Məhkəmə qərarları › İş №2(103)-6408/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6408/2024

11.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6408/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Respublika Təcili və X3 Mərkəzi publik hüquqi şəxsə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Respublika Təcili və X3 Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4156/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Respublika Təcili və X3 Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əmrə əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

2. İş materiallarına Respublika Təcili və X3 Mərkəzi publik hüquqi şəxsin Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli 644 nömrəli rəyi əlavə edilmişdir. Rəyə əsasən müəyyən edilir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir.

3. İş materiallarına Təcili və X3 Stansiyası üzrə vəzifə təlimatı əlavə edilmişdir. Həmin təlimatın 2-ci fəslində tibb bacısının vəzifələri qeyd edilmişdir. İş materiallarına Təcili və X3 stansiyasının təchizat otağının tibb bacısının vəzifə təlimatı əlavə edilmişdir.

4. İş materiallarına Çağırış üzrə tibb bacısının əmək funskiyasına dair məlumatlar əlavə edilmişdir.

5. İş materiallarına vətəndaş (xəstənin valideyni) X2 şikayət ərizəsi əlavə edilmişdir. Ərizədə qeyd edilmişdir ki, .......Uşaq çox qan itirmişdi. Uşağın alın nahiyyəsindən yaralandığını və qanaxması olduğunu dedik. Köynəyinin üstü və sifəti tamam qan içində idi. Lakin, içəridə olanlardan heç biri müdaxilə etmədi. Biz uşağa baxmırıq deyərək bizi qəbul etmədilər. Hətta oturduqları yerdən qalxmadılar. Amma insanlıq xatirinə adi bir bintlə spirtlə uşağın yarasını saraya bilərdilər...

6. İş materiallarında olan 20 saylı şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, 1 yaş 7 aylıq uşaq X5 atası və babası tərəfindən poliklinikaya gətirilmiş və xəstəyə tibbi yardım göstərilməklə müvafiq tədbirlər görülmüşdür.

7. İş materiallarına Respublika Təcili və X3 Mərkəzi publik hüquqi şəxsin nizamnaməsi əlavə edilmişdir. Nizamnamənin 3-cü fəslində mərkəzin vəzifələri qeyd edilmişdir.

8. İş materiallarına xəstəyə yardım edilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar, rəylər və yazılar əlavə edilmişdir.

9. İş materiallarına müvafiq tibbi müəssisənin kameralarında qeydə alınmış videogörüntülər əlavə edilmişdir (CD disk).

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Respublika Təcili və X3 Mərkəzi publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 41 ildir ki, Respublika Təcili və X3 Mərkəzində işləyir. Barəsində əvvəllər heç vaxt intizam tədbiri tətbiq edilməmiş, daima nümunəvi işçi olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:10-da birinin qucağında azyaşlı uşaq olan 2 nəfər şəxs xəstəxanaya daxil olmuş, iddiaçı uşağın başı nahiyəsində xəsarət olduğunu görmüş, lakin bölmədə həkim olmadığını bildirmiş, dərhal şöbə müdirini çağırmaq istədikdə onlar 20-25 saniyə ərzində bölməni tərk edib getmişlər. Həmin şəxslər dərhal təyinatı üzrə polikinikaya yaxınlaşmış və tibbi yardım almışlar. Həmin şəxslər daha sonra iddiaçı barədə müvafiq orqanlara şikayət etmişlər və bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılmışdır. Həmin şəxslər xaraktercə şikayətə meylli şəxslər olmuşlar. Hətta həmin poliklinikadan da şikayət etmişlər. İşəgötürən sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən əsassız olaraq iddiaçını işdən azad etmişdir. Bu səbəbdən, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassızdır və ləğv edilməlidir..

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4156/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Respublika Təcili və X3 Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18- 1-88/3-1-2167/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh Respublika Təcili və X3 Mərkəzi publik hüquqi şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini əsaslandırarkən ilk növbədə qeyd edir ki, “Nəzərə alınır ki, iddiaçı uzun illərdir ki, (41 il), tibb sahəsi üzrə sözü gedən müəssisədə çalışıb və indiyə kimi heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir.” Məhkəmənin bu mövqeyi tamamilə əsassızdır. Belə ki, iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin ebəndində nəzərdə tutulmuş kobud pozuntuya görə 70-ci maddənin ç bəndi ilə işdən azad edilmişdir.72-ci maddənində qeyd edilir ki, “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin vəya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi”. Məhkəmənin sözügedən mövqeyi o zaman əsaslı olardı ki, iddiaçı 72-ci maddənin e bəndi yox ə bəndi əsas gətirilməklə işdən azad edilərdi. Sözügedən maddənin ə bəndidə isə “işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması” qeyd edilir. 2) Məhkəmənin digər bir mövqeyi ondan ibarətdir ki, “Baş vermiş hadisənin həssaslığı, sosial mahiyyəti və xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, hadisə ictimailəşmiş və işəgötürənin ünvanına neqativ rəylər ünvanlanmışdır. Lakin, iş materiallarına əlavə edilmiş, sosial şəbəkələrdə yazılmış rəylərə əsasən müəyyən edilirki, həmin rəylər əsassız olmaqla bir qrup sosial şəbəkə istifadəçisinin bilavasitə baş vermiş konkret situasiya və ya işçi barədə deyil, ümumi narazılıq ifadəsidir”. Məhkəmə özü də qeyd edir ki,bu rəylər işçi barədə deyil müəssisə barədə olmuşdur. Açıq-aydın görünür ki, iddiaçının öz əmək funksiyalarını yerinə yetirən zaman yol verdiyi kobud səhv səbəbindən müəssisənin mənafeyi pozulub və müəssisəyə ciddi xələl gəlib. Burdayalnız Respublika Təcili və X3 Mərkəzi deyil o cümlədən TƏBİB, Səhiyyə Nazirliyinin də mənafeyi pozulmuşdur. Vətəndaşlarda müəssisəyə qarşı inam azalmışdır. 3) Digər bir mövqeyi isə məhkəmə tərəfindən sübutlara tam qiymət verilməməsidir. Belə ki, iş materiallarına Təcili və X3 stansiyasının təchizat otağının tibb bacısının vəzifə təlimatı əlavə edilmişdir. Sözügedən vəzifə təlimatının 2-ci fəslində təchizat otağının tibb bacısının xidməti vəzifələri qeyd edilmişdir. Məhkəmə qətnamədə sözügedən Təlimatın adın çəksədədə, sübut qismində bu Təlimata toxunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Respublika Təcili və X3 Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

19. 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

20. 84-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə digər məlumatlarla bərabər müəssisənin hüquqi ünvanı, əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu məcəllənin müvafiq maddəsi hissəsi və bəndi əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.

21. 84-cü maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

22. 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər.

23. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki halda, cavabdehin nümayəndəsi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4156/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Təcili və X3 stansiyasının təchizat otağının tibb bacısı vəzifəsində işləmişdir. Əvvəllər barəsində hər hansı intizam tənhebi tətbiq edilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:10-da birinin qucağında azyaşlı uşaq olan 2 nəfər şəxs xəstəxanaya daxil olmuş, iddiaçı uşağın başı nahiyəsində xəsarət olduğunu görmüş, lakin bölmədə həkim olmadığını bildirmiş, onlar 20- 25 saniyə ərzində bölməni tərk edib getmişlər. Həmin şəxslər dərhal təyinatı üzrə yaxınlıqda yerləşən polikinikaya yaxınlaşmışlar və tibbi yardım almışlar. Xəstənin valideyni iddiaçı və tibb müəssisəsi barədə müvafiq şikayət etmiş və bu barədə sosial şəbəkələrdə işəgötürən barəsində neqativ məlumatlar paylaşılmışdır.

36. İş materiallarına əlavə edilmiş, sosial şəbəkələrdə yazılmış rəylərə əsasən müəyyən edilir ki, həmin rəylər əsassız olmaqla bir qrup sosial şəbəkə istifadəçisinin bilavasitə baş vermiş konkret situasiya və ya işçi barədə deyil, ümumi narazılıq ifadəsidir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, ümumi narazılığın, orqana qarşı olan neqativ fikirlərin sıravi işçiyə yüklənməsi, insanların razı salınması məqsədilə işçinin əsassız olaraq işdən çıxarılması ədalətli və əsaslı hesab edilə bilməz. İşçinin təqsiri varsa da, təqsir müəyyən edilməli, sübuta yetirilməli və işçi intizam məsuliyyətinə cəlb edilməlidir. Nəzərə alınmalıdır ki, sıravi işçi də vətəndaşdır və başqa bir şəxsin hüquqlarının müdafiəsi naminə (əgər varsa da) digər şəxs olan işçinin hüquqlarının pozulması yolverilməzdir. Əks halda, hüquqa inamsızlıq artar, insanlar problemləri hüquqla deyil, digər faktiki məsələlərlə (qanunsuz və s.) həll etməyə çalışarlar, dövlət orqanlarına etimad azalar. Belə ki, iddiaçı uzun illərdir ki (41 il), tibb sahəsi üzrə sözügedən müəssisədə çalışır və indiyə kimi heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Nümunəvi işçinin kənar şəxslərin hadisə barədə heç bir məlumatları olmadan, öz mülahizələri əsasında sosial şəbəkələrdə yazdıqları əsassız rəylərə işdən çıxarılması qanuni hesab edilmir. Əksinə, həmin rəyləri yazan sosial şəbəkə istifadəçilərinin özlərini hüquqi nizam-intizama, etika, əxlaq qaydalarına riayət etməyə dəvət etmək lazımdır.

37. İş materiallarında olan videogörüntülərin təhlili zamanı müəyyən edilmişdir ki, sözügedən proses həqiqətən də 15-20 saniyə ərzində baş vermişdir. Lakin, görüntülər üzrə şəxslərin yalnız tibb müəssisəsinə girişi və çıxışı qeydə alınmış, bilavasitə hadisə baş vermiş tibb otağında baş vermiş proseslər barədə qeydlər mövcud deyildir. Həmin video görüntülər mübahisə predmeti olan əmrin əsaslılığına dair heç bir ip ucu vermir.

38. Kollegiya hesab edir ki, əmək qanunvericiliyi işçilərin hüquqlarını qorumaq və işəgötürənlərin qərarlarını əsaslandırılmış şəkildə qəbul etmələrini təmin etmək üçün müəyyən qaydalar müəyyənləşdirir. İşçinin işdən çıxarılması yalnız qanuni əsaslar və obyektiv sübutlar mövcud olduqda mümkündür. Əmək Məcəlləsinə görə, işəgötürən işçiyə qarşı irəli sürdüyü ittiham və ya iradların həqiqiliyini sübut etməlidir. Bu sübutlar obyektiv və qanuni yolla əldə edilməli, ehtimallara və ya ictimai rəyə əsaslanmamalıdır. İşçinin işdən çıxarılması halları, əsasən, əmək müqaviləsinin şərtlərinin pozulması, əmək intizamına riayət edilməməsi, etik davranış kodeksinin pozulması və ya digər hüquq pozuntuları ilə əlaqəli ola bilər. Lakin bu kimi hallarda pozuntunun konkret və sübutlarla təsdiq edilməsi mütləqdir. İşəgötürənin təqdim etdiyi sübutlar, müvafiq qaydalara uyğun sənədlər, şahid ifadələri və ya digər hüquqi əsasa malik dəlillər olmalıdır. Əks təqdirdə, işçinin hüquqlarının pozulması və işəgötürənin qanunsuz qərar qəbul etməsi halları yarana bilər. Sosial şəbəkələrdə yayılan məlumatların hüquqi dəyəri müzakirəyə açıqdır. Belə ki, sosial mediada yaranan iddialar çox vaxt emosional və subyektiv xarakter daşıyır və həqiqəti tam əks etdirməyə bilər. Sosial şəbəkə paylaşımları sübut hesab edilə bilməz, çünki bu məlumatlar manipulyasiya edilmiş və ya yanlış ola bilər. Buna görə də işçinin hüquqlarının qorunması üçün işəgötürən yalnız sosial mediadan gələn təzyiqə əsaslanaraq qərar verməməli, obyektiv araşdırma aparmalı və sübutlar toplamalıdır. Nəticə etibarilə, işçi hüquqlarının qorunması üçün hər hansı qərarın yalnız hüquqi əsaslarla və obyektiv sübutlarla dəstəklənərək qəbul edilməsi vacibdir. Sosial mediada yayılan məlumatlar və ya ictimai rəy təkbaşına işçinin işdən çıxarılmasına səbəb ola bilməz. Əks halda, bu, işçinin hüquqlarının pozulmasına və hüquqi məsuliyyət doğuran halların yaranmasına gətirib çıxara bilər.

39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, şəxsi mülahizələr əsasında məhkəmədə müvafiq mövqe formalaşdırılmağa çalışılmışdır. İşçinin barəsində tətbiq edilən intizam tədbirinin qanuniliyi və əmələ münasibətdə proporsionallığı sübuta yetirilməlidir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan cavabdehin üzərindədir.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. (Elsholz Almaniyaya qarşı iş üzrə , Blucher Çex Respublikasına qarşı iş üzrə, Van de Hurk Hollandiya qarşı iş üzrə qərarlar).

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Respublika Təcili və X3 Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4156/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar