Məhkəmə qərarları › İş №2(103)-6452/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6452/2020

12.10.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6452/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2020/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Bank ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, **********05914 saylı kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli, **********05914/ip saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2020/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi və ipoteka müqaviləsi dollarla bağlanmışdır. Belə ki, ödəniş manatla olduğuna görə bütün müqavilədə manatla ifadə olunmalıdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İddia ərizəsində göstərilən nüanslar tam və obyektiv şəkildə araşdırmamışdır. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya və cavabdehə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı səbəbini göstərmədən məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********05914 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 18 faiz olmaqla, 36 ay müddətinə 58000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********05914/ip saylı ipoteka müqaviləsinə əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32, mənzil 65 bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Birincisi ona görə ki, iddiaçı cavabdehlə qeyd olunan kredit və ipoteka müqavilələrini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Müqavilənin predmetini xarici valyuta, yəni ABŞ dolları təşkil etdiyindən iddiaçı həmin valyutanın məzənnəsinin dəyişə biləcəyi riskini bilməli idi. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da cavabdehin mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də iddiaçıdan qaytarmaq hüququ vardır. Kredit və ipoteka müqavilələrində kreditin ABŞ dolları ilə verilməsi açıq-aşkar görünür. İddiaçının müqavilə bağlanarkən bunları görməməsi mümkünsüzdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair x xxxxxxxx 2018-ci il tarixli qərarında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. İkincisi, iddiaçı maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirsə də düzgün olmamanın nədən ibarət olduğunu açıqlamamışdır. İddia ərizəsində göstərilən hansı nüansın tam və obyektiv araşdırılmadığını da konkret göstərmir. Bu cür vəziyyətdə şəxsi mülahizələrinə əsaslanan dəlillərdən istifadə etməklə verdiyi şikayətin də iddia ərizəsi kimi əsassız olduğu açıq aşkar bəllidir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2020/2020 nömrəli nömrəliqətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar