Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-642/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Xəlilov Güleyman İsmayıl oğlunun, üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5914/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Xələliov Güleyman İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 10 iyul 2019-cu il tarixli, QR-2407 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası və Maraqlı şəxs qarşılıqlı iddiası qismən təmin olunaraq, Şamaxı rayonu, Nəriman Nərimanov küçəsində yerləşən mağazanın cavabdehlər Maraqlı şəxs və V.M.Nəhmətov tərəfindən boşaldılması, həmçinin 4000 ABŞ dolları məbləğində pulun İddiaçı alınaraq Maraqlı şəxs verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilərək Şamaxı Rayon Məhkəməsinin iş üzrə 24 oktyabr 2012-ci il tarixli qətnaməsinin iddiaçıdan mağaza üçün çəkilən 8000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində dəyişdirilməsi, həmin məbləğin manatla məzənnəsinin alınaraq Maraqlı şəxs verilməsi, ona məxsus mağazanın Maraqlı şəxs tərəfindən boşaldılması, habelə mağaza üzərində Maraqlı şəxs mülkiyyət hüququnun tanınmaması və dəymiş 16000 ABŞ dolları məbləğində ziyanın tutulmaması barədə qarşılıqlı iddia tələbi hissələrində dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Üstündən xeyli müddət keçməsinə baxmayaraq cavabdehlər Maraqlı şəxs və X1 tərəfindən iddiaçıya məxsus mağaza boşaldılmamış, əksinə cavabdeh Maraqlı şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən sözügedən əmlaka dair “Sifarişçi” - Şamaxı rayon İcra Şöbəsinin və “Hərracın təşkilatçısı” - “xxxx” MMC-nin iştirakı ilə 13 noyabr 2015-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqavilənin bağlanılmasına və “13” noyabr 2015-ci il tarixli, №Y- 349 saylı “Hərracın yekunları barədə” Protokolun qəbul edilməsinə nail olunmuşdur. Qeyd olunan sənədlərin etibarsız hesab olunması barədə iddiaçı tərəfindən Şamaxı Rayon Məhkəməsində iddia qaldırılmış, lakin Şamaxı Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə isə İddiaçı iddiası qismən təmin edilmiş və yuxarıda qeyd olunan bütün sənədlərin etibarsız hesab olunması qət edilmişdir. Maraqlı şəxs kassasiya şikayəti versə də, onun kassiya şikayəti Ali Məhkəmənin 14 noyabr 2017 tarixli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu məhkəmə prosesləri ərəfəsində də Maraqlı şəxs iddiaçının əmlakını boşaltmamış, ona geri qaytarmamış və əksinə onun əmlakından öz əmlakı kimi istifadə edərək qazanc əldə etmiş və hazırda da etməkdədir. Maraqlı şəxs tərəfindən əmlakını boşaldaraq ona geri təhvil verilməməsi barədə dəfələrlə Şamaxı rayon İcra Şöbəsinə müraciət etməyinə baxmayaraq, Şamaxı rayon İcra Şöbəsi tərəfindən bununla bağlı hər hansı tədbir görülməmiş və əksinə əmlakının hərrac vasitəsilə satışa çıxarılması istiqamətində birtərəfli qaydada Maraqlı şəxs maraqlarına xidmət edən icra hərəkətləri həyata keçirilmişdir. Maraqlı şəxs məqsədi iddiaçıdan pulunun alınması deyil, məhz əmlakına sahib olmaq olmuşdur. Maraqlı şəxs iddiaçının təxminən 16 kv.m olan “Çıxarış”İı əmlakını az qala “tövlə” qiymətinə qiymətləndirmişdir ki, tez həmin əmlakı öz adına keçirsin. Cavabdeh MMC tərəfindən verilmiş 10 iyul 2019-cu il tarixli, QR-2407 saylı “Qiymətləndirmə rəyi”nə əsasən onun əmlakı bazar dəyəri 5000,00 manat müəyyən edilmişdir. Halbuki, həmin qiymətə əmlakının qiymətləndirilməsi tam gülünc və absurddur. Əmlakının göz görə-görə bu dərəcədə aşağı məbləğə qiymətləndirilməsi birmənalı olaraq ədalətsizlikdir və həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsinə ehtiyac vardır və təkrar qiymətləndirmənin başqa qiymətləndirici tərəfindən aparılması vacibdir. Əmlakının real dəyərindən aşağı qiymətləndirilməsi həmin əmlakın mülkiyyətçisi kimi iddiaçının əmlakın satışından əldə edilə biləcək pul məbləğindən məhrum edir. Qiymətləndirmənin keçirilməsindən iddiaçının ümumiyyətlə məlumatı olmamışdır. Əmlakın mülkiyyətçisi iddiaçı olmağına baxmayaraq, qiymətləndirmə şirkəti Maraqlı şəxs ilə əlaqə saxlamış və onun maraqlarına xidmət edən saxta və qanunsuz rəy verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5914/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilmiş dəlillərə istinad olunmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2447/20 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilmişdir. Həmin qərardaddan iddiaçı Xələliov Güleyman İsmayıl oğlu kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2(102)-4456/20 saylı 06 avqust 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2447/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4456/20 saylı 06 avqust 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qiymətləndirici hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi mümkünlüyü birbaşa göstərilmişdir. Eyni zamanda əmlakın icra məmuru tərəfindən qiymətləndirilməsi qaydasını tənzimləyən “İcra haqqında” Qanunun 51.1-ci maddəsində belə hesabatın maraqlı şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsini qadağan və ya istisna edən hal nəzərdə tutulmamışdır. Mübahisələndirilən hesabatla iddiaçıya məxsus əmlak qiymətləndirilmişdir və iddiaçı hesabatda müəyyən edilmiş qiymətlə razı deyil. Apelyasiya instansiyası məhkəməsi istinad olunan maddi hüquq normalarını səhv təfsir etməklə belə qənaətə gəlmişdir ki, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Eyni zamanda uzun illərdir formalaşmış məhkəmə təcrübəsində məhkəmələr tərəfindən oxşar mübahisələrə mahiyyəti üzrə baxılmışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 11.000 manat şişirdilmiş qiymətdir. Mübahisəli əmlak rayonda yerləşir. İşə baxılması yeri və vaxtı haqqında cavabdehə xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Cavabdeh MMC-nin 10.07.2019-cu il tarixli rəyi ilə Şamaxı rayonu, Nəriman Nərimanov küçəsində yerləşən1 mərtəbəli 12.9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının bazar dəyəri 5000 manat müəyyən edilmişdir. İddiaçı Cavabdeh MMC-nin 10.07.2019-cu il tarixli QR-2407 nömrəli qiymətləndirmə rəyinin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, Cavabdeh MMC-nin həyata keçirdiyi qiymətləndirmənin nəticələrinin qanunvericiliyin tələblərini pozmaqla və real bazar qiymətinə uyğun olmadan tərtib edildiyi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı da öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdeh MMC-nin 10.07.2019-cu il tarixli QXM/2407 nömrəli qiymətləndirmənin nəticələri haqqında hesabatından görünür ki, İddiaçı məxsus Şamaxı rayonu, Nəriman Nərimanov küçəsində yerləşən 1 mərtəbəli 12.9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının 10.07.2019-cu il tarixə bazar dəyəri 5000 manat müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 21 avqust 2019-cu il tarixli arayışdan görünür ki, aparılmış təhlil və hesablamalara əsasən ünvan 1 ünvanı və yaxın ətraf ərazidə yerləşən 15,6 kv.metr sahədən, 1 (bir) mərtəbədən ibarət orta təmirli qeyri-yaşayış sahələrinin bazar dəyəri yerləşməsindən, təmirliliyindən asılı olaraq 21 avqust 2019-cu il tarixə 19500 manat təşkil edir. “xxxx” MMC-nin 27 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən Şamaxı rayonu, Nəriman Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin 20 noyabr 2019-cu il tarixə real bazar dəyəri 21500 manat təşkil edir. “xxxx” MMC-nin 14 dekabr 2020-ci il tarixli 64 saylı rəyində qeyd edilmişdir ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hal-hazırdakı real bazar dəyəri 7000 manat, likvid dəyəri 6000 manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 08 aprel 2021-ci il tarixli 001/14/21 saylı rəyi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 11 000 manat, likvid dəyəri 10000 manat müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir.Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissə üzrə yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da birinci instansiya məhkəməsi qiymətləndirilən əmlakın dəyəri hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir. Əvvəla, işdə mübahisəli qeyri yaşayış binasının qiyməti ilə bağlı bir-birindən fərqlənən 5(beş) qiymətləndirici rəyi mövcuddur. Cavabdeh MMC-nin 10.07.2019-cu il tarixli hesabatında qeyri-yaşayış binasının dəyəri 5000 manat müəyyən edilsə də, digər iki rəydə qiymət daha yüksək, yəni müvafiq olaraq 21 avqust 2019-cu il tarixə 19500 manat, 20 noyabr 2019-cu il tarixə isə real bazar dəyərinin 21500 manat olduğu göstərilmişdir. Apellyasiya baxışı zamanı da qeyd olunan əmlakın həm real bazar dəyəri, həmdə likvid dəyərinin müəyyən edilməsi üçün iki dəfə qiymətləndirmə keçirildi. “xxxx” MMC-nin 14 dekabr 2020-ci il tarixli rəyində qeyri-yaşayış sahəsinin hal-hazırdakı real bazar dəyərinin 7000 manat, likvid dəyərinin isə 6000 manat olduğu göstərilmişdir. Nəhayət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 08 aprel 2021-ci il tarixli 001/14/21 saylı rəyi ilə ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının bazar dəyərinin 11 000 manat, likvid dəyərinin isə 10000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi rəyində həmin əmlakın həm bazar, həm də likvid dəyərini düzgün müəyyən etmişdir. Çünki, bu qiymətlər həm sahəsi, həm yerləşdiyi ərazi, həm də rəylərin müqayisəli təhlillərinə görə həqiqəti əks etdirir. Başqa sözlə sonuncu rəy ən azından digər üç rəydəki qiymətlərlə birlikdə Cavabdeh MMC-nin 10.07.2019-cu il tarixli hesabatında olan qiymətdən artıqdır. Yalnız bu faktın özü, sonuncu rəyin ləğv edilməsi üçün əsas yaradır. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin qiymətləndiricinin müəyyən etdiyi qeyri yaşayış binasının bazar və likvid dəyər daha real və işin hallarına uyğundur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.2-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəsmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməli, sözügedən əmlakın qiymətləndirilməsinə dair “Cavabdeh " MMC-nin 10.07.2019-cu il tarixli, QR 2407 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatı ləğv olunmalı, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 11 000(on bir min) manat, likvid dəyəri isə 10000(on min) manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Xəlilov Güleyman İsmayıl oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5914/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iddia təmin edilsin. “Cavabdeh " MMC-nin 10.07.2019-cu il tarixli, QR 2407 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatı ləğv edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 11 000(on bir min) manat, likvid dəyəri isə 10000(on min) manat müəyyən edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-642/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-642/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver