Məhkəmə qərarları › İş №2(103)-6411/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6411/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6411/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: «çəkilmiş təhsil xərcinin qaytarılması, müqavilənin bir hissəsinin etibarsız sayılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-829/2023 saylı, 24 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə əlavə olaraq imzalanmış təhsil müqaviləsi işçinin 2021-ci ilin yanvar ayından başlayaraq 9 ay müddətinə “EAE” universitetində marketinq və satış menecmenti üzrə magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün 14850 Avro məbləğində vəsaitin işəgötürən tərəfindən ödənilməsi, həmçinin işçinin təhsilini başa çatdırıb iş fəaliyyətini davam etdirdiyi tarixdən 3 il müddətində işəgötürənlə bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə yaxud işdən azad edildikdə (ixtisarla istisna olunmaqla) təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsi şərtlərini tənzimləyir.

2. 152/22-İA/İR nömrəli, 15 noyabr 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) 15 noyabr 2022-ci il tarixdə xitam verilmişdir.

3. Bundan sonra, Cavabdeh İddiaçı ASC-yə qarşı işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad olunmağına dair 15 noyabr 2022-ci il tarixdə yazmış olduğu ərizənin etibarsız hesab olunması, 15 noyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş vəzifəsinə bərpa edilməsi və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-315/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı ASC Cavabdeh qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2020-ci il tarixli təhsil müqaviləsinə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin, mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İlkin iddiada göstərilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 07 avqust 2015-ci il tarixdə 479 saylı əmək müqaviləsi və xx.xx.2015-ci il tarixdə əlavə Razılaşma imzalanmışdır. Sonradan İddiaçı ASC ilə Cavabdeh arasında təhsil münasibətlərinin tənzimlənməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə təhsil müqaviləsi imzalanmışdır. Təhsil müqaviləsinin 1.2-ci bəndinə əsasən, müqavilə işçinin 2021-ci ilin yanvar ayından başlayaraq 9 (doqquz) ay müddətinə “EAE” universitetində marketinq və satış menecmenti üzrə magistr dərəcəsinə yiyələnməsi üçün 14,850 (on dörd min səkkiz yüz əlli) Avro məbləğində vəsaitin işəgötürən tərəfindən ödənilməsini nəzərdə tutmuşdur. Eyni zamanda işçi müqaviləyə əsasən təhsilini başa çatdırdığı tarixdən 3 (üç) il müddətində işəgötürənlə bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən işçinin təhsil xərcləri üzrə 13,810.5 (on üç min səkkiz yüz on avro əlli sent) Avro məbləğində vəsait işəgötürən tərəfindən ödənilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə yazaraq 15 noyabr 2022-ci il tarixində öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Bu səbəbdən də 15 noyabr 2022-ci il tarixli 152/22-İA/İR saylı əmrə əsasən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisssəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. Bank öz üzərinə düşən öhdəliyi icra edərək Təhsil Müqaviləsinin 2.3 bəndinə əsasən işçinin təhsil xərci üzrə 13,810.5 Avro məbləğində ödənişi etmişdir. Lakin işçi Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək müqavilə üzrə qeyd edilən tarixdən əvvəl öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmiş, nəticədə bankın müvafiq əmrinə əsasən işdən azad edilmişdir. Göründüyü kimi, Cavabdeh Təhsil Müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi icra etmədiyindən, İddiaçı ASC qarşısında yaranmış 12,629.47 (on iki min altı yüz iyirmi doqquz avro, qırx yeddi sent) Avro məbləğində borcunu, Banka geri qaytarmalıdır. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Banka dəymiş maddi ziyanın ödənilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC Mediasiya prosesi üzrə 50 (əlli) manat məbləğində xidmət haqqı ödəmişdir. Eyni zamanda iddia ərizəsinin məhkəməyə verilməsi üçün 109 (yüz doqquz) manat məbləğində ödəniş edilmişdir.

6. İddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı müqavilənin bir hissəsinin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin rədd edilməsi və tərəflər arasındakı əmək münasibətləri çərçivəsində (əmək müqaviləsinə istinad etməklə) imzalanmış xx.xx.20202-ci il tarixli Təhsil Müqaviləsinin 2.3, 2.4-cü və işçinin üzərinə əmək fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər maddələri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktların tələblərini pozduğuna görə həmin maddələrin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddiada göstərilir ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Korporativ Kommunikasiyalar Departamentinin Korporativ Sosial məsuliyyət və təbliğat qrupunun Kiçik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehlə iddiaçı arasında əmək münasibətləri çərçivəsində (əmək müqaviləsinə istinad etməklə) Təhsil Müqaviləsi (bundan sonra Müqavilə) imzalanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən “İşçinin (İddiaçının) təhsil xərcləri üzrə 14,850 avro məbləğində vəsait işəgötürən tərəfindən ödənilir”. Müqavilənin 2.3-cü maddəsinə əsasən “Bu Müqavilə üzrə nəzərdə tutulan təhsili almış işçi təhsil bitdikdən sonra ən azı 3 il müddətinə işəgötürənlə əmək münasibətlərini davam etdirəcəyini bəyan edir”. Müqavilənin 2.4-cü maddəsinə əsasən “İşçi təhsil münasibətləri prosesində hər hansısa səbəbdən təhsilini davam etdirmək istəmədikdə onun təhsil alması üçün ödənilmiş xərci işəgötürənə dərhal bir xalis ödəniş çərçivəsində ödəməlidir”. Müqavilənin 2.3, 2.4-cü və işçinin üzərinə əmək fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər maddələri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktların tələblərini pozduğuna görə etibarsız hesab edilməlidir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-829/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə ilkin iddia tələbinin təmin edilərək Cavabdeh xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun), mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi; qarşılıqlı iddia tələbinin təmin edilməməsi və onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2015-ci il tarixdə 479 saylı əmək müqaviləsinə əsasən Cavabdeh “Korporativ katiblik şöbəsinin qarşılama üzrə köməkçi” vəzifəsinə işə qəbul olunmuşdur. Həmçinin İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə əlavə olaraq imzalanmış təhsil müqaviləsi işçinin 2021-ci ilin yanvar ayından başlayaraq 9 ay müddətinə “EAE” universitetində marketinq və satış menecmenti üzrə magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün 14850 Avro məbləğində vəsaitin işəgötürən tərəfindən ödənilməsi, həmçinin işçinin təhsilini başa çatdırıb iş fəaliyyətini davam etdirdiyi tarixdən 3 il müddətində işəgötürənlə bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə (ixtisarla istisna olunmaqla) təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsi şərtlərini tənzimləyir. Daha sonra 152/22-İA/İR nömrəli, 15 noyabr 2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrə əsasən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) 15 noyabr 2022-ci il tarixdə xitam verilmişdir. Bununla da, Cavabdeh “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 315/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(009)-315/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2189/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 315/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqaviləsinin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işçi işdən çıxma ilə bağlı 27 sentyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, işəgötürən isə onu 15 noyabr 2022-ci il tarixdə işdən azad etmişdir. Burdan da göründüyü kimi, işəgötürən işçinin iddia etdiyi kimi qərəzli olaraq işçinin işdən azad edilməsində maraqlı olsaydı və bununla bağlı işçiyə hədə-qorxu gəlsə idi, işçini işdən azad etməsi üçün ərizə ilə müraciət edildiyi tarixdən qısa müddət ərzində işdən azad etməkdə maraqlı olardı. Eyni zamanda tərəflərin hər ikisinin izahatından da məlum olur ki, işəgötürən işçini öz vəsaiti hesabına təhsil almaq və biliklərini artırmaq üçün təhsil müəssisəsinə göndərmiş və qarşılığında iddiaçı qayıtdıqdan sonra 3 il müddətində cavabdeh bankda fəaliyyətini davam etdirəcəyi barədə öhdəlik götürmüşdür. Buradan da görünür ki, işəgötürən işçi ilə bağlı əmək fəaliyyətinin uzunmüddətli davam etdirilməsində maraqlı olmuşdur. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Daha sonra Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2189/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2887/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC Cavabdeh ilə aralarında bağlanmış Təhsil Müqaviləsinin 2.3-cü bəndinə əsasən işçinin təhsil xərci üzrə 13,810.5 Avro məbləğində ödənişi etmişdir. Lakin işçi Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək müqavilə üzrə qeyd edilən tarixdən əvvəl öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmiş, nəticədə bankın müvafiq əmrinə əsasən işdən azad edilmişdir. Odur ki, hazırda iddiaçı haqlı olaraq xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin, mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş edib.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş edib şikayətində göstərir ki, məhkəmə qəbul edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə mülki-hüquqi xarakterli müqavilə deyildir. Belə ki, sözügedən müqavilə əmək müqaviləsinə əlavə olaraq (əmək münasibətləri çərçivəsində) imzalanmışdır. Məhkəmə müəyyən etmişdir ki, həmin müqavilədə cavabdehin işdən çıxma vaxtını məhdudlaşdıran müddəalar mövcuddur. Lakin bütün qeyd olunanları müəyyən etməsinə baxmayaraq, məhkəmə işəgötürən tərəfindən işçi üçün müəyyən edilmiş məhdudiyyətlərə hüquqi qiymət verməmişdir. Halbuki, qeyd olunan faktların mövcudluğu icbari əməyin tətbiq olunduğuna dəlalət edir ki, icbari əmək də öz növbəsində Azərbaycan Respublikasının Konstitusiyası, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə qadağan edilir. Qarşılıqlı iddia ərizəsində məhkəmənin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası tərəfindən 1992-ci ildə ratifikasiya edilmiş X1 “İcbari əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə əsasən, cəza verməklə hədəqorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və ya xidmət, həmin şəxs özü bu iş üçün müraciət etməyibsə, icbari və ya məcburi hesab edilir. Cəza (“penalty”) anlayışına işçini iş yerində qalmağa məcbur etmək üçün əmək haqqından tutulmalar həyata keçirmək və işçiləri borclandırmaqla hədələmək, üzərinə maliyyə öhdəlikləri qoymaq da daxildir. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 4-cü maddəsinə əsasən, heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır. Göründüyü kimi, beynəlxalq qanunvericiliyə əsasən, işçinin işdən çıxmaması məqsədilə üzərinə maliyyə öhdəliklərinin qoyulması məcburi əmək anlayışı ilə əhatə edilir və fundamental insan hüquqları pozuntusudur. Əmək Məcəlləsinin 17-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məhkəmə maddi hüquq normalarına düzgün tətbiq etməyərək işçinin hüquqlarının pozulmasına yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və məhkəmədən şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 7. (hissə4). Bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Maddə 7. (hissə 5). İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İlkin iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddianın faktiki əsası (faktiki hallar) isə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilkin iddiaya aid faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından ilkin iddia haqlı sayılırdı. Qarşılıqlı iddiaya aid faktiki hallar isə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından qarşılıqlı iddia haqlı sayılmırdı.

23. Apellyasiya şikayətinin dəlilərinə hüquqi qiymət verməzdən əvvəl aşağıdakılar qeyd edilməsi zəruri hesab edir. Belə ki, əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində, X1 (bundan sonra – BƏT) “Məcburi əmək haqqında” 1930-cu il və “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir.

24. Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü hissəsinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Həmin Məcəllənin 7-ci maddəsinin 5-ci hissəsinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Hazırki iş üzrə də tərəflərin qarşılıqlı razılığı əsasında mahiyyət etibarı ilə Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan ixtisasa yiyələnmə ilə bağlı təhsil müqaviləsi bağlanmışdır. İxtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan ayrıca təhsil müqaviləsi ilə rəsmiləşdirilmişdir, yəni bu münasibətlər bilavasitə əmək müqaviləsi ilə tənzimlənmir.

25. Qarşılıqlı iddiada əmək münasibətləri çərçivəsində bağlanmış təhsil müqaviləsinin 2.3, 2.4-cü və işçinin üzərinə əmək fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər şərtlərinin Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktların tələblərini pozduğuna görə etibarsız sayılması göstərilib. Bu tələb müqavilənin bağlandığı tarixdən 2 il keçdikdən sonra, yəni ilkin iddia verildikdən sonra irəli sürülmüşdür. Qarşılıqlı iddiaçının üzərinə əmək fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər şərtlər bilavasitə müqavilənin 2.3, 2.4, 2.5-ci bəndlərində nəzərdə tutulan şərtlərdən asılı bir müddəalar hesab olunur. Ona görə də, 2.3, 2.4, 2.5-ci bəndlərində nəzərdə tutulan şərtlərin etibarsızlığı üçün əsas olardısa bu hal tələbdə göstərilən digər şərtlərin də etibarsızlığı ilə nəticələnməli olardı.

26. Müqavilənin 2.3-cü bəndinin məzmununa görə qarşılıqlı iddiaçı öhdəlik götürüb ki, işəgötürənin vəsaiti hesabına təhsili bitirdikdən sonra 3 il müddətində işəgötürənlə əmək münasibətlərini davam etdirəcək. Burada hansı məcburi yaxud icbari əməkdən söhbət gedə bilər. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də şikayət verən buna dair tutarlı və keçərli arqument göstərməli idi. Qeyd olunduğu kimi, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Əmək Məcəlləsinin 17-ci maddəsində isə hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağan sayılır. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinin məzmununa görə isə işçi olan qarşılıqlı iddiaçı təhsil dövründə hər hansı səbəbdən təhsilini davam etdirmədikdə yaxud təhsilini bitirib işə başladıqdan 3 ildən tez öz təşəbbüsü ilə yaxud daxili intizam qaydalarını pozması və digər əsaslarla əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə işəgötürənə təhsili ilə bağlı xərclərin müvafiq nisbətlərdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qeyd olunan və digər şərtləri nəinki etibarsız, əksinə qarşılıqlı iddiaçının mənafeyinə uyğun müddəalar olmuşdur. Çünki, qarşılıqlı iddiaçı məhz işəgötürənin hesabına ölkə xaricində müasir yüksək ixtisasa yiyələnmişdir. Ona görə də qarşılıqlı iddianın faktiki əsası yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığı açıq-aşkar görünür. Belə çıxır ki, qarşılıqlı iddiaçı işəgötürənin vəsaiti hesabına yüksək ixtisas və təhsi əldə etmək istəyir yaxud arzulayır və buna nail olur, ancaq götürdüyü könüllü öhdəliyə əsasən müəyyən müddət işəgötürən bankda işləmək istəmir, eyni zamanda təhsili üçün çəkilmiş xərcin müvafiq hissəsini də qaytarmaq istəmir, üstəlik işəgötürəni onu məcburi yaxud icbari əməyə cəlb etməkdə günahlandırır. Nəticə etibarı ilə mövqeyindən belə çıxır ki, işəgötürənin hesabına əsassız varlanmağa çalışır. Bu yanaşmanın özü isə hüquqdan sui-istifadə hesab olunur.

27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi şərtlər qətiyyən onu məcburi yaxud icbari əməyə cəlb edən şərtlər kimi qiymətləndirilə bilməz. Çünki, həmin şərtlər qarşılıqlı razılıq əsasında könüllü olaraq ayrıca təhsil müqaviləsində nəzərdə tutulub. Bunlar heç bir halda zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin boynuna qoyulan və əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur edən şərtlər hesab edilə bilməz.

28. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-829/2023 saylı, 24 avqust 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-829/2023 saylı, 24 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar