Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-641/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2012-ci ildə Cavabdeh ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 №-li nəqliyyat sahəsinə 5-ci dərəcəli ekskvator maşinsti işinə qəbul edilmiş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 261-K N-li, xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinin ləğv edilərək iddiaçının işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş zamanı əmək vəzifələrini pozmamışdır. İşdən azad edilərkən həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq araşdırma aparılsa da, araşdırma birtərəfli aparılmış, iddiaçının işdən çıxarılmağına aydınlıq gətirilməmişdir. İş yeri üzrə rəhbərlik onunla qərəzli rəftar etmiş, onun işdən kənarlaşmağı üçün bəhanələr axtarmışdır. Bir neçə il bundan əvvəl Quba rayonunda ezamiyyətdə olarkən idarənin baş mühəndisi ilə aralarında baş vermiş insident zamanı o, iddiaçının ünvanına nalayiq söyüşlər işlətmişdir. İddiaçı buna etiraz etdiyinə görə müdiriyyət tərəfindən ona töhmət elan edilmişdir. O vaxtdan rəhbərlik tərəfindən ona qərəzli münasibət yaranmışdır. Abşeron rayonu ərazisində işləyərkən də ondan qeyri-rəsmi olaraq əlavə pul istəmişlər. O, məcburi köçkün olduğunu, aldığı əmək haqqı ilə güclə dolandığını onlara bildirmişdir. Bundan əlavə iş zamanı ərazi üzrə Binəqədi rayonunun Su Kanal İdarəsində xidmətdə olarkən Yol Polis Xidməti əməkdaşları onun idarə etdiyi traktoru saxlayaraq cərimə meydançasına aparmışlar. Cərimə meydançasına aparılmağına səbəb yol polisi əməkdaşının dediyinə görə, ağır tonnajlı traktorla ümumi istifadədə olan asfalt yola çıxması səbəb olmuşdur. Yol polis əməkdaşı idarə etdiyi traktoru cərimə meydançasında 30 dəqiqə saxladıqdan sonra sənədlərinə baxış keçirərək ona qaytarmış və o, bundan sonra xidmətinə davam etmişdir. Buna baxmayaraq iş yeri üzrə rəhbərlik onu işə buraxmamış və səbəb kimi guya onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinə qanunsuz əsaslanaraq onu işdən azad etmişdir. O, sərxoş olmamışdır, işə gec gəlməyinə səbəb yuxarıda qeyd etdiyi səbəbdən olmuşdur. Həmçinin, onun sərxoş olmağı müdriyyət tərəfindən sübuta yetirilməmiş, həmçinin həmin əmri verməyə səbəb olan heç bir həkim rəyi də müvcud deyil. Əgər o, həmin tarixdə içkili olmuş olsa idi, X3 əməkdaşları tərəfindən ərtaflı araşdırılar və ya bununla bağlı müvafiq protokol yazılardı. Buradan da aydın görünür ki, rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Ona görə də hesab edir ki, işdən çıxarılmağı əsassız və qanunsuzdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3012/2022 saylı, 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia rədd olunmuşdur.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ı xx.xx.2022-ci il tarixdə almışdır. Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ xx.xx.2022-ci il tarixədək olmuşdur. Lakin iddia ərizəsi elektron qaydada xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.5, 296, Mülki Məcəllənin 375.2, 379.1.6, 379.4-1, 70-ci maddəsinin “ç” bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsi ilə üzərinə düşən əmək funksiyalarını tam icra etdiyinə görə çıxarılan əmrlə razı olmayıb. Bu səbəbdən də qanunverciliyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə "Mediasiya prosesinin tətbiqi barədə təklif" məktubunu cavabdehin poçt ünvanına göndərib. xx.xx.2022-ci il tarixdə mediasiya sessiyası keçirilib. Həmçinin mediator MŞB/5- 01156 № li, 06.04..2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış da verib. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon məhkəməsinə müraciət edib, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixili qərardadı ilə iddia ərizəsinə işdən çıxarılmağı ilə bağlı əmr əlavə edilmədiyinə görə sənədlərin geri qaytarılması qərara alınıb. Daha sonra xx.xx.2022-ci il tarixdə öz qeydiyyatı üzrə ərazi aidiyyətinə uyğun olaraq Sumqayıt şəhər məhkəməsinə müraciət edib. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə aidiyyət qaydalarının pozulmasını əsas gətirərək iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılıb. Yenidən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3561/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə işlədiyi müəssisənin Cavabdeh ASC-nin tabeliyində olan hüquqi şəxs olmayan təşkilat olduğuna görə Cavabdeh ASC-nin hüquqi ünvanı olduğu ərazi üzrə (ünvan 1amal Rayon Məhkəməsinə müraciət edilməli olduğuna istinad edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib.
c) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz göndərmiş, etirazında mübahisələndirilən əmrin əsaslı olduğunu bildirmiş və bu əsasla qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları 10.İddiaçı və nümayəndəsri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi 12.Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 13.Maddə 71, hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 14.Maddə 296-cı maddə, hissə 2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 15.Maddə 294.5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi 16.Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
17.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 18.Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Məhkəmə mübahisəyə dair tərəflərin mövqeyini ümumi şəkildə göstərməklə və maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənməklə mübahisəli əmrin qanunvericiliyin tələblərinə uyğun çıxarıldığı qənaətinə gəlmiş və iddiaçının işə bərpa edilməsinə əsas olmadığını bildirmişdir. 20.Məhkəmə iddianı rədd edərkən eyni zamanda iddiaçı tərəfindən iddia müddətinin buraxıldığını da nəzərə almışdır. 21.Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin mahiyyətinə qiymət vermədən, sadəcə qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir. 22.Belə ki, Əmək Məcəlləsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70, “ç” bəndi). Bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur (maddə 80). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda, həmçinin əmək müqaviləsinin ləğv edilməsinin əsası; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir (maddə 84.1). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84.2). 23.Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olub-olmadığına ilk növbədə mübahisələndirilən əmrin özünün əsaslı olub-olmaması baxımından qiymət verilməlidir. 24.Mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən onun əmək vəzifələrini kobud şəkildə pozması, yəni alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi əsas götürülmüşdür. 25.İş materiallarından göründüyü kimi, iddiaşının sərxoş vəziyyətdə işə gəlməsi barədə yeganə sənəd Binəqədi rayon Sukanal idarəsinin xx.xx.2022-ci il tarixli məktubudur (i.v.34). İşəgötürən məhz həmin sənədi əsas götürərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla ləğv edilməsinə razılıq verilməsi barədə həmkarlar ittifaqı komitəsinə təqdimat göndərmiş və həmkarlar ittifaqı komitəsi də xx.xx.2022-ci il tarixli protokol qərarı ilə buna razılıq vermişdir. 26.Həmin sənədlərdə (i.v.34-38) qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə spirtli içki qəbul edib ekskavatoru idarə etdiyində görə yol polisi tərəfindən saxlanılmış və ekskavator cərimə meydançasında saxlanılmışdır. 27.Lakin iş materiallarında bu halı, yəni iddiaçının spirtli içki qəbul etməsi ilə əlaqədar olaraq onun idarə etdiyi ekskavatorun yol polisi tərəfindən saxlanılmasını və ekskavatorun cərimə meydançasına aparılmasını, orada saxlanılmasını təsdiq edən heç bir sübut yoxdur. 28.Apellyasiya baxışı zamanı cavabdehə bununla bağlı hər hansı sübut təqdim olunması təklif edilsə də, cavabdehin nümayəndəsi bununla bağlı hər hansı rəsmi sənəd olmadığını, hadisənin rəsmiləşdirilmədiyini və müdiriyyətin xahişi ilə ekskavatorun heç bir rəsmiləşdirmə aparılmadan cərimə meydançasından çıxarıldığını bildirmişdir. 29.İddiaçı isə ümumiyyətlə, belə bir hadisənin olmadığını göstərmişdir. 30.Göründüyü kimi, işdə əmrin əsası kimi istinad olunan halı təsdiq edən hər hansı mötəbər sübut yoxdur və apellyasiya baxışı zamanı da belə bir halın mövcudluğu qanunla müəyyən olunmuş sübutlarla təsdiq olunmadı. 31.Digər tərəfdən, iş materiallarında həmin faktla bağlı iddiaçının izahatı alınmasını, yaxud onun izahat verməkdən imtina etməsini təsdiq edən heç bir sübut yoxdur. 32.Halbuki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən intizam tənbehi verilməzdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 33.Apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin düzgün tətbiq olunmaması barədədir. 34.Məhkəmə kollegiyası bu dəlili də əsaslı sayır. 35.Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı mediasiya orqanının arayışını xx.xx.2022-ci ildə almış, onun iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ xx.xx.2022-ci ilədək olmuş, lakin xx.xx.2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə müraciət etmişdir. 36.Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçı mediasiya orqanının arayışını xx.xx.2022-ci ildə aldıqdan sonra xx.xx.2022-ci ildə Binəqədi rayon məhkəməsində iddia qaldırmış, lakin mübahisələndirilən əmr əlavə olunmadığına görə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci ildə eyni ərizə ilə rəsmi qaydə alındığı yer üzrə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli qərardadla ərazi aidiyyəti qaydalarına əməl olunmadığına görə iddia ərizəsi qaytarılmış, ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə o, yenidən Binəqədi rayon məhkəməsinə müraciət etmiş, aidiyyət qaydalarına əməl olunmadığına görə ərizə yenə qaytarılmış və sonda nəhayət o, xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. 37.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı vaxtında iddia qaldırmış və iddia ərizəsi məhkəmələrin icraatında olmuşdur. 38.Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin qaytarılması barədə qərardadların çıxarıldığı tarixdən yeni iddia ərizələrinin verildiyi tarixədək olan müddətlər toplandıqda belə bir aylıq müddət tamamlanmır. 39.Digər tərəfdən, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 40.Bütün bunlar onu göstərir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır və birinci instansiya məhkəməsi bununla bağlı yanlış nəticəyə gəlmişdir. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 42.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir. 43.Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olan zaman işəgötürən xx.xx.2023-cü il tarixli əmrlə onu yenidən eyni vəzifəyə işə götürmüş və onunla yeni əmək müqaviləsi bağlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yeni əmək müqaviləsinin bağlanması hazırkı işə baxılmasına mane olmur. Belə ki, hazırkı işdə işəgötürənin xx.xx.2022-ci il tarixli əmrinin əsaslılığı mübahisələndirilir. 44.Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçı ilə xx.xx.2023-cü ildə yeni əmək müqaviləsi bağlandığından və həmin tarixdən etibarən iddiaçı əmək fəaliyyəti ilə məşğul olduğundan məcburi işburaxma müddəti kimi xx.xx.2022-ci ildən məhz həmin tarixə, yəni xx.xx.2023-cü ilədək olan dövr qəbul edilməlidir. 45.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. Cavabdeh ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 261-K nömrəli, xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxmaya görə aylıq əmək haqqı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.