Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6433/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmək mübahisələri üzrə iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2613/2025 saylı, 25 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2021-ci il tarixindən Cavabdeh MMC-də baş mühasib vəzifəsində çalışmışdır. Tərəflər arasında yaranmış əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. O, tərəf olduğu əmək müqaviləsinə xitam verildiyi barədə xx.xx.2024-cü il tarixindən məlumatlı olmuşdur. Beləliklə də hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2024-cü tarixindən başlanmışdır. İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə xx.xx.2025-ci il tarixində ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyindən iddiaçı xx.xx.2025-ci il tarixində mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən müvafiq məzmunlu arayış xx.xx.2025-ci il tarixində tərtib edilmişdir. Bundan sonra iddiaçı əmək mübahisəsinin məhkəmə qaydasından həlli məqsədilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 001/s saylı Əmrin ləğv edilməsi, Cavabdeh MMC-yə baş mühasib vəzifəsində işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-də xx.xx.2021-ci ildən xx.xx.2024-ci il tarixə kimi əvvəlcə mühasib və daha sonra baş mühasib vəzifəsində işləmişdir. Əmək hüquqlarının pozulmasına və təyin edilmiş əmək haqqının azaldılmasına etiraz etmiş və bu etirazı cavabdeh təşkilatın direktoru K.Kərimovun xoşuna gəlmədiyi üçün o qəbul etdiyi xx.xx.2024-cü il tarixli 001/s saylı Əmrlə onu xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a maddəsi ilə işdən çıxarmışdır. Həmin əmrdə qeyd olunmuşdur ki, guya əmək müqaviləsinə xitam verilməsi öz xahişi əsasında aparılmışdır, halbuki işdən çıxarılmağı barədə ərizə verməmişdir və belə bir əsasla işdən çıxarılmağı əmək qanunvericiliyin pozulması deməkdir. Lakin işdən çıxarılmağı barədə ərizə verməmiş və bunu cavabdehdən xahiş etməmişdir. Əmək mübahisəsinin sülh yolu ilə həlli ilə bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasına gəlməmiş və məsələnin məhkəmədənkənar həllinə cəhd etməmişdir. Müvafiq sənədləri toplamaqla xx.xx.2025-ci ildə elektron qaydada Bakı şəhər Nərimanov rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli 2(005)-2242/2025 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və buna səbəb kimi iddia tələbinin forma və məzmununa əməl olunmaması qeyd edilmişdir. Onu da qeyd edir ki, ona qarşı qanunsuzluqlar barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Rəhbərliyinə müraciət etmişdir, aidiyyatı üzrə müraciətimin nəticəsi olaraq Econstruction MMC-nin vəzifəli şəxsi barədə AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024 tarixli MN1808333 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir, xx.xx.2024 tarixində bununla bağlı sənəd təqdim edilmişdir.
4. Cavabdeh MMC-nin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iş materialında olan (iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilən) Əmək müfəttişliyinin araşdırmasının nəticəsinin cavabından da aşkar şəkildə görünür ki iddiaçı onun əmək müqaviləsinə xitam verildiyini qanunvericiliyə uyğun şəkildə bilmişdir. Daha sonra 24 oktyabr 2024-cü il tarixdə Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək Müfəttişliyi araşdırma aparmış və işə götürən tərəfindən qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinə xitam barədə əmrin elektron şəkildə işçiyə təqdim edildiyi və son haqq hesabın da qanunvericiliyə uyğun hesablanıb ödənilməsi bəndinin həmin əmrdə öz əksini tapdığı müəyyən edilmişdir. Daha sonra yalnız 3 ay 24 gün sonra 24 yanvar 2025-ci il tarixdə ilkin mediasiya sessiyası barəsinə təkliflə işə götürənə müraciət edilmişdir. İddia tələbində Cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 001/s saylı Əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-yə baş mühasib vəzifəsində işə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Həmçinin Cavabdeh MMC-nin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı özü də hər məhkəmə iclasında hüquqlarının pozulduğunu bildiyi vaxtı təkrarən qeyd etmişdir. Bildirmişdir ki, əmr xx.xx.2024-cü il tarixdə almış və xəbəri olmuşdur. Daha sonra cavabdehi cəzalandırması üçün xx.xx.2024cü il tarixdə Əmək Müfəttişliyinə müraciət etmişdir. Daha sonra yalnız 3 ay 24 gündən sonra xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası barədə təkliflə işəgötürənə müraciət etmişdir. İddiaçı həmin vaxta qədə artıq qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2613/2025 saylı 25 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi üzrə işçiyə dair bütün sənədlərin (əmək müqaviləsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmr, ona əsas olmuş sənədlər, edilmiş əmək haqqı, son haqq-hesab və digər ödənişlər və s.) Cavabdeh MMC tərəfindən təxirə salınmadan məhkəməyə təqdim edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli sübutların təmin edilməsi qərardadı qəbul olunmuş, icra olunması üçün cavabdehə göndərilmişdir. Bununla belə xx.xx.2024-cü il tarixli 001/s saylı əmrin verilməsinə əsas olan sənədlər – işçinin işdən çıxma barədə ərizəsi məhkəməyə təqdim edilməmişdir. Halbuki bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür.
8. Əmək Məcəlləsinin 68 və 19-cü maddələri, işçinin öz təşəbbüsü (yazılı şəkildə ifadə olunmuş iradəsi) əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun öz xahişi ilə xitam verildiyi qeyd olunsa da, iddiaçının işdən azad olunması məqsədilə yazılı ərizə ilə cavabdeh təşkilata müraciət etməsi təsdiq olunmamışdır. Sadalanan maddi hüquq normalarının tələblərindən və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara əsasən hazırda iddiaçı barəsində qəbul edilmiş əmrin qəbul edilməsi zamanı cavabdeh tərəfindən pozuntulara yol verildiyi aşkar olunmuşdur.
9. Bununla belə məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddətlərinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2024-cü il tarixli 001/s saylı əmri ilə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 27 dekabr 2024-cü il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçı “ECONSTRUCTİON" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə xx.xx.2024-cü il tarixli müraciət ünvanlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı xitam olunması ilə bağlı əmri 22-23 oktyabr ayında gördüyünü və Əmək Müfəttişliyinə müraciət etdiyini bildirmişdir.
10. Göründüyü kimi, iddiaçı 2024-cü ilin oktyabr ayından hüququnun pozulduğunu əmək müqaviləsinə öz xahişi ilə xitam verildiyindən məlumatlı olmuşdur. Belə olan halda iddiaçı hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı ərzində hazırki tələblə məhkəməyə müraciət etməli olduğu halda, həmin tarixdən 2 aydan çox müddət keçdikdən sonra xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına, 6 aya yaxın müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüş (mediasiya prosesinin tətbiqi ilə əlaqədar xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iddia müddətinin axımının dayandırılması da nəzərə alınmaqla), müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübutları isə məhkəməyə təqdim etməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 42, 68, 69.1, 69.7 və 290.2ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2613/2025 saylı 25 sentyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə onun iddia tələbini rədd edərkən müəyyən etmişdir ki, onun işdən çıxmağı ilə bağlı ərizəsi yoxdur, lakin belə bir ərizə olmadığı halda qarşı tərəf onun konstitusion əmək hüquqlarını pozaraq bu qanunsuzluğa yol vermişdir, digər tərəfdən ona işdən çıxarılmağı ilə bağlı əmrin surəti, əmək kitabçası, son haqq-hesab hələ də verilməmişdir. İşdə olan X2 verdiyi arayışla onun işdən qanunsuz çıxarılmağı və bunun nəticəsində ona maddi ziyan dəydiyi sübuta yetsə də məhkəmə ona dəymiş maddi ziyanın ödənilməsi, məcburi işburaxmaya görə hesablanmalı olan əmək haqqının ödənilməsi hissəsində də iddia tələbini rədd etmişdir. Tərəfindən qaldırılan hər 3 iddia üzrə məhkəmə onun iddia müddətini ötürməyi barədə gəldiyi nəticə əsasında rədd qərarını qəbul etmişdir. Halbuki o, işdən çıxma barədə ərizə yazmadığı halda cavabdeh orqanın onu hansı maddə isə və hansı əsasla işdən çıxarıldığını hardan bilə bilərdi? Ona əmrin surəti verilməmişsə, əmək kitabçası ƏM-də göstərilən müddətdə təqdim olunmamışdırsa və son haqq-hesab ona ödənilməmişdirsə, hansı iddia müddətinin ötürülməsindən söhbət gedə bilər? Məhkəmə qətnamədə qeyd etmişdir ki, guya o, məhkəmədə bildirmişdir ki, 22-23 oktyabr tarixində guya o işdən çıxarılmağını bilmişdir, halbuki o, həmin vaxt işdən çıxarılmağına inanmamış, bunu müdiriyyət tərəfindən ona qarşı qərəzli olması səbəbindən qeyri-rəsmi olaraq hədə-qorxu gəlmək məqsədi ilə atılan addım kimi qəbul etmiş, lakin artıq 2 ay davam edən araşdırmadan sonra X2 məktubunu aldıqda isə ona məlum olmuşdur ki, saxtakarlığa yol verilməklə və guya onun işdən çıxma barədə ərizəsi əsasında o, işdən çıxarılmışdır, lakin belə bir ərizə məhkəmə tərəfindən dəfələrlə tələb olunsa da təqdim edilmədi və sonuncu dəfə qarşı tərəf belə bir ərizənin olmadığını etiraf etmişdir. Konkret halda ona əmrin surəti, əmək kitabçası, son haqq-hesab verilməmiş və bunları o, rəsmi olaraq bu gün də almamışdır, həmin sənədlərdən yalnız surətini qarşı tərəf məhkəmə zamanı təqdim etmiş, lakin son-haqq hesab və əmək kitabçası ona verilməmişdir. Qarşı tərəfin bunun əksini sübut edən dəlilləri olmadığı halda məhkəmə iddia müddətinin ötməsini əsas gətirməklə iddiasını rədd etmişdir. Məhkəmə qeyd etmişdir ki, guya o, 2024-cü ilin oktyabr ayından hüququnun pozulduğunu - əmək müqaviləsinə «öz xahişim ilə» xitam verildiyindən məlumatlı olmuşdur. Halbuki məhkəmədə onun öz xahişi ilə işdən çıxarılmağı təsdiq edilmədi, yəni o, belə bir ərizə yazmamışdır, bu da məhkəmənin onun 2024-cü ilin oktyabr ayından işdən çıxmağından məlumatlı olmağı barədə versiyanı inkar edir. Daha sonra məhkəmə qeyd edir ki, iddiaçı hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı ərzində hazırki tələblə məhkəməyə müraciət etməli olduğu halda, həmin tarixdən 2 aydan çox müddət keçdikdən sonra xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına, 6 aya yaxın müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Məhkəmənin bu yanaşması da tam əsassızdır, belə ki, qeyd etdiyi kimi X3 müraciət edən zaman o, öz xahişi əsasında işdən çıxarıldığını bilmirdi, bilə də bizməzdi, çünki belə bir ərizə yazmamışdır, yalnız xx.xx.2024-cü ildə məktubu alanda bunu bilmiş və mediasiya araşdırmasının 2 aya yaxın müddət davam etməsi onun günahı deyildir, arayışı o, xx.xx.2025-ci il tarixdə almaqla məhkəməyə müraciət etmişdir, işin mediasiyada araşdırıldığı müddət müddət axımının dayanmasına əsas verdiyi halda məhkəmə guya uzun müddət fasilə verməyi və iddia müddətini ötürməyi barədə rəy yaratmaq üçün həmin tarixləri düzgün hesablamamışdır. Bu səbəbdən də məhkəmənin Mülki Məcəllənin 375-ci maddəsinə istinad etməklə iddia müddətinin buraxılması səbəbi ilə iddiamı rədd etməsi düzgün olmamışdır və bu da qəbul edilmiş qətnamənin qanunsuz olmasına dəlalət edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştiak edən iddiaçı İddiaçı qız apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində qarşı tərəf ona zəng vurdu ki, işdən azad etmişlər. Qarşı tərəflə aralarında daha əvvəl onun razılığı olmadan əmək haqqının aşağı salınması ilə bağlı narazılıq olmuşdu. Ona qarşı tərəf bildirdi ki, bu məsələni yerinə qoyacaq. Qarşı tərəflə aralarınakı münasibətlər əmək münasibətləri idi, onun əmək müqaviləsi var idi. O, qarşı tərəfdən rəsmi şəkildə əmək kitabçası, son haqq-hesabı, əmrin surətini və s. tələb etdi. Ona şifahi şəkildə bildirirlər. Daha sonra yenidən onlara zəng edəndə onlar ona son haqq-hesabı bir şərtlə ödəyəcəklərini bildirdilər, hansı ki, yenidən həmin vəsaiti onlara geri qaytarmalıdır. O, bununla razılaşmadı. Bundan sonra Əmək Müfəttişliyinə müraciət etdi. O, Əmək Müfəttişliyindən bu məsələlərin araşdırılmasını xahiş etdi. Əmək Müfəttişliyindən cavab gəldikdən sonra o, mediasiya və məhkəməyə müraciət etdi. O, Əmək Müfəttişliyinə xx.xx.2024–ci il tarixində müraciət etmişdir. xx.xx.2024-cü ildə cavab gəlmişdir. O, əmri və son haqq-hesabı hələ də almamış, müddəti də ötürməmişdir. İşdən azad olunmağını dəqiq bilmirdi. Bundan əmin olmaq üçün Əmək Müfəttişliyinə müraciət etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
21.Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
22.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 23.3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 24.10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 25.68-ci maddəsinin 2-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a)tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 26.68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. 27.69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 28.69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 29.69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 30.69-cu maddəsinin 6-cı bəndinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. 31.69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 32.71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 33.76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 34.83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 35.292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 36.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 37.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 38.296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 39.296.7-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 40.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
41. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
42. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
43. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
45. İşin birinci instansiya məhkəməsinin müəyən etdiyi hallarından göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixindən Cavabdeh MMC-də baş mühasib vəzifəsində çalışmışdır. Tərəflər arasında yaranmış əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. O, tərəf olduğu əmək müqaviləsinə xitam verildiyi barədə xx.xx.2024-cü il tarixindən məlumatlı olmuşdur. Beləliklə də hazırkı mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2024-cü tarixindən başlanmışdır. İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə xx.xx.2025-ci il tarixində ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyindən iddiaçı xx.xx.2025-ci il tarixində mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən müvafiq məzmunlu arayış xx.xx.2025-ci il tarixində tərtib edilmişdir. Bundan sonra iddiaçı əmək mübahisəsinin məhkəmə qaydasından həlli məqsədilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir.
46. Kollegiya qeyd etməyi zəruri sayır ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.
47. İddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
48. İş materiallarından müəyyən edilir ki, hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2024-cü tarixdən başlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 1 aydan artıq müddət keçdikdən sonra xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini (məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət etməsi nəzərə alınmaqla) ötürmüşdür. Belə ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu müddət həm də işə bərpa tələbləri çərçivəsində məcburi işburaxmaya görə əmək haqqının tutulması tələblərinə aiddir.
49. İddiaçı müddəti üzrlü səbəbdən ötürdüyünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müraciəti üzrə aparılan araşdırmanın yekunlaşmasını gözləməsi ilə əlaqələndirmişdir. İddia ərizəsinə tərəfindən həmin qurumun xx.xx.2024-cü il tarixli cavabı əlavə edilmişdir. Həmin məktubdan müəyyən edilir ki, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü İİ tarixində inzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli MN1808333 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
50. İddiaçı həmçinin onun Cavabdeh MMC-yə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-2242/2025 saylı qərardadına istinad etmişdir.
51. Bununla əlaqədar qeyd edilməlidir ki, X4 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. İddiaçının məhkəməyə xx.xx.2025-ci il tarixində etdiyi ilkin müraciəti də iddia müddətinin ötürülməsi ilə həyata keçirilmişdir.
52. Göründüyü kimi iddiaçının istinad etdiyi dəlillərə əsasən iddia müddətinin axımının başlandığı gündən mediasiya təşkilatına və məhkəməyə müraciət etdiyi tarixədək olan dövrdə, mövcudluğu onun iradəsindən asılı olmayan, onun dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə məhdudiyyət yaradan maneələrin olması barədə hər hansı sübut təqdim etməmişdir. O, məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddia müddətinin üzrlü səbəblərdən ötürüldüyü qənaətinə gəlmək üçün iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
53. Bununla belə məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamədə sərgilədiyi mövqe ilə razılaşmayaraq qeyd etməyi zəruri sayır ki, işə baxan məhkəmə iddia müddətinin tətbiqi məsələsinə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada yanaşmış, məsələnin həm də mahiyyəti üzrə araşdırmasına keçmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq hesab edir ki, sözügedən kateqoriyadan olan iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməli, müddətin üzrsüz səbəblərdən ötürülməsi halı müəyyən edildiyi təqdirdə, mübahisə tərəfinin tətbiq edilməsi barədə verdiyi ərizəyə əsasən iddia müddətinin keçməsi səbəbilə iddianın rədd edilməsi barədə qənaətə gəlinməli idi.
54. Göründüy kimi, iddia müddətinin tətbiqi məsələsinə qiymət verilməmişdən əvvəl iddia tələbləri üzrə araşdırma aparan birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə almamışdır.
55. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia məhz iddiaçının məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməsi əsası ilə rədd edilməlidir.
56. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2613/2025 saylı 25 sentyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev