Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6433/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: " mənzilə köçürülmə") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə və nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onun Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə ünvanında inşa etdiyi fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Adilə Paşayeva) ilə iddia tələbi təmin edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onların dəlilləri:
4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə və nümayəndəsi və vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
7. "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında olan tikintinin sahibi İddiaçıdur və həmin tikinti 25060 manat dəyərində qiymətləndirilmişdir.
8. AZ-İ seriyalı 435004 nömrəli xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur.
9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)- 4780/2023 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə ünvanında yaşayan Cavabdeh 180 gün müddətində uzunmüddətli mühafizə orderinin verilməsi qət edilmişdir.
10. xx.xx.2023-cü il tarixli müvəqqəti qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2028-ci ilədək ünvan 3 ünvanı qeydiyyata alınmışdır.
11. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)- 8636/2023 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə ünvanında yaşayan Cavabdeh 180 gün müddətində uzunmüddətli mühafizə orderinin verilməsi qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(013)- 2021/2024 nömrəli qətnaməsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8636/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, zərərçəkmiş Cavabdeh maraqlı şəxs Sabunçu Rayon Polis İdarəsi və Sabunçu Rayon İcra Şöbəsi cəlb olunmaqla uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəsi təmin edilməmişdir.
13. "Azəriqaz" İB-nin xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında olan qaz sayğacı iddiaçının adınadır.
14. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında olan su sayğacı iddiaçının adınadır.
15. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında olan elektrik sayğacı iddiaçının adınadır.
16. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-188/2-2826/2024 nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri Ramana qəsəbəsi 2-ci sahə adlanan ərazidə qeydiyyatsız yaşayır.
17. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-35/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi" tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Nümayəndə cavabdehlər İddiaçı və X1 qarşı "fərdi yaşayış evinin boşaldılaraq cavabdehlərin evdən çıxarılması" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 43.İ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
22. 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
24. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
32. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
33. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
37. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
39. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Belə ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Bakı şəhəri Ramana qəsəbəsi 2-ci sahə ünvanında olan yaşayış evi özbaşına tikilidir. İddiaçı mübahisəli evdə xx.xx.2023-cü ildən müvəqqəti qeydiyyatdadır. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında nikah 2022-ci ildə pozulmuşdur. Bundan sonra aralarında olan gərgin münasibətə görə iddiaçı həmin evdə yaşamamışdır. Cavabdehin atası müstəqil tələb irəli sürən üçüncü şəxs kimi Yasamal Rayon Məhkəməsinə “Bakı şəhəri Ramana qəsəbəsi 2-ci sahə ünvanında olan fərdi yaşayış evindən İddiaçı və Cavabdeh çıxarılması” tələbinə dair iddia ilə müraciət etsə də, məhkəmədə iddiası təmin olunmamışdır. Qeyd olunan qətnamə qanuni qüvvəsini almayıb.
42. İddia tələbini təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur və iddiaçı mübahisəli evə köçürülməlidir. Belə ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir.
43. Göründüyü kimi, tərəflər xx.xx.2007-ci ildə nikah bağlamış, AZ-İ seriyalı 435004 nömrəli xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Mübahisəli ev tərəflərin birgə nikah dövründə inşa edilmişdir.
44. Özbaşına tikililərin (ev və ya mənzil) inşa olunmasında əməyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi ilə bağlı oturuşmuş məhkəmə təcrübəsi mövcuddur.
45. Bəllidir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan şəxsləri həmin tikiliyə köçürmək barədə qətnamə qəbul edə bilər.
46. Məhkəmə Kollegiyası qeyd edir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan əsassız məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər.
47. Belə ki, bu halın mövcudluğu, yəni özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarılması və digər bu kimi hərəkətlər hər bir halda mübahisə edən tərəflərin maraqlarının mütənasibliyi baxımından qiymətləndirilməlidir. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni əgər məhrumedənin mənzilə digərinə münasibətdə üstün hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir.
48. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.
49. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.
50. Beləliklə, iddiaçı köçürülməsini tələb etdiyi evə münasibətdə cavabdehlə eyni hüquqa malik olduğundan rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
51. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
53. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2186/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.