Məhkəmə qərarları › İş №2(103)-6427/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6427/2021

17.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6427/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X7, Cavabdeh X5 vəkili X2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X8 qarşı “yaşayış evi üzərində pay və istifadə hüququnun tanınması, mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras mülkün 1/6 hissəsinə, mirasın yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m. sahəsinə birgə mülkiyyətçi kimi ½ hissəsində pay hüququnun, həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X12 ilə 1983-cü ildə rəsmi nikaha girərək ailə qurmuş, ailə qurduqdan sonra mərhum qaynatası X9 məxsus ünvan 2 ünvanına gəlin köçmüş və cehiz əşyalarını da həmin evə gətirmişdir. Cavabdehlə birlikdə həmin evdə yaşamış və birlikdə ümumi təsərrüfatı idarə etmişlər. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. Cavabdehin ailə üzvü olduğundan onun da həmin mənzildə yaşamaq hüququ var. O, daimi yaşamaq üçün mübahisəli evə cavabdeh tərəfindən köçürülmüş, cavabdehlə birgə yaşamış, ümumi təsərrüfat aparmış və birgə nikandan olan uşaqları da həmin evdə anadan olmuşdur. Mübahisəli ev İdris Kasımovun atasının mülkiyyətində olmuş, Həmin mülkdə yaşadıqları dövrdə birgə qazancları hesabına miras mülkdə təmir və abadlaşdırma işləri aparmış, miras mülkə bitişik və həmin həyətyanı sahədə başqalarının maraqlarına toxunmadan yaşayış sahəsini nisbətən genişləndirərək əlavə tikili tikmişlər. Cavabdehdən dəfələrlə onun həmin mənzilə buraxılmağını və mənzildən istifadə hüququnun təmin edilməsini xahiş etsə də, cavabdeh onu mənzilə buraxmır. O isə 1983-cü ildən ünvan 1 ünvanında gəlin köçmüş, mübahisəli mənzilin 1/6 hissəsi, yəni 17.3 kv.m sahəsi 7.0 kv.m yaşayış sahəsi. 51.5 kv.m yardımçı sahə və mirasın yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m sahəsi olan əlavə tikinti hissəsi üzərində cavabdehin mülkiyyət hüququ tanınsa da bu tikinti, artırma və yaxşılaşdırma işlərini birgə nikah dövründə ümumi qazancları hesabına aparmışlar. O da bu hissədə birgə mülkiyyətçi hesab edilməlidir. Bu yaxşılaşdırmalar onların birgə nikah dövründə sənədləşdirilmişdir. Qanunun tələbinə əsasən o, mübahisəli fərdi yaşayış evi üzərində həyat yoldaşı İdris Kasımova məxsus hissədə birgə mülkiyyətçi kimi pay hüququna malikdir. Bundan əlavə, 1983-cü ildə bu evə köçüb orada yaşadığına görə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən onun bu yaşayış evindən istifadə hüququ var. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən miras mülkün Cavabdeh məxsus 1/6 hissəsinə İddiaçı istifadə hüququnun tanınması, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən miras mülkün yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m sahəsi olan əlavə tikintiyə İddiaçı ½ hissədə mülkiyyət hüququnun tanınması, İddiaçı ünvan 2 ünvanında yerləşən miras mülkün yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m sahəsi olan əlavə tikintiyə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X12 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. İlk növbədə, istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə aid hissəsində məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. İstifadə hüququnun yaranması və evə köçürülmə tələbinin təmin edilməsinin əsasında iddiaçının həqiqətən o evdə yaşamaq zərurəti dayanır. Lakin işə baxan məhkəmə iddiaçının yaşamağa yerinin olub-olmamasını müəyyən etməmiş, heç bir əsas olmadan iddiaçının evə dair istifadə hüququnu tanımışdır. İddiaçının hazırda iddia etdiyi yaşayış sahəsində yaşamağa ümumiyyətlə ehtiyacı yoxdur. Birgə nikah dövründə Bakı şəhəri Xətai rayonu ünvan 3 ünvanında yerləşən iki otaqlı mənzil və Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 16-cı Cənub küçəsi, 275 saylı bağ sahəsini əldə etmişlər. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli qətnaməsi ilə həmin əmlaklar üzərində ½ hissədə mənim, ½ hissədə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Hazırda bağ sahəsi başqasının adına özgəninkiləşdirilmiş olsa da, Bakı Şəhəri Xətai rayonu ünvan 3 ünvanında yerləşən ikiotaqlı mənzilin ½ hissəsi İddiaçı məxsusdur. İddiaçı məxsus olan digər əmlak isə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 14-cü Cənub küçəsi, 288 saylı bağ sahəsidir. O, İddiaçı qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsi ilə Bakı şəhər Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 14-cü Cənub küçəsi, 288 saylı bağ sahəsində yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının hazırda iddia etdiyi yaşayış sahəsi istifadəyə və yaşamağa yararlı deyil, əgər həmin ev yararlı idisə, niyə o, orada yaşamayıb, Pirallahı rayonunda yerləşən evə köçürülməsi barədə iddia qaldırırdı, özü orada yaşayardı. Məhkəmənin istinad etdiyi 2-415/2001 saylı 20 noyabr 2001-ci il tarixli qətnamə ilə 74.4 kv.metr sahəsi olan əlavə tikintiyə onun mülkiyyət hüququ tanınsa da, həmin qətnamə icra edilməmiş, əlavə tikintiyə dair adına çıxarış verilməmişdir. Xəzər Rayon Məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmadığından hazırki iş üzrə qətnamə ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh X12 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh Hicran Əliyevanın iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh X5 vəkili X11 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X15 cavabdeh İdris Kasımov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdilər, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh X12 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı 1983-cü ildə mübahisəli əmlaka köçüb orada yaşadığından, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməli, onun ünvan 2 ünvanında yerləşən əmlakın 1/6 hissəsinə istifadə hüququnun olması müəyyən edilməlidir. Həmçinin ünvan 2 ünvanında yerləşən miras mülkün yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m sahəsi olan əlavə tikinti birgə nikah dövründə cavabdeh İdris Kasımov tərəfindən öz vəsaiti hesabına tikildiyindən, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də müəyyən olunduğundan və həmin qətnamə ilə cavabdehin həmin əmlaka mülkiyyət hüququ tanındığından, onların ümumi birgə mülkiyyəti sayılır və buna görə həmin əmlakda onların hər birinin 1/2 hissəsinə mülkiyyət hüququ tanınmaqla iddiaçı həmin evə köçürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Ailə Məcəlləcinin 32 və 35-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Əzizbəyov rayon X1 Qeydiyyatı şöbəsi tərəfindən 10 sentyabr 1983-cü il tarixdə verilmiş İİİ-ЖГ № 356095 saylı Nikahın Bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 arasında nikah bağlanmış və bu barədə 1 saylı Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1983-cü ilin sentyabr ayının 10 günündə 771 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Kasimova soyadı verilmişdir. İş matеriallarında olan, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2-415/2001 saylı, 20 noyabr 2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən miras mülkün 1/6 hissəsi mirasın yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m sahəsi olan əlavə tikinti ilə birlikdə X6 mülkiyyətinə verilməsi, həyətyanı torpaq sahəsindən tərəflərin birgə istifadəsinin müəyyən olunması qərara alınmışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X13 miras mülkün faktik qəbuluna qədər miras qoyanın razılığı və iştirakı ilə öz vəsaiti hesabına 74.4 kv.m ümumi sahəsi olan əlavə tikili tikmişdir. İş matеriallarında olan, 10 may 2001-ci il tarixdə veilmiş və reyestrdə 2-B/33 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən miras mülkün vərəsələri 1/6 hissədə X13, 5/6 hissədə X4r. İş matеriallarında olan, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya FM № 005413 nömrəli, 14.06.2001-ci il tarixli Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, B.Sərdarov küçəsindəki 3 (üç) otaqdan ibarət, 359 kv.m yaşayış sahəsi, 1102 kv.m ümumi sahəsi olan 62 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X6 1/6 hissədə adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 02 saylı reyestr kitabında 232-ci səhifədə 30/12537 nömrə ilə 14.06.2001-ci il tarixdə qeydiyyata alınmışdır. İş matеriallarında olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2742/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X10 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Azərbaycan Respublkasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər: digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Cavabdeh İdris Kasımov apelyasiya şikayətində qeyd edir ki, İddiaçı hazırda iddia etdiyi yaşayış sahəsində yaşamağa ümumiyyətlə ehtiyacı yoxdur, birgə nikah dövründə əldə etdiyi Bakı şəhəri ünvan 3 ünvanında yerləşən iki otaqlı mənzili və Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 16-cı Cənub küçəsi, 275 saylı bağ sahəsi vardır. Lakin işə baxan məhkəmə iddiaçının yaşamağa yerinin olub-olmamasını müəyyən etməmiş, heç bir əsas olmadan iddiaçının evə dair istifadə hüququnu tanımışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İdris Kasımovun apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hazırda iddia etdiyi yaşayış sahəsində yaşamağa ehtiyacının olmaması, yaşamağa başqa yaşayış sahəsinin olması onun hazırki iddiasının rədd edilməsi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh İdris Kasımovun apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Bundan başqa cavabdeh İdris Kasımov birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh İdris Kasımovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh İdris Kasımovun apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar