Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-643/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işə bərpa tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X6 və nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1484/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.1999-cu il tarixdə əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları xidmət sahəsi struktur bölməsi üzrə istehsalat proseslərinin avtomatlaşdırılması qrupu xidmət sahəsində “Siyəzənneft” NQÇİ-də 5-ci dərəcəli dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2022-ci ildə işəgötürənin SOCAR**********00070020B00056 saylı əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azneft” X4 NQÇİ-nin xx.xx.2021-ci il tarixli, SOCAR**********00070020B00056 saylı əmrin qanunsuz hesab edilərək ləğv olunmasını, onun “Azneft” X4 NQÇİ-nin istehsal proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsinin istehsalat proseslərinin avtomatlaşdırılması xidmət sahəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə bərpa olunmasını, xx.xx.2022-ci tarixindən işə bərpa olunacağı günə qədər olan müddət ərzində məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ildən Siyəzənneft NQÇİ-də işləyir. Uzun illərdir ki, Siyəzənneft NQÇİ-nin İPA və NÖC-nin xidmət sahəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsində işləyir. İşlədiyi müddət ərzində heç bir nöqsanı və ya xəbərdarlığı olmayıb. Əksinə xidmət sahəsinin tabelini, anbarın hesabatını həmişə o tərtib edib. 2020-ci il sentyabr ayının 12-si imtahan olmuş və keçid balı 50 olduğu halda, o, 81.5 bal yığmışdır. 2019-cu ildən Moskvanın “Sinerqiya” maliyyə-sənaye universitetində qiyabi formada təhsil alır, hal-hazırda 3-cü kursdadır. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilən və qanunda nəzərdə tutulmuş hallara tərəfindən heç bir vaxt yol verilməmiş və işlədiyi müddət ərzində həmişə işəgötürənin mənafeyini əsas tutaraq vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş, əmək haqqı alaraq ailəsinin maddi təminatını təmin etmişdir. Onun peşəsi üzrə ştat sayı 16 ştat vahidindən 6 ştat vahidinə kimi azaldılmışdır. Qiymətləndirmə zamanı onun qiymətləndirməsi 81.5% olmuşdur. M.Mətanətlə guya eyni balı toplayan X7 ilə onun arasında seçim aparılmaq zərurəti yarandığından peşə sınaq imtahanına cəlb olunmuşlar. Müvafiq komissiya tərəfindən X5 bacarıqları daha yüksək qiymətləndirilmiş və bu səbəbdən ona xəbərdarlıq bildirişi təqdim edilmişdir. İşçinin peşəkarlıq səviyyəsini əsas götürərkən nəzərə alınan meyarlardan biri olan iş təcrübəsi 27 ilə yaxındır. Təhsil göstəricisinə gəldikdə isə ali təhsil alır, 3-cü kursdadır. 31 may-02 iyun 2022-ci il tarixlərdə Siyəzənneft NQÇİ-nin rəhbər işçiləri və rəis Ayaz Bağırov onu dənizdə işlə təmin etmək istədiklərini bildirdilər. O, israrla bildirdi ki, onun səhhəti dənizdə işləməyə imkan vermir. “Premium Clinic”-dən “oturaq sinirin neyropatiyası” diaqnozu ilə xəstəlik məzuniyyətində olmuşdur. Həmçinin revmatizması vardır. Uzun təhdidlərdən sonra onu razı sala bilmədiklərini əmək müqaviləsini xx.xx.2022-ci il tarixdən ləğv ediblər. O, qanunsuz olaraq işdən çıxarılarkən orta aylıq əmək haqqı 600 manat idi. Qanunun tələbi baxımından işdən çıxarıldığı gündən, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq qətnamə icra olunan günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ona ödənilməlidir.
4. Cavabdeh SOCAR «Azneft İB xx.xx.2022-ci il tarixdə iddiaya etiraz edərək bildirmişdir ki, “Siyəzənneft” NQÇİ-nin Həmkarlar İttifaqı Komissiyasına “Azneft” İB-nin strukturunun optimallaşdırılması haqqında xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçı adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq üçün müraciət edilmişdir. “Siyəzənneft” NQÇİnin X8 heyəti iclasının xx.xx.2022-ci il tarixli protokolu ilə “Siyəzənneft” NQÇİ-nin müraciətinə baxıldığını və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İddiaçı eyni zamanda qərəzli olaraq işdən çıxarılmasını bildirsə də, həmin qərəzin nədən ibarət olması və nədə ifadə olunması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə iddia ərizəsini əsaslandırmışdır. İddiaçı nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin (ƏM 79), nə də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (ƏM 78) sırasında deyil. İddiaçı işlədiyi vəzifə üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zamanı işəgötürən tərəfindən reytinq cədvəli formalaşdırılmış və həmin cədvələ uyğun olaraq işçilər işdə saxlanılmaq hüququ əldə etmiş, digərləri ilə bağlanan əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Bundan başqa iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı iddia müddəti ötürülmüşdür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə xitam verilmiş, xx.xx.2022- ci il tarixdə işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022- ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən məcburi mediasiya sessiyasında iştirak edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı xx.xx.2022- ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, müvafiq arayış aldıqdan sonra xx.xx.2022-ci il tarixdə prosessual məcəllənin tələblərini pozaraq iş üzrə icraatın təzələnməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə kobud prosessual pozuntuya yol verərək icraatı təzələmişdir. Buna görə də hazırki işə iddia müddəti də tətbiq edilərək iddia tələbi rədd edilməlidir.
5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1484/2022 saylı qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia təmin edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Həmkarlar İttifaqının protokolu xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, lakin iddiaçının Həmkarlar İttifaqının iclasında iştirakı təmin edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə bu əsasla xitam verilməsinə dair həmkarlar ittifaqının müvafiq razılığının olub-olmaması ilə bağlı qanunvericiliyin tələbinə əsasən həmkarlar ittifaqı tərəfindən yazılı formada tərtib olunmuş əsaslandırılmış qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni bal toplamış elektrik montyoru vəzifəsində işləmiş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmişdir. Məhkəmə həmçinin, iddiaçının ilkin olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyini nəzərə alaraq iddia müddətinin ötürülmədiyi barədə qənaətə gəlmişdir.
7. Məhkəmə öz mövqeyini AR Əmək Məcəlləsinin 12, 68, 70, 71.1, 71.3, 77.1, 77.2, 77.3, 77.4, 78.1, 80.1, 80.2, 83.2, 296.2, 296.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-1484/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə riayət edilmişdir. Belə ki, iddiaçıya xx.xx.2021-ci ildə xəbərdarlıq bildirişi təqdim edilmişdir. İddiaçı nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin (ƏM m.79), nə də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (ƏM m.78) sırasında deyil. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqına müraciət edilmiş və razılıq verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 10.30-da keçiriləcək HİKnin iclası barədə məlumat verilmiş və o, saat 10.00 radələrində HİK-nə gəlmiş, lakin öz xoşu ilə iclasda iştirak etməkdən imtina edərək çıxıb getmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Bundan başqa, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2022 il tarixli əmri ilə xx.xx.2022-ci il tarixindən xitam verilmiş, o, xx.xx.2022 il tarixdə işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022 il tarixli qərardadı ilə iddiaçı tərəfindən məcburi mediasiya sessiyasında iştirak edilmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı xx.xx.2022 il tarixdə mediasiya təşkilatına müraciət etmiş, müvafiq arayış aldıqdan sonra xx.xx.2022-ci il tarixdə prosessual məcəllənin tələblərini pozaraq iş üzrə icraatın təzələnməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə kobud prosessual pozuntuya yol verərək iş üzrə icraatı təzələmişdir. Belə ki, AR MPM-nin 260.4-cü maddəsinə əsasən, məhkəmə tərəfindən iddia ərizəsi üzrə icraat təzələnməməli idi, iddiaçı ümumi qaydada yenidən məhkəməyə müraciət etməli idi. Lakin məhkəmə tərəfindən qeyd edilən bu hallar nəzərə alınmamışdır. İddiaçı ilkin olaraq iddia müddəti ötürülmədən məhkəməyə müraciət etmiş olsa da, sonradan xx.xx.2022 ildə iddia ərizəsi baxılmamış saxlandığından, buna görə də iddia müddətinin axımı davam etdiyindən, buna görə də, iddiaçı Əmək Məcəlləsinin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün AR Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürdüyündən, məhkəmə hazırki işə iddia müddətini də tətbiq edərək iddia tələbini rədd etməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, ilk növbədə qeyd edilməlidir ki, işçilərin ixtisarı ilə bağlı cavabdeh tərəfindən müvafiq əmr qəbul edilmiş, işçilərin attestasiya edilməsi üçün xx.xx.2020-ci il tarixdə test imtahanı keçirilmişdir. İmtahanın nəticələri həmin gün məlum olsa da, cavabdeh nədənsə, 8 ay sonra yəni 2021-ci ilin may ayında iddiaçı ilə “eyni balı" toplayan Telman Əliyev arasında peşə sınaq imtahanı keçirmişdir. Test imtahanı ilə bağlı onu qeyd etmək lazımdır ki, iddiaçının əmək stajı onunla “eyni balı” toplayan X1 qədər çox olsa da, staja görə qiymətləndirmə zamanı hər iksinə eyni faiz (30 faiz) dərəcəsi verilmişdir. Bu kriteriyanın hansı əsasla müəyyən edildiyi məlum deyildir. Halbuki, real olaraq 20 ildən yuxarı iş stajı olan işçi ilə ondan daha az stajı olanın eyni qiymətləndirilməsi düzgün deyildir. Digər bir məsələ xx.xx.2020-ci il tarixdəki test imtahanlarının nəticələrindən 8 ay sonra cavabdehin “keçirdiyi peşə sınaq imtahanı" ilə bəzi məqamları qeyd etmək zəruridir. Cavabdeh “müvafiq komissiya" tərəfindən X5 bacarıqlarının daha yüksək qiymətləndirildiyini bildirmiş və bu səbəbdən də iddiaçıya xəbərdarlıq bildirişi göndərildiyini göstərmişdir. Cavabdehin “peşə sınaq imtahanı” ilə bağlı təqdim etdiyi sənədlərə nəzər yetirən zaman məlum olmuşdur ki, cavabdehin “müvafiq komissiya”sı cəmi 2 nəfərdən (Qədir Allahverdiyev - Energetika və Elektrik avadanlıqlarının avad. tex. xidmət şöbəsinin rəis müavini və Bahadur Baxışov - Avtomatlaşdırma və MBC tex. xid. şöb. rəis müavini) ibarət olmuş, "qiymətləndirmə" isə cəmi 1 (bir) nəfər (Qədir Allahverdiyev) tərəfindən həyata keçirilmişdir. Halbuki, komissiyanın sayının tək say tərkibdə (ən azı 3 nəfərdən ibarət) olmalı, qiymətləndirmə isə ümumi şəkildə komissiyanın bütün üzvlərinin iştirakı ilə aparılmalı idi. Bundan əlavə, qeyd edilməlidir ki, qiymətləndirmənin nəticəsinə dair yekun protokolla iddiaçı tanış edilməmişdir. Bu hal da xüsusilə vurğulanmalıdır ki, sahə üzrə praktiki bacarıqların “qiymətləndirmə“si zamanı iddiaçıya əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmişdir. Belə ki, iddiaçı qadın cinsinin nümayəndəsi olmasına baxmayaraq, fiziki cəhətdən uyğun olmayan tapşırığın yerinə yetirilməsinə cəlb edilmiş, ona işıq dirəyinə çıxıb naqili oradan açmaq tapşırılmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən, iddiaçının əmək funksiyasına yüksəktezlikli sıxlıq sisteminin, yarımkeçirici aparatların, özüyazan teleavtomatikanın və elektronik qeydedici cihazların və kabel zəncirlərinin, mürəkkəb statik avadanlığının istismar-texniki xidməti və təmiri xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi və aradan qaldırılması daxildir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu funksiyalardan hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə işçiyə əlavə funksiyaların daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. Cavabdehin məhkəməyə verildiyi dediyi akt birinci instansiya məhkəməsində keçirilən proseslərdə təqdim edilməmişdir. Təbii ki, aktın da HİK qərarı kimi formal xarakter daşıdığı aşkardır. Belə ki, İddiaçı HİK-də iclasın keçirilməsindən xəbəri olmamış, ümumiyyətlə o, iclasa dəvət olunmamışdır. Nədənsə, cavabdeh HİK-in iclasına dair protokolun xx.xx.2022-ci ildə deyil, xx.xx.2022-ci ildə tərtib edildiyini bildirir, lakin cavabdehin HİK-ə müraciətinin tarixinə nədənsə toxunmur. Halbuki, işdə olan materiallara nəzər yetirəndə görmək olur ki, elə müraciət də xx.xx.2022-ci il tarixdə edilmişdir. Bu vəziyyətdə çox maraqlı bir məsələ ortaya çıxır. Deməli, xx.xx.2022-ci il tarixdə müraciət göndərilir, elə həmin günü, daha doğrusu iş vaxtının saat 09:00-da başlanıldığını nəzərə alsaq, cəmi 1 saat 30 dəqiqə sonra "iclas” təyin edilir, həmin qısa müddət ərzində cavabdeh imkan tapıb heç kimə məlum olmayan formada guya İddiaçı iclasın tarixi barədə “məlumatlandırır” və İddiaçı saat təqribən 10 radələrində ora gəlir ancaq içəri girməkdən imtina edir. Göründüyü kimi ssenari gözəl ancaq zamanlaması yanlışdır. Bu zaman kəsiyində bütün bu yazılanların edilməsi mümkün olmamaqla bərabər həm də absurddur. Üstəgəl buna “don geyindirmək” üçün əlavə olaraq sonradan akt da tərtib edilmişdir. HİK-in qərarının cavabdehin təqdimatından fərqi yalnız üzərində qərar sözünün yazılması olmuşdur. Qalan hissələrdə eynilə təqdimatın təsdiqi həyata keçirilmişdir. Bu hal özü də bir daha sübut edir ki, bütün bu sənədlər formal olaraq tərtib edilmiş və reallıqda Həmkarlar İttifaqının işçi ilə bağlı mövqeyini bildirən sənəd kimi qəbul edilə bilməz. Həmkarlar İttifaqının protokolu xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, lakin iddiaçının iclasda iştirakı təmin edilməmiş və ya onun hər hansı formada iclasın tarixi barədə məlumatlandırılmasına dair hər hansı təsdiqedici sənəd yoxdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmənin kollegiyasının iclasında cavabdeh “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X9 və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yönəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
18. Maddə 12. İşəgötürənin əsas vəzifələri əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır.
19. Maddə 68, bənd 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
20. Maddə 70, bənd “b”. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər.
21. Maddə 71.1. işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
22. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
23. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
24. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
25. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
26. Maddə 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
27. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
28. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
29. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
30. Maddə 296.2. Bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
31. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
AR Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyini və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olub-olmadığına ilk növbədə mübahisələndirilən əmrin özünün əsaslı olub-olmaması baxımından qiymət verilməlidir.
37. Cavabdehin nümayəndəsinin təqdim etdiyi ştat cədvəllərindən mübahisəsiz qaydada aydın olur ki, iddiaçının peşəsi üzrə 16 ştat vahidi mövcud olmuş, ixtisardan sonra həmin vəzifə üzrə cəmi 6 ştat vahidinin qalması müəyyən edilmişdir.
38. 6 ştat vahidi üzrə 16 nəfər dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru peşəsi üzrə reytinq siyahısında İddiaçı və X7 eyni bal toplayaraq 6-cı sırada yerləşdiyindən praktiki bacarıqların yoxlanması üçün peşə sınaq imtahanı keçirilmiş və nəticədə X7 daha yüksək bal topladığı üçün onunla əmək münasibətlərinin davam etdirilməsi qərara alınmışdır.
39. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
40. Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə (maddə 70). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir ( Maddə 78, hissə 1). İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır (maddə 79).
41. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən eyni bal toplamış elektrik montyoru vəzifəsində işləmiş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verildiyinə istinad etmişdir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin müəyyən edilən hallarına zidd sayır.
43. Belə ki, “Siyəzənneft” Neft və qazçıxarma İdarəsinin rəisi A.Bağırov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyorunun Peşə Təlimatında elektrik montyorunun iş xüsusiyyətləri sadalanmış, məhkəmə baxışı zamanı iddiaçıya qiymətləndirmə zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmədiyi müəyyən edilmişdir.
44. 06.05.2021-ci il tarixli “namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi” vərəqəsindən görünür ki, iddiaçı 5 fərqli praktiki tapşırığın nəticəsində ortalama balı 2,6 olmaqla (hidravlik çəki indikatorunun quraşdırılması üzrə 2, telemexanika xətlərinin korroziyadan təmizlənməsi üzrə 2, induktiv qüvvə vericisinin dəyişdirilib təmizlənməsi üzrə 2, teleözəyin dəyişdirilib təmizlənməsi üzrə 5, telemexanika xətlərində qəzaların ləğvi üzrə 2 balla) qiymətləndirilmişdir.
45. Beləliklə, müəyyən edilir ki, qiymətləndirmə zamanı iddiaçıya verilən tapşırıq 5-ci dərəcə elektik montyorunun Peşə Təlimatına uyğun olmuşdur.
46. Birinci instansiya məhkəməsi iddianı rədd etmə əsaslarından biri kimi, həmçinin Həmkarlar İttifaqı tərəfindən yazılı formada tərtib olunmuş əsaslandırılmış qərarın cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi, Həmkarlar İttifaqının iclasının keçirilmədiyi, iclas protokolunun formal tərtib olunduğuna istinad etmişdir.
47. Halbuki, apellyasiya baxışı zamanı təqdim olunmuş və cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə, saat 10.30-da keçiriləcək Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumat verilmiş və o, saat 10.00 radələrində HİK-nə gəlmiş, lakin iclasda iştirak etməkdən imtina edərək çıxıb getmişdir.
48. Beləliklə, mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmri və yeni təsdiq edilmiş ştat cədvəli, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli protokolu əsas götürülmüşdür. Yəni, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl olunmuş və əmək müqaviləsinə xitam verilməsi üçün Həmkarlar İttifaqı Komitəsinin qabaqcadan razılığı alınmışdır.
49. İddiaçının, ixtisar həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentinə münasibətdə kollegiya qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır.
50. Kollegiya onu da qeyd edir ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışdır.
51. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir.
52. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı MPM-nin 77-ci maddəsinin tələbinə əməl etməyərək öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
53. İşə baxan məhkəmə tərəfindən isə iş üzrə toplanmış sübutlar MPM-in 88-ci maddəsinin tələbinə uyğun şəkildə düzgün qiymətləndirilməmişdir.
54. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır (MPM-in 385.1.1 və 385.1.4-cü mad). Ona görə də qətnamə ləğv olunmalı və iddia rədd edilməlidir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1484/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı tutularaq cavabdeh “Azneft” İstehsalat Birliyinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.