Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6428/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Accessbank" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair e-2(007)-1477/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə İddiaçı QSC-nin adına qeydiyyata alınmışdır.
2. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı QSC tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 135,3 kv.m olan mənzilin alıcı Cavabdeh 102000 manat qiymətinə satılması razılaşdırılmışdır.
3. Həmin müqavilənin 5-ci bəndinə əsasən, alıcı Cavabdeh ilkin olaraq 10000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Qalan 92000 manat məbləği isə hər 6 aydan bir 20000 manat və sonuncu 6 ayda isə 32000 manat olmaqla 14 oktyabr 2022-ci il tarixinədək ödəməyi öhdəsinə götürür.
4. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, qalan məbləği satıcıya ödəməmişdir. Bu barədə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmişdir.
a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı “Accessbank" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 14 oktyabr 2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 66a saylı evin 117 nömrəli mənzilindən Cavabdeh çıxarılması, mənzilin boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə aralarında bağlanmış 14 oktyabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, mənzilə görə cəmi 10000 manat ödəniş edərək qalan borcu ödəməkdən yayınmışdır. Buna görə də bank cavabdehə xərərdarlıq məktubu göndərmiş, daha sonra isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1477/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Qumru Əliyeva)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödənişləri həyata keçirməmiş, buna görə də bankın hazırkı iddianı qaldırmaq hüququ yaranmışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 567, 600, 324, 421, 425, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı mənzilə görə 10000 manat yox, ilkin ödənişdən başqa 30000 manat ödəniş etmiş, qalan 62000 manat borcu isə ödəməyə hazırdır. Məhkəmə qərar qəbul edərkən qeyd olunan halı nəzərə almamış, iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi.
14. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 banka olan borcun ödənilməsi və bankla razılığa gəlinməsi üçün onlara vaxt verilməsini və məhkəmə iclasının 1 aydan yuxarı müddətə təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin xahişi nəzərə alınaraq məhkəmə iclası 1 aydan yuxarı müddətə təxirə salınmışdır.
15. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakın üzrlü səbəbdən mümkün olmaması barədə məhkəməyə hər hansı sübut təqdim olunmadığından, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 135,3 kv.m olan mənzili cavabdehə satmış, cavabdeh mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni 102000 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilkin olaraq 10000 manat məbləği İddiaçı QSC-yə ödəmişdir. Qalan 92000 manat məbləği isə hər 6 aydan bir 20000 manat və sonuncu 6 ayda isə 32000 manat olmaqla xx.xx.2022-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür.
19. Cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödənişləri lazımi qaydada həyata keçirməmiş, 14 oktyabr 2020-ci il tarixində 10000 manat, 16 aprel 2021-ci il tarixində 20000 manat, 25 may 2022-ci il tarixində isə 10000 manat ödəmiş, qalan pulu ödəməmişdir. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozduğuna görə bankın müqaviləni ləğv etmək və mənzili geri tələb etmək hüququ yaranmışdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1477/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.