Məhkəmə qərarları › İş №2(103)-6418/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6418/2023

17.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6418/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: müavinətin tam ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müavinətin tam ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1188/2023 nömrəli 29 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 17 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından müəyyən edilir ki, sonuncu ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” X1 aparatının İqtisadiyyat və uçot departamentinin Maliyyə və xəzinədarlıq şöbəsinin aparıcı iqtisadçı vəzifəsində olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmiş, ona SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020- 2023-cü illər üçün sahə kollektiv sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində işdən çıxma müavinəti ödənilməsi əmr edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 176 nömrəli, xx.xx.2010-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında xx.xx.2023-cü il tarixli razılaşma bağlanmış və razılığa gəlinmişdir ki, işçi işəgötürənlə bağlanmış 176 nömrəli, xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi (işçi yaşa görə təqaüdə çıxdıqda) ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət edir (1.1); işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 13931,50 manat müavinət ödəməyi öhdəsinə götürür (2.1).

4. İşin müəyyən edilmiş hallarına görə iddiaçı 2023-cü ildə ərizə yazmış, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3- cü maddəsinə əsasən (işçi yaşa görə təqaüdə çıxdıqda) xitam verilmiş, həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına və tərəflər arasında əldə edilmiş yazılı razılaşmaya əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 2957.88 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2957.88 manat pulun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur təşkilatı olan "Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. "ARDNŞ"-də işçilərin əməyin ödənilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22 aprel 2009-cu il tarixli 57/06- 19ə nömrəli birgə Əmr Qərarında göstərilmişdir ki, "Bu Əmr-Qərar verildiyi tarixdən, habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu Əmr Qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin qərara əsasən onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmiş və ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Lakin, müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq, həmin məbləğdən gəlir vergisi tutmuşdur. Dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasının qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müxtəlif bəhanələr gətirməklə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci "Əmək haqqından tutmalara yol verilən hallar və bunun icrası qaydası" maddəsinin 4-cü hissəsinə əsasən "İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq, vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən "Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları" maddəsinin 6-cı hissəsinə əsasən "Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin 3, 4 və 7-ci hissələrində göstərilmiş ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsinə görə ödənilən müavinətlər, istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında "dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Müəssisə tərəfindən ödənilən orta aylıq əmək haqqının beş misli miqdarında birdəfəlik maliyyə vəsaiti işdənçıxma müavinətidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinətindən vergi tutulmur. İşdənçıxma ilə bağlı Dövlət Neft şirkəti tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildlr. Dövlət Neft Şirkətinin sabiq əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə artıq onlardan qanunsuz tutulmuş məbləğlər geri qaytarılmış, Dövlət Neft Şirkətinin bəzi idarələri isə məhkəmə araşdırmadan gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə geri qaytarmışlar. Qanunvericiliyin tələblərinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır, tutulmuş məbləğ geri qaytarılmalıdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 avqust 2023-cü il tarixli 2(009)-1188/2023 nömrəli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilmiş, İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2957.88 manat məbləğində gəlir vergisinin əvəzinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi, Cavabdehndən 49.58 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

8. Məhkəmə göstərmişdir ki, işdən çıxarılma barədə əmrdə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir.

9. Məhkəmə göstərmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası və məqsədi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə nəzərdə tutulmuş işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş 22 aprel 2009-cu il tarixli əmr-qərarın və razılaşmanın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. İddiaçının işdən azad edilməsi barədə əmrdə və əmək kitabçasında nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” əsası formal xarakter daşıyır və iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur ki, iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir.

10. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya əmək haqqı məbləğinin beş misli miqdarında ödənilən müavinətdən gəlir vergisi tutula bilməz. Qanunvericiliyin tələbindən irəli gələrək iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, müavinətdən tutulan 2957.88 manat məbləğində gəlir vergisi iddiaçıya qaytarılmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 69-cu maddəsinin İİİ hissəsinə, 77.1, 77.6, 175.1, 175.4, Vergi Məcəlləsinin 98.1, 102.1.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

12. Qətnamədən cavabdeh və üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir.

13. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

14. Üçüncü şəxsin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üçün əhəmiyyətli olan halları tam şəkildə aydınlaşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Həminin qeyd etdi ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Razılaşmanın 2.1-ci bəndinə əsasən, həmin Razılaşma ilə müəyyən edilmiş şərtlər daxilində işçi ilə bağlanmış əmək müqaviləsinə xitam veridiyi təqdirdə işçiyə orta əmək haqqının 5 misli miqdarında, cəmi 13.931,50 manat işdənçıxma müavinəti hesablanmalı və vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğin ödənilməlidir. Yəni, iddiaçıya ödənilməli olan müavinətdən gəlir vergisinin tutulması qabaqcadan razılaşdırılmışdır.

17. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs (nümayəndələr) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndələr) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

18. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

19. Maddə 175.1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

20. Maddə 175.4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

21. Maddə 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir.

22. Maddə 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06- 19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”.

32. Beləliklə, cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halıdır.

33. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Əmək Məcəlləsinin 175.4cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz.

34. İş materiallarına əlavə edilmiş razılaşmada işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. Sadalanan maddələrin tələblərinə görə də, növündən asılı olmayaraq, işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir.

35. Odur ki, xx.xx.2023-cü il tarixli Razılaşma ilə iddiaçıya ödənilən 13.931,50 manat işdənçıxma müavinətindən gəlir vergisinin tutulmasının razılaşdırılması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, həmin razılaşma qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olduğundan, iddiaçının ziyanına tətbiq oluna bilməz.

36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1188/2023 nömrəli iş üzrə 29 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar