Məhkəmə qərarları › İş №2(103)-6455/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6455/2025

11.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6455/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədli Aytac Mahir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2(007)-2814/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ

1. İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə 11- X/25 saylı xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsinə və işə bərpa olunmağına, məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsinə, həmçinin 50 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir..

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü ildən Cavabdeh MMCdə sürücü vəzifəsinə işə qəbul olunub və xx.xx.2025-ci ilədək də həmin vəzifə üzrə fəaliyyət göstərib. Onun əmək müqaviləsi müddətli olub, xx.xx.2025-ci ilədək qüvvədə olub, aylıq vəzifə maaşı 1584 manat təşkil edib. İş fəaliyyəti ərzində həmişə nümunəvi davranışı və işə olan məsuliyyəti ilə fərqlənib, öz əmək funksiyalarını hər zaman vicdan və dəqiqliklə yerinə yetirib. xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin direktor müavini Nurlan Məmmədov Cavabdeh MMC-nin ümumi “whatsapp” qrupuna SMS yazaraq işdən çıxarıldığını qeyd edib. Onların kollektivdə rəhbərliklə aralarında səmimi münasibət olduğundan, o, Nurlan Məmmədovun yanına gedərək bu qərarından döndərmək istəyib. Lakin o fikrindən dönməyəcəyini bildirdiyindən, o həm Nurlan Məmədovun xahişini etmək, həm də bir şirkətlə bağlı digər məsələni müzakirə etmək üçün Cavabdeh MMC-nin direktoru Ülvi Əzizovun yanına gedib. Orada direktorun arvadı Esmira xanımın olduğunu görüb və onunla səmimi şəkildə salamlaşıb hal-əhval tutduqdan sonra Nurlan Məmmədov həmin yerə özünə məxsus çantanı götürüb çıxmaq üçün gəlib. O isə Nurlan Məmmədovdan gözləməsini, onunla işi olduğunu bildirib, o, isə onun xahişini eşidib çantasını götürmədən otaqdan çıxıb. X1 danışığını görən Esmira xanım onun üstünə qışqıraraq ona “sən kimsən, bizim qovduqlarımızı tutub qolundan içəri salırsan? Burnunu hara gəldi soxursan” deyə ifadələr işlədib. O isə “kimi qovduğunuzu, kimi çıxardığınızı özünüz daha yaxşı bilirsiniz, mənim borcuma qalmayıb. Siz Nurlanı məndən daha yaxşı tanınıyırsınız, mənə dəxli yoxdur. Mən Ülvi bəylə söhbət eləməyə gəlmişəm” deyib. Bundan sonra Ülvi Əzizov da otağa gəlib. Esmira xanım Ülvi Əzizovun da yanında onun bu sözlərinə əhəmiyyət verməyərək yenə də qışqıra-qışqıra eyni sözləri daha ağır şəkildə işlətməkdə davam edib. O, yenə də ona qarşı heç bir təhqiramiz davranış və sözlərə yol vermədən ona “Olar ki, səs tonunuzu aşağı salasınız, qarşınızda uşaq yoxdur” deyib. Bu sözümdən sonra Ülvi Əzizov arvadından otaqdan çıxmasını xahiş etsə də, o, çıxmayıb və məcbur olub otaqdan kənara çıxıb 40 dəqiqə söhbət ediblər. Ülvi Əzizov xanımın bəlkə başqa məsələyə əsəbi olduğunu, qarşıdakı şəxs xanım olduğundan onun addım atıb üzr istəməli olduğumu bildirib. O, bundan sonra otağa qayıdıb Esmira xanımdan ona “sizin xətrinizə dəymişəmsə, amma düşünürəm ki, dəyməmişəm, amma yenə də xanım olduğunuz üçün sizdən üzr istəyirəm” deyə bildirib. O da bu söhbətin bitdiyini qeyd edib. Bu söhbətdən sonra Ülvi Əzizov birinci gün, yəni xx.xx.2025-ci il tarixdə söhbətlərini davam edəcəklərini bildirib və o, ofisdən çıxaraq evə gedib. xx.xx.2025-ci il tarixdən sonra isə direktor müavini onun artıq işə gəlməməsini, işdən çıxarıldığını bildirib. Lakin ondan hər hansı bir izahat alınmayıb. xx.xx.2025-ci il tarixdə isə maaş kartına son haqq-hesabı oturulduğu üçün o, artıq işdən çıxarıldığını anlayıb. Bundan sonra o, Ülvi Əzizovun mobil nömrəsinə dəfələrlə zəng vursa da, telefonu açmayıb və o, məcbur olub “whatsapp” vasitəsi ilə SMS yazaraq müavinin ona işdən azad edildiyini bildirdiyini, onun təhvil-təslim aktının və işdən çıxarılmağına dair əmrin surətinin ona verilməsini xahiş edib. Ülvi Əzizov isə cavab olaraq onun gəlib öz ərizəsi ilə işdən çıxmağını gözlədiklərini, onunla işləmək istəmədiyini, yoxsa ondan əmək müqaviləsinin sonuna qalan bir neçə ayın əmək haqqını istədiyini bildirərək, onu ağır sözlərlə təhqir edib. O da cavab olaraq ondan heç bir pul istəmədiyini, qanunla müəyyən olunan qaydada və məkanda görüşəcəyini qeyd edib. Həmçinin həmin danışıqda Ülvi Əzizov onun mübahisə vaxtı guya digər işçi qadınlara hədə-qorxu gəldiyini, barmaq silkələdiyini bildirib, lakin belə bir hal ümumiyyətlə baş verməyib. O, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə də yazılı müraicət edərək, barəsində Cavabdeh MMC tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə əmrin surətinin ona verilmədiyini, həmin əmrin surətini əldə etməyi üçün ona kömək edilməsini xahiş edib. Bundan sonra xx.xx.2025-ci il tarixdə ona Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə 11-X/25 saylı xx.xx.2025-ci il tarixli əmrinin surəti təqdim edilib. Hesab edir ki, Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə 11-X/25 saylı xx.xx.2025-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə 11-X/25 saylı xx.xx.2025-ci il tarixli əmri verilərkən onun iştirakı təmin edilməyib, Həmkarlar Komitəsinin iclası qanunla müəyyən edilmiş qaydada və müddətdə keçirilməyib, orada onun iştirakı ilə müzakirə aparılmayıb, ondan izahat alınmayıb. Əgər cavabdeh orqan tərəfindən formal olaraq belə bir iclasın keçirilməsi göstərilsə və həmçinin həmin iclas keçirilmiş olsa belə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona müvafiq məlumat verilməyib. Bu baxımdan hesab edir ki, mübahisələndirilən əmr qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Bundan əlavə, Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə 11-X/25 saylı xx.xx.2025-ci il tarixli əmri verilərkən əmək müqaviləsinə xitam verilməsinin əsası göstərilməyib, həmçinin həmin əmrdə müəssisənin faktiki fəaliyyət göstərdiyi ünvanı (müəssisə ünvan 1 habelə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər qeyd olunmayıb, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulub. Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə baş tutan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməyib və ona bununla bağlı müvafiq arayış təqdim olunub.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi işin halları həqiqəti əks etdirmir, maddi və mənəvi sübutlara istinad olunmayıb, iddia ərizəsi qəbul olunmazdır. İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixindən 1 il 6 ay müddətinə müqavilə bağlanıb və sürücü kimi fəaliyyətə başlayıb. Əmək müqaviləsi bağlanarkən əmək haqqı, iş qrafiki, vəzifəsi, eləcə də ona MMC-nin daxili nizam-intizam qaydaları, baş ofisdə məsul şəxlərin kimliyi və davranış qaydaları tam olaraq izah olunub. İşlədiyi müddə ərizndə Cavabdeh MMC tərəfindən müqavilədən kənar heç bir tələb edilməyib, yükdaşıma olmadığı müddətdə ailəli olduğunu nəzərə alaraq evdə qalmasına, ailə məişət qayğıları ilə məşğul olmasına müəyyən güzəştlər olunsa da, əmək haqqı vaxtında və tam olaraq ödənilib. Tərəflərindən iddiaçıya xoş, səmimi münasibət göstərilsə də, danışıq, nitq qabiliyyəti ilə bağlı dəfələrlə irad tutulub, şifahi xəbərdarlıq olunub. Belə ki Əhliman Əlmədov peşə fəaliyyəti ilə (yükdaşıma) əlaqəli airport və anbar ərazisində olmalı olduğu halda dəfələrlə o əraziləri heç bir icazə almadan tərk edərək Bakı şəhəri Nərimanov rayon ərazisində yerləşən baş ofisə gəlib, icazəsiz, etik normalara riayət etmədən məsul şəxslərin iş otağına bir başa daxil olub, kimlərin işdən azad olunması, kimin işə qəbul olunması kimi halları müzakirə və mübahisə edib. Belə halların olmasına sübut kimi iddiaçı öz iddia ərizəsində direktor müavini Nurlanla başqa şirkət barədə müzakirə etmək istədiyini, Nurlan Məmmədov çantanı götürüb getmək istədiyi halda “götürmə, gözlə işim var” kimi cümlələrin iddiaçının özünün qeyd etməsi onun baş ofisdə özünü sürücü deyil, idarə heyyətinin üzvü, özünə aidiyyəti olmayan işlərə qarışması, hər kəsə göstəriş verən adam kimi aparmasını öz ərizəsi ilə təsdiq etməkdədir. Tərəfindən və arvadı, ofisin baş meneceri vəzifəsində çalışan Esmira Qurbanlı tərəfindən ona iş sahəsini özbaşına tərk etməsi, ona aidiyyəti olmayan işlərə qarışmaması, əl-qol hərəkətləri, jarqon ifadələrlə yüksək səs tonu ilə danışması barədə dəfələrlə irad tutularaq xəbərdarlıq olunub. Bütün xəbərdarlıqlara baxmayaraq iddiaçı öz davranışı, kriminal xarakterli əl-qol işarələri, yüksək tonla kobud danışıqları ilə onun və ofis işçilərinin sərbəst qərar qəbul etməsinə hədə-qorxu ilə əngəl törədib. Son baş vermiş hadisədə İddiaçı səlahiyyətlərini aşaraq baş ofisə gəlib, digər əməkdaşın işdən azad olunma səbəbini öyrənməyə çalışıb və özünü idarə heyətinin üzvü kimi apararaq qəbul edilmiş qərarlara qarşı çıxıb, ofisə isə emosional və aqressiv şəkildə daxil olub. Həmin vaxt Əhliman dəhlizlə gələrkən bu işə aidiyyəti olmayan ümümi “call center” otağında işləyən qızlara barmaq yelləyərək “baxarsız mən kiməm” qışqıraraq, onun arvadı, ofisin baş meneceri vəzifəsində çalışan Esmira xanımın iş otağına daxil olaraq kobud qaydada yüksək tonla “bu nə məsələdir, digər əməkdaşı niyə işdən azad etmisiz” deyə soruşub. Esmira xanım qısa və lokanik cavab olaraq “mən bilmirəm rəhbərliyin qərarıdır” deməklə kifayətlənib. İddiaçı yüksək tonda danışığını eşidərək Esmira xanımın otağına daxil olub, onun arvadına qışqıraraq mübahisə etdiyini gördükdən sonra əsəblərini cilovlayıb, onu otaqdan çıxararaq öz otağında söhbət ediblər və onu bu şirkətdə işləməsi mümkünsüz olduğunu izah edib, yola salıb. O, şirkət rəhbəri olması ilə yanaşı ailə başçısıdır və işlədiyi şirkət arvadı Esmira xanımla sıfırdan birgə qurub, 40-dan artıq iş yerləri açıb, dövlət büdcəsinə kifayət qədər vergi ödəyirlər. Onun üçün biznes maraqlarından ailə, milli mentalitet, ən azında istənilən qadınla davranış qaydaları daha önəmlidir. Bu mübahisəli məsələdə Esmira xanım onun rəsmi arvadı olmasını nəzərə alanda, rəhbərlik etdiyi şirkətin sürücüsünün arvadına qışqırması, kobud davranışına qarşı əsəblərini cilovlayaraq İddiaçı humanistlik nümayiş etdirib. Hesab edir ki, İddiaçı hərəkətlərində AR-nın 221-ci maddəsinin əlamətləri olub və DİN-nin 102 xidmətinə müraciət edə bilərdi. O, yenə də mübahisədə sülh mövqeyini seçərək İddiaçı barəsində AR-nin qanunlarına uyğun tədbir görüb. İddia tələbini heç bir halda qəbul etmir. Belə ki, iddia tələbinin təmin olunması Şirkətin işgüzar nüfuzuna, Ailə münasibətlərinin pozulması, iş kollektivində rəhbər şəxslərə qarşı mənfi rəy formalaşdıra bilər. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2(007)- 2814/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2025-ci il tarixli 11-X/25 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilmiş, İddiaçı əvvəlki iş yerinə - Cavabdeh “sürücü” vəzifəsinə bərpa olunması, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək İddiaçı əmək haqqının ödənilməsi qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının əmək müqaviləsi xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmr qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilməmiş, yuxarıda qeyd edildiyi kimi əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi zamanı müəyyən edilmiş prosedur qaydalarla əməl etməmiş, iddiaçıdan əmr tərtib edilməmişdən öncə izahatı alınmamış, əmrin tərtib edilmə əsasları kimi məhkəmə araşdırması zamanı göstərilən hallar öz təsdiqini tapmamışdır. Ümumiyyətlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi prosesi tamamilə yanlış aparılmışdır.

6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci, 9cu,11-ci, 42-ci, 45-ci, 46-cı, 70-ci, 71-ci, 84-cü maddəsilərinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2(007)-2814/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ziddiyətlərdən biri odur ki, qətnamədə ilkin sübutlar, xüsusən, iddiaçı tərəfindən təqdim edilən sübutlara xüsusi diqqət edilib. Amma onlar arasında mövcud ziddiyyətlərə hüquqi qiymət verilməyib və onlara istinad edildiyindən iddia tələbinə münasibətdə maddi normalar düzgün tətbiq edilməyib. Cavabdehin pozulmuş hüququ qətnamə ilə birbaşa olaraq iddiaçının xeyrinə ağırlaşdırmaqla onun fərdi əmək mübahisəsi işi üzrə həqiqətin müəyyən edilməsi, həqiqətin təsdiq edilməsi, öz davranışının qanunu olmasını sübut etmək hüququ, sübutu məhkəməyə təqdim etmək hüququ bilavasitə qanunsuz məhdudlaşdırılıb. Qətnamədə cavabdeh tərəfindən öncədən təqdim edilmiş sübutların ya olmaması, ya da təqdim edilmiş sənədin guya səhv tərtib edilməsi qeyd edilib. Maddi norma bilərəkdən səhv tətbiq edilib. Digər ziddiyyətli məsələ odur ki, tərtib edilmiş əmrin səhv və qanunsuz tərtib edilməsinin elan edilməsidir. Lakin işçinin özü tərəfindən məhkəməyə təqdim edilmiş əmrin surətindən aydın olur ki, əmr qanunun tələblərinə uyğun tərtib edilib. Belə ki, əmrin nömrəsi 11-X/2025, tarixi isə xx.xx.2025-ci ildir. Əmrin tərtib edildiyi müəssəsisə Cavabdeh MMC, müəssisənin fəaliyyət göstərdiyi yer isə Bakı şəhəri Nizami rayonu, Babək pr., ev.87, m.103-dür. Əmrdə Cavabdeh MMC-də iddiaçının tutduğu sürücü vəzifəsindən xx.xx.2025-ci il tarixində AR ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi qeyd edilib. Əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası isə Təqdimat qeyd edilib. Əmr direktor tərəfindən imzalanıb və müəssisənin möhürü ilə möhürlənib. Təqdimat baş vermiş hadisələrin məcmusu, toplanmış izahatların, şikayətlərin əsasında öncə şifahi direktora təqdim edilib. Sonra iddiaçının davamlı hərəkətləri nəticəsində yazılı şəkildə direktora təqdim edilib. Çoxluq iddiaçının davranışlarından narazılıq edib. Həmçinin avtomobilə zərər vuraraq şirkətə maddi ziyan vurduğu təsdiqlənib. Belə ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli XTRUCK MMC tərəfindən avtomobilə zərər vurulması və təmir ilə bağlı texniki baxış və xidmət haqqına dair rəsmi məlumat məhkəməyə təqdim edilib. Lakin asan imza nömrəsində və elektron məhkəmə sistemində problem olduğundan həmin sübutu cavabdeh birbaşa məhkəməyə təqdim etmiş, lakin hakim tərəfindən qəbul edilməyib. Məlumatda qeyd edilib ki, yük avtomobilinə baxış keçirilərkən müəyyən edilib ki, avtomobil üzərində kosmetik düzəliş olunub, problemlər vizual aradan qaldırılıb, əslində arayışda qeyd edilən işlərin görülməsi və hissələrin dəyişdirilməsi zəruridir. Ehtiyat hissələrinin dəyişdirilməsi zəruridir və təmir üçün 6490 AZN ödəniş edilməsi tələb olunur. İddiaçının davranışı və təhrif edilmiş məlumatı bildirməsini təsdiq edən digər sübut vatsap yazışmalardır. Vatsap yazışmalardan aydın görünür ki, iddiaçı ümumiyyətlə etik normalara riayət edən şəxs deyildir. Birbaşa şirkətin direktoru ilə subordinasiya qaydalarına zidd olaraq elə bir öz dostu ilə ərk edib yazışır. Vatsap yazışması ilə sübut edilir ki, şirkətin direktoru ona pislik eləmək istəmir, onun yuxarıda sadalanan hərəkətləri ilə bağlı işçilər şikayətlər etdiyindən və şirkətə maddi ziyan vurduğundan direktor bildirir ki, işə gəlsin hələ xitam etməyib. Gözləyir ki, gəlib normal ərizəni yazsın. Yəni, öz istəyi kimi ərizəni yazıb işdən çıxsın. Direktor yazıb ki, o hərəkindən sonra onunla çalışmaq istəmir. Əmək müqaviləsinin bitməsinə 2 ay qalmasına baxmayaraq, işçi işdən ayrılsa da, işləmədiyi qalan 2 ay üçün ödənişi alacaqdı. İddiaçı isə yazıb ki, deyirsən səninlə işləmirəm, məcburam? Məcbursan ay müdür, məcbursan özü də mənim ürəyim istəyən kimi. Yazıb ki, nəysə ay müdir daha məni narahat eləmə. Məhkəmədə görüşərik. Mən nə arvad sözü ilə oturub durmuram, nə də kimdənsə sifariş almıram. Ərizəmi yazmayacam. Direktor yazıb ki, 2 ay sonra müqavilən bitir və bunu artırmıramsa bu qanunidir. 2 ay içindədə maaşını ödəyəcəm. Direktor yazıb ki, o, işçi xanımları təhdid edib, barmaq sallayıb. İzahat yazıb xanımlar, məhkəməyə və polisə təqdim ediləcək. Heç kim sizə böhtan atmır işdən qovulma səbəbi elə budur. Lakin iddiaçı direktorun təkliflərinə razı olmayıb, işdən çıxması ilə bağlı bitməsinə 2 ay qalmış müqavilə üzrə işləsəydi alacağı 2 aylıq əmək haqqını qəbul etməkdən imtina edib. Sübut olunub ki, iddiaçı faktiki cavabdehə ona təhkim edilmiş avtomobili yol hərəkəti qaydalarına zidd idarə etdiyindən faktiki cavabdehə məxsus avtomobilə maddi ziyan vurub. Həmçinin azı 6 nəfər işçinin (kişi və qadın) onun davranışları ilə bağlı izahatlarından aydın olur ki, iddiaçı problemli şəxsdir, heç kim onunla əlaqə yaratmaq, onunla işləmək istəmir, aqressivdir. Direktor isə məhz işçilərin onun barəsində etdiyi şikayətlər ilə bağlı, onun davranışları ilə bağlı aldığı məlumatların etibarlı olmasına tam əmin olduğundan, sonda iddiaçının işinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verib. Nəticədə müəyyən edilib ki, əmək müqaviləsinə xitam verilməsinə dair Əmr qanuna uyğun tərtib edilib. Onun etibarsız və ya qanunsuz olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Qətnamədə mübahisəyə maddi normalar səhv tətbiq edilib. Ona görə qətnamə həmin hissədə ləğv edilməlidir.

9. İddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, məhkəməyə həm iddiaçı tərəf olaraq onlar tərəfindən cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi, Cavabdeh “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli 11-X/25 saylı əmri, Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00675 nömrəli “İlkin mediasiya sessiyası (İMS) iştirak edilməməsi barədə” arayış, Cavabdeh direktoru Ülvi Əzizov və iddiaçı arasında “Whatsapp” proqramı vasitəsi ilə aparılmış söhbətlərdən çıxarışlar, Nurlan Məmmədov ilə iddiaçı arasında aparılmış söhbətlərin səs yazıları olan bir ədəd disk, həmçinin Cavabdeh tərəfindən Cavabdehn filiallar üzrə direktor müavini Nurlan Məmmədov tərəfindən cəmiyyətin direktoru Ülvi Əzizova ünvanlanan xx.xx.2025-ci il tarixli təqdimatın surəti, Cavabdehndə direktor müavini Nurlan Məmmədov, ofis meneceri Esmira Qurbanlı, operator Fidan Əhmədova tərəfindən tərtib edilmiş izahat məktubları və digər sənədlər təqdim edilmiş və məhkəmə isə hər bir sübuta hüquqi qiymət vermiş, müqayisəli tədqiqat aparmışdır. Belə ki, məhkəmə öz qətnaməsində Nurlan Məmmədovun izahatında həmin vaxt ofisdə deyil, ofisin qarşısında olduğunu qeyd etməsini, həmçinin məhkəməyə təqdim edilmiş səs yazılarından da Nurlan Məmmədovun iddiaçı ilə söhbət zamanı ona təqdim edilən sənədləri imzaladığını, imzalamadığı təqdirdə onu da işdən çıxara biləcəklərini, əmək müqaviləsinin müddətinin bitməsinə az qalması və s. fikirlər səsləndirməsi səbəbindən onun tərəfindən tərtib edilmiş izahat məktubunu mötəbər sübut kimi qəbul etmədiyini, Nurlan Məmmədovun həmin məktubu iradəli şəkildə tərtib edilməsi kimi şübhə doğurduğunu, onun səsləndirdiyi fikirlərə əsasən təzyiq altında olduğu müşahidə edildiyini qeyd etmişdir. Bundan əlavə, məhkəmə ofis meneceri Esmira Qurbanlı və operator Fidan Əhmədovanın izahatlarına münasibətdə qeyd etmişdir ki, həmin şəxslər cavabdeh cəmiyyətdə əmək fəaliyyətlərinə davam edirlər, onlarda cavabdeh arasında tabeçilik münasibəti mövcuddur, həmçinin Esmira Qurbanlı cəmiyyətin direktoru Ülvi Əzizovun arvadıdır. Həmin şəxslərin məhkəmə iclasında şahid kimi dindirilməsi də təmin edilməmişdir. Bu səbəbdən həmin şəxslər tərəfindən verilən izahatların məhkəmə araşdırması zamanı başqa sübutlarla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilmədiyini qeyd etmişdir. Buna görə apellyasiya şikayətinin həmin dəlili əsassızdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən də məhz bu hala istinad etmiş və Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə 11-X/25 saylı xx.xx.2025-ci il tarixli əmri verilərkən onun iştirakının təmin edilmədiyini, Həmkarlar Komitəsinin iclası qanunla müəyyən edilmiş qaydada və müddətdə keçirilmədiyini, orada iddiaçının iştirakı ilə müzakirə aparılmadığını, ondan izahat alınmadığını, əgər cavabdeh orqan tərəfindən formal olaraq belə bir iclasın keçirilməsi göstərilsə və həmçinin həmin iclas keçirilmiş olsa belə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona müvafiq məlumat verilmədiyini qeyd etmişdir. Halbuki, Əmək Məcəlləsinin 80-ci maddəsinin həmin məcəllənin 70-ci maddəsinin ç) bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsini, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməsini, təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilməsini, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olması barədə imperativ norma tələblərini nəzərə almadan müəssisədə işəgötürənlə işçi münasibətlərini tənzimləmiş, bununla da həmin müəssisədə əmək qanunvericiliyinin tələblərini pozmasını nəzərə almamışdır. Üstəlik işçininin işdən azad edilməsi üçün həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli olmasını nəzərə almadan işçinin işdən çıxarılması üçün hansı əsasla təqdimat vermək səlahiyyətinə malik olduğu məlum olmayan “Kargolux Company" Məhdud Məsuliyyətli Cəmiyyətin filiallar üzrə direktor müavini Nurlan Məmmədov tərəfindən cəmiyyətin direktoru Ülvi Əzizova ünvanlanan xx.xx.2025-ci il tarixli təqdimat ünvanlandığını və həmin təqdimat əsasında iddiaçının işdən azad edildiyini qeyd etmiş, məhkəməni isə qərəzli maddi normanı səhv tətbiq etməsi ilə ittiham etmişdir. Bundan əlavə, hakimin işə tez-bazar və tam araşdırma aparılmadan ilkin sənədlərə səthi baxış və mülahizə ilə tərtib edilməsi halına istinad edilməsi isə ümumiyyətlə əsassız olmuş, iş məhkəmənin icraaatına xx.xx.2025-ci ildə daxil olmasına baxmayaraq, xx.xx.2025-ci ildə yekun qərarı çıxarılmışdır, məhkəmənin hazırlıq iclasları cavabdeh tərəfindən sübutların təqdim olunması üçün üç dəfə təxirə salınmış, iki dəfə də baxış iclasları keçirilməklə ümumilikdə beş dəfə məhkəmə iclası keçirilmiş, iş ətraflı şəkildə araşdırılmaqla yekun məhkəmə qərarı çıxarılmışdır. Göründüyü kimi apellyasiya şikayətinin həmin halının da tam əsassız olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. İddiaçı tərəfindən 2024-cü ilin may ayında gecə təxminən saat 03:15 radələrində cavabdehə məxsus yüklərin daşınması zamanı yolda qarşısına avtomobil çıxması səbəbindən toqquşmamaq üçün idarə etdiyi avtomobili sağa çəkərkən avtomobil ağaca dəymiş və qəza baş vermiş, iddiaçı tərəfindən həmin yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyan tam şəkildə öz hesabına aradan qaldırılmış, cavabdeh isə bu hadiisənin üstündən 01 il 01 ay keçdikdən sonra iddiaçını işdən çıxardıqdan sonra bu hadisəyə istinad etmişdir, bu hal isə cavabdehin məhz iddiaçıya qarşı qərəzli olmasını sübuta yetirir. Əgər iddiaçı tərəfindən avtomobilə dəymiş ziyan ödənilməsəydi, cavabdeh iddiaçı tabeçiliyində işlədiyi həmin müddətdə onun əmək haqqından təmirə çəkilmiş xərci tutardı və ya iddiaçıya qarşı iddia qaldıraraq maddi ziyanın ödənilməsini tələb edə bilərdi. Bu da cavabdehin apellyasiya şikayətində göstərdiyi həmin halın da əsassız olmasını təsdiq edir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

10. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçını nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

11. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Nümayəndə ezam vərəqəsini təqdim edərək məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

12. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı sürücü vəzifəsinə qəbul olunub, xx.xx.2025-ci il taroxədək 1 il 6 ay müddətinə bağlanmışdır. İşçiyə hər ay 1584 manat məbləğində əmək haqqı ödənilir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir, iş saatı 14:00 başlanılır, saat 22:00-da qurtarır, nahar vaxtı isə 18:00-dan saat 19:00-dəkdir (həftə içi), Vİ gün iş vaxtı 16:00-dan 22:00-dək, nahar vaxtı isə 18:00-dan saat 19:00dəkdir.

13. Cavabdeh “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli 11-X/25 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, İddiaçı Cavabdehndə sürücü vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

14. Cavabdehn filiallar üzrə direktor müavini Nurlan Məmmədov tərəfindən cəmiyyətin direktoru Ülvi Əzizova ünvanlanan xx.xx.2025-ci il tarixli təqdimatın surətindən görünür ki, o, İddiaçıla əmək münasibətlərinə son verilməsi qərarının tam əsaslı və zəruri olduğunu bildirmişdir.

15. Məhkməyə Cavabdehndə direktor müavini Nurlan Məmmədov, ofis meneceri Esmira Qurbanlı, operator Fidan Əhmədova tərəfindən tərtib edilmiş izahat məktubları təqdim edilmişdir.

16. Məhkəməyə Cavabdeh direktoru Ülvi Əzizov və iddiaçı arasında “Whatsapp” proqramı vasitəsi ilə aparılmış söhbətlərdən çıxarışlar təqdim edilmişdir.

17. Məhkəməyə iddiaçının nümayəndəsi-vəkili tərəfindən 1 ədəd disk (Nurlan Məmmədov ilə iddiaçı arasında aparılmış söhbətlərin səs yazıları) təqdim edilmişdir.

18. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid kimi dindirilən Şahid ifadəsində göstərdi ki, o, hazırda Cavabdehndə anbardar vəzifəsində işləyir. O, iddiaçını tanıyır, iddiaçı sürücü işləyirdi. Əvvəllər özü gömrük işləri üzrə broker vəfizəsində işləyirdi. Yol nəqliyyat hadisəsi ilə, iddiaçının avtomobilə ziyan vurması barədə məlumatlıdır, amma dəymiş ziyanla bağlı məlumatsızdır. O, gömrük işləri üzrə broker vəzifəsində işləyəndə çoxlu söz-söhbət olub. İddiaçı ilə fikirləri üst-üstə düşmürdü, əsəbləşdiyi vaxtlar olub. İşin halları ilə bağlı məlumatı yoxdur.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

22. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü ildə Cavabdehndə sürücü vəzifəsinə qəbul edilib, xx.xx.2025-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilib. Hazırda isə iddiaçı xx.xx.2025-ci il tarixli əmri mübahisələndirir. İddiaçı tələbində məhkəmədən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 11-X/25 saylı əmrin ləğv edilməsi, iş yerinə bərpa olunmağı, buraxılmış iş günlərinin əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi, mediasiya təşkilatına ödədiyi 50 manat xərcin və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir.

23. Mübahisələndirlən Cavabdeh “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2025-ci il tarixli 11-X/25 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, İddiaçı Cavabdehndə sürücü vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

24. Yuxarıda da qeyd edildiyi kimi əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununun tərtib edilməsi qaydası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilmişdir. Hazırda əmr tam şəkildə göstərilənlərə əməl edilməklə tərtib edilməmişdir. Belə ki, əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi qeyd edilən “Ü.A.ƏZİZOV təqdimatı” isə ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir.

25. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

26. Bundan başqa, həmin məcəllənin 80-ci maddəsində həmkarlar ittifaqının üzvü olan işçi ilə əmək müqaviləsinin ləğv edilməsi əsasları göstərilmişdir. Hazırda isə cavabdeh tərəfindəm məhkəməyə təqdim edilmiş “Kargolux Company" Məhdud Məsuliyyətli Cəmiyyətin filiallar üzrə direktor müavini Nurlan Məmmədov tərəfindən cəmiyyətin direktoru Ülvi Əzizova ünvanlanan xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, X3 Əhlimanla əmək münasibətlərinə son verilməsi qərarının tam əsaslı və zəruri olduğunu bildirmişdir.

27. Halbuki, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

28. Hazırda isə ümumiyyətlə göstərilən qaydalara əməl edilməmiş, işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli olduğu halda, məhkəməyə təqdim edilmiş təqdimatda cəmiyyətin direktor müavini işəgötürənə müraciət etmişdir.

29. Beləliklə, əmr tətqiq edilərkən məhkəməyə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilmə əsasları məlum olmamışdır. Birinci instaniya məhkəməsinə təqdim edilmiş yuxarıda qeyd edilən təqdimat adı altında tərtib edilmiş sənədə əsasən müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqavilənin ləğv edilməsinin səbəbləri iddiaçını iş sahəsini icazəsiz tərk etməsi, daxili qərarlara müdaxilə etməsi, ofis meneceri Esmira Qurbanlı ilə yüksək səslə, kobud danışması, qeyri-etik davranış sərgiləməsi, onun istifadəsində olmuş avtomobilə maddi ziyan vurması və dəymiş ziyanını ödəməməsi, dəfələrlə yol hərəkəti qaydalarını pozması, cərimə olunması, digər əməkdaşlarının həyatını riskə atması, vətəndaşlar tərəfindən müraciətlər daxil olması, daxili nizam-intizam qaydalarını dəfələrlə pozması, iş yerində etik normalara zidd və kobud ifadələr işlətməsi, xüsusi ilə qadın əməkdaşlara qarşı etikadan kənar, aqressiv və zorakı davranışlar müşahidə olunması, özünü idarə heyətinin üzvü kimi aparması, digər əməkdaşlara göstəriş verməsi, malların çatdırılmasını vaxtında təmin etməməsi, iş vaxtında taksi fəaliyyəti ilə məşğul olması, cəmiyyətdə müştəri itkisinə səbəb olması, şirkət dəyərlərinə uyğun gəlməyən şəkildə davranması, əvvəlcədən edilən xəbərdarlıqlara baxmayaraq, davranışında müsbət dəyişiklik müşahidə olunmaması olmuşdur.

30. Cavabdeh qeyd edilən halları təsdiq edən heç mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

31. Həmçinin iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ziyan dəydiyini və dəymiş ziyanı öz hesabına aradan qaldırdığını qeyd etmiş, cavabdehin nümayəndəsi isə buna dair öz etirazını bildirməmişdir. Cavabdehin hazırki vaxtadək iddiaçıya qarşı maddi ziyanın ödənilməsini tələb etməməsi vurulmuş ziyanın aradan qaldırılması halını təsdiq edir.

32. İş materiallarında “izahat məktubları”ndan görünür ki, cəmiyyətin direktor müavini Nurlan Məmmədov, ofis meneceri Esmira Qurbanlı və operator Fidan Əhmədova xx.xx.2025-ci ildə iddiaçının ofisdə normal iş rejimini pozması, Esmira Qurbanlı ilə söhbət zamanı səsini qaldırdığı, yüksək səslə danışdığı, kollektivdə gərginlik yaratması ilə bağlı izahatlar vermişlər.

33. Həmçinin təqdim edilmiş “whatsapp” yazışmalarından olan çıxarışlara əsasən cəmiyyətin direktoru Ülvi Əzizov iddiaçının işdən çıxarıldığını, onun xanım işçiləri təhdid etdiyini, barmaq salladığını, iddiaçı ilə işləmək istəmədiyini, ərizəsini yazıb işdən çıxmasını tələb etdiyini qeyd etmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, Nurlan Məmmədov özünün də izahatında həmin vaxt ofisdə deyil, ofisin qarşısında olduğunu qeyd etmişdir. Həmçinin səs yazılarından da görünür ki, Nurlan Məmmədov iddiaçı ilə söhbət zamanı ona təqdim edilən sənədləri imzaladığını, imzalamadığı təqdirdə onu da işdən çıxara biləcəklərini, əmək müqaviləsinin müddətinin bitməsinə az qalması və s. fikirlər səsləndirmişdir. Bu səbəbdən məhkəmə onun tərəfindən tərtib edilmiş izahat məktubunu mötəbər sübut kimi qəbul etmir. Belə ki, Nurlan Məmmədovun həmin məktubu iradəli şəkildə tərtib edilməsi şübhə doğurmuş, onun səsləndirdiyi fikirlərə əsasən təzyiq altında olduğu müşahidə edilmişdir.

35. Birinci instansiya məhkəməsi ofis meneceri Esmira Qurbanlı və operator Fidan Əhmədovanın izahatlarına münasibətdə qeyd etmişdir ki, həmin şəxslər cavabdeh cəmiyyətdə əmək fəaliyyətlərinə davam edirlər, onlarda cavabdeh arasında tabeçilik münasibəti mövcuddur, həmçinin, Esmira Qurbanlı cəmiyyətin direktoru Ülvi Əzizovun arvadıdır. Həmin şəxslərin məhkəmə iclaslarında şahid kimi dindirilməsi də təmin edilməmişdir. Bu səbəbdən həmin şəxslər tərəfindən verilən izahatlar haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir.

36. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması. Birinci əsasla bağlı qeyd edilməlidir ki, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin.

37. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4- 1-ci hissəsi).

39. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.

40. Belə ki, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

41. Hazırda mübahisələndirilən əmrdə isə cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edib kifayətlənməklə, əmri lazimi qaydada əsaslandırmamışdır. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

43. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2(007)- 2814/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar