Məhkəmə qərarları › İş №2(103)-6446/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6446/2023

30.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6446/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-3171/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Qnyaz oğluna aid əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Qnyaz oğlu xx.xx.2012-ci il tarixdə Cavabdeh ASC-nin “Yol-körpütikinıi” firmasında kamaz operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əsasən xitam verilmişdir. Daha sonra, İddiaçı Qnyaz oğlu xx.xx.2020-ci il tarixdə Azəraqrartikinti” ASC-nin “Yol-körpütikinıi” firmasında kamaz sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a" yarımbəndinə əsasən xitam verilmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-də sürücü işinə qəbul edilmiş və əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci bəndinə əsasən xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2016-cı ildən xx.xx.2022-ci il tarixədək olan 7 il müddət üçün istifadə olunmamış məzuniyyətə görə hər il üçün 300 manat hesablanmaqla, 2100 manat pul əvəzinin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ilin oktyabr ayında Azər Aqrar Tikinti Yol Körpü Tikinti Şirkətinə yükboşaldan kamaz maşınına sürücü peşəsinə müqavilə ilə sürücü işləməyə qəbul edilmişdir. Aylıq əmək haqqı 600 manat idi. İlk işini Goranboy şəhərində su kanalizasiya sistemində başlamışdır. Goranboyda işi başa çatdıqdan sonra yenidən Goran hərbi hissəsində tikinti işlərinə başlamışlar. 2016-cı il 17 dekabr ayında işlədiyi kamaz maşınının mühərrik sistemi sıradan çıxmış, maşının təmirə ehtiyacı olduğu üçün işi dayanmalı olmuşdur. Buna görə o, səbəbkar deyildir. Maşın təmirə göndərilmiş və müddəti 1 il çəkmişdir. Bu il ərzində o, işsiz qalmışdır. Ona müdriyyət tərəfindən heç bir maddi kömək edilməmişdir. 2017-ci ilin dekabr ayı maşının təmiri başa çatmış, o, həmin vaxtdan müdriyyət tərəfindən yenidən işləməyə dəvət edilmişdir. İşləmək üçün başqa rayon və şəhərlərə ezamiyyət edilmişdir. Gəncədə su-kanalizasiya sistemində 30 dekabr 2020-ci il tarixinə qədər işləmişdir. İşləri həmin ildə başa çatmışdır. Yenidən xx.xx.2021-ci ildə işləmək üçün Neftçala şəhərinə ezamiyyət olunmuşdur. Həmin illərdə yəni, xx.xx.2022ci il müddətinədək Neftçala şəhərində su-kanalizasiya sistemində çalışmışdır. Çalışdığı illər ərzində ona verilən məzuniyyətlərdən heç bir vaxt istifadə etməmişdir. xx.xx.2022-ci ildə işdən azad edilmişdir. İşdən azad edilmək üçün ərizə yazıb imza çəkməmişdir. Çünki bu onun istəyi ilə edilməmişdir. Qeyd etdiyi kimi 10 ildir bu şirkətdə qışın soyuğunda, yayın istisində sürücülük peşəsində çalışmışdır. İşində nə qədər çətinlk olsa da ehtiyacı olduğu üçün peşəsini sevərək işləmişdir. Bu müddət ərzində ona verilən məzuniyyətlərdən heç bir vaxt istifadə etməmişdir. O, xx.xx.2022-ci il tarixində Bakı şəhər X3 Xidmət rəisi cənab Fuad Heydərova hüquqlarını qorumaq üçün ərizə ilə müraciət etmişdir ki, 10 ildir əzabəziyyətlə çalışdığı və ona verilən məzuniyyətdən istifadə etmədiyi üçün məzuniyyət və ona verilən kompensasiyalar qanun əsasında ona ödənilsin. Ancaq əmək müfəttişliyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki dəfə ona uzadılmış müddətlə məktub göndərmiş, sonuncu məktubda ona məhkəməyə müraciət etməsini bildirmişdir. Təccüblüdür, əmək müfəttişliyi nəyə xidmət edir? Müəssisənin əmək müqaviləsində işçiyə etdiyi hüquq pozuntusunu cavabsız qoyur. O, tərəfi Mediasiya Şurasına dəvət etmiş və istifadə etmədiyi illərin məzuniyyət pulunu istəmişdir. Cavabdeh orqan 2012-ci il tarixindən 2016-cı il tarixədək 759 manat məzuniyyət pulu ödəmişdir. 2016-cı il tarixindən xx.xx.2022ci ilədək 7 il müddətinin məzuniyyət pulu ona bu günə qədər ödənilməmişdir. Cavabdeh idarə bütün bunlardan boyun qaçırdır və ödəmədən qəsdən yayınır. Onun aylıq əmək haqqısı 600 manat idi və o, 2016-cı ildən bəri ödənməyən məzuniyyət pulunu bütün müstəvidə ondan istəmişdir. Xahiş etmişəm ki, bu məni haqqıdır. Hamı kimi o da əmək məzuniyyətindən istifadə etməmişdir. Ancaq görünən odur ki, bunlar işçinin əmək məzuniyyətindən sonra belə mənimsəmişlər. Yoxsa, bu məbləğ mənə mütləq mənada verilərdi. Ona görədə mən hazırki iddianı qaldıraraq cavabdehdən istifadə etmədiyi məzuniyyət illərini hər il üçün orta hesabla minimum 300 manat olmaqla yeddi il üçün ödənməyən bu məbləğin cəmi olaraq 2100 manat məzuniyyət pulunu tələb edir

4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-3171/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi əsasında yaranır. İddiaçı cavabdeh "xxxx" ASC-dən 2016cı ildən xx.xx.2022-ci il tarixədək olan 7 il müddət üçün istifadə olunmamış məzuniyyətə görə pul əvəzinin ödənilməsini tələb etsə də, tərəflər arasında həmin illəri bütünlüklə əhatə edən əmək müqaviləsi mövcud deyil. Həmçinin, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh ASC-də xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən yalnız xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, Cavabdeh ASC-nin “Yol-körpütikiniti” firmasında isə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə işləmiş, işlədiyi dövrlər üçün ona istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi işəgötürənin son haqq-hesabı ilə birlikdə ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən isə, ümumiyyətlə ayrı müəssissədə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə göstərilənlərə əsasən qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi müddət üzrə ona işlədiyi dövlər üçün (xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2020xx.xx.2021-ci il) istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. Mübahisələndirilən digər müddətlərdə isə tərəflər arasında əmək müqaviləsi bağlanmadığından, iddiaçının əmək müqaviləsi ilə əhatə edilməyən müddət üçün istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin hesablanmasını tələb etmək hüququ yaranmır. Odur ki, iddiaçı məzuniyyət haqqının ödənilməsini tələb etməkdə haqlı olmamışdır.

6. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 3.5, 83.2, 87.1, 110.1, 143.1, 143.2, 144.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3171/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, o İddiaçı 2012-ci ilin 10-cu ay tarixində Azər Aqrar Tikinti Yol Körpü Tikinti Şirkətinə yük boşaldan kamaz maşınına sürücü peşəsinə müqavilə ilə sürücü işləməyə qəbul edilib. Aylıq əmək haqqı 600 manatdır. İlk işini Goranboy şəhərində su kanalizasiya sistemində başlayıb. Goranboyda işi başa çatdıqdan sonra yenidən Goran hərbi hissəsində tikinti işlərinə başladılar. 2016-cı il 17 dekabr ayında işlədiyi kamaz maşınının mühərrik sistemi sıradan çıxdı. Maşının təmirə ehtiyacı olduğu üçün işi dayanmalı oldu. Buna görə o səbəbkar deyildi. Maşın təmirə göndərildi. Müddəti 1 il çəkdi. Bu il ərzində o iişsiz qalıb. Ona müdriyyət tərəfindən heç bir maddi kömək edilmədi. 2017-ci ilin dekabr ayı maşının təmiri başa çatdı. O gündən o müdriyyət tərəfindən yenidən işləməyə dəvət edildi. İşləmək üçün başqa rayon və şəhərlərə ezamiyyət edilib. Gəncədə su-kanalizasiya sistemində 2020-ci iln 30 dekabr tarixinə qədər işləyib. İşi həmin ilidə başa çatdı. Yenidən xx.xx.2021-ci ildə işləmək üçün Neftçala şəhərinə ezamiyyət olunub. Həmin illərdə yəni, xx.xx.2022-ciil müddətinədək o Neftçala şəhərində sukanalizasiya sistemində çalışıb. Çalışdığı illər ərzində ona verilən məzuniyyətlərdən heç bir vaxt istifadə etməyib. xx.xx.2022-ci ildə işdən azad edilib. İşdən azad edilmək üçün ərizə yazıb imza çəkməyib. Çünki bu onun istəyi ilə edilməmişdir. Qeyd etdiyi kimi 10 ildir bu şirkətdə qışın soyuğunda, yayın istisində sürücülük peşəsində çalışıb. İşində nə qədər çətinlk olsa da ehtiyacı olduğu üçün peşəni sevərək işləyib. Bu müddət ərzində ona verilən məzuniyyətlərdən heç bir vaxt istifadə edib. O xx.xx.2022-ci il tarixində Bakı şəhərX3 Xidmət rəisi cənab Fuad Heydərova hüquqlarını qorumaq üçün ərizə ilə müraciət edib. Yəni, o 10 ildir əzab-əziyyətlə çalışdığı və ona verilən məzuniyyətdən istifadə etmədiyi üçün məzuniyyət və ona verilən kompensasiyalar qanun əsasında ona ödənilsin. Ancaq əmək müfəttişliyi xx.xx.2022-ci il, xx.xx.2022-ci ildə iki dəfə ona uzadılmış müddətlə məktub göndərilib. Sonuncu məktubda onların məhkəməyə müraciət etməyini bildirdilər. Təccüblüdür, əmək müfəttişliyi nəyə xidmət edir? Müəssisənin əmək müqaviləsində işçiyə etdiyi hüquq pozuntusunu cavabsız qoydu. O tərəfi Mediasiya Şurasına dəvət edib. Ona qarşı olan istəyi istifadə etmədiyi illərin məzuniyyət pulunu istəyib. Cavabdeh orqan 2012-ci il tarixindən 2016-cı il tarixədək 759 manat məzuniyyət pulu ödədi. 2016-cı il tarixindən xx.xx.2022-ci ilədək 7 il müddətinin məzuniyyət pulu ona bu günə qədər ödənməmişdir. Cavabdeh idarə bütün bunlardan boyun qaçırmışdır. Ödəmədən qəsdən yayınmışdır. Onun aylıq əmək haqqı 600 manat idi. O 2016-cı ildən bəri ödənməyən məzuniyyət pulunu bütün müstəvidə ondan istəyib. Xahiş edib ki, bu onun haqqıdır. Hamı kimi o əmək məzuniyyətindən istifadə etməyib. Ancaq görünən odur ki, bunlar işçinin əmək məzuniyyətindən sonra belə mənimsəyiblər. Yoxsa, bu məbləğ ona mütləq mənada verilərdi. Ona görədə o hazırki iddianı qaldıraraq cavabdehdən istifadə etmədiyi məzuniyyət illərini hər il üçün orta hesabla minimum 300 manat olmaqla yeddi il üçün ödənməyən bu məbləğin cəmi olaraq 2100 manat məzuniyyət pulunu tələb edib. Apellyasiya Məhkəməsi tələbi təmin etməmişdir. Məhkəmə işə obyektiv baxmamışdır. Onun iş illərinin ödənməmiş məzuniyyəti pulunun ödənməsi ilə bağlı ədalətli qərar qəbul etmədi. Prosesə obyektiv olaraq baxmadı. Hüquqi və haqqı pozulmuş bir işçinin əmək hüquqlarının müdafiəsi istiqamətində konkret addım atılmadı. Nəticədə onun işlədiyi illərin istifadə etmədiyi məzuniyyəti ödənmədi. Hesab edir ki, bu qərəzlidir. Real həqiqəti məhkəmə təmin etmədi. Məhkəmə işin faktiki hallarını tam və hər tərəfli araşdırmadı. İstifadə etmədiyi illərin məzuniyyət pulunun verilmiş hissəsi belə aydınlaşdırılmadı. Onun işlədiyi dövrün bilərəkdən əmək müqaviləsinə salınmaması bu halların ondan gizlədilməsi, onun qanunsuz olaraq müqavilədən kənar ona bildirmədən işlədilməyi məhkəmə tərəfindən araşdırılsa da, zəruri xüsusi qərardadın çıxarılması belə təmin edilmədi.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh ASC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlanmış, etiraz onunla əsaslandırmışdır ki, İddiaçı Qnyaz oğlu ilə Cavabdeh ASC arasında iki dəfə: xx.xx.2012-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə, bir dəfə isə Cavabdeh ASC-nin «Yolkörpütikinti» firması arasında xx.xx.2020-ci il tarixdə əmək müqavilələri bağlanmış və o, sürücü kimi işə qəbul edilmişdir. xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Bununla əlaqədar İddiaçı Bakı şəhəri 8 saylı Mediasiya təşkilatına müraciət edərək Cavabdeh ASC-ni ilkin mediasiya sessiyasına dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və Cavabdeh ASC tərəfindən İddiaçı istifadə etmədiyi məzuniyyətlərə görə 795.27 manat kompensasiya ödənilməsi barədə razılıq əldə edilmişdir. Həmin barışıq sazişinə görə xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC tərəfindən N.Əlieyıə MDSS, işsizlikdən sığorta və icbari Tibbi sığorta haqları çıxıldıqdan sonra 795.27 manat ödənilmişdir. Məlum məsələdir ki, əgər İddiaçılə 2016-2022-ci illərdə əmək müqaviləsi bağlanmış olsaydı, təbii ki, xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya sessiyasında bu faktı da qaldırmış olardı. 2-ci dəfə İddiaçılə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixə olan müddət ərzində Cavabdeh ASC-də «Neftçala su və kanalizasiya sistemlərinin yenidən qurulması» layihəsində işləmiş və MDSS, işsizlikdən sığorta və icbari Tibbi sığorta haqları çıxılmaqla ona məzuniyyətdən istifadə etmədiyinə görə xx.xx.2021- ci il tarixdə 123.18 manat kompensasiya ödənilmişdir. Sonuncu dəfə İddiaçılə Cavabdeh ASC-nin «Yol-körpütikinti» firması arasında xx.xx.2020-ci ildə bağlanmış əmək müqaviləsinə xitam verilərkən İddiaçı son haqq-hesab ödənilmişdir.

Proses iştirakçılarının izahatı

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Konstitusiyası İ. Hər kəsin istirahət hüququ vardır. İİ. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 110.1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Maddə 110.2. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 110.3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə 143.1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Maddə 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. İddiaçı hazırkı iddiasında "xxxx" ASC-də işlədiyi 2016-cı ildən xx.xx.2022-ci il tarixədək olan 7 il müddət üçün hər ilə 300 manat, cəmi 2100 manat məzuniyyət pulunun cavabdehdən tutulmasını xahiş edir.

19. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan İddiaçı Qnyaz oğluna aid əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Qnyaz oğlu xx.xx.2012-ci il tarixdə Cavabdeh ASC-nin “Yol-körpütikinıi” firmasında kamaz operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əsasən xitam verilmişdir.

21. Bundan sonra İddiaçı Qnyaz oğlu xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin “Yolkörpütikinti” firmasında kamaz sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a" yarımbəndinə əsasən xitam verilmişdir.

22. xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-də sürücü işinə qəbul edilmiş və əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci bəndinə əsasən xitam verilmişdi.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiasında 2016-cı ildən xx.xx.2022-ci il tarixədək olan dövr ödənilməmiş məzuniyyət haqqlarının ödənilməsini tələb etsə də, xx.xx.2016-xx.xx.2020-dən cavabdeh şirkətdə işləməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir.

24. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Belə ki, iddiaçının əmək kitabçasında müəyyən edilir ki, o xx.xx.2012-ci il traixdən xx.xx.2016-cı ilə kimi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci ilə kimi, daha sonra isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilə kimi "xxxx" QSC-də işləmişdir.

26. Əmək Məcəlləsinin 87.1-ci maddəsində qeyd edilir ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

27. Neftçala şəhərində su təchizatı və kanalzasiya sisteminin yenidən qurulması layihəsinin işçilərinin sentyabr ayı üzrə əmək haqqı ödənişi cədvəlinin surətindən görünür ki, İddiaçı Qnyaz oğlunun hesabına məzuniyyət/son haqq hesab kimi 123,18 manat köçürülmüşdür. Cavabdeh ASC-nin “Yol-körpütikinti” firmasının Gəncə su və kanalzasiya lalihəsində işləyən işçilərin 2020-ci il dekabr ayı üzrə əmək haqqının hesablanması cədvəlindən görünür ki, İddiaçı Qnyaz oğluna 316,04 manat məzuniyyət pulu olmaqla 881,29 manat son haqq hesab hesablanmışdır. xx.xx.2023-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Qnyaz oğlunun hesabına istifadə etmədiyi günlərə görə məzuniyyət kompensası üçün 759,27 manat ödənilmişdir.

28. Göründüyü kimi, iddiaçıya əmək müqaviləsi üzrə işlədiyi dövrlər üzrə məzuniyyət pulu ödənilmişdir. Belə olan halda iddiaçının iddia tələbi əsassızdır.

29. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-3171/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar