ki, mülkiyyətçi olaraq tanınan iddiaçı ona mənub olduğu müəyyən edilmiş əmlakın saxlanılması üçün heç-bir hərəkət etməmişdir. Bütün məsrəflər onun tərəfindən edilmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, tərəfindən mübahisəi evə xeyli xərc çəkmiş və evi yaşanıla biləcək hala gətirmişdir. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

16. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Apelyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin cavabdehlərin həmin mənzildə yaşamaları müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək cavabdehlərin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.

23. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi ilə və ya etibar etdiyi şəxs arasında mənzilin alğı-satqısına dair müqavilə eləcə də digər hüquqi müəyyən edici sübutlarını təqdim etməmişdir.

24. Bununla yanaşı Cavabdeh2 birinci instansiya məhkəməsinin onun mənzilə çəkdiyi xərclərə münasibət bildirmədiyini qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mənzilə çəkdiyi xərclərin geri qaytarılması barədə ayrıca iddia ilə müraciət etmək hüquqları mövcuddur.

25. Həmçinin cavabdeh apellyasiya şikayətində şahidlərin dindirilməsini göstərsə də məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlər birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclaslarında iştirak etmişlər və şahid dindirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişlər, eyni zamanda cavabdeh, həmin şahidlərin dindirilməsinə əsas olan halların məhz apellyasiya baxışı zamanı meydana gəlməsini mötəbər sübutlarla təsdiq edə bilməmişdir.

26. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(009)-826/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar