Məhkəmə qərarları › İş №2(103)-6445/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6445/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6445/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onun uşağı ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən onlara məxsus evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, tərəflər xx.xx.2012-ci ildə nikaha daxil olmuşlar. İddiaçı həmin tarixdən xx.xx.2014-cü il tarixədək İsmayıllı rayonu Basqal qəsəbəsində cavabdehin atasına məxsus evdə yaşamış, həmin tarixdə isə bacısının toyu ilə əlaqədar cavabdeh və uşaqları ilə birlikdə Bakı şəhərinə getmiş və orada aralarında mübahisə yaranmışdır. Bundan sonra, aralarında mübahisə yaranmış və cavabdeh Basqal qəsəbəsinə qayıtmış, iddiaçı isə 2014-cü ilin dekabr ayının əvvəlinədək Bakı şəhərində atasının evində qalmışdır. Həmin ay cavabdeh iddiaçı ilə barışmış və bir müddət Bakı şəhərində işləmək qərarına gəlmişdir. Onlar cavabdehin atasından icazə aldıqdan sonra ona məxsus mübahisəli evdə yaşamağa başlamış, lakin təxminən 3 aydan sonra münasibətləri pozulmuş və iddiaçı atası evinə getmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, İddiaçı uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçürülməsini tələb etməkdə haqlıdır. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı, xx.xx.2012-ci il tarixdə Cavabdehlə nikaha daxil olmuş və cavabdehin valideynləri ilə birgə yaşadığı İsmayıllı rayonu, Basqal kəndində yerləşən evə gəlin köçmüşdür. Bir müddət sonra iddiaçı cavavdehlə birlikdə mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Tərəflərin birgə nikahından xx.xx.2012-ci ildə Səməd Əliyev adlı uşaqları doğulmuşdur. İddiaçı 2015-ci ilədək cavabdeh və uşağı ilə birlikdə həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikadan doğulmuş Səməd Əliyevin iddiaçının yanında qalması qət edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, nikahın pozulması və doğum haqqında şəhadətnamələr, Sabunçu Rayon Məhkəməsinin 2(008)-212/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surəti və işdəki digər sənədlərlə təsdiqlənir. Mübahisə predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Sadalananlara əsasən, hüquqi vəziyyətinə görə özbaşına tikili sayılan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evində cavabdehin yaşadığı halda, həmin evdə yaşamış, sonradan, yəni 2015-ci ildə ailədaxili münaqişə nəticəsində iradəsi əlehinə çıxmaq məcburiyyətində qalmış və hazırda başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmayan iddiaçının həmin evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, Kollegiya, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Hazırkı mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir. Kollegiya vurğulayır ki, özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının sözügedən evə köçürülməsi tələbinin təmin edilməməsi mübahisə predmeti olan evdə yaşamış, orada birgə təsərrüfat aparmış və tikiliyə münasibətdə artıq iqtisadi marağı formalaşmış İddiaçı münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu heçə endirə bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Odur ki, Kollegiya, mübahisə predmeti olan evin özbaşına tikili olduğunu, dolayısı ilə həmin fərdi yaşayış evinin cavabdehin mülkiyyətində deyil, məhz faktiki sahibliyində olduğunu, eləcə də, ədalət mühakiməsinin səmərəliliyini təmin etmə vasitələrindən biri kimi analogiya institutunun çıxış etdiyini nəzərə alaraq hesab edir ki, hazırkı işdə bu və ya digər şəxsin istifadəsində olan yaşayış sahəsinə köçürülməni təmin edən qanunvericilik aktına istinad edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur və onların yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Həmin evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. Cavabdeh mübahisəli evdə ailə üzvü kimi yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, iddiaçının yaşaması üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi əsaslıdır. Məhkəmə kollegiyası, tələbin “iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülməsi” hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin MM-in 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Kollegiya, iddiaçının mübahisəli evə köçürülməsi tələbinin haqlı sayıldığını və qanunvericinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının azyaşlı uşağının da onunla birlikdə sözügedən evə köçürülməsi əsaslıdır. Cavabdeh apellyasiya şikayətində iddiaçının mübahisəli evdə cəmi 3 ay (2014-cü ilin dekabr ayından 2015-ci ilin mart ayınadək) yaşadığını, həmin vaxtdan sonra hazıradək isə atasına məxsus evdə yaşdığını bildirsə, məhkməyə bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh oğlunun apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin2(003)-4117/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar