Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6436/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə X2 Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ. Həsənov (Xanlar) küçəsi-0050-0110 ünvanında quraşdırılan sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir (**********00110 №-li abonent kodu).
2. Həmin ünvanda qeydiyyata alınan cihazlar 4 gözlü qaz plitəsi (PQ-4) və samovardır.
3. Həmin ünvanda abonent kimi İddiaçı həyat yoldaşı X6 qeydiyyata alınmış, sonuncu, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
4. X1 Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin aşkar edilməsi barədə xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib edilmiş, 10152 kubmetr itirilmiş qazın hesabatı aparılaraq 1015,20 manat zərər hesablanmış, həmin məbləğ abonentin saldosunda öz əksini tapmışdır.
5. Göstərilən ünvanda qeydiyyatda iki cihaz olsa da, hesabat 4 cihaz üzrə aparılmış, hesabat müddəti 180 gün götürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. X5 (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 1306 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, yaşadığı ünvan 2 ünvanıda yerləşən evə məxsus qaz sayğacına cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı əsassız olaraq borc hesablanmış, aktdan xəbəri olmamış, akt iştirakı olmadan tərtib edilmişdir. Məsələ araşdırıldıqdan sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında sayğacda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında mərhuim həyat yoldaşının adına 1306 manat məbləğində borc hesablanmışdır. Onların həmin qaz sayğacına müdaxilə etmək imkanları, heç vaxt belə niyyətləri olmamışdır. Əri öldükdən sonra o, sayğacı öz adına dəyişmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Cavabdeh təşkilat qaz xəttinə müdaxilənin onlar tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan yüksək məbləğdə cərimə hesablanmışdır.
8. Cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçının yaşadığı ünvanda ərinin sağlığında sayğacdan kənar qaz xətti aşkar edilmiş və 1015,20 manat zərər hesablanmış, kənar xətti sübut edən fotoşəkillər akta əlavə olunmuşdur.
9. Birinci instansiya məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən xx.xx.2019-cu il tarixli ******* №li Akt əsasında hesablanmış 964,8 manatın İddiaçı məxsus **********00110 №-li abonent kodundan silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli ******* №-li Akt əsasında 10152 kubmetr itirilmiş qaz düzgün hesablanmamış, hesablama müqavilədə nəzərdə tutulan iki qurğudan əlavə olaraq radiator və dəmir soba üzrə aparılmış və hesabat müddəti 180 gün götürülmüşdür. Odur ki, hesablama aşağıdakı qaydada aparılmalıdır: 0,8x6x30=144 kub metr, zərər 14,40 manat; 1,5x8x30=360 kub metr, zərər 36,0 manat, cəmi 504 kub metr qaza görə 50,4 manat zərər. Beləliklə, adıçəkilən akt üzrə iddiaçının hesab kodundan 50,4 manat məbləğində zərər silinə bilməz, 964,8 manat məbləğində silinməlidir. Akt üzrə 1015,20 manat hesablanmış olsa da, iddiaçı 1306 manatı silinməsini istəyir. İddiaçı 290,8 manat (1306 - 1015,20) borcun yaranma mənbəyi barədə məhkəməyə məlumat verməmişdir.
11. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na, “Qaz təchizatı haqında” Qanunun 13-cü maddəsinə istinad etmişdir.
12. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazdan qeyri-qanuni yolla istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
14. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçı da məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“Qaz təchizatı” haqqında Qanun
20. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
21. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
22. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
23. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
31. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.
32. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, akta görə hesablayıb tələb etdiyi 964,8 manat baxımından cavabdeh bunu sübut edə bilməmişdir.
33. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(011)-3554/2023 saylı iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə