Məhkəmə qərarları › İş №2(103)-6408/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6408/2025

03.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6408/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 12, 169 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri olan Cavabdeh2 Zülfüqar qızı, Cavabdeh4 və Cavabdeh3 Şuşa rayonundan məcburi köçkün olmaqla mübahisəli mənzildə məskunlaşmışlar.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və ailə üzvləri Cavabdeh2 Zülfüqar qızı, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən mənzil Şuşa rayonundan məcburi köçkün düşmüş X4 və ailə üzvləri tərəfindən zəbt olunmuşdur. X1 ailə üzvləri ilə birlikdə dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra iddiaçıya məxsus yaşayış sahəsi Rima Məmmədovanın qohumu – qaynı Cavabdeh1 və onun ailə üzvləri tərəfindən qanunsuz olaraq zəbt olunmuş və buna görə də iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmaqda davam edir. Ailəlidir və ötən dövrdə ailə üvləri ilə birlikdə gah kirayədə, gah da qohum evində yaşamağa məcbur olmuşdur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4488/2025 saylı, 01 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Oruclu) iddia təmin olunmuşdur.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması və mənzildən bugünədək çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Nəzərə alınmalıdır ki, xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Mülkiyyətçinin razılığı olmadan başqalarının ona məxsus mənzildən istifadə etməsi mülkiyyət hüququnun pozulması deməkdir. O da qeyd edilməlidir ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci və s. maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin 1992-ci ildən iddiaçıya məxsus ünvan 2 ünvanında 30 ildən artıq müddətdə faktiki yaşamasını, xx.xx.1998-ci ildə Cavabdeh2 Zülfüqar qızı ilə ailə həyatı quraraq həmin ünvanda yaşamağa davam etməsini və onların övladları Cavabdeh4 və Cavabdeh3 də həmin mənzildə doğulub, boya-başa çatmasını nəzərə almamışdır. Həmçinin, məhkəmə Cavabdeh1 təqdim etdiyi, onun özünün və ailə üzvlərinin Yeni ünvan 3 ünvanda yaşamasını təsdiq edən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 320 nömrəli arayışına, eləcə də onun qonşuları: X5 və X7 tərəfindən məhkəməyə verilmiş ifadələrini işin halları üçün əhəmiyyətli sübut hesab etməmiş, onlara hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən, Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamının tələblərini nəzərə almamışdır. Halbuki, bu sərəncam qüvvədə olan normativ xarakterli aktdır və dövlət orqanları, o cümlədən məhkəmələr üçün icrası məcburidir. Həmin sərəncama əsasən, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdana və ya yeni yaşayış sahələri ilə təmin edilənədək, müvəqqəti məskunlaşdıqları mənzillərdən, ictimai binalardan, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasına yol verilməməlidir. Məhkəmə cavabdehin Kəlbəcər rayonunun düşməndən azad olması uğrunda 1993-1994cü illərdə gedən döyüşlərdə şəhid olmuş X2 qardaşı olmasını, həmçinin məcburi köçkünlərin həmin mənzillərdə müvəqqəti yaşadıqlarını və mənzil mülkiyyətçilərinə verilən orderlərin hüquqi qüvvəsinin müvəqqəti dayandırılması halını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını davam etdirmişdir.

11. Lakin cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 Zülfüqar qızı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərkən bildirmişlər ki, onlar mübahisəli mənzildə məcburi köçkün kimi məskunlaşmışlar və dövlət tərəfindən öz doğma yurdlarına köçürülən zaman mənzili sahibinə qaytaracaqlar.

12. Apellyasiya baxışı zamanı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkün ailələrinin Şuşa şəhərinə ilkin mərhələ üzrə köçürülməsi başa çatmışdır. Növbəti mərhələdə köçürülmə başlanan zaman sözügedən ailənin də doğma yurduna köçürülməsi məsələsinə baxılacaqdır. Doğma yurduna köçürülən vaxtı mənzil boşaldılaraq mülkiyyətçinin özünə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 5.1. Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 91.1 və 91.1.5-ci maddələrinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri aiddir. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə apellyasiya qaydasında bütünlüklə mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxladı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin yuxarıda sadalanan 152.1, 157.2, 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

20. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 01 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar