Məhkəmə qərarları › İş №2(103)-6445/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6445/2024

19.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6445/2024 19.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3354/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X1 nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Həmçinin Cavabdeh1 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.

4. Qətnamədən ilk dəfə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellasiya Məhkəməsinə göndərilmişdir.

5. Bundan sonra cavabdeh S.Süleymanov (nümayəndəsi (vəkili) Nümayəndə3) tərəfindən verilmiş apeylasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş Bakı Apellasiya Məhkəməsi tərəfindən baxışdan çıxarılaraq rayon məhkəməsinə qaytarılmışdır.

6. Cavabdeh S.Süleymanovun nümayəndəsi və vəkili Nümayəndə3 qətnamədən apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən birinci instansiya məhkəməsi tərəfindən eyni nömrəli, xx.xx.2024-cü il tarixlı qərardadla geri qaytarılmış, həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3036/24 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, rayon məhkəməsinin qərardadı qüvvədə qalmışdır.

7. Daha sonra qətnamədən cavabdeh S.Süleymanovun nümayəndəsi və vəkili Nümayəndə3 verdiyi apellyasiya şikayəti AR MPM-ə 2 saylı Əlavədə göstərilən qaydada tərtib edilmədiyi üçün rayon məhkəməsinin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan verilən şikayət xx.xx.2024-cü il tarixli qərardadla təmin edilməmiş, həmin qərardaddan verilən şikayət də eyni əsasla geri qaytarılmışdır.

8. Həmçinin Məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh S.Süleymanovun nümayəndəsi və vəkili Nümayəndə3 verdiyi çoxsaylı şikayətlərlə mülki işə düzgün və tezliklə baxılmasına maneçilik yaratması əsasına görə 500 manat cərimə edilmişdir.

9. Məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayət 12.08.24 cü il tarixli qərardadlla təmin olunmuş, qeyd edilən qərardad ləğv edilmiş, xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Cavabdeh S.Süleymanovun nümayəndəsi və vəkili Nümayəndə3 üzərinə qoyulmuş 500 manat miqdarında cərimənin götürülməsi barədə ərizə vermiş, Məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

11. Həmin qərardaddan verilmiş şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

14. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, cavabdeh Süleyman Süleymanovun nümayəndəsi (vəkili) Nümayəndə3 üzərinə qoyulmuş cərimənin götürülməsi barədə ərizəsi təmin edilməli və Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3354/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə onun üzərinə qoyulmuş 500 (beş yüz) manat cərimə götürülməlidir.

15. Belə ki, mülki iş materiallarından görünür ki, vəkil Nümayəndə3 hüquqlarını təmsil etdiyi şəxsin ona verdiyi tapşırığın icrası ilə bağlı rayon məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında mübahisələndirilməsi üçün qanunvericiliklə ona verilmiş prosessual imkanlardan istifadə etmiş, onun hərəkətlərində MPM-in 120 və 174.5-ci maddələrinin təsiri altına düşə biləcək hal aşkar edilməmiş, eləcə də, hüquqlardan suiistifadəyə yol verilməmişdir.

16. Mülki işdə olan Məhkəmənin 12.08.24 cü il tarixli qərardadından da görünür ki, eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardaddan vəkil Nümayəndə3 tərəfindən verilmiş şikayət təmin olunmuş, mübahisələndirilən qərardad ləğv edilmiş, xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

17. Belə olan halda müəyyən edilir ki, rayon məhkəməsinin vəkili cərimə etməsi ilə bağlı qənaəti əsaslı olmamışdır.

18. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.

19. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X7rşı işlər).

20. “X3rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.

21. “X2rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.

22. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

24. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

25. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

26. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Cavabdeh Süleyman Süleymanovun nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən verilmiş şikayət təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3354/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Süleyman Süleymanovun nümayəndəsi (vəkili) Nümayəndə3 üzərinə qoyulmuş cərimənin götürülməsi barədə ərizəsi təmin edilsin və Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3354/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə onun üzərinə qoyulmuş 500 (beş yüz) manat cərimə götürülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar