Məhkəmə qərarları › İş №2(103)-6442/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6442/2025

12.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6442/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (açar sözlər: əsl olmayan cavabdeh) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı Prilipko (Prylypko) Aleksandr (Olexandr) Vasilyeviçin nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin və ona məxsus sənədlərin təhvil verilməsi” barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5176/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri 44 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təqdim edilmiş fotosurətin düzgünlüyü təsdiq edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı X2 ilə xx.xx.1983-cü il tarixdə 256 nömrəli akt qeydi ilə Zaporojye vilayəti ədliyyə idarəsinin Zaporojye VVAQ şöbəsində nikaha daxil olmuşlar, nikahdan sonra ərə Prilipko, arvada Əliyeva soyadları verilmişdir. AZ-İİ №381460 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində sol mədəcik çatışmazlığından ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum – X10 məxsus olan daşınmaz əmlaklar barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı səhəri 44 saylı notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 3 saylı Bakı “Asan Xidmət” mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətiə əsasən bildirilmişdir ki, keçmiş Şaumyan rayon XDS İKnin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1980-ci il tarixli, 21/4a saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vətəndaş X14 barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum X6 adına olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 23, mənzil 66 ünvanına dair müvafiq məlumatların və sənədlərin surətlərinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmış və bildirilmişdir ki, X6 adına Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 23, mənzil 66 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X5nın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Maryam Əliyevanın nikahı haqqında akt qeydi aşkar edilməmişdir, həmçinin “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X6 əmlakına dair vərəsəlik işi açılmamış, habelə tərəfindən hər hansı şəxsin adına notariat qaydasında təsdiqlənmiş vəsiyyətnamə qoyulmamışdır. 118 saylı MTK-nın idarə heyətinin sədri Cavabdeh xx.xx.2022-ci il tarixli məktub ilə Bakı şəhəri Xətai rayon Prokurorluğuna müraciət edərək, mərhum X10 məxsus mənzilin balkon qapı və pəncərələrini bağlamaq, giriş qapısını açmaq və bağlamaq üçün şəraiti yaratmaq, aparılan tədqiqatın nəticələri ilə məlumatlandırmaq və ölüm haqqında şəhadətnamənin surətinin onlara göndərilməsi kimi işlərin yerinə yetirilməsini xahiş etmişdir. Qeydiyyat kartından görünür ki, X14 Bakı şəhəri 2-ci Priqarodnaya ev 23, 66 nömrəli mənzil (indiki ünvan 1 ünvanında xx.xx.1982-ci il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli, 2(011)-5176/2025 saylı sorğuya əsasən qeyd etmişdirlər ki, keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1980-ci il tarixli, 21/4a saylı qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarlarda vət. İddiaçı, vət. Cavabdeh və vət. X15 barələrində heç bir məlumat yoxdur. Digər tərəfdən keçmiş Şaumyan rayon XDS İK-nin (indiki Xətai RİH) arxiv fondu üzrə xx.xx.1980-ci il tarixli, 21/4a saylı qərarlarının vərəq sayı (110 vərəq) çoxluq təşkil etdiyindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanununun 21.2.3-cü maddəsinin tələblərini (sorğu edilən informasiyanın həcmi iri olduğundan icrası infomasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa) nəzərə alaraq qeyd olunan qərarların təqdim olunması imkan xaricindədir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mübahisəli mənzilin qapısına Bakı şəhər Xətai Rayon Prokurorluğu tərəfindən möhür vurulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən xx.xx.2025-ci il tarixli, 3-16-5/2-14-1163/6/2025 nömrəli çıxarışdan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2025-ci il tarixdə 1125-MM12-0361 nömrəsi ilə qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 2akı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 23 ünvanıdır, fəaliyyət predmeti və məqsədi yaşayış binasını idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni, qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. Xətai-47 MMMC qanuni təmsilçisi Cavabdehdur, qeydiyyata alınmanın hüquqi əsasları sahə mülkiyyətçilərinin xx.xx.2025-ci il tarixli qərarı və digər sənədlərdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X11 məxsus olmuş və onun əri Prilipko (Prylypko) Aleksandr (Olexandr) Vasilyeviç ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 23 nömrəli evin 66 nömrəli mənzilinin, mənzilin açarlarının və hüquqmüəyyənedici sənədlərinin Cavabdeh tərəfindən iddiaçı Prilipko (Prylypko) Aleksandr (Olexandr) Vasilyeviçə təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 23 nömrəli evin 66 nömrəli mənzili X11 məxsus olmuşdur. O, həmin mənzildə yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun yeganə vərəsəsi həyat yoldaşı Prilipko (Prylypko) Aleksandr (Olexandr) Vasilyeviçdir. Belə ki, həmin mənzil birgə nikah dövründə əldə edilmişdir. Sonuncu mənzilin adına rəsmiləşdirilməsi üçün onunla müqavilə bağlamış və etibarnamə vermişdir. O, mənzilin sahibi Prilipko (Prylypko) Aleksandr (Olexandr) Vasilyeviçin nümayəndəsi kimi həmin mənzilə daxil ola bilmir. Belə ki, mənzilin açarı və sənədləri hazırda kooperativin sədri olan Cavabdehdır. İddiaçı bildirdiyinə görə cavabdeh mənzili qanunsuz olaraq istifadə edir, içərisində olan əşyaları sahibsiz əmlak kimi ələ keçirmək istəyir. Bu isə Prilipko (Prylypko) Aleksandr (Olexandr) Vasilyeviçin mülkiyyət hüquqlarını və mənzil toxunulmazlığını pozmaqdadır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, həmin binanın kooperativinin sədridir, mərhum Əliyeva Maryam bina tikilən vaxtlarda 1982-ci ildən həmin mənzilə qeydiyyatda olub, həmin mənzili kooperativdən almış, ölən gününə kimi həmin mənzildə tək yaşayıb, kimsəsiz idi, iddiaçı 1983-cü il də Ukraynada evlənməsini təsdiq edən şəhadətnamə təqdim etsə də mərhum Azərbaycan ərazisini heç vaxt tərk etməyib, elə yaşadığı evdə də pandemiya dövründə təkbaşına vəfat etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında izahatında bildirmişdir ki, mərhum Əliyeva Maryam 1982-ci ildə mənzili əldə etmiş, iddiaçı 1983-cü ildə Ukraynada evləndiyini qeyd etsə də şahidlər bildirir ki, mərhum heç vaxt evlənməyib, ölən günə kimi subay olmuşdur, həmçinin iddiaçı mərhum yeganə qanuni varisi olduğunu bildirsə də, məhkəməyə notarial qaydada təsdiqlənmiş şəhadətnamə təqdim etməmişdir, habelə iddia tələbi düzgün cavabdehə verilməmişdir, belə ki, mübahisəli mənzil Bakı şəhəri Xətai Rayonu Prokurorluğunun nəzarətindədir, mənzilə dair sənədlər və açar prokurorluqdadır, belə ki, tərəflərindən mənzilin qapısına möhür vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, 1979-cu il tarixdən həmin binaya köçərək yaşamışlar, mərhum Maryam xanım 1979-1980ci illərdə ora köçmüşdür, onlarla qonşu olduğu vaxtdan ölən günə kimi tək yaşamış, subay idi, heç kimi olmamışdır, həmişə evlənmək istəmiş, lakin ailə qurmamışdır, idarədə katibə işləyirdi, bəzəndə dərzilik edirdi, 2000-ci illərdə zəlzələ baş verdikdən sonra onda psixi problemi yarandı, işdən çıxdı, evə zibil daşımağa başlamışdır, bayramlarda qonşular kömək edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, ailəsi ilə birgə 1980-1981-ci illərdə binaya köçmüş, mərhum Maryam xanım isə 1982-ci ildə onların qonşuluğuna köçmüşdür, uşaq evində böyümüşdür, kimsəsiz idi, ailə qurmaq istəsədə heç vaxt evlənməmiş, subay olmuşdur, əvvəl katibə işləyirdi, zəlzələdən sonra psixi problemi yarandı, işdən çıxarıldı, mənzilə zibil daşıyıb saxlayırdı, heç vaxt xaricə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, mərhum Maryam xanım 1979-cu il tarixdə onun həyat yoldaşı ilə eyni idarədə katibə işləmiş, bəzəndə dərzilik edirdi, uşaq evində böyümüşdür, heç kimi olmamış, tək yaşamış, evlənmək istəsə də ailə qurmamışdır, 1980-ci ildə həmin binaya köçmüş, nəinki xaricə heç rayona belə getməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5176/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin və ona məxsus sənədlərin təhvil verilməsinə” dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hüquq müəyyənedici sənədlər ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 23 ünvanında yerləşən 66 saylı mənzilin X16 ilə bağlılığı müəyyən edilməmişdir. Cavabdehin izahatı və şahidlərin ifadəsi ilə X7 həmin mənzildə yaşaması və həmin ünvanda ölməsi təsdiq olunsa da, şəxsin həmin mənzilə mülkiyyət, sahiblik, istifadə hüququnun olmasını göstərən sənəd (müqavilə, order və s.) olmadığından, bu fakt məhkəmə tərəfindən təsdiq edilməmişdir. Məhkəməyə yalnız şəxsin qeydiyyat vərəqəsi təqdim edilmişdir ki, bu da hüquq müəyyənedici sənəd olmamaqla, X8 ünvan 3rəli mənzil ünvanına qeydiyyatda olması üçün əsas olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X5nın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Maryam Əliyevanın nikahı haqqında akt qeydi aşkar edilməmişdir, həmçinin “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X6 əmlakına dair vərəsəlik işi açılmamış, habelə tərəfindən hər hansı şəxsin adına notariat qaydasında təsdiqlənmiş vəsiyyətnamə qoyulmamışdır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 23, 66 saylı mənzilinin onun arvadı X11 məxsusluğunu təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə tərəfindən araşdırma zamanı mənzilin mərhum X11 məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Odur ki, iddia tələbi əsassız hesab edilərək, təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 11.1, 139-1.1.3, 225.2, 1159.1.1, 1164-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 88, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5176/2025 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 məxsus olmuş və onun əri Prilipko (Prylypko) Aleksandr (Olexandr) Vasilyeviç ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 23 nömrəli evin 66 nömrəli mənzilinin, mənzilin açarlarının və hüquq müəyyənedici sənədlərinin Cavabdeh tərəfindən iddiaçı Prilipko (Prylypko) Aleksandr (Olexandr) Vasilyeviçə təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilin və ona məxsus sənədlərin təhvil verilməsinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 23, 66 saylı mənzilinin onun arvadı X10 məxsusluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə tərəfindən araşdırma zamanı mənzilin mərhum X10 məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edir ki, məhkəmənin gəldiyi bu qənaət əsassızdır. Belə ki, mübahisəli mənzilin X6 adına olmasına dair hər hansı hüquq müəyyənedici sənəd (order, şəxsi hesab vərəqəsi və s.) aşkar edilməsə də, iş materiallarında olan qeydiyyat kartından görünür ki, X14 ünvan 3rəli mənzil (indiki ünvan 1 ünvanında xx.xx.1982-ci il tarixdən qeydiyyatdadır. X22 mübahisəli ünvanda qeydiyyatdadırsa, deməli həmin mənzilin onunla bağlılığı da vardır. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şahidlər də Maryam Əliyevanın həmin mənzildə yaşadığını və orada da öldüyünü təsdiqləyir. Qeyd edilənlərdən əlavə, iddia tələblərindən biri də mənzilin açarlarının və hüquq müəyyənedici sənədlərinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə olmuşdur. Cavabdeh məhkəmə hazırlıq iclaslarında Maryam Əliyeva rəhmətə gedərkən mənzilə ilk özünün daxil olduğunu və açarların da onda olduğunu etiraf etmişdir. Məhkəmə ən azı iddianı həmin hissədə təmin edə bilərdi. Çünki cavabdehin həmin mənzillə heç bir əlaqəsi yoxdur. Odur ki, mənzilin açarları da Maryam Əliyevanın nikahda olduğu şəxsə, yəni iddiaçıya təhvil verilməli idi. Göründüyü kimi məhkəmə tərəfindən maddi hüquq normalarının tələbi pozulmuş, cavabdeh iddianı qismən etiraf etsə belə bu barədə tələbi də təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Prilipko (Prylypko) Aleksandr (Olexandr) Vasilyeviçin nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən Cavanşir küçəsi, ev 23 ünvanında yerləşən 66 nömrəli mənzilin iddiaçının arvadı X12 məxsusluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da bu hal müəyyən edilməmişdir. Bu qənaətin yanlış olduğunu hesab edir. Çünki mübahisəli mənzilin Əliyeva Məryama məxsusluğunu təsdiq edən çıxarış, order yaxud hansısa hüquq müəyyənedici sənəd təqdim edilməsə də cavabdeh tərəfindən məhkəmə iclasında təqdim edilmiş qeydiyyat kartından görünür ki, X16 indiki Cavanşir küçəsi, ev 23 mənzil 66 ünvanında 10 mart 1982-ci ildən qeydiyyatdadır. Bu o deməkdir ki, mübahisəli mənzilin Əliyeva Məryamla bağlılığı vardır. Həmçinin məhkəmə iclaslarında cavabdeh və iş üzrə dindirilmiş şahidlər də mübahisəli mənzilin Əliyeva Məryama məxsus olduğunu, Əliyeva Məryamın həmin mənzildə yaşadığını və öldüyünü təsdiq edirlər. Bu hal faktiki olaraq sözügedən mənzilin Əliyeva Məryamın istifadəsində olduğunu təsdiq edir. Əliyeva Məryam rusdilli qadın olub, Azərbaycanda ümumiyyətlə hüquqlarını təmsil etdiyi şəxsdən başqa hansısa qohumu olmayıb və mənzillə bağlı hüquqlarını təsdiq edən sənədi əldə edə bilməyib. Bu o demək deyildir ki, mənzilin X16 ilə hansısa bağlılığı yoxdur. İddia tələblərindən biri də mənzilin açarının və mənzilə dair hüquq müəyyənedici sənədlərin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi ilə bağlı olmuşdur. Cavabdeh özü məhkəmə iclasında etiraf etmişdir ki, Əliyeva Məryam rəhmətə gedərkən mənzilə ilk növbədə özü daxil olmuşdur. Hətta bildirmişdir ki, prokurorluq tərəfindən mənzilin açarları ona verilmişdir. Ən azından məhkəmə iddianı açarların iddiaçıya təhvil verilməsi hissəsində təmin edə bilərdi, çünki iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, iddiaçı Prilipko (Prylypko) Aleksandr (Olexandr) Vasilyeviç ilə X16 rəsmi nikah münasibətlərində olmuşdur. Bu isə iddiaçının subyektiv hüququnun mövcudluğunu bir daha təsdiq edir. Baxmayaraq ki, cavabdeh tərəf açarların onda olduğunu etiraf etsə də məhkəmə buna hüquqi qiymət verməmiş, iddianı ən azından həmin hissədə təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır, qətnamənin ləğv edilməsini və iddian tələblərinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin Əliyeva Məryamla hansısa bağlılığı yoxdur. Sadəcə olaraq cavabdeh mənzilin yerləşdiyi binada kooperativin sədridir. Cavabdeh qismində müəyyən edərkən kooperativin sədri kimi yox, məhz fiziki şəxs kimi müəyyən etmişdir. Cavabdeh iddiaçıya fiziki şəxs kimi maneələr yaradır. O, həmin ünvanda olmasa da əvvəlki nümayəndə olub və cavabdeh nümayəndəni ünvana buraxmamaqla maneələr yaradıb. Cavabdeh hal-hazırda da kooperativin sədridir. İclas zamanı sualına cavab olaraq bildirmişdir ki, niyyəti gələcəkdə həmin mənzili sahibsiz mənzil kimi özəlləşdirmək, öz mənfəəti üçün istifadə etməkdir. Ona görə də, onu kooperativin sədri kimi yox, məhz Cavabdeh kimi, yəni fiziki şəxs kimi məhkəməyə vermişdir. İddiaçı ilə Əliyeva Məryamın nikah şəhadətnaməsi var, hal-hazırda da qüvvədədir, onun ləğvi barədə hansısa məlumat yoxdur. Birgə nikahdan uşaqları yoxdur. İddiaçı mübahisəli mənzildə bir müddət yaşayıb, sonra çıxıb gedib. Mənzildə neçənci ildə yaşaması və çıxıb getməsi barədə məlumatı yoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, həmin mülkiyyət birgə nikah dövründə əldə olunmayıb. X17 əvvəlcə mənzili əldə edib, sonra iddia ərizəsindən görünür ki, hansı ki, bunların həqiqiliyi şübhə altındadır, 1981-1982-ci illərdə Ukraynaya gedib, orada Zaporojye vilayətində Prilipko (Prylypko) Aleksandr (Olexandr) ilə ailə qurub sonra Bakıya gələrək burada yaşayıb. Əgər iddiaçı həqiqətən həmin mənzildə yaşayıbsa bunu sübut etmək lazımdır. Sübut edilməlidir ki, hansısa dövrə kimi iddiaçı Əliyeva Məryamla həmin mənzildə yaşayıb və bunlar birgə təsərrüfat idarə ediblər. Bütün bunlar öz təsdiqini tapmamış, sözlə ifadə edilən hallardır. Məhkəmə iclasında dinlənilmiş Əliyeva Məryamla qonşu olan və onun yaşıdları olan şahidlər birmənalı bildirdilər ki, mərhum ömürboyu yaşadığı evin hüdudlarından, Azərbaycandan kənara çıxmayıb. Heç vaxt nikahda olmayıb. Hətta şahidlər ifadələrində bildirdilər ki, mərhum ölənə kimi münasib bir kişi olsaydı ailə qurardım, tək yaşayıram deyib. Mərhum bunu mütəmadi olaraq deyib, hətta qonşulardan imdat diləyib ki, bəlkə qohumlarında evlənə biləcəyi biri olar. Subyektiv hüquq məsələsi ilə bağlı bildirir ki, əvvəla cavabdeh düzgün seçilməyib. Cavabdeh halhazırda da kooperativin sədridir, mübahisəli mənzillə birbaşa bağlılığı yoxdur. Bildirirlər ki, Əjdər müəllimi kooperativ sədri kimi yox, şəxs olaraq cavabdeh qismində müəyyən ediblər. Qarşı tərəf bunu onunla izah edir ki, Əjdər müəllimdə evin açarı olub. Əslində isə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı müəyyən edildi ki, Əjdər müəllimdə mülkiyyətin açarı yox, onun bir surəti olub. Həmin açarı isə Əjdər müəllimə Xətai rayon Prokurorluğunun müstəntiqi verib. Ona görə verib ki, kooperativin sədri olaraq elektrik xəttində qısaqapanma olması, pəncərənin sınması, qaz xəttində problem yaşanması kimi hal olarsa bu hallara nəzarət etsin, hansı ki, bir dəfə pəncərənin açılması və çırpılması nəticəsində yaranan səslərdən qonşular şikayətlərini də bildiriblər. Xətai rayon Prokurorluğunun nümayəndəsinin, sahə müvəkkilin də iştirakı ilə Əjdər müəllim qapını açıb, həmin mənzilə ümumi baxış keçirilib, açılmış pəncərə bağlanılıb və bundan sonra mənzildən çıxıblar. Həmçinin prokorurluq tərəfindən qapıya qoyulmuş möhürlü kağız var ki, prokurorluğun icazəsi olmadan mənzilə daxil olmaq olmaz. İndi iddiaçı deyir ki, açarı bizə verin, mənzilə dair sənədləri bizə verin, biz mənzilə daxil olaq, çünki biz vərəsəyik. Vərəsəliyi təsdiq edən şəhadətnamə olmalıdır, hansı ki, belə bir şəhadətnamə məhkəməyə təqdim edilməyib. İddiaçı vərəsəliyin açılması üçün notariat kontoruna müraciət edib, o da açılmayıb. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunidir və qüvvədə saxlanılmalıdır. Cavabdeh bildirmişdir ki, artıq bütün işlər prokurorluq tərəfindən yekunlaşdırıldıqdan sonra və mənzil barəsində qərar qəbul etmək vaxtı çatanda mənzil ümumi iştirakçılar tərəfindən hərrac yolu ilə satılacaq, əldə olunan pul kooperativin hesabına keçiriləcək ki, kooperativin saxlanılması, abadlıq işlərinin aparılması üçün istifadə edilsin. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, o, mübahisəli binada 1979-cu ildən yaşayır. Əliyeva Məryam ilə də qonşu olub. O, 6-cı mərtəbədə yaşayır, Əliyeva Maryam isə 7-ci mərtəbədə yaşayırdı. Əliyeva Məryam uşaq evində böyüyüb. Onun heç vaxt ailəsi olmayıb, həmişə tək yaşayıb. Qarşı tərəf deyir ki, mənzil birgə nikah dövründə əldə edilib. Bu doğru deyil, çünki Əliyeva Məryam bura gələndə 1982-ci ildə onu polis tərəfindən həmin mənzilə qeydiyyata salıblar. Nikah isə 1983-cü ildə bağlanılıb. Bir dəfə də olsun, o, Məryam Əliyevanın həmin evdə əri ilə yaşadığını görməmişdir. Məryam Əliyeva pandemiya dövrü idi, bir müddət gözə görünmədi. Sonra qonşular ona dedi ki, Əjdər müəllim biandan pis iyi gəlir. O, kooperativin sədri kimi, prokurorluğa, Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, onlar gəlib qapını açmış, içəridə meyid tapılmışdır. Meyid 15-20 gün evdə qaldığından çürümüşdür. O, əvvəl "xxxx" Mənzil Tikinti Kooperativinin sədri olmuş, indi isə "xxxx" MMMC-in sədridir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia əsl cavabdehə qarşı verilmədiyindən rədd edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Məhkəmə kollegiyası vurğulayır ki, işin düzgün həlli üçün tərəflərin iddia və etirazlarını aidiyyəti maddi və prosessual hüquq normaları əsasında yoxlamadan və onlara əsaslandırılmış şəkildə qiymət vermədən, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən, hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, habelə İnsan Hüquqlarının və X9 X3 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir. Hazırkı iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət edərkən 118 saylı MTK-ın sədri (hazırda Xətai-47 MMMC-in qanuni nümayəndəsi olan) vəzifəsində işləmiş Cavabdeh qarşı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X11 məxsus olmasını hesab etdiyi Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 23 nömrəli evin 66 nömrəli mənzilinin, həmin mənzilin açarlarının və hüquq müəyyənedici sənədlərinin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, MPM-nin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün, ilk növbədə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Məhz buna görə də MPM-nin 167.1.4-cü maddəsində deyilir ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. Tərəflərin əsl tərəf olması məsələsi məhkəmə tərəfindən onların arasında yaranmış mübahisənin maddi-hüquqi əsasını təşkil edən hüquq normasının təhlili əsasında həll olunur. Əgər cavabdeh qanuna əsasən irəli sürülmüş tələbə cavab verməli olan şəxs deyildirsə, məhkəmə MPM-nin 54.1ci maddəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Hazırkı işdə birinci instansiya məhkəməsi cavabdehin iddia tələbinə cavab verməli şəxs olmaması əsası ilə iddianın rədd etməli olduğu halda iddiaçının təqdim etdiyi sübutları tədqiq edərək iddiaçının iddia ərizəsində istinad etdiyi halları sübuta yetirə bilməməsi əsası ilə iddia tələblərini rədd etmişdir. Kollegiya qeyd edir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən proessual normanın mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan iddiaçının və ya cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. İstinad olunanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı Prilipko (Prylypko) Aleksandr (Olexandr) Vasilyeviçin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5176/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilin, ona məxsus sənədlərin təhvil verilməsi və s.” barədə iddia tələbləri rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar