Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6430/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(007)-2074/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(007)- 2074/2021 saylı qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 45A, 16 saylı mənzilin dəyərinin əvəzi olaraq 54000 manat və 22 aprel 2017-ci il tarixdən 47 ayın aylıq kirayə haqqı qismində 300 manat olmaqla, cəmi 14100 manat kirayə haqqı məbləğinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətlə bağlı vəkilə ödənilən 300 manatın, cəmi 68430 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(007)-2074/2021 saylı qətnaməsindən qanunla müəyyən edilmiş şikayət vermə müddətinin buraxılmasının səbəbini üzrlü hesab edərək buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən o, apellyasiya şikayəti vermişdir. 2(007)-2074/2021 saylı sözügedən qətnamədən şikayəti vəkili “Elektron məhkəmə” portalından vermişdir. “Elektron məhkəmə” sistemində şikayətin statusu 24.01.22-ci il tarixdə “göndərilmiş” kimi qeyd olunur, lakin şikayət və ona əlavə edilmiş sənədlər məhkəməyə gəlib çatmamışdır. “Elektron məhkəmə” sisteminin “880” çagrı mərkəzinə zəng etmişdir. Çağrı mərkəzinin əməkdaşları “Eny desk” proqramı vasitəsi ilə hər hansı çatışmazlıq müəyyən edilmədiyini bildirmişlər, amma texniki səbəblərdən şikayət gəlib məhkəməyə çatmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2074/2021 saylı qərardadı ilə, Cavabdeh1 müddətin bərpasına dair ərizəsi təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2074/2021 saylı iş üzrə qəbul etdiyi 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının səbəbləri Cavabdeh1 münasibətdə üzrlü hesab edilməsi, buraxılmış müddətin bərpa edilməsi və mülki işin Cavabdeh1 apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək göstərmişdir ki, müvafiq qətnamə icraya yönəldildikdən sonra qarşı tərəf 13 iyul 2022-ci il tarixində apellyasiya şikayəti və müddətin bərpası barədə əsassız ərizə vermişdir. Belə ki, artıq 02 mart 2022-ci il tarixində apellyasiya şikayətinin müddəti ötürülmüşdü. 28 dekabr 2021-ci il tarixi ilə 02 mart 2022-ci il tarixi arasında üzrlü səbəbi göstərən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Digər tərəfdən qarşı tərəf müddətin bərpası barəsində olan ərizəsində bildirir ki, guya onlar apellyasiya şikayəti verərkən sistemin qüsuru səbəbindən apellyasiya şikayəti göndərilməmişdir. Daha sonra isə öz qeydlərini təkzib edərək bildirir ki, “880" X4 Desk proqramı vasitəsilə şəxsi kompyuterə daxil olaraq hər hansı sistem xətasının olmadığı müəyyən edilmişdir. Bunlar bir daha onu göstərir ki, qarşı tərəfin vəsatəti formal xarakter daşıyır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2022ci il tarixli, 2(007)-2074/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(007)-2074/2021 nömrəli qətnaməsi xəbərnaməli poçt vasitəsilə tərəflərin ünvanına göndərilmişdir. Cavabdeh1 qətnaməni rəsmi qaydada xx.xx.2021-ci il tarixdə, digər Cavabdeh2 isə xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Eləcə də işin hallarından görünür ki, Cavabdeh1 məhkəmənin qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti versə də, “Elektron məhkəmə” informasiya sistemində həmin şikayət sistemə yüklənməsinə baxmayaraq əks olunmamışdır, bundan sonra nöqsanlar aradan qaldırılmış, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti yenidən sistemə yüklənmişdir. Beləliklə, bu prosedurlar əsnasında cavabdeh tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən olumuş 1 (bir) aylıq müddəti ötürülmüş, bu səbəbdən müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət cavabdeh tərəfindən üzrlü səbəblərdən ötürülmüşdür. Belə ki, iş materiallarından da göründüyü kimi, apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş müddətdən gec verilməsi cavabdehin iradəsindən asılı olmayan səbəblərdən olmuşdur. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X3 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.» Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(007)-2074/2021 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(007)-2074/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6430/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6430/2022
19.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver