Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6458/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İnformasiya Agentiliyinə (bundan sonra – ADİA) qarşı “işə bərpa və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və nümayəndəsi (əri) X4, iddiaçının vəkili (nümayəndəsi) X1, cavabdeh ADİA-nın nümayəndələri (vəkili) X8 və X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı cavabdeh ADİA-ya qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə ADİA-nın 19.09.2020-ci il tarixli 321 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti ərzində olan əmək haqqının və digər xərclərin ADİA tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ADİA-də 2001-ci ildən başlayaraq əmək fəaliyyətinə başlamışdır. 05.11.2013-cü il tarixdən başlayaraq AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya müxbir məntəqəsinə xüsusi müxbir təyin edilmişdir. 2019-cu ildən başlayaraq ona qarşı rəhbərlik tərəfindən əsassız olaraq təzyiqlər başlamış və işdən öz xahişi ilə getməyi barədə ərizə yazmaq təklif olunmuşdur. O, bundan imtina etdikdən sonra müəssisənin İH-nın sədri 19.09.2020-ci il tarixdə aşağıdakı qaydada əmri imzalayaraq onu işdən azad etmişdilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin 19.12.2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş AZƏRTAC-ın Nizamnaməsinə 4.6.7-ci bəndini rəhbər tutaraq əmr edir: İddiaçı AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya (Malta, Serbiya, Montoneqro, Bosniya, Herseqovina) üzrə müxbiri ilə bağlanmış X7 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) əsasən 19.09.2020-ci ildən xitam verilmişdir. Maliyyə və uçot şöbəsi bu əmri 1-ci bəndindən irəli gələn məsələləri həll etsin və onunla son haqq-hesab aparılsın. Bu əmrin məzmunu ona imza etdirməklə elan olunmuşdur. Həmçinin təsviri hissəsində hər hansı fakta, müqavilə öhdəliklərinə əsaslanmayan, guya əmək müqaviləsinin tələblərini pozmağına dair rəsmi olmayan fikirlər yazılır, hətta onu dövlətin siyasətinə qarşı çıxmaqda günahlandırırlar. Guya 03.08.2020-ci il tarixdə onu agentliyə dəvət edərək kobud səhvlərə yol verdiyi diqqətinə çatdırılmış və ona izahat yazma təklif olunsa da, imtina etmişdir. Belə bir hal olmayıb. Sadəcə sonradan özləri tərəfindən arxa tarixə həmin akt tərtib olunub. Agentliklə əmək müqaviləsi bağlasa da, həmin müqavilənin surəti rəsmi olaraq ona təqdim olunmayıb. Həmçinin o, İtalyanın Roma şəhərində iş yerində olduğu halda, onu geri çağırmamış qanunsuz olaraq işdən azad etmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı və onun nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdilər. Cavabdeh ADİA-nın nümayəndələri apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ADİA-nın İdarə Heyətinin sədrinin 324 saylı, 19.09.2020-ci il tarixli əmrində qeyd edilir: “Azərtcan-ın Mərkəzi Roma şəhəri olmaqla İtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbiri İddiaçı barəsində İdarə Heyəti sədrinin müavinləri və üzvlərinin 2020-ci il 29 iyul tarixli, Xarici dillərdə informasiya və Beynəlxalq əlaqələr idarəsi müdirinin 2020-ci il 28 iyul tarixli təqdimatlarında İddiaçı tərəfindən mütəmadi olaraq müxtəlif xəbər saytlarından köçürülmüş, ictimai əhəmiyyəti olmayan və aktuallıq kəsb etməyən, kobud dil və üslub səhvləri olan materialların təqdim edildiyi, fərdi yanaşma əsasında seçilmiş və geniş oxucu kütləsi üçün maraq doğurmayan xəbərlərin əksər hallarda yenidən işlənilməsi və bunun buraxılış redaktorlarının haqlı narazılığına səbəb olması bildirilir. Eyni zamanda, təqdimatlarda İddiaçı sosial şəbəkələrdə dövlət orqanlarının qərarlarına və fəaliyyətinə kölgə salan, Agentliyin imicinə xələl gətirən, Azərtac əməkdaşının davranış qaydalarına zidd olan yazılarla çıxış etməsi göstərilir. İddiaçı bAarəsində son illərdə daxil olmuş məlumat və təqdimatlar onun vəzifə öhdəliklərinə məsuliyyətsiz yanaşdığını sübut edir. Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavininin 2019-cu il 25 aprel tarixli məktubunda İddiaçı ilə bağlı bildirilir ki, o, Barselona şəhərində ermənilərin ölkəmizə qarşı təxribat xarakterli aksiyasının qarşısının alınmasında Azərbaycanın İspaniyadakı səfirliyinin fəaliyyətinə, milli maraqlarımızın müdafiəsi istiqamətində görülmüş işlərə kölgə salmağa çalışaraq "Facebook" sosial şəbəkəsindəki səhifəsində Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətə zidd olan paylaşımlar etmişdir. Bununla əlaqədar İddiaçı 26.04.2019-cu il tarixli izahatında bir daha belə hallara yol verməyəcəyini və bu halların təkrarlanacağı təqdirdə öz ərizəsi ilə işdən gedəcəyini göstərmişdir. Əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifə öhdəliyinə məsuliyyətsiz yanaşdığına, dəfələrlə şifahi xəbərdarlıqlardan, çaparaq iclaslarda ünvanına səsləndiriləın tənqidlərdən nəticə çıxarmadığına, ona təhkim olunmuş digər ictimai-siyasi həyatını lazımınca işıqlandırmadığına, bir sıra hallarda intizam qaydalarını pozduğuna görə İddiaçı haqqında X5 sədrinin 04.01.2018-ci il tarixli, 168 saylı Əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin «c» bəndinə uyğun olaraq əmək haqqının 15%-i mislində cərimə intizam tənbehi tətbiq edilmişdir. Lakin inzibati tənbeh tədbirindən və izahatında verdiyi vədindən nəticə çıxarmayan İddiaçı 2020-ci ilin yanvar ayında şəxsi "Facebook" səhifəsində Azərbaycanda keçirilən bələdiyyə və keçiriləcək parlament seçkiləri ilə əlaqədar siyasi cəhətdən zərərli paylaşımlar etmişdir. Bununla əlaqədar o, yazdığı 04.01.2020-ci il tarixli izahatında belə səhvlərə bir daha yol verməyəcəyini qeyd etmişdir. Bununla əlaqədar ona şifahi xəbərdarlıq olunmuşdur. Lakin İddiaçı 2020-ci ilin iyul ayı ərzində şəxsi “Facebook” səhifəsindəki paylaşmaları kollektivin üzərinə kölgə salan əməllərə son qoymadığını göstərir. O, “Facebook” səhifəsində paylaşdığı statuslarda jurnalist etikasına sığmayan ifadələr işlətmiş, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını və tövsiyələrini lağa qoymuş, həmin qərarların əleyhinə çağırışlar etmişdir. Bütün bu fəaliyyət və hərəkətlər İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaradır. Məhz onun qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərin) yerinə yetirməməsi nəticəsində Azərtac-ın mərkəzi Roma şəhəri olmaqlaİtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbir məntəqəsində işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Bütün bunlara görə İddiaçı 2020-ci il avqustun 3-də Agentliyə dəvət edilərək yol verdiyi kobud səhvlərin rəsmi səviyyədə ciddi narahatlıq doğurduğu və Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tələblərini pozduğu onun diqqətinə çatdırılmışdır. Bütün bunlar, eləcə də onun barəsində yazılmış təqdimatlarda göstərilən hallarla əlaqədar İddiaçı izahat yazmaqdan imtina etmiş və bununla bağlı müvafiq akt tərtib olunmuşdur. 2020-ci il avqustun 6-da İddiaçı Azərtac-a gəlib İdarə Heyətinin sədrinə ərizə yazaraq bildirmişdir kii, ona əmək məzuniyyətinə çıxmasına icazə verislin, məzuniyyətinin son günü öz xahişi ilə işdən çıxma günü hesab edilsin. Həmin ərizə əsasında ona növbəti əmək məzuniyyəti verilmiş, o, 2020-ci il avqustun 25-də ərizə ilə müraciət edərək 2020-ci il 6 avqust tarixli ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Sonra 2020-ci il sentyabrın 4-də İddiaçı Azərtac-a gələrək Sumqayıt 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş SV00006 seriyalı 725741 nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ni təqdim etmişdir. Həmin xəstəlik vərəqəsi əsasında onun məzuniyyətinin müddəti 2020-ci il sentyabrın 28-dək uzadılmışdır. Lakin sonra Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ona təqdim edilmiş “Əmək qabiliyyətinin olmaması vərəqəsi” əsassızdır. Bu barədə Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Azərtac-a 2020-ci il 18 sentyabr tarixli 1109 nömrəli məktub ünvanlamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin 19.12.2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş AZƏRTAC-ın Nizamnaməsinə 4.6.7-ci bəndini rəhbər tutaraq əmr edirəm İddiaçı AZƏRTAC-ın mərkəzi Roma şəhəri olmaqla İtaliya (Malta, Serbiya, Montoneqro, Bosniya, Herseqovina) üzrə müxbiri ilə bağlanmış X7 Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) əsasən 19.09.2020-ci ildən xitam verilsin, maliyyə və uçot şöbəsi bu əmri 1-ci bəndindən irəli gələn məsələləri həll etsin və onunla son haqq-hesab aparılsın. Bu əmrin məzmunu İddiaçı imza etdirməklə elan olunsun”. İddiaçı tərəfindən cavabdehə yazılmış 26.04.2019-cu il tarixli izahatından görünür ki, o, “Facebbok” səhifəsində paylaşımları ilə bağlı iradlarını qəbul edərək bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Həmin izahatı öz imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən 14.01.2020-ci il tarixdə yazılmış izahatından görünür ki, o, tərəfindən “Facebook” səhifəsində Azərbaycanda keçirilmiş bələdiyyə və keçiriləcək parlament seçkiləri ilə bağlı zarafatyana paylaşımlarının yanlış nəticələr doğurmasından dərin təəsüf hissi keçirdiyindən AZƏRTAC-ın İdarə Heyətinin sədrindən üzr istəyərək belə səhvlərə bir daha yol vermədiyini bildirmişdir. Həmin izahatı öz imzası ilə təsdiq etmişdir. AZƏRTAC-ın İdarə Heyətinin 2019-cu il martın 16-da keçirilmiş iclasının protokolundan görünür ki, İddiaçı- xaraktercə narahatdır, aylıq informasiya normasını yerinə yetirmir, Azərbaycanın uğurlarının təbliği ilə məşğul olmur, göndərdiyi informasiyalarda həm orfoqrafik, həm üslub, həm də siyasi səhvlərə yol verir. Bir sıra hallarda köhnə yazıları yeni xəbər kimi agentliyə göndərir. Bu müxbir bəzən göndərdiyi xəbərdə azərbaycanın xarici siyasətinin mahiyyətinə varmadan çalışdığı ölkənin mətbuatında gedən informasiyaları AZƏRTAC-a göndərir ki, bu da redaktorların haqlı narazılığına səbəb olur. İddiaçı tənqiddən və iradlardan nəticə çıxarmaq əvəzinə, mənasız söz savaşı aparır, hətta jurnalist etikasına yaraşmayan ifadələr işlədir, müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırmağa çalışır. Analitik təfəkkürü zəifdir. AZƏRTAC-ın əmək müqaviləsinin qeydiyyatı kitabından görünür ki, Ayğün Əliyeva əmək müqaviləsini təhvil alaraq bu barədə imza atmışdır. ADİA-ın İdarə Heyətinin sədri ilə İddiaçı arasında 24 oktyabr 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi İtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbir vəzifəsinə təyin edilmişdir. AZƏRTAC-ın İtaliya, Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina üzrə xüsusi müxbiri İddiaçı 2018-2019-cu illərdə və 2020-ci ilin 7 ay 6 günü ərzində əmək funksiyasını yerinə yetirmək vəziyyətinə dair arayışdan görünür ki, xüsusi müxbir İddiaçı 2018-ci ildə 332 xəbəri buraxılıb. Bu da aylar üzrə orta hesabla 27 xəbər edir. 2019-cu ildə 803 xəbəri buraxılıb. Bunun 282-si xarici saytlardan köçürmədir. Bu rəqəm orta hesabla hər ay 67 xəbər deməkdir. Göründüyü kimi, müxbir aylıq xəbər normasını (70-75) yerinə yetirməyib. 2020-ci ilin 7 ay 6 günü üzrə statistika: yanvar-20 öz xəbəri, 8 videosu-cəmi 28 xəbər. Fevral-23 öz xəbəri, 2 analitik yazısı, 5 videosu-cəmi 30 xəbər. Mart -15 öz xəbəri, 5 videosu-cəmi 20 xəbər. Aprel-21 öz xəbəri, 7 videosu-cəmi 28 xəbər. May -33 öz xəbəri, 5 videosu-cəmi 38 xəbər. İyun-23 öz xəbəri, 3 videosu-cəmi 26 xəbər. İyul -29 öz xəbəri, 8 ideosu-cəmi 37 xəbər. 1-6 avqust-0 xəbər. Avqustun 6-dan sentyabrın 4-dək əmək məzuniyyətində, sentyabrın 4-dən sentyabrın 19- dək isə saxta bülletendə olub. 2020-ci ilin 7 ay 6 günü ərzində xüsusi müxbir İddiaçı ümumilikdə 207 xəbəri buraxılıb. Həmçinin xarici saytlardan 363 xəbər köçürərək göndərib. Müxbir özü bu dövr ərzində orta hesabla hər ay 30 xəbər hazırlayıb. Bu isə müəyyən edilmiş aylıq normanın yarısı belə deyil. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, İddiaçı uzun müddətdir ki tanıyır. Onlar tədbirdə tanış olublar, həmin vaxt İddiaçı AZƏRTAC-ın müxbiri kimi işləyirdi. İddiaçı bütün tədbirlərdə fəal iştirak edirdi. Hətta uşaqlarını qoyub bütün günü tədbirlərdə və konfranslarda iştirak edirdi. İspaniya səfirliyinin İddiaçı günahlandırması ilə bağlı hamısı yalandır və İddiaçı atılan böhtandır. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, ADİA İdarə Heyətinin sədri ilə İddiaçı arasında 24.10.2019-cu il tarixdə “Əmək müqaviləsi” bağlanmış və İddiaçı xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsi İtaliya (Malta, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) üzrə müxbir vəzifəsinə təyin edilmişdir. Lakin ADİA-nın İdarə Heyətinin sədrinın 324 saylı, 19.09.2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış X7 Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) əsasən 19.09.2020-ci ildən xitam verilmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə, iddianın “ADİA 19.09.2020-ci il tarixli 321 saylı əmrinin ləğv edilməsi və iddiaçınınm həmin vəzifəyə bərpa olunması” hissəsini əsassız hesab edərək qeyd edir ki, ADİA İdarə Heyətinin sədrinin 324 saylı, 19.09.2020-ci il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə heç bir əsas yoxdur. Məhkəmə iddianın “işsizlik müddəti ərzində olan əmək haqqının və digər xərclərin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. İddia tələbi əmrin etibarsız sayılması və iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması hissəsində təmin olunmadığından Rayon Məhkəməsi iddianı müzakirə edilən hissədə də rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 mart 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6458/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6458/2021
16.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver