Məhkəmə qərarları › İş №2(103)-6409/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6409/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6409/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1093/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2700 manat əsas borcun, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 310 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş №2(008)-1093/20) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2012-2013-cü illərdən tanımış, onunla bir yerdə “Ulduz” gözəllik salonunda işləmiş, münasibətləri də həmişə yaxşı olmuşdur. Cavabdeh ailəsi ilə birlikdə X3-Peterburq şəhərinə getmələri üçün ondan 3 aya qaytarmaq şərtilə 3000 manat borc istəmiş, münasibətlərinin yaxşı olduğuna görə ona inanmış və 2017-ci ilin may ayının ortalarında 2000 manat pulu iş yerində şəxsən Laləyə, 700 manat pulu may ayının sonlarında yaşadıqları Xətai rayonu, Gəncə prospekti 45 nömrəli evin yanında onun həyat yoldaşı Aydın Ərəbova vermişlər. Aydın hər dəfə gümüşü rəngli BMW markalı maşınla gəlib pulu aparmışdır. Onlar 2017-ci ilin sentyabr ayında Sankt Peterburq şəhərindən geri qayıtmışlar. Lakin Lalə vədinin əksinə olaraq pulu razılaşdıqları vaxtda qaytarmamışdır. Münasibətləri pisləşməyə başlamış, o, bir neçə dəfə pulun qaytarılması barədə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh onunla görüşməkdən imtina etmiş, 3000 manat borcdan yalnız 2019-cu ilin sentaybr ayının 15-də işlədiyi “Şəms gözəllik salonunda 200 manat pulu həmin salonun əməkdaşı Sevər adlı qıza verdiyini və ondan götürməli olduğunu bildirmişdir. Həmin ilin noyabr ayının 15-də Lalə yenə də 100 manat pulu həmin salonun əməkdaşı Sevər adlı qız vasitəsilə ona qaytarmışdır. Beləlilkə, cavabdeh bu yolla ona olan borcundan cəmi 300 manat qaytarmışdır. Sonradan isə qalan 2700 manat pulu qaytarmaqdan imtina etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq cavabdehdən 2700 manat əsas borcun, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 310 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunaraq iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin prosesdə iştirakını təmin etməyib. Cavabdeh Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Eyvaz Mürvələdova verdiyi xx.xx.2019-cu il tarixli izahatında 2018-ci ilin yay ayından ondan guya sələmə 3200 manat aldığını, həmin puldan 500 manat qaytardığını, qalan pulu isə analığının adına olan mənzili özəlləşdirib satdığına görə qaytarmadığını bildirir. Cavabdeh borcunu qaytarmamağının səbəbi kimi göstərdiyi mənzilin ona heç bir aidiyyəti yoxdur, bununla bağlı Bakı şəhəri Nizami RPİ İŞnin xx.xx.2019-cu il tarixli qərarı və Bakı şəhəri Nizami Rayon məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi vardır. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşdən göründüyü kimi, iddiaçı cavabdehə 3000 manat pul verdiyini, cavabdehin isə 300 manat qaytardığını, cavabdehin ona cəmi 2700 manat məbləğində borcu qaldığını iddia edir. İddiaçı bu halın təsdiqi kimi cavabdehlə aralarında olan “watsapp” yazışmalarına istinad etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740, 442, 443 və s. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir tutarlı dəlil təqdim etməmişdir. Təqdim edilmiş “watsapp”dan çıxarışlarla isə həmin halları müəyyən etmək mümkün deyildir. Belə ki, həmin yazışmaların kimə məxsus olması, qanuni yolla əldə olunub-olunmaması məhkəməyə aydın deyil və bu baxımdan da həmin yazışmalar mötəbər sübut hesab edilə bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi və X4 Məhkəməsinin "X1rşı” qərarı ilə əsaslandırmışdır. İddiaçı apelyasiya şikayətinə İddiaçı Cavabdeh barəsində Xətai RPİ-nin 34-cü PŞ-nə etdiyi şikayəti əsasında toplanmış rədd materialına aid sənədlər əlavə edərək bildirmişdir ki, cavabdeh Xətai RPİ-nin 34-cü Polis Bölməsinə xx.xx.2019-cu il tarixdə verdiyi izahatında 2018-ci ilin yay ayından ondan guya sələmə 3200 manat aldığını, həmin puldan 500 manat qaytardığını, qalan pulu isə analığının adına olan mənzili özəlləşdirib satdığına görə qaytarmadığını bildirmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə apelyasiya şikayətinin dəlillərini əsaslı sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan (cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən, izahatını almadan, rədd materialını müəyyən edib araşdırmadan və s.) qətnamə qəbul etmişdir. Apelyasiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası DİN Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı ərizələri əsasında toplanmış rədd materialı məhkəmə kollegiyasının iclasında öyrənilərkən məlum oldu ki, iş üzrə Cavabdeh Xətai RPİ-nin 34-cü PŞ-nə verdiyi xx.xx.2019-cu il tarixli izahatında iddiaçıdan 2017-ci ilin avqustunda ümumi 3500 AZN pul (10 % sələmlə) aldığını, hissə-hissə həmin pulu və faizini qaytardığını, 2018-ci ilin yay ayında iddiaçıdan yenidən sələmə (faizlə) 3200 AZN pul aldığını, həmin məbləğdən 500 AZN qaytardığını göstərmişdir. Cavabdeh həmin izahatda həmçinin bildirmişdir ki, o, qalan məbləği hissə-hissə qaytarmaq istəmiş, lakin iddiaçı analığından qalan və onlara məxsus evi onlardan xəbərsiz özəlləşdirib üçüncü şəxsə 75000 manata satdığından bu fikrindən daşınmışdır. Aralarında olan ev mübahisəsi həll olunmayınca o, iddiaçıya pul verməyəcək. Göründüyü kimi, cavabdehin iddiaçıya 2700 manat ödənilməmiş borcunun olması və bu borcu qaytarmaqdan qəsdən imtina etməsi iş materialları ilə (poliş şöbəsinə cavabdehin verdiyi izahatla) tam sübuta yetirilir. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, iddiaçı cavabdehə 3000 manat pul vermişdir. Cavabdeh bunu izahatında təsdiq edərək 3200 manat borc aldığını bildirmişdir. İddiaçı cavabdehin ona olan borcdan 300 manat, cavabdeh isə 500 manat qaytardığını bildirmişdir. Nəticə etibarı ilə hər iki tərəf 2700 manat borc qaldığını təsdiq etmişdir. Lakin cavabdeh iddiaçının onlara aid mənzili özəlləşdirib satması səbəbindən borcu ödəməyəcəyini bəyan etmişdir. Məhkəmə kollegiyası bu halı borcun ödənilməsindən qərəzli olaraq yayınma kimi qiymətləndirir. Belə ki, borcun ödənilməmə səbəbi kimi cavabdehin istinad etdiyi mübahisə ayrıca məhkəmə predmeti olmaqla, tərəflər arasında yaranmış hazırkı borc mübahisəsinə aidiyyəti müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin halları düzgün müəyyən olunmamış, nəticədə məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlmişdir (MPM-nin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və eləcə də məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Ona görə də, apelyasiya şikayəti təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş ********* nömrəli qəbzdən (i.v. 9) məlum olur ki, iddiaçı məhkəmə iddia qaldırması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş 47041 nömrəli qəbzdən (i.v. 26) məlum olur ki, iddiaçı ona hüquqi yardım göstərilməsi üçün 4 saylı Vəkil Bürosunun hesabına 310 AZN pul vəsaiti köçürmüşdür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. Cavabdeh 2700 (iki min yeddi yüz) manat borc məbləği, 310 (üç yüz on) manat hüquqi yardım xərci və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 3040 (üç min qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar