Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6432/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli, 2(008)-1976/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 36.746 manat məbləğində pulu qaytarmaqdan boyun qaçırdığına görə bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla, əldən çıxmış faydaya görə 19.789 manat məbləğində pulun və 36.746 manat pulu özündə saxlamaqla 2015-ci ildə baş vermiş iki dəfə devalvasiyanı və hazırda 1 ABŞ dollarının 1.70 manata bərabər olmasına görə 80.087 manat məbləğində maddi ziyanın, cəmi 99.876 manat məbləğində pulun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-3286/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilərək, Cavabdeh 36.716 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bu iş üzrə icra işi Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Lakin xeyli vaxt keçməsinə və məhkəmə qətnaməsi olmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 3(008)- 967-14 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 5 gün müddətinə həbs edilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 1 (008)-112/2016 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Cavabdeh qanuni qüvvədə olan məhkəmə qərarını icra etməkdən boyun qaçırır. Belə ki, xx.xx.2014-cü il tarixdə 1 ABŞ dolları 0.78 Azərbaycan manatına idi. 4 il 7 aydır ki, cavabdeh iddiaçının 36.746 manat pulunu özündə saxlayıb iddiaçıya geri qaytarmır. Aradan keçən dövr ərzində 2015-ci ilin fevral və dekabr aylarında manatın iki dəfə devalvasiyası baş vermiş və Azərbaycan manatı ABŞ dolları qarşısında dəyərini əhəmiyyətli dərəcədə xeyli itirmişdir. 2014-cü ildə 36.746 manat 1 ABŞ dollarının 0.78 manat olması nəzərə alınsa, bu, 47.110 ABŞ dolları etmişdir. Hazırda isə 1 ABŞ dolları 1.70 manatdır. Hazırki qiymətlərlə götürəndə 47.110 ABŞ dolları 80.087 manat edir. Göstərilənlər nəzərə alındıqda cavabdeh iddiaçıya borclu olduğu 36.746 manat pulu vaxtında qaytarmadığına görə iddiaçıya 80.087 manat borcludur və bu məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 36.746 manat pul vəsaitini Cavabdeh əsassız olaraq, qaytarmaqdan boyun qaçırdığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə əsasən həmin vəsaitin məbləğindən faizləri ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında yerləşdirilmiş məlumatdan görünür ki, xx.xx.2018-ci ildən hazırkı vaxtadək bank uçot dərəcəsi 9.75 % miqdarındadır. Cavabdeh xx.xx.2014-cü ildən başlayaraq, 4 il 7 ay, yəni 55 ay ərzində iddiaçıya olan 36.746 manat borcunu qaytarmaqdan boyun qaçırmaqla həmin pulu özündə qanunsuz saxlayıb ondan gəlirlər əldə edib faydalanmaqla həmin borcun qaytarılmasını qəsdən gecikdirməklə xx.xx.2014- cü ildən indiyə kimi Mərkəzi Bankın uçot dərəcəsi üzərinə 2 faiz bəndi əlavə edilməklə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərə alınmaqla iddiaçıya vurduğu zərərə görə əlavə 19.789 manat (36.746 manat x 11.75 % (Mərkəzi Bankın uçotdərəcəsi) / 12 ay (aylıq faiz dərəcəsi) x 55 ay (ödənişin gecikdirildiyi aylar) ödəməlidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli, 2(008)-1976/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-1976/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, Sabunçu rayon Məhkəməsi sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirmək əvəzinə, ona qarşı qərəzli, qeyri-obyektiv mövqe tutmuş, qətnamə çıxaran zaman yalnız cavabdehin heç bir həqiqətə uyğun olmayan izahatlarım əsas götürmüşdür. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə İddiaçı oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı işin baxılmasının təxirə salınmasını xahiş etmiş, lakin gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Belə ki, iş materiallarında olan Sabunçu rayon Məhkəməsinin 2(008)-3286 saylı, xx.xx.2014cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 36.716 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1 (008)-112/2016 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında yerləşdirilmiş məlumatdan görünür ki, xx.xx.2018-ci ildən bu günədək bank uçot dərəcəsi 9.75 % miqdarındadır, xx.xx.2019-cu il tarixdən etibarən 1 ABŞ dolları 1.70 Azərbaycan manatına bərabərdir, faiz dəhlizi isə xx.xx.2018-ci il tarixdən etibarən aşağı həddi 7.75 %, yuxarı həddi 11.75 %, uçot faiz dərəcəsi 9.75 %-dir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun öhdəliyin icrasının gecikdirilməsi sayılır. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə 5 məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır. Birincisi qanunsuz saxlama, ikincisi qaytarmaqdan boyun qaçırma, üçüncüsü ödənilməsini digər şəkildə gecikdirmə, dördüncüsü başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplamaqla. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbini Cavabdeh onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul vəsaitini özündə saxlamaqla faydalanması və bununla əlaqədar gəlir əldə etməsi ilə əsaslandırsa da, qeyd olunan faydalanmanı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh Atayev X1 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(008)- 112/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və qeyd olunan müddət ərzində cəza çəkmişdir. Bununla yanaşı Sabunçu rayon Məhkəməsinin 2(008)-3288 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi Cavabdeh tutulan məbləğ-36716 manat olduğundan, iddiaçının ABŞ dollarının məzənnəsinin artması ilə əlaqədar vurulmuş zərərin əvəzinin tələb edilməsi barədə iddiası da əsassızdır. Məhkəmə həmçinin iddiaçıya izah etmişdir ki, o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli, 2(008)- 1976/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6432/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6432/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver