Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6429/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun olmaması tələbinə dair 2(008)-5737/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, b 7A, 1 saylı mənzilə istifadə hüquqlarının olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, b 7A, 1 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh3 onun qardaşının keçmiş həyat yoldaşı, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 isə onların övladlarıdır. Cavabdehlər əvvəllər rayonda yaşamışlar. Sonradan Cavabdeh3 Bakı şəhərində iş tapmış, lakin iş yerindən Bakı şəhərində daimi pasport qeydiyyatı tələb olunduğundan onun mülkiyyətində olan evə pasport qeydiyyatına düşmüşdür. Uşaqlar isə həmin vaxt yetkinlik yaşına çatmadıqlarından valideynləri ilə birlikdə qeydiyyata alınmışlar. Onun mülkiyyətində olan mənzildə cavabdehlərə aid heç bir əşya yoxdur. Onlar 20 ildən artıq müddətdir ki, rayonda yaşayırlar, aralarında ünsiyyət yoxdur. Onun hazırda mülkiyyətçi kimi hüquqları pozulur. O öz mənzili üzərində sərbəst sərəncam verə bilmir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apelyasiya baxışı zamanı cavabdehlər Cavabdeh1 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X3 vərəsəsi olan İddiaçı və X1 hər biri Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, b 7A, 1 saylı mənzilə 1/2 hissə olmaqla miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli vərəsəlik payın bağışlama müqaviləsinə əsasən, X2 Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, b 7A, 1 saylı mənzilə olan 1/2 hissə payını İddiaçı bağışlamışdır. Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, b 7A, 1 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 146 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən məhkəmə bildirişinə edilmiş qeydə əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, b 7A, 1 saylı mənzildə yaşamadıqlarına görə məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Apelyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq 146 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh1 xx.xx.1997-ci il tarixdən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, b 7A, 1 saylı mənzildə qeydiyyatda olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Cavabdehin mübahisəli mənzilə qeydiyyata alındığı 1997-ci ildə qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsi müəyyən edirdi ki, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Məhkəmə kollegiyası işin faktiki hallarına və qanunvericiliyin göstərilən müddəalarına əsasən qeyd edir ki, Cavabdeh1 1997-ci ildə qeydiyyata alındığı Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, b 7A, 1 saylı mənzilə istifadə hüququ mövcud olduğu halda, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düz tətbiq etməyərək, onun həmin mənzilə belə bir hüququnun olmaması barədə səhv nəticəyə gəlmişdir. Odur ki, iddia tələbinin Cavabdeh1 qarşı təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Buna görə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə mübahiəsələndirilən hissədə ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5737/2019 saylı mülki iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6429/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6429/2020
27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver