Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6458/2024 20.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və X1 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbinə dair iş üzrə (Açar sözlər: birgə iddiaçılar) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və X1 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(006)-4984/2024 qərardadından iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilən şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat İddiaçılar İddiaçı2 və X3 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -birgə iddiaçılardan İddiaçı2 münasibətdə: 2024-cü ilin mart ayının əmək haqqı- 700 AZN məbləğində; 2024-cü ilin aprel ayının əmək haqqı- 700 AZN məbləğində; 2024-cü ilin mart və aprel aylarının əmək haqqının ödəniş gününədək olan bütün dövr üçün hər günü 1%-ni təşkil edən məbləğdə olmaqla gecikdirilmiş faiz məbləği (ödənişin həyata keçiriləcəyi günə münasibətdə); xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək istifadə edilməmiş 53 məzuniyyət gününə görə ödənilməmiş 1382.77 AZN (53 günü x 26.09 AZN) kompensasiya məbləğinin birdəfəlik ödəmə şəklində olmaqla; xx/xx/2023xx/xx/2024-cü iş ilinə görə cəmi 40 iş günü olmayan bayram günü, istirahət günü və əlavə iş saatlarının günə çevrilməsi nəticəsində yaranmış 1043.60 AZN məbləğin kompensasiya olaraq birdəfəlik ödəmə şəklində olmaqla ödənilməsi; İddiaçı barədə cavabdeh tərəfindən verilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə 3004-X saylı, xx.xx.2024 saylı Əmrin ləğv edilməsi; İddiaçının əmək kitabçasında müvafiq düzəlişin aparılması; İddiaçının işə bərpa edilməsi barədə müvafiq yeniəmrin verilməsi; Məcburi iş buraxmaya ödəniş tarixinə olan müddətə görə hər aylıq 700 AZN-dən hesablamaqla iddiaçıya ödənilməsi; İşgüzar nüfuza dəyən zərərin 5000 AZN məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı2 Ehtiraz qızına ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması; -birgə iddiaçılardan İddiaçı1 münasibətdə: 2024-cü ilin mart ayının əmək haqqı- 550 AZN məbləğində; 2024-cü ilin aprel ayının əmək haqqı- 550 AZN məbləğində; 2024-cü ilin mart və aprel aylarının əmək haqqının ödəniş gününədək olan bütün dövr üçün hər günü 1% olmaqla gecikdirilmiş faiz məbləği (ödənişin həyata keçiriləcəyi günə münasibətdə); xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək istifadə edilməmiş 49 məzuniyyət gününə görə ödənilməmiş 1029 AZN (49 günü x 21 AZN) kompensasiya məbləğinin birdəfəlik ödəmə şəklində olmaqla; xx/xx/2023xx/xx/2024-cü iş ilinə görə cəmi 51 iş günü olmayan bayram günü, istirahət günü və əlavə iş saatlarının günə çevrilməsi nəticəsində yaranmış 1071 AZN məbləğin kompensasiya olaraq birdəfəlik ödəmə şəklində olmaqla; İddiaçı barədə qeyd edilmiş Əmək müqaviləsinə xitam verilməsi barədə 3004/1-X saylı, xx.xx.2024 saylı Əmrin ləğv edilməsi; İddiaçının əmək kitabçasında müvafiq düzəlişin aparılması; İddiaçının işə bərpa edilməsi barədə müvafiq yeni əmrin verilməsi; Məcburi iş buraxmaya ödəniş tarixinə olan müddətə görə hər aylıq 550 AZN-dən hesablamaqla iddiaçıya ödənilməsi; İşgüzar nüfuza dəyən zərərin 5000 AZN məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1 İsa qızına ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması haqqında müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-4984/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2 və X1 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq iddiaçılara göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Verilmiş iddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı2 və X3 cavabdehə qarşı bir-biri ilə əlaqəli olmayan bir neçə tələbi bir iddiada birləşdirmişlər. Halbuki mülkiprosessual qanunvericiliyin tələblərinə görə, o cümlədən işlərə prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər çərçivəsində tez və vaxtında baxılmasının təmin edilməsi məqsədilə iddiaçılar tərəfindən cavabdehə qarşı hər birinə münasibətdə irəli sürülən tələblər barəsində ayrı-ayrılıqda iddia qaldırılmaqla məhkəməyə müraciət edilməlidir. Göründüyü kimi iddia eyni cavabdehə qarşı qaldırılsa da, tələblər arasında hər hansı əlaqənin olduğu müəyyən edilməmişdir. Belə ki, iddiaçıların hər biri özünə münasibətdə verilmiş müxtəlif əmrləri (İddiaçı2 - 3004-X saylı, xx.xx.2024 saylı əmri, X3 - 3004/1-X saylı, xx.xx.2024 saylı əmri) mübahisələndirərək, hər biri özünə aid olan əmək haqqı, məzuniyyət pulu və s. məbləğləri tələb edirlər ki, bu da həmin iddiaçıların eyni cavabdehə qarşı birlikdə iddia ərizəsi ilə müraciət etmələrini istisna edir. Məhkəmə vurğulayır ki, irəli sürülən məsələlərin araşdırılması kifayət qədər vaxt tələb edir və hazırkı icraat çərçivəsində iki iddiaçıya münasibətdə bir-biri ilə əlaqəsi olmayan müvafiq məsələlərin ağlabatan müddət çərçivəsində araşdırılması mümkün deyildir. Ona görə də göstərilən hallar hazırda irəli sürülən tələblərə birlikdə baxılmasını istisna edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və X1 cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, əmək haqqının, məzuniyyət pulunun və s. ödənilməsi, maddi və mənəvi kompensasiya tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-4984/2024 nömrəli qərardadı ilə razılaşmayan iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-4984/2024 saylı qərardadından şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4984/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək mübahisəyə baxılması üçün tərəflərlə birlikdə prosessual hərəkətlərin yerinə yetirilməsi, əks halda şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birgə iddiaçılar X2 ilə İddiaçı2 hər ikisi eyni filialın işçiləri olduqları cavabdeh "xxxx" MMC-yə qarşı əmək mübahisəsinə baxılmasına dair müvafiq iddia ərizəsi verməklə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Hər iki iddiaçı bir şəraitdə və eyni halla əlaqədar (birgə iştirakçılıqda ittiham edilməklə) qanunsuz şəkildə işdən azad edilmişlər. Onların iddia tələbi sırf bir-biri ilə əlaqədar olmaqla qarşılıqlı şəkildə sıx bağlıdır. Çünki, onlar cavabdehin eyni mağaza filialında çalışan inzibatçı və satıcı-xəzinədar olmuşlar. İşdən çıxarılmalarına dair ittihamlarda da heç bir hüquq – mühafizə orqanın qərarı olmadan əlbirlikdə günahlandırılmışlar. Hazırda hər iki vətəndaş birgə iddiaçı qismində çıxış edərək cavabdeh tərəfindən tapdalanmış əmək hüquqlarının müdafiəsi məqsədilə həm ittiham olunduqları oğurluğun mövzusunun, həm də əmək münasibətlərinin ədalətli məhkəmə sistemi vasitəsilə araşdırılmasını tələb edirlər. Birgə iddiaçıların iddia ərizələri və ona qoşma kimi əlavə edilmiş sənədlər məhkəmənin elektron sisteminə yüklənsə də, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli,e-2(006)-4984/2024 saylı qərardad qəbul edilərək iddia ərizəsinin məhz “bir-birilə əlaqədar olmayan tələblər verilməsi” əsası ilə baxılmadan geri qaytarmışdır. Hazırda məhkəmənin bu prosessual qərarını qanuni hesab etməyidi üçün ondan müvafiq şikayətin verilməsini zəruri hesab edir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1.1-ci maddəsinə əsasən məhkəmə işə bərpa məsələsinə dair işlərə onların daxil olduğu vaxtdan 2 ay müddətində baxır. Göründüyü kimi müvafiq tələbə məhkəmə tərəfindən 2 ay ərzində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Bu xarakterli işlərə baxılması üçün məhkəmənin qərardadı ilə müddətin uzadılması da nəzərdə tutulmamışdır”. Məhkəmənin bu arqumenti ilə ələqədar bildirir ki, birgə iddiaçıların iddia predmetlərində olan işə bərpa və əmrin ləğv edilməsindən savayı digər tələblər onların istifadə edilməmiş məzuniyyət pulları, aylıq əmək haqları tələbidir ki, bu məbləğlərin işəgötürən tərəfindən ödənilib ödənilməməsini araşdırmaq sadə riyazi hesablama üzərindədir. İşəgötürən sənədlərini təqdim edir, həmin sənədlərlə də müəyyən edilir ki, il boyu işçilərə-birgə iddiaçlara hansı vəsaitlərin ödənişi həyata keçirilib hansıları baş tutmamışdır. Tələb hüququ vardırsa əlbəttə ki, məhkəmə bu kimi məsələlərə qiymət verəcəkdir. Ona görə hesab edir ki, birgə iddiaçıların iddia tələbi bir-birilə birbaşa əlaqədar tələblərdir və onların elə bir yerdə baxılması və araşdırılması ədalət mühakiməsinin daha düzgün tətbiq edilməsi vəzifəsinə xidmət edəcəkdir. Hər iki iddiaçının iddia tələbi bir-birilə eyni məzmunludur. Fərq sadəcə onların əmək haqqı məbləğində və istifadə edilməmiş məzuniyyət günlərinin sayındadır. Belə olan halda iddianın xahiş etdim hissəsindən də göründüyü kimi vətəndaşlar birgə iddiaçı kimi çıxış edərək özlərinə münasibətdə olan tələbləri (məzmunu eyni olmaqla) məhkəməyə bildirmişlər. Birgə idiaçıların tələblərinə nəzər yetirdikdə həmin tələblər bir mənalı bir halla əlaqədar verilmişdir. Hər iki iddiaçının iddia tələbi 2024-cü ilin mart, aprel ayının əmək haqqının ödənilməsi, bu ödənişlərin gecikmə faizinin ödənilməsi, istifadə edilməmiş məzuniyyət və iş günü olmayan günlərə görə işə cəlb edilmələri müqabilində kompensasiyanın ödənilməsi məzmunlu olmaqla ümumilikdə işlədikləri dövrdə işəgötürənin faktiki olaraq onlara ödəməli olduğu məbləği təşkil edir. İddianın digər bir qisim tələbini isə onların barələrində qəbul edilmiş işdən çıxma əmrini mübahisələndirmələri və bunula nəticələnəcək şəkildə bir-birinin ardınca edilməli olan hərəkətlərin həyata keçirilməsini ehtiva edən məzmundadır. Yəni gələcəkdə misal üçün “işçi barəsində qəbul edilmiş əmr ləğv edilən zaman” cavabdeh bəhanə edə bilər ki, qətnamədə yalnız əmrin ləğvi qeyd edilib, əmək kitabçasına düzəliş qeyd edilməsi barədə öhdəlik olmadığı üçün onun icra edilməsi tərəfindən məcburiyyət xarakteri daşımadığına dair bəhanə gətirə bilər. Bu kimi hallarla təcrübədə rast gəlindiyi üçün iddiaçıların tələbləri məcburən biri-digərini zəncirvari izləməlidir. Nəticə etibarilə ilə işçi cavabdeh tərəfindən ona qarşı edilmiş bu qədər haqıszlıqların nəticəsində əlbəttə ki, mənəvi zərərə dair kompensasiyanın ödənilməsini tələb etməsi də özü-özlüyündə tamamilə ağlabatandır. Belə ki, nə əmək məcəlləsində, nə də prosessual məcəllədə mövcud tələblərin birlikdə verilməsini qadağan edən hər hansı bir norma mövcud deyildir. Birgə iddiaçıların iddia tələbləri tamamilə biri-məntiqi ardıcıllıqla digərini izləyən tam həcmli tələblərdir. Yəni onların sayının çox olması, işəgötürənin qanunsuzluqlarının çox olması ilə əlaqədardır. Birgə iddiaçılar onlara münasibətdə pozulan bütün əmək hüquqlarının bərpasını tələb etməkdə haqlıdırlar. İşçi nə zaman aşkar edir ki, onun əmək haqqı verilməyib? Əmək kitabçasını aldıqdan sonra onun kartına əmək haqqı daxil olmur, işçi nə etməlidir, bütün bəndlər üzrə ayrı-ayrılıqla 8 dəfə iddia ərizəsi ilə müraciət etməlidir?! Birbirilə əlaqədar olmayan tələbin birləşdirilməsi dedikdə yalnız bu başa düşülür. Odur ki, məhkəmədən şikayətin təmin edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-4984/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək mübahisəyə baxılması üçün tərəflərlə birlikdə prosessual hərəkətlərin yerinə yetirilməsi, əks halda şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4984/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2 və X1 nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-4984/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməyərək, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Maddə 51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir; Maddə 167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Maddə 169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Maddə 169.2. Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. Maddə 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, birgə iddiaçılar bir neçə iddia tələbi ilə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarından istifadə etmiş, məhkəmə isə iddia ərizəsində irəli sürülən məsələlərin araşdırılmasının kifayət qədər vaxt tələb etməsi və hazırkı icraat çərçivəsində iki iddiaçıya münasibətdə bir-biri ilə əlaqəsi olmayan müvafiq məsələlərin ağlabatan müddət çərçivəsində araşdırılmasının mümkün olmaması əsası ilə iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. Belə olan halda iddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə qarşı prosesdə müstəqil çıxış edir. Hakim isə irəli sürülən məsələlərin araşdırılması üçün kifayət qədər vaxt tələb edilməsi, iddia tələbləri üzrə müvafiq məsələlərin qanunla müəyyən olunan prosessual müddətlər çərçivəsində araşdırılmasının mümkün olmayacağı üçün tələblərə ayrı icraatda baxılmasını məqsədəmüvafiq hesab etdiyi halda, bu hərəkətini hazırlıq mərhələsində, çəkişmə prinsipinə əməl edib tərəfləri dinlədikdən sonra edə də bilər. Belə ki, birgə iddiaçıların tələbləri işə bərpa və s. olduğundan iddia ərizəsinin mübahisələndirilən qərardadda göstərilən əsaslarla geri qaytarılması sonda tərəflərin bu tələblər üzrə qanunla müəyyən olunan müddətlərin ötürməsinin mübahisələndirilməsi üçün əsas ola bilər. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)- 4984/2024 nömrəli qərardadı ləğv edilməli və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-4984/2024 saylı qərardadı ləğv edilsin və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6458/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6458/2024
20.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver