Məhkəmə qərarları › İş №2(103)-6409/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6409/2023

18.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6409/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxsinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2331/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2020-ci il tarixli yenilənmiş əmək müqaviləsinə əsasən «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi müddətli olmaqla xx.xx.2021-ci il tarixədək bağlanılmışdır. Müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra hər dəfə əmək münasibətləri davam etdirildiyindən uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri xx.xx.2022-ci il tarixədək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər. «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Hazırda iddiaçı onunla əmək müqaviləsinin müddətli bağlanması üçün əsas olmamasını iddia edərək, onun işdən azad olunması barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X3 cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğvi, «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» publik hüquqi şəxsin İdarə Heyətinin sədri X5 ilə aralarında bağlanmış olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmişdir. Aralarında bağlanmış olan müqaviləyə xx.xx.2022-ci il tarixli, RHŞ/6-3.1- 2022486 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. İddiaçı peşəkar, İşdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. İddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün hər hansı bir əsas mövcud olmamışdır.

4. Cavabdeh «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrdən, əmr qəbul edilən gün, yəni xx.xx.2022-ci il tarixdən məlumatlı olmuşdur. Bundan başqa, işçiyə əmək kitabçası xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İddiaçı isə qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürərək məhkəməyə müraciət etmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının məhkəməyə müraciət etməsi üçün bir aylıq müddəti var idi. İddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi 2022-ci ilin oktyabr ayında tərtib olunmuş qəbzin mötəbərliyini isə onlarda şübhə doğurmaqdadır. Belə ki, tərəfindən həmin tarixli məktubun onlara daxil olub-olmaması ilə bağlı araşdırma aparılmış, lakin elə bir məktubun onlara daxil olması heç bir məlumat aşkarlanmamışdır. İddiaçı tərəfindən onlara mediasiya ilə bağlı təklif yalnız bir dəfə, xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Təkliflə bağlı cavab isə tərəflərindən 26 dekabr tarixində göndərilmişdir. Hesab edirlər ki, həmin cavab məktubu iddiaçı tərəfə yanvar ayının birinci on günlüyündə daxil olmalı idi. Həmçinin həmin cavab məktubunu gözləmədən iddiaçı tərəf artıq 6 dekabrda məktub onlara çatdıqdan 10 gün sonra mediasiyaya müraciət etməli idi. Ancaq iddiaçı tərəf mediasiyaya mart ayında müraciət etmişdir. Nəticədə prosessual müddət kifayət qədər uzun bir müddət ötürülmüşdür. Mübahisənin mahiyyəti ilə bağlı isə nəzərinə çatdırmaq istəyir ki, iddia tamamilə əsassızdır. Belə ki, İddiaçı ilə TƏBİB arasında xx.xx.2020- ci il tarixli müddətli əmək müqaviləsi imzalanmışdır. Həmin müqavilə ilə iddiaçı «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsində direktorun inzibati işlər üzrə müavini vəzifəsinə qəbul edilmişdir. Sonradan iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə xitam verilmişdir. İddiaçı müddətli əmək müqaviləsinin xitamının qanunsuz olmasını, işəgötürən tərəfindən hüququnun pozulduğunu bildirsə də, əmək hüququnun pozulmasının nədə ifadə olunmasını, eləcə də hüququnun pozulmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi müvafiq maddələr hazırki işin faktiki hallarına tətbiq oluna bilməz. Belə ki, iddiaçının istinad etdiyi AR Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər. Həmin müqavilə də, iddiaçının razılığı ilə bağlanılıb və hər dəfə uzadılıb. İddiaçı müddətli əmək müqaviləsinin bağlanılmasını istəmirdisə, onu bağlamaqdan imtina edə bilərdi. Həmin müqavilə ilə razılaşdıqdan sonra o, müddətli əmək müqaviləsindən irəli gələn riskləri daşımalı idi. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 2331/2023 nömrəli qətnaməsi ilə (hakim X4) iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Əmək Məcəlləsinin hazırki maddələri hansı hallarda müqavilənin müddətli bağlanıla bilməsi əsaslarını göstərməklə, eyni zamanda 5 ildən artıq fəalliyətini davam etdirən işçinin müqaviləsinin müddətsiz olmasını birmənalı qeyd edir. Tərəflər arasında bağlanmış olan əmək müqaviləsi bu qeydləri nəzərə alsaq bağlandığı andan qanunvericiliyin tələblərini kobud şəkildə pozduğu üçün etibarsız hesab edilməli idi. Məhkəmə tərəfindən iddiaçının qeyd etdiyi kimi 1 ay tamam olmamış mediasiya təklifi ilə cavabdehə müraciəti nəzərə alınmamışdır. Buna ötəri münasibət göstərən məhkəmə qanuni və əsaslı qətnamə qəbul etməli olduğu halda daha çox birtərəfli mövqe göstərmiş və nəticədə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Əmək Məcəlləsi 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 73-cü maddəsinin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

12. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

18. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.

19. Göründüyü kimi istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir.

20. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.

21. İş materiallarından isə görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdən ilkin əmək müqaviləsi üzrə işə başlamış və daha sonradan isə xx.xx.2020-ci il tarixli yenilənmiş (yenidən tərtib edilmiş) əmək müqaviləsi tərtib edilmişdir. Bu müqavilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə işçinin xx.xx.1998-ci il tarixli ilkin əmək müqaviləsinin yeni redaksiyada verilməsi məqsədilə tərtib edilmişdir. İşçi TƏBİB-in tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan «Tərtər rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə əsas iş yeri üzrə təyin edilmişdir. Həmçinin işçinin xx.xx.1998-ci il işə qəbul edilmə tarixi dəyişdirilmədən saxlanılmışdır. O da müqavilədə qeyd edilmişdir ki, yenilənmiş əmək müqaviləsi qüvvəyə mindikdən sonra bu müqavilə ilkin müqavilənin yenilənmiş redaksiyada yenidən tərtibi hesab edilmiş və xx.xx.2020-ci il tarixədək işçi ilə bağlanmış əmək müqavilələri və ona əlavə və dəyişikliklər öz hüquqi qüvvəsini itirmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz əmək münasibətlərini 1998-ci ildən başlamış və xx.xx.2022-ci il tarixədən davam etmişdir (əmək münasibəti 24 il davamlı olaraq davam etmişdir) . Bu halda işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinə sırf Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verməsində haqlı olmamışdır.

22. Lakin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi ilə cavabdeh təşkilata xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bundan sonra işin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi məqsədilə xx.xx.2023-ci il tarixdə mediasiya şurasına müraciət etmiş, hər iki tərəf mediasiya prosesində iştirak etmiş və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə MŞB/MT015/2023-0088/02 saylı arayışı əldə etmişlər. Bundan sonra iddiaçı xx.xx.2023cü il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi üçün və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər üzrlü hal kimi qəbul edilə bilmədiyindən, onun xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbini bu əsasla təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddiaçının iddiasının təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmaqla apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə və təmin edilə bilməz.

24. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2331/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar