Məhkəmə qərarları › İş №2(103)-6455/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6455/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6455/2024 19.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: "icraata xitam verilməsi”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 qızından ibarət tərkibdə, iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və s.” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-ci il tarixli, 2(002)-1142/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, XDEN-00007-05/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 7.468,14 manat əsas borc, 1.025,83 manat faiz borcu, 373,40 manat dəbbə borcu, ümumilikdə 8.867,37 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 108,68 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli, XDENG-00007-05/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247-50, 16 saylı evin 54 saylı mənzilinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulmasına dair qətnamənin qəbul olunmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-ci il tarixli, 2(002)- 1142/2024 saylı qərardadı ilə iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı poteka müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

3. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “İpoteka haqqında” Qanunun 38.1-ci maddəsinə 28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli dəyişiklik edilmişdir. Məhz həmin dəyişikliyin mahiyyəti ipoteka predmetinə tutmanın yönəldilməsi məsələlərinin notariusun icra qeyd əsasında həyata keçirilməsini nəzərdə tutulmuşdur. Həmin dəyişikliyə əsasən də Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “22” iyun 2023-cü il tarixli Qərarı qəbul etmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

7. Məhkəmənin həmin qərardadından narazı qalan iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1142/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətləri yerinə yetirilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul olunan məhkəmə aktında AR Ali Məhkəməsi 02/2023 saylı 22 iyun 2023-cü il tarixli Qərardadına istinad edilmiş və buna görə də icraata xitam verilmişdir. Lakin həmin qərardad üzrə göstərilən “yaşayış sahəsindən çıxarılmalarına dair tələbi ümumiyyətlə iddia ərizəsində yer almamışdır” Belə ki, Ali Məhkəmənin sözügedən qərardadının 24-cü bəndində göstərilənlərə əsasən: ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin “İcra haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş qaydada icra məmurları tərəfindən ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılması üçün hüquqi əsasdır. Bütün bu yazılanlardan və təhlil edilmiş maddi və prosessual hüququ normalarından müəyyən olunur ki, məhkəmənin gəldiyi nəticə ümumiyyətlə iddia tələbinin əsasından kənara çıxmış, xitam verilməsinə dair heç bir əsas müyyən edilməmişdir.

9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1142/2024 saylı, 22 oktyabr 2024cü il tarixli qərardadı ilə, iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(002)-1142/2024 nömrəli qərardadından vermiş olduğu şikayəti təmin etməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

10. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

11. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

12. 262.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

13. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun

14. 26.1.7-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüquqularına aid edilmişdir.

15. 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.

16. 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

17. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

18. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1142/2024 saylı, 8 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş, aşağıda qeyd olunan məsələlər nəzərə alınmaqla yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

20. İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, kredit vermiş bank ipoteka ilə təmin edilmiş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi, bunun nəticəsində də borcun yaranması ilə əlaqədar iki cavabdeh fiziki şəxsə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışından əldə ediləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, həmin vəsait kredit borcunu ödəməzsə qalan məbləğin ümumi qaydada tutulması barədə iddia qaldırmışdır.

22. Birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə icraata tam şəkildə xitam verilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, “İpoteka haqqında” Qanuna edilmiş dəyişikliklərdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi məsələlərinin notariusun icra qeydi əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Gəldiyi qənaəti məhkəmə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadında qeyd edilənlərlə əsaslandırmışdır.

23. Halbuki həmin qərardadda əks olunan hüquqi mövqeyə görə 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmış ipoteka müqaviləsinə əsasən, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir.

24. Mübahisələndirilən qərardaddan isə görünür ki, birinci instansiya məhkəməsi sözügedən iddia tələbinin ümumiyyətlə irəli sürülmədiyi halda bankın kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışından əldə ediləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, həmin vəsait kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulması barədə iddia tələblərinə mahiyyəti üzrə baxmadan mülki iş üzrə icraata tam şəkildə xitam vermişdir.

25. Məhkəmənin “İpoteka haqqında” Qanunun 37.1 və 38.1-ci maddələrinə istinadı ilə bağlı da qeyd edilməlidir ki, ipoteka predmetinə tutmanın məhkəmə və ya məhkəmədənkənar qaydada yönəldilməsinə dair seçim hüququ ipoteka saxlayana aiddir və ipoteka predmetinə tutmanın məhkəmədənkənar qaydada yönəldilməsi imkanı tərəflər arasında bağlanmış ipoteka müqaviləsində birbaşa nəzərdə tutulduğu halda belə, onun, öz seçiminə görə notariusun icra qeydi əsasında deyil, birbaşa məhkəməyə müraciət etməklə müqavilələrdən yaranmış öhdəliklərə xitam verilməsini tələb etməsi qanunazidd deyildir.

26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçının ipoteka saxlayan olaraq hüququndan bu formada istifadə etməsi də cavabdehlərin hər hansı hüququnu pozmamışdır. Əksinə məhkəmə mübahisəsinin uzun müddət ərzində davam etməsinə baxmayaraq məhkəmənin əsassız olaraq iş üzrə icraata xitam verməklə bankın kredit borcu üzrə ipoteka predmetinə tutma yönəltməsi və s. hüquqlarından istifadə etməsi imkanının məhdudlaşıdırılmasına zəmin yaratmışdır. Belə ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir.

27. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan əsaslarla mülki iş üzrə icraata xitam verməklə haqlı olmamış, iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuşdur. Ona görə də həmin qərardad ləğv olunmalı, iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

29. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1142/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar