Məhkəmə qərarları › İş №2(103)-6446/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6446/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6446/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məməd qızı Qurbanovanın katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-527/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzində 2511 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında xx xxxxxxxx 2019-cu il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzində 2511 saylı akt qeydi ilə bağlanmış nikahın ləğv edilməsi, nişan üzüyü (5.8 qram, 750 əyar, 0.65 sot brilliant, İtaliya -1700 manat), qızıl qolbaq (4.6 qram, 585 prob, Türkiyə - 270 manat), qızıl boyunbağı (2.5 qram, 2.5 prob Türkiyə - 140 manat), yaşıl rəng çanta Şanel firması - 50 manat, qırmızı rəngli paltar - 55 manat, Güllü don uzun - 110 manat, qara rəng nişan ayaqqabısı - 210 manat, kosmetika dəsti - 360 manat, alt və ev geyim paltarı - 340 manat, qırmızı güllü nişan paltarı - 150 manat, nişan qəndi karetanın üstündə - 110 manat, qırmızı şərf- 45 manat, yaşıl yupqa (Lady Sharm) 35 manat – 3 adda qızıl-zinət əşyalarının və 10 adda digər əşyalarının ona qaytarılmasına, onlardan hər hansı biri olmadıqda isə onun dəyərinin pul şəklində İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə bir neçə ay əvvəl tanış olmuşdur və cavabdeh onunla evlənmək istəmişdir. Onlar 1 saylı Bakı Asan Xidmət Mərkəzində nikaha daxil olmuşlar. Hazırda cavabdeh onunla ailə qurmaq niyyətinin olmadığını bildirir. Yəni onların nkahı formal xarakter daşıyır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdlr ki, cavabdeh bir neçə ay əvvəl İddiaçı ilə tanış olmuş və daha sonra onunla bərabər evlənməyə qərar vermişdir. Onlar Zeynalova (Mövsümova) Fidan Natiq qızı ilə xx xxxxxxxx 2019-cu il tarixdə Bakı 1 saylı ASAN Xidmət Mərkəzində 2511 nömrəli qeydlə rəsmi nikaha daxil olsalar da, el adət-ənənəsinə uyğun olaraq toyları xx.xx.2019-cu il tarixində baş tutacaqdı. Onların münasibətləri ilk öncələr normal olsa da sonradan aralarında soyuqluq yaranmağa başlamış və bunun nəticəsi olaraq xx.xx.2019-cu il tarixinə planlaşdırlan toy baş tutmamışdır. Bundan sonra Zeynalova (Mövsümova) Fidan Natiq qızı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış nikahın etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Onunla Zeynalova (Mövsümova) Fidan Natiq qızı ilə xx xxxxxxxx 2019-cu iltarixdə Bakı 1 saylı ASAN Xidmət Mərkəzində 2511 nömrəli qeydlə bağlanan nikah müqaviləsi tam qanuni şəkildə bağlandığından və tərəflərin hər ikisinin iradə ifadəsi olduğundan nikahın etibarsız hesab edilməsinə heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən həmin nikah ləğv edilə bilər. Zeynalova (Mövsümova) Fidan Natiq qızna nişan mərasimində, onun ad günündə və bayramlarda onun tərəfindən dəyərli qızıl zinət əşyaları, o cümlədən geyim əşyaları və kosmetik dəstlər verilmişdir. Belə ki, o və ailəsi tərəfindən adları aşağıda qeyd olunan qızıl-zinət əşyaları və digər əşyalar Zeynalova (Mövsümova) Fidan Natiq qızına verilmişdir: nişan üzüyü (5.8 qram, 750 əyar, 0.65 sot brilliant, İtaliya -1700 manat), qızıl qolbaq (4.6 qram, 585 prob, Türkiyə - 270 manat), qızıl boyunbağı (2.5 qram, 2.5 prob Türkiyə - 140 manat), yaşıl rəng çanta Şanel firması - 50 manat, qırmızı rəng paltar - 55 manat, Güllü don uzun - 110 manat, qara rəng nişan ayaqqabısı - 210 manat, kosmetika dəsti - 360 manat, alt və ev geyim paltarı - 340 manat, qırmızı güllü nişan paltarı - 150 manat, nişan qəndi karetanın üstündə - 110 manat, qırmızı şərf - 45 manat, yaşıl yupqa (Lady Sharm) 35 manat. Adı çəkilən qızıl-zinət əşyalarının və digər əşyalar hal- hazırda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Zeynalova (Mövsümova) Fidan Natiq qızındadır və o, dəfələrlə Zeynalova (Mövsümova) Fidandan həmin qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb etsə də onlar qaytarmamışdır. Halbuki həmin əşyalar İddiaçı onunla ailə həyatı quracağı üçün verilmişdir. Lakin F.Zeynalov münasibətləri korlamış və ona ailə qurmaq şərti ilə verdiyi əşyaları isə geri qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-527/2020 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə Mövsümova Fidan Natiq qızı arasında xx.xx.2019-cu il tarixdə 2511 saylı akt qeydi ilə 1 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-527/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın nikahın pozulması hissəsində ləğv edərək iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-527/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilərək, qarşılıqlı iddia tələbinin tam, yəni “qızıl-zinət əşyalarının qaytarılması” hissədə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, qətnamənin nikahın pozulması hissəsində əsassız hesab edir. Belə ki, nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsində nəzərdə tutulmuş kifayət qədər əsaslar olmağına baxmayaraq məhkəmənin əsassız nəticəyə gəldiyini bildirmişdir. Cavabdehin məhkəmə iclasında ailə qurmaq niyyətinin olmadığını aşkar sürətdə bəyan etdiyini, faktiki olaraq ailə qurulmadığını bildirmişdir. Məhkəmənin isə ailənin saxlanılmasının mümkün olmamasına istisna edərək nikahın pozulması barədə qətnamə çıxarıldığını qeyd etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X1 apelyasiya şikayətini onunla əsaslandırır ki, qarşılıqlı iddia üzrə cavabdehlə ailə qurmaq niyyəti ilə onunla nikahlarını rəsmi qaydada aldırsalar da, faktiki olara onunla toy edib, ər-arvad kimi yaşamadıqlarını qeyd etmişdir. Qarşılıqlı iddia tələbində göstərdiyi qızıl-zinət və digər əşyalar da, İddiaçı gələcəkdə ona həyat yoldaşı olacağına görə hədiyyə edildiyini bildirmişdir. Lakin, qarşılıqlı iddia üzrə cavabdeh ona hədiyyə edilən əşyaları qəbul etsə də, üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini qeyd etmişdir. İlkin olaraq məhz qarşılıqlı iddia üzrə cavabdeh, yəni hədiyyələri almış şəxs nikahın etibarsız hesab edilməsi ilə bağlı məhkəmə müraciət etmişdir. Qeyd olunduğu kimi qarşılıqlı iddia üzrə cavabdehlə rəsmi nikah müqaviləsi bağlansa da, o, həmin müqavilə üzrə üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyini, qarşılıqlı iddia üzrə iddiaçı və ailə üzvləri ilə kobud davrandığını, onunla toy edib ər-arvad münasibətlərində olmadan, nikahın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etdiyini bildirmişdir. Bu halların isə mülki qanunvericiliyin müvafiq maddələrinin tələblərinə görə qarşılıqlı iddia üzrə cavabdehə aldığı hədiyyələrin qaytarmalı olduğunun sübut edildiyini qeyd edir. Bununla bağlı bildirir ki, məhkəmənin o hissədə gəldiyi nəticə əsassız və qanunsuzdur. Belə ki, iddia tələbinə bununla bağlı, yəni tələb olunan qızıl-zinət əşyalarının cavabdehin sahibliyinə verildiyi təsdiq edən foto şəkillər və video çəkilişlər əks olunmuş disk əlavə olaraq, məhkəməyə təqdim olunduğunu və hazırda da mülki işin materiallarında həmin sübutların mövcud olduğunu bildirmişdir. Qətnamədə isə məhkəmə tərəfindən təqdim olunan bu sübutların ümumiyyətlə müzakirə edilmədiyini və onlara hər hansı hüquqi qiymət verilmədiyini qeyd etmişdir. Bundan başqa, məhkəmə həmin əşyaların məhz qarşılıqlı iddia üzrə cavabdehdə olmasını təsdiq edən şahidlərinin dindirilməsindən əsassız olaraq imtina edildiyini,məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi bununla bağlı hədiyyə olunan qızıl-zinət əşyaları cavabdeh qəbul etsə də, sonradan o, həmin əşyaları qaytardığını bildirmişdir. Qətnamədə isə məhkəmə cavabdehin vəkili və nümayəndəsinin bununla bağlı verdiyi izahatı təhrif etmiş və guya tərəfindən hədiyyə olunan əşyaların cavabdehin sahibliyində olmasını sübut etməli olduğu qeyd olunmuşdur. Halbuki, cavabdehin vəkili və nümayəndəsi hədiyyə olunan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən qəbul olunması faktını etiraf etmiş, qeyd etdiyi kimi, işə əlavə olunmuş fotoşəkillər və videoçəkiliş əks olunmuş disklə təsdiq edilmişdir. Belə olan halda isə mülki prosessual qanunvericiliyin tələblərinə görə məhz cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh tərəf tələb olunan əşyaların qaytarıldığını sübut etməli idi. Yəni həmin əşyaları nə vaxt, kimin yanında və kimə qaytarıldığı sübut olunmalı idi. Bununla bağlı məhkəmənin diqqətinə onu çatdırır ki, qarşılıqlı iddia üzrə cavabdehlə məhkəməyə müraciət etməzdən əvvəl aralarında telefon danışığı olmuş və razılığa gəlmişlər ki, hər kəs aldığı hədiyyələri qaytarsın. Bundan sonra o, dostu X2 ilə qarşılıqlı iddia üzrə cavabdeh tərəfin ona hədiyyə etdikləri üzüyü İddiaçı qaytarmaq və hədiyyə olunmuş əşyaları qəbul etmək məqsədilə onların yaşadığı ünvana getmişlər. Həmin vaxtı cavabdeh və valideyinləri onları nalayiq sözlərlə təhqir edib qovmuş, nə ona hədiyyə etdikləri qızıl üzüyü qəbul etmiş, nə də cavabdehə hədiyyə olunmuş əşyaları qaytarmışlar. Bu gün də cavabdeh tərəfin ona nişan hədiyyəsi olaraq verdikləri qızıl üzük onda, cavabdehə hədiyyə olunmuş qızıl-zinət əşyaları da cavabdehin sahibliyində olduğunu qeyd etmişdir. Bununla bağlı tərəfindən məhkəməyə dəvət olunmuş şahidlərin məhkəmədə dindirilmələri təmin olunmamışdır. Qarşılıqlı iddia üzrə cavabdeh bilərəkdən ona hədiyyə etdikləri qızıl üzüyün qaytarılmasını tələb etmirlər. Ümumiyyətlə necə ola bilər ki, qarşılıqlı iddia üzrə cavabdeh ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını qaytarsın, lakin ona hədiyyə etdikləri qızıl üzüyü tələb etməsinlər? Bu sualın bir cavabı olduğunu qeyd edir. Qarşılıqlı iddia üzrə cavabdehə hədiyyə olunan qızıl-zinət əşyalarının dəyərinin, onların mənə hədiyyə etdikləri qızıl üzüyün dəyərindən dəfələrlə çox olmasıdır. Ona görə də qarşılıqlı iddia üzrə cavabdeh ona hədiyyə etdikləri qızıl üzüyü tələb etməkdən, bununla bağlı məhkəmədə çəkişməkdən yayındığını, məhkəmə isə qeyd olunan faktları və sübutları araşdırmadan, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəldiyini, ona görə də məhkəmənin qətnaməsinin həmin hissəsini qanunsuz və əsassız hesab etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin tam, hissədə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, qarşı tərəf toya 20 gün qalmış işi pozmuşdur. İddia ərizəsində göstərdikləri əşyaları ailənin qurulması üçün vermişdir. İş üzrə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın nikahın pozulması hissəsində ləğv edilməsi hissəsində apelyasiya şikayəti vermiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə, qarşılıqlı iddia tələbinin tam, yəni “qızıl-zinət əşyalarının qaytarılması” hissədə də təmin olunması barədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh münasibətdə yoxlanılması təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə və apelyatorlara münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah şəhadətnaməsindən görünür ki, Cavabdeh ilə Mövsümova Fidan Natiq qızı xx.xx.2019-cu il tarixdə 2511 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Zeynalova soyadı verilmişdir. Azərbaycan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə Mövsümova Fidan Natiq qızı xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar. Hal-hazırda ilkin iddia üzrə iddiaçı Mövsümova Fidan Natiq qızı ilkin iddia üzrə Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Mövsümova Fidan Natiq qızına qarşı “nikahın pozulması və qızıl, zinət əşyalarının və digər əşyaların qaytarılması”na dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh ilə Mövsümova Fidan Natiq qızı arasında xx.xx.2019-cu il tarixdə 2511 saylı akt qeydi ilə 1 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 26.1.3-cü maddəsindən də görünür ki, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Lakin tərəflər - Cavabdeh ilə Mövsümova Fidan Natiq qızı könüllü razılıq əsasında nikaha daxil olmuşlar. Həmçinin iş materiallarında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-12 və 13.7-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Ona görə də İddiaçı ilkin iddia tələbi əsassızdır. Bu halda isə nikahın pozulması ilə bağlı qarşılıqlı iddia əsaslıdır. Bundan əlavə məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə iddiaçıya məxsus qızıl-zinət və geyim əşyalarının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq Cavabdeh qaytarılması və onlardan hər hansı biri olmadıqda isə onun dəyərinin pul şəklində Cavabdeh verilməsi ilə bağlı qeyd edir ki, Cavabdeh həmin əşyaları İddiaçı toy hədiyyəsi etdiyini özü də iddiasında göstərmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-527/2020 nömrəli qətnaməsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar