Məhkəmə qərarları › İş №2(103)-6420/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6420/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6420/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-319/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasənişə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsində olan 1481 saylı evin, 53 saylı mənzilinə köçürülməsi və istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 mənzil 53 fərdi yaşayş evi kimi onun ailəsinə məxsus olmuşdur. Yəni o, Cavabdeh ilə nikaha daxil olaraq ailə qurduqdan sonra qeyd edilən mənzilə köçərək ailə üzvü kimi bu fərdi yaşayış evində birlikdə yaşamışlar. Bu evi öz vəsaitləri hesabına inşa etmişlər. 3 azyaşlı uşaqları da həmin evdə doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında ləğv edilməmişdir, lakin məhkəmə mübahisəsi vardır. Bütün cehiz əşyaları həmin evdədir. Həmin evin kommunal ödəniş sənədləri həyat yoldaşının adınadır. Evi onun atası və digər ailə üzvləri birgə xərc qoyaraq inşa etmişlər. O, da bu evin ailə üzvü olmuşdurEvin həqiqi sahibləri onların ailəsidir. Həmişə yaşadığı mənzilin (evin) qapısını bağlayaraq mənzilin qapısının açarını da ondan apararaq onu mənzildə yaşamaq və istifadə hüququndan məhrum etmişlər. Əri onu döyüb-söyüb təhqir edir. O, hazırda başqa yerdə yaşamağa məcbur qalmışdır. Qanuni yaşayış hüququndan məhrum olunmuşdur. Bu evdə (ünvanda) qeydiyyatsız yaşamışlar. Abşeron rayon İH-nin xx xxxxxx 2000-ci il tarixli 171 saylı sərəncamına əsasən Hövsan Südçülük sovxozu Həmkarlar Komitəsinin xx xxxxxx 2000-ci il tarixli 21 saylı protokolundan çıxarışla müəyyən edilir ki, Cavabdeh fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin ərazi hazırda Xəzər rayonunun inzibati ərazi vahidinə daxildir. “xxxxxxxx” ASC-nin bildiriş qəbzi ilə müəyyən edilir ki, cavabdehin adına ünvan 2 mənzil 53 ünvanında yerləşən fərdi yaşayş evinin abonent kodu vardır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə X5 rayonu S.Abbasov adına 117 saylı tam orta məktəb tərəfindən verilmiş 375- 377 saylı xx.xx.2019-cu il tarixli arayışlarla müəyyən edilir ki, xx.xx.2005-cı il tarixdə anadan olmuş X3, xx.xx.2002-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2009-ci il tarixdə anadan olmuş X1 həmin orta məktəbdə təhsil alırlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-319/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 2 mənzil 53 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onun mübahisəli mənzildə uşaqları ilə yaşadığı və iddiaçının uşaqlara zor tətbiq etdiyini, iddiaçının köçürülməsini istədiyi evin tikilməsinə iddiaçı tərəfindən pul verilmədiyi, iddiaçının həmin evə heç bir hüququnun olmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, mübahisəli evin tikilməsi üçün iddiaçının atasının evi 12000 manata satılaraq yaşadıqları evin təmirinə və lazımi əşyaların alınmasına xərclənmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmişdir; cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, şikayətinin məzmunundan bu xahişin qətnamənin iddianın təmin edilən hissəsi ilə bağlı hissəsi üzrə məhdudlaşdığı aydın olmaqdadır. Başqa sözlə qətnamə, iddianın təmin edilmədiyi hissədə yoxlanılmır. Məhkəmə kollegiyası göstərilən kontekstdə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2005-cı il təvəllüdlü X3, xx.xx.2009-ci il təvəllüdlü X1 və xx.xx.2002-ci il təvəllüdlü X2 adında övladları dünyaya gəlmişdir. Tərəflər birgə nikaha daxil olduqdan sonra 2014-cü il tarixdə ünvan 2 mənzil 53 saylı evi tikdirmişlər. Sözügedən fərdi yaşayış evinin tikintisi və təmiri 2014-cü ildə başa çatmış və tərəflər 2014-cü il tarixdən sözügedən fərdi yaşayış evinə köçərək orada yaşamağa davam etmişlər. İddiaçı həmin evdə 2019-cu ilə kimi öz azyaşlı uşaqları ilə birlikdə yaşamışdır. Evin tikilməsi üçün iddiaçının atasının evi 12000 manata satılaraq yaşadıqları evin təmirinə xərclənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehin təzyiqi nəticəsində evdən çıxmaq məcburiyyətində qalmışdır. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Kollegiya həmçinin hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili olan iddiaçının övladlarına zor tətbiq etməsi barədə məhkəmə onu qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissəsində ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-319/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar