Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-644/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X4 və "xxxx" Şirkətinə qarşı “pul tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil1, cavabdeh X2 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlərin ona vurduqları maddi zərərin əvəzi ödənilməsi məqsədi ilə 11.250 manat, kompensasiya olaraq 3.000 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 1.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və onun əri X5 ilə cavabdeh Mətanət Qurbanovaya məxsus olan "xxxx" Şirkəti arasında xx.xx.2023-cü il tarixdə “Mebel mallarının istehsal olunub, çatdırılıb və quraşdırılmasına dair” xidmət müqaviləsi bağlanmışdır. Həmin gün iddiaçı tərəfindən Şirkətə 5.600 manat, xx.xx.2023-cü il tarixdə isə 5.650 manat məbləğində ödəniş edilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən, istehsal başladığı gündən 60 gün ərzində məhsul sifarişçiyə çatdırılmalı idi. Cavabdehlər müqaviləni nəzərdə tutulmuş müddətdə icra etmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi (5.600 + 5.650 =) 11.250 manatı geri qaytarmalıdır. Müqavilənin 4.11-ci bəndinə əsasən, müqavilənin icrası cavabdeh tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün, mebel dəyərinin 0,1%-i dəyərində kompensasiya ödəməlidir. İddiaçı hesab edir ki, müqavilə üzrə öhdəlik vaxtında icra edilmədiyi üçün cavabdehlər tərəfindən iddiaçıya 3.000 manat dəyərində pul vəsaiti ödənilməlidir. İddiaçı pozulmuş hüququnun bərpası məqsədilə vəkillə “Hüquqi yardım göstərilməsi barədə” müqavilə bağlamış və müqaviləyə əsasən 1.000 manat məbləğində ödəniş etmişdir. İddiaçı hesab edir ki, bu xərcin əvəzi cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün 136 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, həmin məbləğ də cavabdehlərdən tutularaq ona ödənilməlidir.
3. İddia tələbi, tərəflər arasında bağlanmış “Podrat müqaviləsi” üzrə podratçı olan cavabdehlərin sifarişçi olan iddiaçı qarşısında üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlərin iddiaçı qarşısında mülki məsuliyyət daşımasına əsaslanmışdır.
4. İşə baxılan zaman iddiaçının vəkili (nümayəndəsi) “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsində qeyd edilə müqavilə nə sifarişçi nə də ki, podratçı tərəfindən imzalanmamışdır. Buna görə də onlar iddia tələbinin hüquqi əsasını dəyişmək qərarına gəlmişlər. Buna görə də xahiş edir ki, iddia tələbinin əsası kimi, əsassız varlanma hesab edilsin. b) cavabdeh tərəfin və üçüncü şəxsin iddiaya münasibəti barədə məlumat
4. Cavabdeh Mətanət Qurbanovanın vəkili (nümayəndəsi) Vəkil2 iddianı qismən qəbul edərək Rayon Məhkəməsində verdiyi izahatda göstərmişdir ki, iddia ərizəsində qeyd edilən müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən tam icra olunmuşdur. Müqavilənin şərtləri iddiaçının özü tərəfindən pozulmuş, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən də cavabdehlər iş vaxtında tam icra edə bilməmiş, işin yalnız bir hissəsini görmüşlər. Belə ki, "xxxx" mağazasında dizayner işləyən X3 tərəfindən 3.500 manat məbləğində dizayn işləri (dizayn proyektinin hazırlanması, texniki planın hazırlanması, ölçü götürülməsi və s.) görülmüş, 2.000 manat dəyərində isə nümunələr hazırlanmışdır. Əgər iddiaçı qeyd edilən müqavilə üzrə onlarla işin görülməsini davam etmək istəmirsə, onda iddiaçının ödədiyi məbləğdən qeyd edilən xərclər çıxmaqla, qalan məbləği iddiaçıya qaytarmağa razıdırlar. Qalan hissədə isə iddia rədd edilməlidir.
5. İşə baxmış Rayon Məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X3 Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, o, cavabdeh Mətanət Qurbanovaya məxsus "xxxx" mağazasında dizayner işləyir və iddiaçı ilə bağlanmış müqavilənin icrası ilə əlaqədar dizayner işlərini həyata keçirmişdir. İddiaçı tərəf mağazaya gələn zaman onlara nümunələr verilmiş və yanvar ayının 27-nə kimi mənzilə baxıb rənglər seçilmişdir. Oktyabr ayının sonunda müqavilə imzalanmışdır. Onlar müqavilə bağlayan zaman iddiaçıya məxsus ev hələ təmirə götürülməmişdi. Daha sonra işlər başlamışdır. İddiaçı tərəf ilə aralarında heç bir narazılıq olmamışdır. İddiaçı tərəf özü əsassız olaraq işə xitam verilməsini və işin davam etdirilməsini istəmədiklərini bildirmişlər. Onun tərəfindən 3.500 manat məbləğində dizayn işləri (dizayn proyektinin hazırlanması, texniki planın hazırlanması, ölçü götürülməsi və s.) görülmüş, 2.000 manat dəyərində isə nümunələr hazırlanmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddia ərizəsində qeyd edilən podrat müqaviləsi üzrə iddiaçının ödədiyi pul məbləğində görülmüş işlərin xərci çıxmaqla (11.250 – 5.500=) 5.750 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının aldığı hüquqi yardıma görə çəkdiyi xərcin bir qisminin əvəzi olaraq 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun bir qisminin əvəzi olaraq 77,5 manat məbləğində pulun cavabdeh Mətanət Qurbanovadan tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın rədd edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının hüquqi yardıma və dövlət rüsumuna çəkdiyi xərcin qalan hissəsinin iddiaçının özünə aid edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Podrat müqaviləsi” bağlandıqdan sonra, iddiaçı, müqavilə üzrə hissə-hissə 11.250 manat ödəniş etmişdir. Eyni zamanda işin hallarından müəyyən edilir ki, həmin müqavilə üzrə cavabdeh Mətanət Qurbanovaya məxsus mağaza tərəfindən cəmi 5.500 manat məbləğində iş görülmüşdür. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir (apellyasiya şikayətinin dəlilləri ilə bağlı tam məlumat almaq üçün bax: hazırkı qətnamənin “mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi” bölməsinə). e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
10. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmənin sualına cavab olaraq iddiaçı bildirdi ki, onun tərəfindən cavabdeh tərəfə onun mənzilində istifadə ediləcək texnikanın siyahısı təqdim edilməmişdir, çünki cavabdeh tərəf mənzildə hansı texnikadan istifadə ediləcəyini bilirdi.
11. Cavabdeh Mətanət Qurbanovanın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddiaya etirazın və iddianın rədd edilməsi hissəsində Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi.
12. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs (dizayner) apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və özünün birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı onun mənzilində istifadə ediləcək texnikanın siyahısı (marka, seriya, indeks və s.) təqdim etmədiyindən, mebeli düzəltmək mümkün olmamışdır. Çünki texnikanın ölçüləri müxtəlif olur. Bununla bağlı o, dəfələrlə iddiaçı ilə əlaqə saxlayıb, evdə istifadə ediləcək texnikanın siyahısının təqdim edilməsini xahiş etsə də, iddiaçı siyahını verməmişdir. O, ustalar ilə bilikdə bir neçə dəfə iddiaçının evinə gedib, ölçülər götürsə də, evdə təmir başa çatmadığından və texnikanın siyahısı təqdim edilmədiyinən iddiaçının sifarişini yerinə yetirmək mümkün olmamışdır.
13. Apellyasiya baxışının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş üçüncü şəxs sonuncu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir.
14. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, iddiaçı ilə cavabdeh Mətanət Qurbanovaya məxsus "xxxx" mağaza arasında bağlanması qeyd edilən, lakin imzalanmamış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, müqavilənin dəyəri 56.250 manat olmaqla, müqavilə bağlanan zaman iddiaçı tərəfindən 8.500 manat, mebelin iddiaçıya məxsus yaşayış sahəsinə gətirilməsindən 30 gün öncə 19.625 manat, mebel təhvil verildikdə isə 28.125 manat ödəniş edilməlidir.
18. İddiaçı tərəf işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman həmin müqavilənin nə sifarişçi nə də ki, podratçı tərəfindən imzalanmamasını əsas gətirərək, iddia tələbinin hüquqi əsasını dəyişmiş və iddia tələbinin əsası kimi, əsassız varlanma kimi qəbul edilməsini Rayon Məhkəməsində xahiş etmişlər.
19. Bununla bağlı Məhkəmə bildirir ki, müqavilə tərəfləri həmin müqaviləni həqiqətən də imzalamamışlar. Lakin bu hal hazırkı mülki mübahisənin həlli üçün vacib amil kimi qəbul edilə bilməz, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsi podrat (tapşırıq) müqaviləsinin mütləq yazılı formada bağlanması şərtini müəyyən etməmişdir. Bu kimi müqavilə şifahi formada da bağlanıla bilər (maddə 777.2.).
20. Digər tərəfdən qeyd edilməlidir ki, həmin müqavilə imzalanmasa da, iddiaçı müqavilənin şərtlərini bəyənmiş, onları qəbul etmiş və müqavilə üzrə ödənişlər etmişdir.
21. Belə ki, işdə olan “Ödəniş qəbzlərindən” görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı tərəfindən müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 5.600 manat, xx.xx.2023-cü il tarixdə isə 5.650 manat ödəniş edilmişdir.
22. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi hazırkı apellyasiya baxışının predmeti olan mülki mübahisəyə podrat münasibətlərindən yaranmış mübahisə kimi yanaşmaqda haqlı olmuşdur.
23. Daha sonra qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdeh Mətanət Qurbanovaya məxsus mağazaya ünvanlanmış və poçt xidməti vasitəsi ilə xx.xx.2024-cü il tarixdə göndərilmiş pretenziya məktubundan görünür ki, icraçının “Podrat müqaviləsi” üzrə onun qarşısında üzərinə götürdüyü öhdəliyin yerinə yetirməməsi nəticəsində ona maddi zərər dəymişdir. Buna görə də o, həmin müqavilənin şərtlərinə əsaslanaraq tələb edir ki, müqavilə üzrə ödədiyi 11.250 manat, müqavilədə nəzərdə tutulmuş kompensasiya olaraq 3.000 manat, aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzi olaraq 1.000 manat ona ödənilsin, əks halda o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq.
24. Yuxarıda qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli “Podrat müqaviləsi” sifarişçi olaraq iddiaçı ilə podratçı olan cavabdeh Mətanət Qurbanovaya məxsus mağaza ilə bağlansa da, smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi (“WhatsApp”) vasitəsi ilə həyata keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş yazışmalarından görünür ki, müqavilə münasibətləri (sifarişçi) iddiaçı ilə (podratçı) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Mətanət Qurbanova arasında yaranmışdır.
25. Bu baxımdan qəbul edilməlidir ki, “Podrat müqaviləsi” iddiaçı ilə cavabdeh Mətanət Qurbanova arasında bağlanmışdır və Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur.
26. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (maddə 357.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.). Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir (maddə 752.2.). Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir (maddə 759.).
27. MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.).
28. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən müqavilənin predmetindən göründüyü kimi, “İcraçı” “Sifarişçinin” sifarişi əsasında bu müqavilədə qeyd olunan tələblərə (şərtlərə) və “Əlavə 1-də” göstərilən eskiz layihələrə uyğun gələn malları istehsal edib “Sifarişçiyə” (“X10”) çatırmağı və quraşdırmağı, “Sifarişçi” isə həmin malları qəbul etməyi və müqavilə ilə müəyyənləşdirilmiş dəyəri “İcraçıya” ödəməyi öhdəsinə götürmüşdür.
29. Göründüyü kimi, müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmış, tərəflər arasında daha sonra mütəmadi olaraq müqavilənin icrası ilə bağlı smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi (“WhatsApp”) vasitəsi ilə həyata keçirilmiş yazışmalar olmuşdur. Məhkəmə həmin yazışmaları sübut kimi qəbul edir. Belə ki, hər iki tərəf həmin yazışmaların onlar arasında baş tutduğunu təsdiq edir.
30. Həmin yazışmalardan müəyyən edilir ki, iddiaçı tərəfin cavabdeh Mətanət Qurbanovanın işçisi olan dizayner (hazırkı iş üzrə üçüncü şəxs) Sara Abdullayevaya ünvanladığı (xx.xx.2024-cü il tarixli) mesajda hələ evin təmirinin tam bitmədiyini bildirmiş, eyni zamanda müqavilənin icra məsələləri ilə bağlı digər müzakirələr aparılmışdır. Lakin daha sonra iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya ünvanlayaraq pulun qaytarılmasını tələb etmişdir.
31. İddiaçı, cavabdehin öz üzərinə götürdüyü müqavilə öhdəliklərini icra etmədiyini qeyd etsə də, Müqavilənin 4.2-ci bəndindən görünür ki, Sifarişçiyə məhsulun çatdırılması istehsal başladığı gündən 60 gün müddətinə qədər həyata keçirilir. Həmin Müqavilənin 4.12-ci bəndinə əsasən, Müqavilənin 4.2-ci bəndində olan müddətdə həyata keçməsi üçün Sifarişçi, müqavilə bağlandığı gündən 10 iş günü ərzində, istifadə ediləcək texnika siyahısı təqdim etməli və son ölçü götürmək üçün yeri hazır vəziyyətə gətirməlidir. Digər hallarda təhvil müddəti son ölçü götürüldüyü gündən hesablanacaq.
32. Göründüyü kimi iddiaçı ilə cavabdeh Mətanət Qurbanova arasında bağlanmış “Podrat müqaviləsində” iddiaçının müqavilə bağlandığı gündən 10 iş günü ərzində, istifadə ediləcək texnika siyahısı təqdim etməsi və son ölçü götürmək üçün yeri hazır vəziyyətə gətirməli olması şərtləşdirilmişdir. Yəni, həmin hərəkətlərin həyata keçirilməsindən sonra icraçı artıq öz müqavilə öhdəliklərinin icrasına başlamalı idi. Lakin hazırki işin araşdırılan hallarından və apellyasiya baxışı zamanı iddiaçının Məhkəməyə verdiyi izahatından görünür ki, iddiaçı, “Podrat müqaviləsinin” şərtini icra etməmiş, evində istifadə ediləcək texnikanın siyahısını cavabdeh tərəfə təqdim etməmişdir.
33. İddiaçı, onun mənzilində istifadə ediləcək texnikanın siyahısı (marka, seriya, indeks və s.) təqdim etmədiyindən, mebelin düzəldilib, quraşdırılmasının mümkün olmaması təbiidir, çünki texnikanın ölçüləri müxtəlif olur və dizaynerin bununla bağlı məsuliyyəti öz üzərinə götürməməsi anlaşılandır.
34. Buna görə də qəbul edilməlidir ki, iddiaçının “Podrat müqaviləsi” üzrə sifarişinin cavabdeh Mətanət Qurbanova tərəfindən icra edilməməsi onun təqsiri üzündən deyil, iddiaçının təqsiri üzündən baş vermişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi də bu nəticəyə gəlməkdə haqlı olmuşdur.
35. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin 759.1-ci maddəsinə görə, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
36. İddiaçı, “Podrat müqaviləsi” üzrə ümumilikdə 11.250 manat ödəniş etmişdir.
37. Eyni zamanda cavabdeh Mətanət Qurbanova və ona məxsus mağazada dizayner işləyən iş üzrə üçüncü şəxs olan Sara Abdullayeva tərəfindən təqdim edilmiş, işlərin görülməsini təsdiq edən sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, podratçı tərəfindən 3.500 manat məbləğində dizayner işləri, 2.000 manat məbləğində isə nümunələrin hazırlanması işləri görülmüşdür. İddiaçı bu xərclərin şişirdilmiş olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
38. Göstərilənlərə əsasən qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddiaçı tərəfindən ödənilmiş pul vəsaitindən cavabdeh Mətanət Qurbanova tərəfindən çəkilmiş xərcləri çıxaraq, qalan 5.750 manat məbləğində pulu Mətanət Qurbanovadan tutularaq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur.
39. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in tələblərinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır (maddə 121.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.).
40. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat pulun cavabdehdən tutulması hissəsində də Rayon Məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat pulun ağlabatan məbləğ olduğunu və cavabdehin öhdəliyin icra edilməməsi nəticəsində iddiaçının çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə də əsaslıdır.
41. Rayon Məhkəməsinin ödənilmiş dövlət rüsumuna münasibətdə qənaəti də düzgündür. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
42. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə həmçinin bildirir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanıldığından iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir, iş üzrə digər şəxslər isə hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.
46. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməzlər.