Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6437/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3970/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı 15.08.2014cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, X5 yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 15 avqust 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahlarından 15 avqust 2014-cü il təvəllüdülü X2 adlı uşaqları doğulmuşdur. Əvvəllər cavabdehlə ailə münasibətləri normal olmuşdur. Lakin sonradan münasibətləri pozulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-209/2019 saylı 28 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan 29 yanvar 2007-ci il tarixdə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 15 avqust 2014-cü il təvəllüdülü X1 onun yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 28 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində miqdarda aliment tutulub mənim xeyrimə verilməsi qət edilmişdir. O, ailə qurarkən Bakı şəhəri, Binə qəsəbəsi, X5 yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, burada birgə təsərrüfat aparmışlar. Onlar birlikdə yaşadıqları müddətdə evdə əlavə təmir-tikinti işləri aparmışlar. Cavabdehin ona etdikləri təzyiqlərə, söz-söhbətlərə dözməyərək 2018-ci ilin iyun ayında istəməyərək uşağı ilə birlikdə həmin evi tərk etməli olmuşdur. Hazırkı tarixədək onun bütün cehiz əmlakları həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur və uşaqları ilə birlikdə kirayədə qalır. Bu da ona maddi cəhəddən çətinlik yaradır və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı 20.09.2016-cı il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, X5 yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3970/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı-qızı 20.09.2016-cı il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, X5 yerləşən özbaşına tikili olan (Cavabdeh yaşadığı) evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı “Evə köçürülmə” tələbinə dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evi faktiki olaraq Maraqlı şəxs sahiblik və istifadəsində olsa da, məhkəmə tərəfindən Maraqlı şəxs cavabdeh qismində işə cəlb edilməmiş, bu isə Maraqlı şəxs iddia tələbinə qarşı etiraz etmək hüquqlarını və məhkəmə çəkişməsi prinsipinin tələblərini aradan qaldırmaqla, onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Maraqlı şəxs faktiki olaraq ona məxsus olan torpaq sahəsində onun tərəfindən inşa edilməsi və ona məxsus olması mübahisələndirilməyən evə köçürülmə barədə iddiaya qarşı öz mövqeyini bildirmək hüquqlarından məhrum edilmişdir. Bunun nəticəsində də Maraqlı şəxs mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmiş qətnamə qəbul edilmişdir. Maraqlı şəxs məlumatı olmadan onun oğlu Cavabdeh tərəfindən iddianın etiraf edilməsi barədə ərizə verilmiş, məhkəmə tərəfindən həmin etiraf qəbul edilərək, həmçinin iddia tələbinin hüquqi əsasının olmaması nəzərə alınmadan iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdehla ailə qurduqdan sonra faktiki olaraq Maraqlı şəxs məxsus evə gəlin köçmüş və onun razılığı ilə onlar həmin evdə yaşamışlar. Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evi mövcud deyildir və Maraqlı şəxs özünə məxsus olan və hazırda mübahisə predmeti olan evi oğlu Bəxtiyara verməmişdir. Eləcə də hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs İddiaçı yaşamaq üçün evlə təmin etmək öhdəliyi daşımır. Bununla bağlı onların arasında hər hansı bir müqavilə bağlanmamış və Maraqlı şəxs onun qarşısında ailəsi dağılacağı halda belə bir vəzifə daşıyacağı barədə vəd verməmişdir. İddiaçı Cavabdehla ailə qurmamışdan əvvəl valideynləri ilə birlikdə yaşamış, Bəxtiyarla ayrıldıqdan sonra başqa şəxslə ailə qurmuş və hazırda həmin şəxslə birlikdə yaşayır. Göründüyü kimi iddiaçının daimi yaşamaq üçün yaşayış sahəsi vardır. İddiaçı başqa şəxslə ailə quraraq birgə yaşadığı halda Maraqlı şəxs məxsus torpaq sahəsində inşa edilmiş evə köçürülmə barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə də işin qeyd olunan hallarını araşdırmadan iddia tələbini təmin etmişdir. İddiaçının H.Eİüseynova məxsus fərdi yaşayış evinə köçürülməsi formal xarakter daşıyır. Belə ki, İddiaçınm həmin evə köçürülməsi barədə qətnamə çıxarılsa da, o, həmin vaxtdan ümumiyyətlə həmin evə köçüb yaşamamışdır. Bunun səbəbi yuxarıda qeyd etdiyim kimi onun başqa şəxslə ailə quraraq birlikdə yaşamasıdır. Bu fakt bir daha iddiaçının həmin evə köçürülmə barədə iddia tələbinin formal xarakter daşıdığını təsdiq edir. Bundan başqa, mübahisə predmeti olan ev hüquqlarını müdafiə etdiyi Maraqlı şəxs Abşeron rayon X6 25.12.1998-ci il tarixli, 28 saylı əmri ilə ayrılmış 0,08 ha torpaq sahəsində yerləşir və faktiki olaraq onun sahiblik və istifadəsindədir. Həmin fərdi yaşayış evinin Maraqlı şəxs tərəfindən tikilməsi və faktiki olaraq ona məxsus olması işin mübahisələndirilməyən halıdır. Həmçinin qeyd edirəm ki, İddiaçı Maraqlı şəxs məxsus fərdi yaşayış evinə köçməsinə əsas verən qanunvericilik normaları yoxdur. Belə ki, iddia ərizəsində iddia tələbinin hüquqi əsasları kimi istinad olunmuş qanunvericilik normaları həmin iddia tələbinin hüquqi əsası kimi çıxış edə bilməz. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsinə dair Cavabdeh adına Abşeron Rayon Hövsan Südçülük sovxozunun 26.12.1997-ci il tarixli 64 nömrəli əmrdən çıxarış verilmişdir. İddiaçı əlavə olaraq bildirdi ki, ev cavabdehlə birgə nikahda olduğu vaxtda birgə vəsait əsasında tikilib təmir edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3970/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.01.2019cu il tarixli 2(003)-209/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 20.09.2016-cı il təvəllüdlü X1 anası X3 yanında qalması, 20.09.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X3 xeyrinə 28.09.2018-ci il tarixdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materialarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 14.08.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 327237 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmişdir. Nikah pozulduqdan sonra qadına Abbasova soyadı verilmişdir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Mövcud qanunvericiliyə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı təqdirdə yaranır, əks halda həmin əmlak özbaşına tikili kimi qəbul edilməklə həmin əmlaka hər hansı bir hüquq tanına bilinməz. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Hazırkı işdən də göründüyü kimi fərdi yaşayış evi hüquq münasibəti yaranan zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və özbaşına tikili olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib haqlı olaraq qeyd etmişdir ki, iddiaçı 20.09.2016-cı il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, X5 yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, cavabdeh iddiaçının 20.09.2016-cı il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, X5 yerləşən fərdi yaşayış evinə köçürülməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, apellyatorun apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi faktiki olaraq onun sahiblik və istifadəsində olsa da, məhkəmə tərəfindən o, cavabdeh qismində işə cəlb edilməmiş, bu isə onun iddia tələbinə qarşı etiraz etmək hüquqlarını və məhkəmə çəkişməsi prinsipinin tələblərini aradan qaldırmaqla, hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlili əsassız hesab edir və qeyd edir ki, hər hansı şəxsi yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi qadağandır. Hüquqi dövlətdə bütün məhrumetmələrin əsası qanuni olmaqlıdır. Buna görə də mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə şəxsin köçmək istədiyi yerdə yaşayıb-yaşamadığı, yaşadığı yerdən məhrum edilməsi və məhrum edilmə qanuniliyi aydınlaşdırılmalıdır. Hazırkı işdən də göründüyü kimi, iddiaçı cavabdehlə ailə həyatı qurduqdan sonra həmin evdə yaşamış, lakin aralarında olan mübahisəyə görə iradəsinə zidd olaraq həmin fərdi yaşayış evindən yaşayışını davam etdirə bilməmiş, yəni yaşadığı evdən məhrum edilmişdir. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Hər hansı daşınmaz əmlak üzərində hüququn da mövcudluğu həmin hüququn daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatı ilə müəyyən edilir. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin və Maraqlı şəxs ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onların iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. İddiaçı cavabdehin ailə üzvü kimi hər hansı qeyd-şərt göstərilmədən mübahisəli yaşayış sahəsinə gəlin köçdüyündən və həmin yaşayış sahəsindən orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etdiyindən, hazırda da orada yaşayan digər şəxslər tərəfindən iradəsinə zidd olaraq istifadə edə bilmədiyindən həmin mənzilə köçürülməlidir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, İddiaçı başqa şəxslə ailə quraraq birgə yaşadığı halda Maraqlı şəxs məxsus torpaq sahəsində inşa edilmiş evə köçürülmə barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə də işin qeyd olunan hallarını araşdırmadan iddia tələbini təmin etmişdir. İddiaçının H.Eİüseynova məxsus fərdi yaşayış evinə köçürülməsi formal xarakter daşıyır. Belə ki, İddiaçı həmin evə köçürülməsi barədə qətnamə çıxarılsa da, o, həmin vaxtdan ümumiyyətlə həmin evə köçüb yaşamamışdır. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlillərini də əsasız hesab edir. Belə ki, apellyator qeyd etdiklərini təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, əksinə apellyasiya icraatı zamanı təqdim edilmiş fotoşəkillərdən də görünür ki, iddiaçı hazırda mübahisəli evdə yaşayır. Beləliklə, apellyasiya şikayətində göstərilən hallar heç bir sübuta əsaslanmamaqla və yalnız formal mülahizələrdən ibarət olduğu üçün qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3970/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3970/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6437/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6437/2021
25.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver