Məhkəmə qərarları › İş №2(103)-645/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-645/2024

05.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-645/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi və tikilinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsi və tikilinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-2586/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X12 ona məxsus olan Abşeron rayonu (hazırda Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi) 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsini AN-İ № ******* saylı, xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır.

2. Qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2154/2019 nömrəli qərarı ilə ünvan nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

4. Həmin qərar icra edilərək ünvan ünvanında yerləşən 0,095 ha torpaq sahəsinə dair X2 adına xx.xx.2019-cu il tarixli eletron çıxarış hazırlanmışdır.

5. Torpaq sahəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 tərəfindən X1.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2154/2019 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh və İddiaçı üçüncü şəxs qismində cəlb edilmişlər, ünvan nun ərazisində yeləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir.

7. Həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-585 saylı, 10 may 2019cu il tarixli arxiv arayışına əsasən Abşeron rayon 1 saylı Zeytun sovxozu direktorunun 29 noyabr 1999-cu il tarixli, 08 saylı əmri ilə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 236 saylı sərəncamının 8-ci bəndinə əsasən Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün 1000 kv.metr torpaq sahəsi Cavabdeh ayrılmışdır. Əsas: Sovxoz həmkarlar təşkilatının 06 saylı, 29 noyabr 1999-cu il tarixli protokolu.

8. 2 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2154/2019 saylı məktubuna əsasən Cavabdeh iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X3 məxsus olan ünvan nda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşübdüşməməsinin, düşdüyü təqdirdə naturada yeri göstərilməklə buna dair rəyin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********55 nömrəli məktubuna əsasən tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Torpaq sahəsi naturada 950 kv.metr olmaqla təqdim olunmuş plan-ölçüdə qeyd olunan koordinat nöqtələri ilə tam olaraq üstüstə düşür. Sözügedən torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən **********20 reyestr nömrəsi ilə X4 mülkiyyətindədir. Cavabdeh tərəfindən torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün sənədin göstərilən sahəyə aid olub-olmaması məlum deyildir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8152/2021 nömrəli qərarı ilə iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh, İddiaçı və X9 üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və planölçünün verilməsi tələbinə dair iddiası rədd edilmişdir.

11. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********75 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarına əsasən X2 adına qeydiyyata alınmış ünvan nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi ilə İddiaçı xx.xx.2007-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən yerli baxış zamanı göstərdiyi sahə eynlik təşkil etməklə üst-üstə düşür.

12. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 18/2022 nömrəli, qətnaməsi ilə iddiaçı Cavabdeh X6, İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı X4 cavabdehlər X7 və X8 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı Cavabdeh, X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarından irəli gələn sahiblik, istifadə hüquqlarının tanınması və Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli sərəncamının və cavabdeh X6 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiaçı Cavabdeh iddiasının təmin olunmaması, müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı iddiasının qismən təmin olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən X4 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 0.0950 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, eyni tarixli və saylı qərardadla X4 cavabdehlər X7 və X8 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6338/2022 nömrəli qətnaməsi ilə Cavabdeh şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-18/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9137/2023 nömrəli, qərardadı ilə icrada geriyə dönüşlə bağlı ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının icrasına geriyə dönüş edilməsi və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və bu barədə X2 adına veilmiş ********** saylı qeydiyyat nömrəli çıxarış və plan-ölçünün ləğv olunması qərara alınmışdır.

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9137/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın və texniki paportun verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Cavabdeh qarşı "torpaq sahəsi və tikilinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə təqdim edərək, Cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən DƏDRX-nin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarışına əsasən 0.0957 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən mübahisələndirilən torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarış verilmişdir. Eyni zamanda çıxarışla yanaşı xx.xx.2007-ci il tarixdə mübahisə predmeti olan – Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Pasportu da verilmişdir. Belə ki, daha sonra maddi baxımdan imkan olmadığına görə orada hər hansı tikinti və s. işləri apara bilməmişdir. Bununla əlaqəli mülki işlər olub və iddiaçının xeyrinə qəbul olunmuş qətnamələr mövcuddur. Həmin qətnamələrdən apellyasiya şikayəti verilsə də, təmin edilməmiş, qətnamələr qüvvədə qalmış, kassasiya şikayəti isə verilməmiş və qanuni qüvvəsini almışdır. Cavabdehin onun torpağını zəbt etməsi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

19. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2586/2023 nömrəli qətnaməsi ilə (hakim T.N.Mahmudova) iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarışına əsasən İddiaçı məxsus olan və Cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsi və tikilinin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.

20. Məhkəmə müəyyən etmişdir ki, X12 xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan Abşeron rayonu 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsini İddiaçı satmış və qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Bu səbəbdən də İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ daha əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

21. Məhkəmə qeyd olunan faktlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin mübahisəsi gedən torpaq sahəsi üzərində hər hansı hüquqları qalmamışdır və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsində və tikilidə mülkiyyətçinin iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və torpaq sahəsindən çıxmaqdan imtina etməsi iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, cavabdehin mübahisəli torpaq sahəsindən və tikilidən çıxmaması mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan “öz istədiyi kimi” istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozduğundan iddia tələbi əsaslıdır və təmin edilməlidir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Mülki Məcəllənin 139-1, 139-1.1, 139-1.1.1, 140, 146.1, 146.2, 148.2, 152.1, 152.5, 157.2, 157.5, 178.1, 238.1, 239.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 55, 67.1, 84, 111.1, 111.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qərarına, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 82.3, 106.1, 217.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tərəfin iddialı olduğu torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahəsi olmasını araşdırmayıb. Məhkəmənin işə qeyri-obyektiv yanaşması düzgün olmayan qətnamənin çıxarılmasına, onun torpaq sahəsinə olan qanuni sahiblik hüququnun pozulmasına səbəb olub. Halbuki, istinad olunan inzibati məhkəmənin qərarında cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə İddiaçı iddia etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyünün müəyyən edilmədiyi və məhz bu səbəbdən də həmin inzibati işdə üçüncü şəxs qismində cəlb edilən Cavabdeh münasibətdə iş baxılmamış saxlanılmışdır. Torpağı boşaltmağının müqabilində pul istəməsi yalandır. Qeyd etdiyi kimi, onun istifadəsində olan torpaq ilk gündən onun istifadəsində olmuşdur və orada inşa edilmiş tikililər də onun tərəfindən inşa etdirilmişdir. Həmin tikililər, eləcə də yerləşdiyi torpaq sahəsi heç vaxt iddiaçının istifadəsində olmayıb. Tikililərin inşa edildiyi tarixin özü, iddiaçı tərəfin əyri yolla əldə etdiyi sənədlər əsasında adına qeydiyyat aparılan tarix buna əyani sübutdur. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə iddiaçı tərəfin hüquqlarının daha əvvəl yarandığını təsdiq edən sübutların həqiqiliyini araşdırmayıb və onun inzibati məhkəmədə mübahisələndirdiyi məsələnin məhz dövlət reyestrində aparılan qeydiyyatlara dair olmasını nəzərə almayıb. Halbuki, inzibati məhkəmənin icraatında olan işdən mülki icraatda baxılan işin asılılığı var, yəni onun inzibati məhkəmədə tələbinin təmin olunması mülki işin ən azından onun istifadəsində olan torpaq sahəsinə münasibətdə təmin olunmamasına əsas verir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh məhkəməyə müraciət edərək, torpaq sahəsinin 1996-cı ildən onun istifadəsində olduğunu, həmin torpaq sahəsində fərdi ev tikildiyini və ailəsi ilə orada yaşadığını bildirir. Lakin bu həqiqəti əks etdirmir. Belə ki, orada olan bir otaqlı tikili iddiaçı tərəfimizdən inşa olunub. Hazırda bütün məhkəmə işləri Cavabdeh qardaşı tərəfindən aparılır, məhkəmə iclaslarına belə gəlmir, etibarnamə əsasında qardaşı çıxış edir. 2019-cu ildə iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə razılıq əldə olunması üçün təklif verilmiş, lakin barışıq əldə olunmamışdır. Ona verilmiş suala cavab olaraq bildirdi ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-9137/2023 nömrəli iş üzrə qərardadından şikayət verilməmiş və şikayət verilməsi üçün müddət artıq keçmişdir.

27. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi (əvvəl Abşeron rayonu), 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qeyd olunan torpaq sahəsinin iddiaçıya məxsusluğu təsdiq olunmuşdur.

36. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

37. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin məhz ona aid olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh buna heç bir qanuni əsas olmadan iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən iddiaçının iradəsinə zidd olaraq istifadə edir və bu hal iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 2586/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar