Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6443/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “əmək müqaviləsinin ləğv edilməsi, məcburi iş buraxmaya görə, əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı əmək müqaviləsinin ləğv edilməsi, məcburi iş buraxmaya görə, əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, xx.xx.2016-cı il tarixdən başlayaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının, eyni zananda maddi ziyanın əvəzi kimi 10.000 manat, mənəvi ziyanın əvəzi kimi 10.000 manat pulun Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi, əmək kitabçasının ona verilməsi, xx.xx.2016-cı il tarixdən əmək müqaviləsinə xitam verildiyi tarixədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının, eyni zamanda maddi ziyanın əvəzi kimi 10.000 manat, mənəvi ziyanın əvəzi kimi 10.000 manat pulun Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi, əmək kitabçasının ona verilməsi, xx.xx.2016-cı il tarixdən əmək müqaviləsinə xitam verildiyi tarixədək məcburi iş buraxma müddəti (ümumilikdə 43 ay, orta aylıq əmək haqqı 150 manat hesabı ilə) üçün aylıq əmək haqqı məbləği olan 6.450 manat, eyni zamanda maddi ziyanın əvəzi kimi 10.000 manat, mənəvi ziyanın əvəzi kimi 10.000 manat pulun Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdə Cavabdeh2nə işə qəbul olunmuşdur. xx.xx.2016-cı il tarixdə qeyd edilən mərkəzdən işdən çıxmış, əmək kitabçasını götürmək istədiyini həmin mərkəzin mühasib və müdiriyyətinə rəsmi olaraq bildirmişdir. Lakin sonuncular elektron qaydada olduğu üçün buna zərurət olmadığını ona bildirmişlər. Daha sonra dəfələrlə bununla bağlı Cavabdeh2 müdiriyyətinə müraciət etmiş, əmək kitabçasını və əmri götürmək istədiyini bildirmiş, sonuncular buna əhəmiyyət verməmişdir. Həmçinin bununla bağlı Əmək və X7 Nazirliyinə ərizə yazmış, müraciətini 3 saylı əmək müfəttişliyinə yönəltmişlər. Orada 1 ay ərzində aparılan araşdırma zamanı cavabdehin Türkiyə Respublikasında olduğu və sonuncuya göndərilən rəsmi məktubların və edilən zənglərin cavabsız qaldığı bildirilmiş, ona məhkəməyə müraciət edilməsinə dair tövsiyə məktubu verilmişdir. O, sosial şəbəkədən sözü gedən şəxsə müraciət edib, işinin həll edilməsini xahiş etsə də, yenə də buna məhəl qoymamışdır. Paylaşımlarda artıq Bakıda olduğu haqqında məlumatlar olsa da, işini həll etməkdən səbəbsiz imtina etmişdir. Bununla bağlı o, yenidən göstərilən nazirliyə ərizə yazmış və işinə yenidən baxılması üçün 3 saylı əmək müfəttişliyinə yönəldilmişdir. Lakin əmək müfəttişliyindən ona zəng olunan zaman dəfələrlə işinin həll edəcəyi barədə vədlər versə də, cavabdeh heç birinə əməl etməmişdir. Sözügedən mərkəz fəaliyyətini dayandırsa da, onunla əmək müqaviləsinə xitam verilməməsi onun üçün çətinliklər yaradır. İşə qəbulla bağlı etdiyi müraciətlər zamanı adı başqa sistemdə qeydə alındığı üçün işə qəbul oluna bilmir. Ona görə də, adının Cavabdeh2 elektron sistemindən çıxarılmasını, eyni zamanda əmək kitabçasının verilməsini, dəymiş maddi və mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsini istəyir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, bu barədə məlumatın Cavabdeh1 tərəfindən elektron informasiya sisteminə daxil edilməsi, İddiaçı əmək kitabçası əmək müqaviləsinə xitam verilməsi qeydi ilə Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılması, məcburi iş buraxma müddəti üçün hesablanmış 6.450 manat, həmçinin vurulmuş mənəvi ziyana görə 500 manat pul vəsaitinin Cavabdeh1 İddiaçı xeyrinə tutulması və iddianın qalan hissəsinin rədd eilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsininləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin əmək müqaviləsinin ləğv edilməsi, bu məlumatın elektron informasiya sisteminə daxil edilməsi, əmək kitabçasının geri qaytarılması hissəsindən imtina etməsi barədə ərizə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6443/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, İddiaçı iddianın əmək müqaviləsinin ləğv edilməsi, bu məlumatın elektron informasiya sisteminə daxil edilməsi, əmək kitabçasının geri qaytarılması hissəsindən imtinasının qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “əmək müqaviləsinin ləğv edilməsi, məcburi iş buraxmaya görə, əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata iddia tələbindən imtina olunan hissədə xitam verilməklə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin iddia tələbindən imtina olunan hissədə ləğv edilməsi qərara alınmışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə tərəflərin hər ikisinin razılığı ilə xx.xx.2016-cı ildə xitam verilmişdir. Bu səbəbdən də, iddiaçının həmin tarixdən əmək fəaliyyəti məcburi iş buraxma kimi qiymətləndirilə bilməz. İddiaçı məcburi deyil, öz razılığı ilə işdən azad edilmişdir. Müəssisə xx.xx.2017-ci ildə fəaliyyətini dayandırmış və bu barədə rəsmi qeydiyyat aparılmışdır. Fəaliyyətin dayandııldığı dövrdə muzdlu işçilərə əmək haqqının ödənilməsi də dayandırılmışdır. Fəaliyyətinin dayandırıldığı dövrdə muzdlu işçilərin saylı 0 kimi qeyd edilmişdir. Fəaliyyəti dayandırılmış bir təşkilatın işçiyə əmək haqqı hesablana bilməz. Cavabdehin fərdi sahibkar kimi fəaliyyəti dayandırıldığından bununla bağlı iddiaçıya hər hansı mənəvi ziyan ödənilməsi əsaslı deyildir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Əmək Məcəlləsinin 70, 75.2, 290, Mülki Məcəllənin 21.1, 9.1, 14.1, Mülki Prosessual Məcəllənin 385.1.2, 386, 387-ci maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh1 və onun vəkili E.Nəcəfov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı işəgötürən Cavabdeh1 tərəfindən Cavabdeh2nə həkim-psixoloq kimi işə götürülmüş, tərəflər arasında həmin tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, işçinin aylıq əmək haqqının məbləği 150 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 3 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı fərdi sahibkar Cavabdeh1 (VÖEN: **********) rəhbərlik etdiyi Cavabdeh2ndə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsinə köməklik göstərməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə etdiyi müraciətə ərizəçinin iştirakı ilə 3 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baxılmışdır. Ərizəçi verdiyi izahatda fərdi sahibkar Cavabdeh1 sahibkarlıq fəaliyyətini dayandırdığını və ölkə xaricində yaşadığını bildirmişdir. X1 Mərkəzinin rəhbəri, fərdi sahibkar Cavabdeh1 iştirakı ilə aparmaq məqsədi ilə sonuncunun ünvanına xx.xx.2018-ci il tarixli, **********0 saylı bildiriş göndərilməsinə baxmayaraq, iştirakı təmin olunmamış, X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 3 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı fərdi sahibkar Cavabdeh1 (VÖEN:**********) rəhbərlik etdiyi Cavabdeh2ndə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsinə köməklik göstərməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə etdiyi təkrar müraciətə ərizəçinin iştirakı ilə 3 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baxılmışdır. Bununla əlaqədar ərizəçi verdiyi izahatında fərdi sahibkar Cavabdeh1 sahibkarlıq fəaliyyətini dayandırdığını, ölkə xaricində yaşadığını və hal-hazırda Azərbaycanda olduğuna görə araşdırmanın yenidən araşdırılmasını xahiş etmişdir. X1 Mərkəzinin rəhbəri, fərdi sahibkar Cavabdeh1 iştirakı ilə aparmaq məqsədi ilə sonuncunun ünvanına xx.xx.2019-cu il tarixli, **********5 saylı bildiriş göndərilməsinə baxmayaraq, iştirakı təmin olunmamışdır. Müraciətdə qeyd olunan Cavabdeh1 məxsus telefon nömrəsinə göndərilmiş yazılı mesaja cavab olaraq elektron imzanı aktivləşdirib ərizəçinin adını elektron informasiya sistemindən qısa bir vaxtda çıxarmağa söz vermiş, lakin sonradan telefon zənglərinə və yazılı mesajlara cavab verməmişdir. Əlirzayeva Əmək Məcəlləsinin 12-ci maddəsinin tələbləri izah edilməklə ərizəçiyə qeyd olunanlarla əlaqədar Əmək Məcəlləsinin 294-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hisəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. Həmin Məcəllənin 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işgəbtürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylın məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 172-ci maddəsinin «Qeyd» hissəsində göstərilmişdir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirldikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi;ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əməkhaqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. Əmək Məcəlləsinin 292-ci maddənin İ hisəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin normanın İİ hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Əmək Məcəlləsinin 296-cı maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin normanın İİ hissəsinə əsasən müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən, istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə, müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. Kollegiya məcburi iş buraxma dövrü üçün 6.450 manat məbləğin hesablanması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, əmək müqaviləsinə xitam verildiyi xx.xx.2016-cı il tarixindən işə məhkəmədə baxıldığı xx.xx.2019-cu il tarixədək 43 ay işburaxma dövrü üçün hər ay 150 manat olmaqla cəmi 6450 manat əmək haqqı ödənilməlidir. Kollegiya iş materialları və tərəflərin izahatlarına əsasən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı işburaxma dövrü ərzində əmək müqaviləsinə xitam verilməsi barədə qeyd elektron informasiya sistemə daxil edilmədiyi üçün başqa əmək müqaviləsi bağlaya bilməmiş, maddi itkiyə məruz qalmışdır. Cavabdehin, təşkilatın fəaliyyətini dayandırması səbəbindən iddiaçıya (işçiyə) əmək haqqı ödəyə bilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh mübahisələndirilən dövr üzrə iddiaçının əmək müqaviləsinə xitam verməsi barədə qeydi elektron informasiya sisteminə daxil etməsini sübut edə bilmədiyindən, həmin dövr üçün (43 ay) iddiaçıya əmək müqaviləsi üzrə aylıq əmək haqqını ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi) iztirablar və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, «İnsan hüquqları və X4 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə X8 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və X8 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Qeyd olunanlara əsasən, mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı kollegiyanın mövqeyi ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilməməsi, bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməməsi və iddiaçıya əmək kitabçasının qaytarılmaması iddiaçının digər işəgötürənlə əmək müqaviləsi bağlamasına, əmək hüquqlarının rəsmi şəkildə həyata keçirilməsinə, DSMF-yə ödənişlər həyata keçirilməsinə maneə yaratdığından iddiaçı uzun müddət mənəvi iztirab çəkmişdir. Bu səbəbdən də mənəvi zərərin əvəzinin 500 manat müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6443/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddianın əmək müqaviləsinin ləğv edilməsi, bu məlumatın elektron informasiya sisteminə daxil edilməsi, əmək kitabçasının geri qaytarılması hissəsindən imtinasının qəbul edilməsi ilə bağlı qərardadı olduğundan, apellyasiya instansiyası məhkəməsi yalnız maddi ziyanın əvəzinin ödənilməsi hissəsində işə baxır. Məhkəmə kollegiyası mülki işi araşdıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6443/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6443/2020
25.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver