Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6448/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qazdan istifadəyə görə pulun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)- 3407/2025 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavаbdеh Cavabdeh sayğac vasitəsilə istifadəyə görə 1475,32 manat, və 34,76 manat dövlət rüsumunun əvəzi, ümimilikdə 1510,08 manat pulun tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində Ak-1/29269 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********09020 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ödəməmişdir. Bildirirlər ki, İddiaçı İB-nın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 19507 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 1475,45 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu və Gazrep üzrə ümumi 1475,32 (bir min dörd yüz yetmiş beş manat otuz iki qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)- 3407/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2022-ci ilin sentyabr ayından 2023-ci ilin sentyabr ayınadək istifadə edilmiş ödənilməyən qazın dəyəri qismində 542,58 (beş yüz qırx iki manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sayğac abonentin iştirakı ilə çıxarılmamış, onun mexaniki göstəricisi barədə məlumat nə çıxarılan zaman abonentə təqdim edilmiş, nə də laboratoriya yoxlaması zamanı abonentin iştirakı ilə müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin bununla bağlı etirazının dəlillərini haqlı saymış və qeyd etmişdir ki, həm sayğacı çıxaranlar, həm də laboratoriya yoxlamasını aparanlar qaz paylayıcının tabeliyində olan şəxslər olduğuna görə həmin sübutlar mötəbər hesab edilə bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı İB qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3407/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bu faktdır ki, cavabdeh istifadə etdiyi və dəyərini ödəmək istəmədiyi debitor borcu mübahisələndirmiş, uydurma izahatlar verərək birinci instansiya məhkəməsində yanlış fikir formalaşdırmışdır. İş materiallarında olan bütün sənədlərdən (sübutlardan) göründüyü kimi, birinci instansiya məhkəməsi debitor borcun ödənilməsinə dair iddia tələbini tam təmin etməməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi belə qətnamə qəbul etməklə neqativ tendensiyanın formalaşdırılmasına əsas olmuş, qanunilik və əsaslılıq meyarlarına cavab verməyən qətnamə qəbul etməsinin fərqində olmamışdır. Həmçinin, bu kimi qətnamələr kütləvilik halı alarsa, istehlakçılar arasında qanunsuzluq vüsət tapacaq.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında izahat verərək göstərmişdir ki, iddiaçı tərəfindən sayğaca baxış keçirilməmiş və sayğac dəyişdirilən zaman heç bir akt tərtib olunmamışdır. Sayğaca hər hansı müdaxilə olunmamış, sayğacda nasazlıq mövcud olmuş, elektron sayğac çıxarılmış, yerində mexaniki sayğac quraşdırılmışdır. Həmçinin, iddianın təmin olunan hissəsi ilə razı olduğunu və məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
9. İddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (xx.xx.2023-cü il tarixdə edilmiş dəyişikliklə) 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
11. Həmin Qaydaların 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
12. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
13. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
14. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
15. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir.
16. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun (xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliklərlə) 6-2.1-ci bəndinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən həmin hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materiallarından görünür ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı halda, o, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirmək vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən, cavabdehin ünvanında olan qaz sayğacı, batareya elementi bitdiyinə görə, ödəniş olmadan qazın buraxılmasını dayandırmamışdır. Daha sonra, sayğac abonentin iştirakı ilə çıxarılmamış, həmin vaxt sayğaca hər hansı kənar müdaxilənin olması müəyyən edilməmiş, onun mexaniki göstəricisi barədə məlumat nə çıxarılan zaman abonentə təqdim edilmiş, nə də laboratoriya yoxlaması zamanı abonentin iştirakı ilə müəyyən edilmişdir.
21. Belə olan halda məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, həm sayğacı çıxaranlar, həm də laboratoriya yoxlamasını aparanlar qaz paylayıcının tabeliyində olan şəxslər olduğuna görə iddiaçı tərəfin təqdim etdiyi sübutlar mötəbər hesab edilə bilməz.
22. Bundan əlavə, iş materialları ilə sübut olunur ki, cavabdeh 1 il ərzində ödəniş etmədən qazdan istifadə etmiş və sərfiyyata görə ödəniş etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin 1 il ərzində sayğac işlək vəziyyətdə olmadığından, həmin zaman kəsiyi sayğacın olmadığı müddət kimi qiymətləndirilməli və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşma əvvəlki və sonrakı dövrlə müqayisədə orta sərfiyyata uyğun müəyyən edilməlidir. Belə ki, 2021-ci ilin sentyabr ayından (sentyabr ayı daxil olmaqla) 2022-ci ilin sentyabr ayınadək (avqust ayı daxil olmaqla) 710 manat, 2023-cü ilin sentyabr ayından (sentyabr ayı daxil olmaqla) 2024-cü ilin sentyabr ayınadək (avqust ayı daxil olmaqla) 375,16 manat təşkil edir. Beləliklə, əvvəlki və sonrakı ilə görə müqayisədə orta illik sərfiyyat 542,58 ((710+375,16)/2) manat təşkil etdiyindən həmin məbləğ də cavabdehdən tutulmalıdır.
23. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibət bildirərək qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşıyan İddiaçı İB-nin əməkdaşları «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ildə bir dəfə cavabdehin ünvanında olan qaz sayğacına müayinə keçirilməsini və sayğacın batareya elementinin vaxtında dəyişdirilməsini təmin etmiş olsaydılar, həmin sayğacın düzgün işləməməsi hazırki mübahisənin yaranmasına səbəb olmazdı. Buna görə, sayğacın düzgün işləməməsi nəticəsində onun qeyri-müəyyən göstəricilərinə əsasən cavabdehə yüksək məbləğdə borcun hesablanması barədə iddiaçının mövqeyini məhkəmə kollegiyası ədalətli hesab etmir.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli e-2(001)- 3407/2025 nömrəli qətnaməsi mübahisələndirildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov